Eldar Namazov “El” hərəkatını gündəmə gətirməklə Ziyalılar Forumunu məhv eləmişdi

 

İndi də “Milli Şura” “İctimai Palata”nı, “El” hərəkatını siyasi arenadan silməkdədir

Azərbaycan müxalifətinin istənilən təşkilatı və ya birlik görüntüsü yaratmaq üçün icad elədiyi qurum mütləq monstr kimi ərsəyə gəlir. Yəni bu qurum dünyaya gələn kimi özündən əvvəlki müxalifət təşkilatını udur, parçalayır, məhv edir. Hələ ötən əsrin 90-cı illərindən belədir. Son zamanlar isə bu tendensiya daha kəskin, əcaib şəkil alıb. Amma indi monstrlar da bir qədər “sivilləşiblər”. Öldürdüklərinə rəhmət oxuyur, məhv elədikləri üçün göz yaşı tökürlər.

Azərbaycanda 2013-cü ilin payızında keçiriləcək prezident seçkiləri ərəfəsində ortaya atılan ssenarilərdən biri də Eldar Namazovun üstündə qurulmuşdu. Xaricdəki bədxahlarımız, təxminən, 20 il pul verib ortaya atdıqları İsa Qəmbər, Əli Kərimli, Rəsul Quliyev və digər xırda-para “siyasətçilərin” artıq heç nəyə yaramadıqlarını yaxşı başa düşür və öz məqsədlərini reallaşdırmaq üçün yeni kart axtarırdılar. Müəyyən axtarışlardan sonra Heydər Əliyev iqtidarından qovulmuş Eldar Namazovun üstündə dayandılar. Nə üçün? Çünki o, həm 20 il özünü rüsvay eləmiş müxalifətçilərdən deyildi, həm də bu oyunun ideoloqları güman edirdilər ki, Heydər Əliyevin komandasında az-çox işləmiş istənilən adam siyasətin nə olduğunu az-çox başa düşər. Hətta xaricdə bir nəfər açıq-açığına deyibmiş ki, Azərbaycan müxalifətində bircə nəfər Heydər Əliyev məktəbi görmüş adam olsa, biz mütləq nəyəsə nail ola bilərik. Məhz bu götür-qoydan sonra Heydər Əliyev iqtidarının çıxdaş etdiyi Eldar Namazovu başa keçirmək qərarına gəldilər. Amma...

Amması odur ki, Azərbaycan xalqı Eldar Namazovun yenidən siyasətə qatılmasını elə bir ikrah və nifrətlə qarşıladı ki, onu oyuna atanların özləri peşman oldular. Gördülər ki xalqın reneqat, satqın, xain adlandırdığı Namazovdan heç nə çıxmayacaq. Onda başqa bir fiqur axtarışı elan edildi. Məsələ konkret idi: 20 il bütün seçkilərdə uduzan, istənilən addımıyla müxalifəti parçalayan İsa Qəmbərdən, özünün mənəvi atası adlandırdığı Əbülfəz Elçibəyin zəhərləndirilməsində adı hallanan və bu ittihamdan yaxasını qurtara bilməyən Əli Kərimlidən biryolluq qurtulmaq üçün mütləq yeni fiqur tapılmalıdır. Tanrı onlar üçün belə bir fiquru yetirdi.

İqtisadi maraqlarının ödənilmədiyinə görə qəfildən “siyasətçiyə” çevrilən, 70 illik ömründə bircə dəfə də olsa Azərbaycan xalqının ağır vaxtında onun yanında olmayan Rüstəm İbrahimbəyov birdən-birə “demokrat” oldu və xalqımızın “himayədarına” çevrildi. Qoca yazıçının sinəsində xalqına və dövlətinə məhəbbətdən tamamilə məhrum olan bir ürək döyünsə də, avazı xaricdəki bədxahlarımıza yaxşı gəlmişdi. Ona görə də Eldarı bir kənara qoyub Rüstəm kişi ilə iş birliyinə başlamaq qərarına gəldilər. Elə düşündülər ki, Rüstəm İbrahimbəyovun yazıçılığına və beynəlxalq aləmdəki nüfuzuna görə Azərbaycan xalqı onun arxasınca gedər. Sonra gördülər ki, xalq nəinki bu adamın arxasınca getmədi, əksinə, onun arxasınca qara bir daş atmağa da hazır olduğunu göstərdi.

Xaricdəki bədxahlarımızın Azərbaycan müxalifətinə yeni fiqur axtarışı nəinki bir səmərə vermədi, əksinə, müxalifətin olan-qalan nüfuzu da heçə endi. “Fağır” İsa Qəmbər, “məsum” Əli Kərimli, “məğmun” Rəsul Quliyev və o biri “günahsız ” müxalifətçilər “İctimai Palata” deyilən bir qurumun ətrafında halay vurub başlarını girləyirdilər. “El” hərəkatı elə yelli gəldi ki, “İctimai Palata” da, Ziyalılar Forumu da çiliklənib ayaq altına töküldü. Onsuz da “İctimai Palata” o qədər ictimailəşmişdi ki, küçədən keçən də orada lövbər salıb qurumu karvansaraya çevirmişdi. Ziyalılar Forumu isə sözün həqiqi mənasında oyuncaq bir qurum olduğuna görə onun dağılmasına o qədər də məhəl qoyan olmadı. Yəni Eldar Namazovun “El” hərəkatı Ziyalılar forumunu birmənalı şəkildə məhv elədi. Amma, meydan ona da qalmadı.

Deyirlər ki, Ziyalılar Forumunun ən böyük səhvi onda idi ki, Əkrəm Əylislinin “Daş yuxular”əsərini oxumadan “bəyənmişdi”. Politoloq Cümşüd Nuriyevin sözlərinə görə, forum üzvləri də sonradan bəyan etmişdilər ki, əsəri oxumadan müsbət fikir səsləndiriblər. İndi ortaya sual çıxır:  oxumadığı və üzünü görmədiyi əsərə müsbət qiymət verən insanlar qrupuna ziyalılar demək olarmı? – Əsla olmaz. Bu adamlar məhz həmin səviyyədə olduqlarına görə xalq onların arxasınca getmədi və məqamdan istifadə edən Eldar Namazov özünün əvvəlki peşəsinə – xəyanətə sadiq qalaraq növbəti “uğurlu addımlarını” atdı. Çox sonralar Ziyalılar Forumunun üzvləri başa düşdülər ki, onlar, doğrudan da, siyasətçi deyillər. O zaman müxalifətin bir hissəsi də Eldar Namazovun səmimiyyətinə inanmışdı. Eldar Namazov müxalifəti parçalamaqla öz maraqlarını qoruyub saxlamağı bacardı.

Daha sonra isə növbəti monstr, təşkilatyeyən bir qurum – “Milli Şura” yaradıldı və o da özündən əvvəlki qurumlar kimi qabaqda dayanan müxalifət qurumlarını yeməyə, dağıtmağa, parçalamağa başladı. İndi düşərgə mənsubları və onların qrantverən havadarları yeni fiqur və qurum axtarışındadırlar. Xeyli müddətdir, iqtidardan bir nəfər vurulub kənarlaşdırılmır ki, onun ətəyindən yapışıb əlini öpələr. Bir də ki, ətəyindən yapışıb əlini öpdükləri onlara hansı günü ağladı ki, yeni fiqur da neyləyə?

Aqillər deyirlər ki, siyasət də bir şahmatdır. Şahmatda isə ən tez vurulan piyadalar olur. İndi bizim müxalifət başa çıxartmaq üçün növbəti “piyada”nı axtarır.

İttifaq MİRZƏBƏYLİ,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında