Azərbaycan müxalifəti, “Milli Şura”, “El” hərəkatı və uğursuz “vahid namizədlər”

 

Xoşbəxtlik klassik anlamda iddiaların imkanlarla uyğun gəlməsidir. Bu məntiqlə yanaşsaq, imkanları iddialarından aşağı olan, yəni imkanlarından yüksək iddialarla yaşayanlar bədbəxt adamlardır. Hazırda özlərini “demokratik” elan edən və Milli Şura adlanan qeyri-formal qurumda birləşən barışmaz müxalifət “liderləri”nin (siyasi lider siyasi proseslərə təsir imkanları olan şəxslərə deyilir, odur ki, müxalifət “lideləri”ni dırnaqda yazmaq zorundayıq) əksəriyyəti kimi. İddiaları imkanlarını dəfələrlə üstələyən bu şəxslərin çoxu prezident olmaq istəyir, halbuki bir dairədə səs toplayıb parlamentə düşə bilmir.

Bunların içərisində elələri var ki, ömründə 5-6 kitab oxumayıb, elələri də var ki, Biləcəridən o yana onları 5-6 adam tanımır. Amma əksəriyyəti o dərəcədə iddialıdır ki, illərdir özlərindən başqa kimsəni qəbul etmir və arxasınca getmirlər. Odur ki, “demokratik” müxalifətin İsa Qəmbər, Rəsul Quliyev, Lalə Şövkət, Eldar Namazov kimi iddialı “liderləri”nin Milli Şurada birləşməsi və kinorejissor Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini dəstəkləməsi siyasi müşahidəçiləri əməlli-başlı çaşdırmışdı. Amma zaman hər şeyə aydınlıq gətirdi və İsa Qəmbərin sözü ilə desək, “xoruzun quyruğu” əməlli-başlı görünməyə başladı.

Məlum oldu ki, Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyov Rusiya Federasiyasının vətəndaşıdır və Azərbaycanda nəinki prezident seçkilərində, ümumiyyətlə seçkilərdə namizəd ola bilməz. Doğrudur, İbrahimbəyov vahid namizəd elan edilən kimi, Rusiya vətəndaşlığından imtina etdiyini elan etdi. Amma vətəndaşlıq hüquqi anlayışdır, yəni ondan imtina etmək işin ancaq başlanğıcıdır. Hüquqi prosedurlar həyata keçirilməli, ölkə Prezidentinə müraciət edilməli və vətəndaşın, konkret olaraq, Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxarılması qanuniləşdirilməlidir. Buna isə Rusiya qanunvericiliyinə görə 6 aya qədər vaxt lazımdır. Azərbaycanda prezident seçkilərinə isə 4 ay vaxt qalır, deməli, Milli Şurada təmsil olunan müxalifət partiyalarının (ümumi müxalifətin yox!) vahid namizədinin seytnota düşəcəyi şübhəsizdir. Amma hansısa möcüzə baş verərsə və İbrahimbəyov dərhal Rusiya vətəndaşlığından məhrum edilərsə belə, onun namizədliyinin qeydə alınması mümkün görünmür. Azərbaycan qanunvericiliyinə görə, prezidentliyə namizəd son on ildə respublika vətəndaşı olmalı və daim Azərbaycanda yaşamalıdır. Rüstəmbəyov isə, məlum olduğu kimi, bir il də Azərbaycanda yaşamayıb, daim Rusiyada yaşayıb. Burda bir məsələ də var, məlum olduğu kimi, Rusiya və Azərbaycanda ikili vətəndaşlıq haqqında qanun qəbul olunmayıb və deməli, Rustəm müəllim hər iki ölkənin pasportunu daşımaqla, hər iki ölkənin qanunlarını pozub. Qanunu pozanlar qanun qarşısında cavab verməlidirlər.

Bütün bunları, şübhəsiz ki, Milli Şuranın vahid namizədi Rustəm İbrahimbəyov da, onun əsas təşkilatçıları İsa Qəmbər, Əli Kərimili və Eldar Namazov da əvvəlcədən bilməmiş deyildilər. Əgər bilmirdilərsə, deməli, yerlərində deyillər, gedib bildikləri işlə məşğul olsalar yaxşıdır, əgər bilirdilərsə, deməli, bir-birlərini, həm də Milli Şurada cəm olmuş 126 nəfəri aldatmaq niyyətində idilər. Amma niyə, onlar -iddiaları imkanlarını dəfələrlə üstələyən bu şəxslər nə istəyirdilər?! Göründüyü kimi, maraqlı suallardır və hazırkı qeydlərin də məqsədi onları cavablandırmaqdır.

Kinorejissor Rustəm İbrahimbəyovun əvvəlcədən siyasi ambisiyaları olmayıb və Azərbaycanın problemləri, hazırda müsahibələrində vurğuladığının əksinə olaraq, heç zaman onu qayğılandırmayıb. Yaxın tarixə baxsaq, görərik ki, xarici qüvvələrin dəstəklədiyi erməni silahlılarının Qarabağa təcavüzü, Qara Yanvar, Xocalı faciələri Rüstəm müəllimi qətiyyən narahat etməyib, heç tükü də tərpənməyib. 1990-cı ilin yanvarında ümümmilli lider Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyində sovet ordusunun əliyalın camaatı qırmasını pisləyəndə Lalə Şövkət onun yanında idi, Rüstəm İbrahimbəyov isə yox idi. Həmin dövrdə Qazaxıstan şairi Oljas Suleymenov da Bakını ziyarət etmişdi, Rüstəm İbrahimbəyov isə yenə yox idi. Deməli, bu xalqın problemləri  kinorejissoru heç vaxt maraqlandırmayıb və onun heç bir siyasi iddiası da olmayıb. Bu iki amildən biri olsaydı, Rustəm İbrahimbəyov həmin zamanda həmin məkanda olmalı idi. Amma biz buna görə Rustəm müəllimi ittiham etmək niyyətində deyilik, çünki onu kosmopolit hesab edirik. Yəni bu kişi üçün vahid vətən anlayışı yoxdur, bu gün Rusiyada, sabah Amerikada, o biri gün Fransada, harda günü yaxşı keçirsə, onunçün vətəndir. Yaxşı, birdən nə oldu ki, bizim kinorejissor vətən sevgisi ilə alışdı? Tanıyanlar daha dəqiq bilir, biz də mətbuatdan məlumatlıyıq ki, İbrahimbəyov qatı revanşist və şəxsi maraqlarının müdafiəçisidir, özünə qarşı ən kiçik tənqidi, təzyiqi də bağışlamaq və boş buraxmaq iqtidarında deyil. Rustəm müəllimin ANS-in kiçik bir tənqidinə görə dərhal Moskvadan gəlməsi, Bakıda mətbuat konfransı keçirməsi, tənqidçilərini təhqir etməsi, “ağzının üstündən vurmaq istəməsi” bunun göstəricisi idi. Yeri gəlmişkən, Rustəm müəllim bu işin əsil ustasıdır, bu günlərdə “Azadlıq” radiosuna verdiyi müsahibədə də nəinki opponentlərinin, hətta tərəfkeşlərinin ağzının üstündən vuracağını vəd edir.

Qeyd etmək lazımdır ki,  kinorejissorun hakimiyyət davası, daha doğrusu, hakimiyyətlə davası da şəxsi maraqlarından irəli gəlir. Məlum olduğu kimi, Rustəm İbrahimbəyov hələ ümummilli liderin sağlığında Bakının dağlıq hissəsində “Kino evi” tikmək adı ilə yarım hektara yaxın torpaq ərazisi icarəyə götürmüş və tikinti işlərinə başlamışdı. Amma işin gedişində Rustəm bəy müqaviləni pozaraq iki dəfə geniş ərazini tutmuş və gəlirli otel biznesi qurmaq fikrinə düşmüşdü. Belə ki, zəbt ediyi 1 hektar ərazini qohumlarının adına özəlləşdirməyə və ərazidə “Kino evi” yox, villalar tikməyə başlamışdı. İşin tərsliyindən, ya xöşbəxtlikdən, zəbt olunan ərazi ARDNŞ-in ərazisi olmuş və kinorejissorun qanunsuz biznes layihəsi dayandırılmışdı. Odur-budur, kinorejissorun “milli qanı” qaynayır, demokratiya uğrunda mübarizə aparır, gah ziyalılar forumu, gah Milli Şura yaradır, bir dəqiqə dayanmır. Yeri gəlmişkən, burda bir eksperiment aparmaq, Rustəm müəllimin zəbt eidiyi, biznes qurmaq istədiyi əraziləri ona qaytarmaq olardı. Heç şübhəsiz ki, tanınmış kinorejissor dərhal bütün siyasi iddialarından əl çəkər və gəlirli otel biznesinə girişərdi. Milli Şura yaratmaqda da məqsədi bu qurumdan şəxsi maraqları üçün istifadə etmək idi.Necə ki, bu gün artıq prezidentliyə namizəd ola bilməyəcəyini hiss edərək, Milli Şuranın vahid namizədi olmaqdan da imtina etməyə və İsa Qəmbərin namizədliyini dəstəkləməyə hazırlaşır. Dediyimiz kimi, bu adam ancaq şəxsi maraqlarla yaşayır.

Hesab edirik ki, Rüstəm İbrahimbəyov barədə bu qədər bəsdir. Amma ona və onunla bu işə qoşulanlara yaxın tarixin ibrətamiz bir hekayətini xatırlatmaq istərdik. Məlum olduğu kimi, İsrail nisbətən gənc dövlətdir, 1947-ci ildə yaradılıb, ilk prezidenti də 1949 - 52-ci illərdə Haim Veyzman olub. 1952-ci ildə İsrail dövləti rəsmən dünya şöhrətli alim, Nobel mükafatı laureatı Albert Eynşteynə müraciət ebib və prezident seçkilərində iştirak etməyi xahiş edib. Həmin dövrdə Eynşteynin populyarlığını nəzərə alsaq, onun səs çoxluğu ilə prezident seçilməsi mübahisə predmeti deyildi. Böyük alim isə bu təklifə özünəməxsus təvazökarlıqla cavab verib. Deyib ki, mən aliməm, sevdiyim və yaxşı bildiyim işlə məşğulam. Siyasətlə və dövlət idarəçiliyi ilə heç zaman məşğul olmamışam və olmaq fikrindən uzağam. Hesab edirəm ki, İsrailin prezident olmağa məndən daha layiqli oğulları var, onlara uğurlar arzulayıram...

Maraqlıdır ki, Müsavat başqanı İsa Qəmbər Milli Şuranın vahid namizədini dəstəkləyərkən xüsusi olaraq vurğulamışdı ki, mənim prezidentliyə namizədliyim Rustəm İbrahimbəyovun namizədliyi rəsmi qeydiyyatdan keçənə qədər qüvvədədir. Məlum olduğu kimi, Müsavat Partiyası hələ bir neçə ay əvvəl, AXCP ilə vahid namizəd istiqamətində müzakirələrin getməsinə baxmayaraq, İsa Qəmbərin prezidentliyə namizədliyini irəli sürmüşdü və hazırda da öz namizədini dəstəkləməkdə davam edir. Hətta Müsavatın Arif Hacılı, Rauf Arifoğlu kimi qatı Qəmbərçi funksionerləri Milli Şuraya qoşulmaqdan və Rustəm İbrahimbəyovun namizədliyini dəstəkləməkdən əvvəlcədən imtina etmişdilər. Sonrakı hadisələr isə bir daha sübüt etdi ki, İsa Qəmbər də, onun partiyadaşları da Rustəm İbrahimbəyovun namizədliyinin rəsmi qeydiyyata alınmayacağını və İsa Qəmbər - vahid namizəd variantının qaçılmaz olacağını əvvəlcədən bilirdilər. Sadəcə olaraq, Rustəm İbrahimbəyovu irəli vermək, onun adından, maddi imkanlarından istifadə etmək istəyirdilər. Nə qədər alındı - deyə bilmərik, yaxın tarix isə göstərir ki, İsa Qəmbərin 1-ci olmayacağı təqdirdə Müsavat Partiyasının kiminsə namizədliyini dəstəkləməsi, kiminləsə birləşməsi nonsensdir. Bu, İsa Qəmbərin xarakterindən irəli gələn bir məsələdir, onun iddiaları həmişə imkanlarından üstün olub, bu gün də belədir. Bu adam, sadəcə olaraq, öz iddialarını idarə edə bilmir, odur ki, siyasətdə faktiki olaraq, heç bir uğur qazana bilmir, öz partiyadaşlarını da bədbəxt edir. Müxalifət cəbhəsində isə İsa Qəmbərin iddiaları daim dağıdıcı rol oynayır, çünki özündən başqa heç kimin birinciliyini qəbul etmir və heç bir kompromisə getmir. Bu gün birmənalı olaraq, demək olar ki, İsa Qəmbər faktoru olmasa, müxalifətin birləşməsi və vahid namizəd seçməsi kimi fantastik ideyası gerçəkləşə bilər. Konkret bir misal çəkək. Mərhum Əbülfəz Elçibəyin sağlığında İsa Qəmbər tez-tez Musavatla AXCP-nin vahid partiya şəklində birləşməsi “kartı”nı ortaya atır və bir qayda olaraq, Elçibəyin etirazı ilə qarşılaşırdı. Əvəzində, İsa Qəmbər birlik tərəfdarı imici qazanırdı, AXCP-nin özündə də ona qarşı rəğbət artırdı. Son zamanlar Müsavat başqanı həmin “siyasi kartı” AXCP sədri Əli Kərimliyə qarşı atdı və gözləmədiyi situasiya ilə qarşılaşdı. Əzəli rəqib kimi itirməyə heç nəyi qalmayan Əli Kərimli (bu barədə aşağıda danışacağıq) dərhal ikiəlli bu təklifdən yapışdı. Təbii ki, özünün vahid partiyanın sədri, İsa Qəmbərin isə prezidentliyə vahid namizəd olması şərti ilə. Siyasi səhv buraxdığını və rəqibinin dərhal bundan yararlandığını, “nəğdi itirib nisyə ilə qalacağını” anlayan Müsavat başqanı vaxtı uzatmağa başladı və sonda öz sözündən qaçdı. Müsavatın Qabil Hüseynli, Nəsib Nəsibov, İbrahim İbrahimli, Sülhəddin Əkbər kimi tanınmış funksionerləri başqanı sözünü tutmayan partiyanı tərk etdilər. Partiyanın bu zaman itirdiklərini və dividentlərini hesablamağı funksionerlərin öhdəsinə buraxıb, qeydlərimizi davam etdiririk.

Düşünürük ki, barışmaz müxalifətin parlamamış sönən ulduzu Əli Kərimlinin personasına keçməzdən əvvəl Eldar Namazov haqqında bir-iki kəlmə demək yerinə düşər. Yuxarıda qeyd edilən, “Biləcəridən o yana 5-6 adamın tanımadığı”, amma siyasi iddialarının da sərhəd tanımadığı müxalifət “lideri” məhz odur. Yenə İsa Qəmbərin, Əli Kərimlinin ətrafında 5-10 nəfər silahdaşları, partiyadaşları, mətbuat orqanları var, amma Eldar Namazovun ətrafında kim var - özündən başqa kimsə bilmir. Doğrudur, arada bir “El” hərəkatının bəyanatını vermişdi, amma hərəkat bəyanatdan o yana getmədi. Birmənalı olaraq demək olar ki, bu şəxsin həyat və yaradıcılığının ən parlaq dövrü ümummilli lider Heydər Əliyevin köməkçisi olması ilə başlayır və qurtarır. Bunu özü də təsdiq edir. Deməli, 5-6 ilin söhbətidir, Rusiyanın “Reqnum” İnformasiya Agentliyi Bakıda bir tədbir keçirirdi. Həmin tədbirə jurnalistlər də dəvətli idi və bu sətirlərin müəllifi Eldar Namazovdan bir stol aralı əyləşmişdi. Məclisin vuran oğlanları (ad çəkmək istəmirəm) Eldar Namazovun başına yığışmışdı, “Osobaya Vodka” içirdilər. Namazov rusca danışırdı, qalanlar, o cümlədən, bəndəniz qulaq asırdı. Eldar müəllim vurduqca qızışırdı, sözünün əvvəli də, axırı da “mən Heydər Əliyeviçin köməkçisi işləyəndə...” idi. Bir sözlə, bu adam müstəqil iş görməyə, hansısa siyasi, ya qeyri layihəyə rəhbərlik etməyə qadir deyil, bütün şüurlu həyatı boyu köməkçi, yəni “buyruq qulu” olub, indi də öz missiyasını yerinə yetirir. Siyasi riyakarlığına görə məşhur siyasətçinin yanından qovulur, əvəzində məşhur kinorejissorun köməkçisi olur. Təbii ki, o da Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşı olduğunu və Azərbaycanda seçkilərdə namizədliyinin rəsmi qeydiyyata alınmayacağını əvvəlcədən bilirdi, sadəcə olaraq, siyasi gündəmdə qalmaq və “kassaya” yaxın olmaq üçün bu şouya qoşulmuşdu.

Və sonda Əli Kərimli haqqında. Qeyd etmək lazımdır ki, bu adam siyasi yox, faktiki anlamda Marksın davamçısıdır. Yəni kommunizmin uğurlu gələcəyinə inanmasa da, qələbəyə görə hətta şeytanla da əlbir olmaq ideyasının daşıyıcısıdır. Bugünkü barışmaz müxalifət cəbhəsində onun saziş bağlamadığı və aldatmağa çalışmadığı adam qalmamışdır. Etibar Məmmədovla, İsa Qəmbərlə, hətta Rəsul Quliyevlə saziş bağlamış, vahid namizədliyini qəbul etmiş, sonra onlara arxa çevirmişdir. Təsəvvür edin ki, bu adam siyasi və mənəvi atası hesab etdiyi mərhum Elçibəyə də xəyanət etmiş, şəxsi maraqları naminə onun partiyasını bir neçə yerə parçalayaraq, faktiki olaraq, məhv etmişdir. Buna görə də onu keçmiş dostları və cəbhədaşları Qulamhüseyn Əliyev, Asim Mollazadə, Fazil Musafayev və Qüdrət Həsənquliyev tərk etdilər. Nəticədə qalib gəlmək üçün şeytanla da əlbir olmağa can atan Əli Kərimlinin, bu gün Marksın dediyi kimi, itirməyə zəncirlərindən başqa bir şeyi qalmamışdır. Odur ki, “suda batan saman çöpünə əl atar” məntiqi ilə İsa Qəmbərin birləşmək təklifindən yapışmışdı, amma yuxarıda deyildiyi kimi, başqanın söz dönüklüyü sayəsində, bu layihədən də bir şey çıxmadı. İndi də var gücü ilə Milli Şura adlanan qurumdan yapışıb, Rustəm İbrahimbəyovun vahid namizədliyini dəstəkləyir, indi də ona xidmət göstərmək istəyir. Doğrudur, o da kinorejissorun Rusiya vətəndaşı olduğunu əvvəlcədən bilirdi, amma “qonşuda bişər, bizə də pay düşər” məntiqi ilə işləyirdi. Nəticə də göz qabağındadır, bütün bu cəhdlərinə, xəyanətlərinə baxmayaraq, bu gün Əli Kərimli adlı siyasətçi yalnız “Azadlıq” qəzetində mövcuddur və bu qəzetdə çalışan qələmdaşlarımızın xatirinə onun mövcudluğuna dözmək olar.

Beləliklə, iddiaları imkanlarından üstün olan bədbəxt adamlar haqqında qeydlərimiz burda sona çatır. Xoşbəxt adamlar haqqında yazmaq arzusu ilə qələmi yerə qoyuruq...

Qalib ARİF

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında