Milli Şura iki qütbə parçalandı

 

 

İsa Qəmbərin və Rüstəm İbrahimbəyovun

 tərəfdarları arasında qarşıdurma güclənir

 

Hər dəfə ölkəmizdə parlament və prezident seçkiləri keçiriləndə müxalifət nümayəndələri yeni qurum “yaradaraq” guya seçkilərə bir yerdə, vahid namizədlə gedəcəklərini nümayiş etdirirlər. Elə ki, vahid  namizədin müəyyənləşdirilməsi vaxtı yetişir, müxalifət düşərgəsində didişmə, sonda isə parçalanma başlayır. Beləliklə, “vahid namizədlər”in sayı 10-dan çox olur. Ardınca isə onların yaratdıqları qurumlar qeybə çəkilir. Ötən illərə nəzər salsaq, müxalifətin yaratdığı  belə qısa ömürlü qurumları saymaqla qurtarmaq olmaz. Builki prezident seçkiləri ərəfəsində belə əldəqayırma qurumlardan birinin adını “Milli Şura” qoydular.

“Milli Şura” yaranmağa başlayanda biz yazmışdıq ki, bu qurum da müxalifətin ötən illərdə yaratdığı təşkilatlar kimi qısa ömürlü olacaq. Hətta onu da bildirmişdik ki, “Milli Şura” prezident seçkilərinə bir müddət qalmış parçalanacaq. Çünki həmişə olduğu kimi, bu dəfə də vahid namizədlik məsələsi üstündə narazılıq, qarşıdurma yarandığına görə qurum bir neçə qütbə ayrılıb. Budur, proqnozumuz düz çıxdı. Prezident seçkilərinə üç ay qalmış “Milli Şura” iki qütbə parçalandı. Səbəbi isə qabaqcadan dediyimiz kimi, vahid namizədlik  məsələsənin müəyyənləşdirilməsində ortaya çıxan problemlərdir. 

Müxalifətin seçkiyə hesablanmış qurumlar yaradaraq müxtəlif adlar altında birlik görüntüsü yaratmaq cəhdi həmişə fiaskoya uğrayıb. Bunu həm ziyalılar, həm də siyasi ekspertlər təsdiqləyirlər. Milli Məclisin komissiya sədri, professor Nizami Cəfərov da bu fikirdə olduğunu vurğulayıb. O, “Milli Şura”nın yaranmasına münasibət bildirərkən  kütləvi informasiya vasitələrinin birinə vediyi müsahibəsində  deyib: “İndiyə kimi müxalifət müxtəlif  formalarda birləşmək, müxtəlif pozalarda dayanıb söz demək istəyib. Milli Şura da bu istəyin yeni bir mərhələsidir. Bir Milli Şuraya ki, Rüstəm İbrahimbəyov rəhbərlik edir, o nəinki milli, heç şura da ola bilməz. Bu məsələ bizim mətbuatda da geniş işıqlandırılır. Məncə, bu qurum xalq üçün, millət üçün nəsə bir iş görmək iddiası irəli sürməkdən daha çox seçkilərlə bağlı nəsə problem yaratmaq, ürək bulandırmaq istəyir. Onların üzü indidən görünür.  Amerikadan elə gəldik, Rusiyadan belə çıxdıq. Belə-belə gülünc və boş şeylərlə məşğul olurlar. Azərbaycanın taleyində belə şeylər həmişə olub. Nə vaxt ki, yığışıb yaxşı bir iş görürük, mütləq bir pəl vuran çıxıb mane olur. Hacı Zeynalabdin deyərmiş ki, mən nə vaxt yeni və yaxşı bir işə imza atmağa başlayıramsa, bir avara çıxıb söz atır. Bu Milli Şura da ona bənzəyir”.

Bu günlərdə “Milli Şura”nın “sessiya” adlandırılan növbəti dedi-qodu toplantısında vahid namizədlik məsələsində ciddi qarşıdurma yaranıb və sonda bu qurum iki qütbə ayrılıb. Birinə  Müsavat Partiyasının başqanı İsa Qəmbər, digərinə isə Rüstəm İbrahimbəyovun dəstəsi toplaşıb. Artıq hər iki tərəf  bir-birini didməyə hazırdır. Müsavatçılar Rüstəm İbrahimbəyovun ünvanına kəskin ittihamlar səsləndirir, onu siyasətdən bixəbər adlandırırlar. İsa Qəmbərin tərəfdarları bildirirlər ki Rüstəm İbrahimbəyov ana dilində danışa bilmir, gündüzün günorta çağı düz yol yeriyə bilmir. Ömründə  bir gün də olsun dövlət idarəçilik sistemində çalışmayıb və rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqını da yaman günə qoyub. İndi hansı üzlə prezidentliyə namizəd olmaq istəyir? Onun prezidentliyə namizədliyinin qeydə alınması üçün də əsas yoxdur.

Rüstəm İbrahimbəyovun dəstəsi də Müsavat başqanını ittiham edərək bildirib ki, İsa Qəmbər 20 idir ki, bu xalqa yalan vədlər verir. Mitinqə çağırdığı adamları da aldadır. Artıq ona heç kim inanmır. Hətta bəziləri İsa Qəmbəri ermənilərlə əməkdaşlıq etməkdə ittiham edib. Görünür, Müsavat başqanının bir neçə il əvvəl Almaniyada Aram Manukyanın başçılıq etdiyi  “Erməni Milli Hərəkatı” adlı  təşkilatla əməkdaşlıq etmək barədə imzaladığı saziş Rüstəm İbrahimbəyovun dəstə üzvlərinin yaddaşından silinməyib. Buna görə də “Milli Şura” üzvləri Rüstəm İbrahimbəyovun “bizim bir namizədimiz olacaq” tapşırığına əsasən İsa Qəmbərin prezidentliyə namizədliyinin qəbul etməyiblər.

Rüstəm İbrahimbəyovun muzdlu əlaltısı reneqat Eldar Namazov da  “Milli Şura”nın    sonuncu dedi-qodu toplantısında  bildirib ki, “Milli Şura”da R.İbrahimbəyovun vahid namizədliyi ilə bağlı konsensus əldə olunub, ancaq qurum daxilində başqa bir şəxsin namizədliyinin dəstəklənməsi ilə bağlı bu formada konsensusun əldə olunması mümkün olmayacaq. Ona görə də  “Milli Şura”da heç kəs başqa şəxsin namizədliyini dəstəkləməyə hazır deyil.

 Buqələmun  E.Namazovun sözlərinə görə, bu günə qədər vahid namizədlə bağlı başqa cəhdlər uğurlu nəticə vermədiyi üçün məhz R.İbrahimbəyovun namizədliyi üzərində dayanılıb. O, İctimai Palatanı qəti qərar qəbul edə bilməməkdə ittiham edib və bu qurumun üzvlərini bir-birilərini eşitməməkdə günahlandırmış, oyuncaq olduğuna işarə edərək demişdir: “Əgər İctimai Palata vaxtında öz daxilində vahid namizədlə bağlı qərara gəlsəydi, bu gün yəqin ki, Milli Şuranın yaranmasına ehtiyac olmaz, Rüstəm müəllimin namizədliyi də gündəmə gəlməzdi”.

 Reneqat E.Namazov deyib ki, indiki halda başqa bir şəxsin namizədliyinin irəli sürülməsi  yolverilməzdir. O, bunun seçki təbliğatı başladıqdan sonra qurumun vahid namizədinə problemlər yaradacağını bildirərək İsa Qəmbərə geri çəkilməyi tövsiyə etmişdir.

 “Milli Şura”nın üzvü, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbərin  İsa Qəmbərin namizədliyinin ləğv edilməsi ilə bağlı fikirləri daha konkret olub: “Hər kəs bilsin ki, Milli Şuranın yalnız bir namizədi var və ikinci namizəd olmayacaq”. O bildirib ki, ikinci bir namizədin seçki təbliğatı zamanı imzalarını toplamaq fiziki cəhətdən də mümkün olmayacaq.

S.Əkbər həmfikirlərinə demək istəyib ki, onsuz da bizim elektoratımız yoxdur. Xalqdan  da kifayət qədər dəstək ala bilmirik. Buna bizim ümidimiz  də yoxdur. Ona görə də Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınması üçün tələb olunan imzaları toplamaq problem olacaq. Üstəlik, ikinci bir namizəd üçün imza toplamaq çox çətin olacaq. S.Əkbər deyib ki,  Müsavat başqanı İsa Qəmbər Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmasına qədər özünün namizədliyini qüvvədə saxlayacağını bildirsə də, o, namizədliyini bir qədər tez geri götürməlidir: “Düzdür, İsa bəy Rüstəm müəllimin namizədliyi qeydə alınanda öz namizədliyini geri götürəcəyini bildirib, ancaq mən düşünürəm ki, bu addım bir qədər tez atılmalıdır. Əks halda, bu məsələ Milli Şurada maraqların toqquşmasına gətirib çıxa bilər”.

Müsavat başqanı İ.Qəmbər isə geri çəkilmək fikrində deyil. O, bu oyunun başında AXCP sədri Əli Kərimlinin dayandığını çox yaxşı bilir. Çünki qondarma Milli Şuranın prezidentliyə namizədlik məsələsində də ilk təkilif-Rüstəm İbrahimbəyovun namizədliyinin irəli sürülməsi Əli Kərimlidən gəlmişdi. Ona görə də İsa Qəmbərin geri çəkilmək fikri yoxdur. O, bildirib ki, seçki ilə bağlı bütün riskləri gözə alan Müsavat hələlik öz taktikasını dəyişmək fikrində deyil: “Milli Şuranın ikinci sessiyasında vahid namizəd məsələsi müzakirə edilən zaman Müsavat Partiyasının mövqeyini bəyan etmişəm. Bu mövqeyin indiki mərhələdə dəyişilməsinə heç bir lüzum görmürük. Manevr imkanları müxalifətə də aid edilməlidir. İndiki şərtlər daxilində demokratik düşərgənin, ümumilikdə Milli Şuranın seçkidən kənarda qalması riski var. Bu riskə yol vermək olmaz... Əgər kimsə seçkilərin boykot variantına meyil edirsə, bu istəklər Milli Şura formatında axtarılmamalıdır.”.

İ.Qəmbər bilir ki, müəyyən  qanuni səbəblərə görə, Rüstəm  İbrahimbəyovun namizədliyi qeydə alınmaya bilər. Belə olacağı təqdirdə “Milli Şura”nın vahid namizədi özü olacaq. Ona görə də geri çəkilmək fikrində deyil.

Göründüyü kimi,  “Milli Şura” intriqa yuvasıdır, bu qurumun üzvləri  bir-birinin ayağından çəkir və bir-birinin ünvanına ittihamlar yağdırırlar. Artıq İsa Qəmbərlə Rüstəm İbrahimbəyovun dəstəsi üz-üzə  dayanıb, “Milli Şura” isə ömrünün son günlərini yaşayır.

Əliqismət BƏDƏLOV,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında