Diaspor təşkilatlarımız Azərbaycan həqiqətlərinin carçısıdır

 

 

Azərbaycan diasporunun formalaşması tarixi kifayət qədər uzun bir zaman kəsiyini əhatə etsə də onun ilkin addımları barədə  dolğun məlumatlar bu gun də kifayət qədər deyil. Amma bu, heç də  bir sıra  tarixi mənbələrə əsasən ortaya qoyulan tarixi  faktların dəyərini  azaltmır. VII əsrin sonundan  başlanan və Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalına kimi olan böyuk bir dövr Azərbaycan diasporunun formalaşmasında təkcə mərhələ deyil, həm də reallıqdır.

  Diaspor formalaşmasının sonrakı mərhələsi Azərbaycan Demokratik Respublikasının (1918-1920) süqutundan sonra, xarici mühacir axını və Avropada Azərbaycan diasporunun təşəkkülü  ilə bağlıdır. II Dünya  müharibəsi zamanı əsirlikdə və sovetlərin ölüm xofundan Vətənə dönə bilməyən  azərbaycanlıların və XX əsrin sonlarında İrandan on minlərlə azərbaycanlının Qərb ölkələrinə  mühacirəti də Azərbaycan diasporunun genişlənməsinin mühüm mərhələlərindəndir. SSRİ-nin süqutundan  sonra Avropa ölkələrində azərbaycanlıların yeni nəsillərinin məskunlaşması diasporun təşəkkülünün son mərhələsidir.

XX əsr 70-ci illərin əvvəllərindən başlayan iqtisadiyyat, mədəniyyət, elm və təhsil sahələrində inkişaf ölkədə milli özünüdərk prosesinin təkamülünə böyük təkan verdi. Həmin dövrün mövcud siyasi reallıqları diaspor problemi ilə milli-ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verməsə də mədəniyyət, incəsənət, elm sahəsində ciddi iş aparılır, respublikamızın nailiyyətləri təbliğ edilir, dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqəsinə xidmət edəcək imkandan tam səmərə ilə istifadə edilirdi. Xarici ölkələrlə mədəni əlaqələrin qurulmasi, bədii tərcümə işinin genişlənməsi, xaricdə yaşayan həmvətənlərimizlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin – “Vətən” Cəmiyyətinin yaradılması soydaşlarımızın birliyini göstərən reallıqlar idi.

 Heydər Əliyevin Moskvada Sovet dövlətinin rəhbərlərindən biri kimi fəaliyyəti də dünya azərbaycanlıları arasında milli təfəkkürün güclənməsində xüsusi rol oynamışdır. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışından sonra diaspor quruculuğu prosesi dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. 2001-ci il   noyabr ayının 9-10-da Bakı şəhərində keçirilən dünya azərbaycanlılarının ilk qurultayı soydaşlarımızın həmrəyliyinin təmin edilməsi istiqamətində tarixi hadisə oldu. Dünya azərbaycanlılarının bu mötəbər yığıncağından sonra Azərbaycan diaspor hərəkatı tamamilə yeni mərhələyə qədəm qoydu. Bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə Heydər Əliyevin fərmanı ilə 5 iyul 2002-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Bu tarixi fərman xaricdəki Azərbaycan cəmiyyətlərinin vahid mərkəzdən koordinasiya olunmasına və habelə onların fəaliyyətlərinə dövlət qayğısını yönəltmək üçün real zəmin yaratdı.

Bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Keçən dövrdə Azərbaycan icmalarının fəaliyyətinin koordinasiya edilməsi prosesi daha da təkmilləşdirilib, bir sıra ölkələrdə  diaspor təşkilatlarının fəaliyyətlərini koordinasiya edən qurumlar yaradılıb. Hazırda azərbaycanlıların milli-mənəvi dəyərlərinin, mütərəqqi ənənələrinin qorunub saxlanılması, mədəniyyət mərkəzlərinin yaradılması üçün məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları  soydaşlarımızın bir araya gəlməsinə, üzləşdikləri problemlərin həll olunmasına, Vətənlə əlaqələrin qurulmasına, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına böyük töhfələr verirlər. Azərbaycanın xarici ölkələrdəki diplomatik korpusları, Diasporla İş üzrə Dövlət Komitəsi də bu istiqamətdəki səyləri dəstəkləyirlər.

2002-ci ildə bu siyasətin formalaşmasından sonra dünyada yaşayan soydaşlarımızın təşkilatlanması istiqamətində mühüm işlər görülməyə başlandı. Əvvəlcə dağınıq formada olan diaspor təşkilatlarımız bir araya gətirildi, koordinasiyalı  fəaliyyətin qurulması təmin edildi. Avropanın müxtəlif ölkələrində diaspor təşkilatlarımızın forumları təşkil edildi. Bu cür forumlarda, konfranslarda qarşıda duran vəzifələr müzakirə olunaraq, diasporumuzun həyata keçirməli olduğu işlər müəyyənləşdirildi və Azərbaycan diasporunun dünyadakı mövqe və güc nisbəti dəyişməyə başladı. Bu isə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında və erməni yalanlarının ifşa olunmasında xüsusi rol oynadı. Həmçinin dünyanın digər xalqlarının diaspor təşkilatları ilə əlaqələrin qurulması, onlar vasitəsilə də Azərbaycanın təbliği işi həyata keçirilməyə başlandı. Buna ən müsbət nümunəni isə, türk diasporu ilə qurulan əlaqələri göstərmək olar.

 2006-cı ilin 16 mart tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Bakıda keçirilmiş Dünya azərbaycanlılarının II qurultayı görülən işlərin müsbət nəticələrindən, diaspor təşkilatlarımızın koordinasiya olunmasından, dünyada artıq formalaşmış gücə çevrilən bir Azərbaycan diasporunun olduğundan xəbər verirdi. 10 il ərzində Azərbaycanın tanıdılması, təbliği istiqamətində kifayət qədər işlər görüldu ki, bunun da nəticəsi dünya ictimaiyyətinin Azərbaycan haqqında geniş məlumatının olmasında özünü göstərir.

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının təbliğat sahəsində fəaliyyətinin daha da gücləndirilməsi, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması və bu faktın dünya dövlətlərinin parlamentlərinin, siyasi dairələrinin müzakirəsinə çıxarılması diaspor təşkilatlarının əsas vəzifələrindən olmuşdur. Eyni zamanda, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən KİV-lərdə Azərbaycanla bağlı məqalə və materialların işıqlandırılması istiqamətində görulən işlərin mənzərəsi də xeyli uğurlara sahib olduğumuzdan xəbər verir.

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması  diqqət yetirilən əsas məsələlərdən biri olmuşdur. 2011-ci ildə Amerika Azərbaycanlıları Şəbəkəsinin təşəbbüsü ilə ABŞ-ın kütləvi informasiya vasitələrində Azərbaycana həsr olunmuş 70-dən çox məqalə dərc olunmuşdur. 20 Yanvar faciəsinin 22-ci ildönümü, Xocalı soyqırımının 20-cu ildönümü və 31 – Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar İsveç, İsveçrə, Finlandiya, Norveç, Niderland, Böyük Britaniya, Belçika, Latviya, Litva, Estoniya, Rusiya Federasiyası, Ukrayna, Belarus, Bolqarıstan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Gürcüstan, ABŞ, Kanada, Yaponiya, Yeni Zelandiya, Avstraliya, Misir, Cənubi Koreya, Almaniya, Fransa, Çexiya, Macarıstan, Rumıniya və s. ölkələrdə müxtəlif formatlı tədbirlər təşkil edilmişdir.

 Leyla xanım Əliyevanın rəhbərliyi ilə keçirilən “Xocalıya ədalət” kampaniyası butun dunyaya səs saldı. Dünyanın 150-dən çox şəhəri, 50-dən çox müxtəlif ölkəsi fevralın 25-26-da Azərbaycan həqiqətlərindən xəbər tutmuş oldu. Həmin gün dünya Ermənistanın təcavüzkar siyasətinin, hansı faciələrə yol açdığını gördu. Baxmayaraq ki, Ermənistanın havadarlarının dəstəyi ilə Azərbaycana qarşı dünyada əks təbliğat aparılır, amma son 5 ildə Azərbaycan informasiya müharibəsində Ermənistanı xeyli üstələyib. Bunun əsas səbəbi təşkilatlanmış, düşünülmüş strategiyadır. Türkiyə mətbuatı Taksim meydanındakı yürüşə çox böyük yer ayrıldı. Ümumilikdə, Türkiyə mediasında həm aksiyadan əvvəl, həm də yürüş-mitinqdən sonra Xocalı soyqırımı, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı kifayət qədər materiallar öz əksini tapdı. Hətta mətbuatda analitik xarakterli yazılara, telesüjetlərə də rast gəlinirdi. “Xocalı soyqırımı”nın  tanıdılması prosesi beynəlxalq təşkilatlarda da davam etdirildi. Meksikada, Pakistanda, eləcə də ABŞ-da başlayan bu proses digər ölkələrdə də diqqətdə saxlanılmalıdır.

Dünya Azərbaycanlıları Konqresinin sədr muavini Asif Qurbanov bildirir ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xaricdə yaşayan soydaşlarımızın müstəsna rolu var. Dünya arenasında diaspor təşkilatlarımızın fəaliyyətinin daha dolğun olması üçün onların yaşadıqları ölkələrin media qurumları ilə sıx əlaqəsi önəmli məsələlərdəndir. Qloballaşan informasiya müharibəsində qalib gəlmək ən güclü və ciddi nəticələr verən bir vasitədir. Lobbiçilik işinin daha da səmərəli olması üçün diaspor təşkilatlarının fəaliyyət göstərdikləri ölkənin media qurumları ilə yaxınlıq çox vacibdir. Bizdə bu barədə işlər hələ zəifdir və görülən işlərdə medianın rolu da yuksək deyil. Media ilə işləyən mərkəzimiz yoxdur. Sadəcə, hər kəs şəxsi münasibətlərindən faydalanaraq Azərbaycan ilə əlaqəli xəbərləri mətbuatda verdirə bilir. Burada onsuz da Azərbaycanı hər kəs tanıyır – deyərək ölkəmiz barədə xəbərlərə az yer ayırırlar. İnformasiya müharibəsində qalib gəlmək üçün dünyanın nüfüzlu media qurumlarında azərbaycanlı jurnalistlərin təmsil olunması müasir dövrümüzdə diplomatların, iqtisadçıların yetişdirilməsi qədər lazımlı məsələlərdəndir.

Prezident İlham Əliyevin 2008-ci il noyabrın 19-da imzaladığı sərəncamla Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) yaradıldı. Belə bir komitənin yaradılması ilə xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, hüquq və azadlıqlarının müdafiəsi, xalqımızın tarixi və  müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ilə yanaşı, həm də qloballaşan dünyada mədəniyyətlərarası dialoqun dərinləşməsi, xalqlar arasında inteqrasiya meyillərinin gücləndirilməsinə, xalqlar arasında gedən sürətli inteqrasiya proseslərini, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolunu artırmaqla yanaşı, həm də  bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərmək zərurətini ortaya qoyurdu. Məhz belə bir zamanda diaspor işi ilə daha hərtərəfli və məsuliyyətli bir şəkildə məşğul olacaq dövlət komitəsinin yaradılması günün tələbi idi.

Qloballaşan dünyanın diktə etdiyi hazırkı reallıqlar türkdilli ölkələrin xalqlarını və hökumətlərini sıx əməkdaşlığa, qarşılıqlı əlaqələri daha da gücləndirməyə, xarici siyasət fəaliyyətini uyğunlaşdırmağa və birgə taktika müəyyənləşdirməyə sövq edir. 20 iyun 2013-cü ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Bakı forumunun keçirilməsi dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, soykökünə, tarixinə, milli-mənəvi dəyərlərinə ehtiram, doğma Vətənin maraqlarına bağlılıq nümayiş etdirən diasporun formalaşmasının bariz nümunəsidir. I Bakı forumunun böyük əhəmiyyətini dəyərləndirən Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev foruma göndərdiyi məktubunda deyir: “Türkdilli dövlətlər arasında əlaqələrin inkişafında, ortaq mənafelərimizin etibarlı qorunmasında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının rolu xüsusi əhəmiyyətə malikdir. Azərbaycan hər zaman həmin təşəbbüsləri dəstəkləmiş və gələcəkdə də bu siyasəti davam etdirmək əzmindədir”.

İndi dünyanın hər bir yanında – ABŞ-da, Rusiya və Çində, Avropada, Ərəb ölkələrində, hətta uzaq Avstraliyada Azərbaycanın diaspor təşkilatları qurularaq, həqiqətlərimizin təbliği, Vətənin tanıdılması işi uğurla həyata keçirilməkdədir. 2011-ci il iyul ayında Bakı şəhərində keçirilən Dünya azərbaycanlılarının III qurultayında-dünyanın 42 ölkəsindən 579 nümayəndə və 211 qonaq iştirak edən forumda Prezident İlham Əliyev yenidən Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədri seçildi. Bu, həm də o demək idi ki, müxtəlif ölkələrdə məskunlaşan yüzlərlə diaspor nümayəndəsi yaşadığı yerdən asılı olmayaraq, bir daha anladı ki, onun arxasında Azərbaycan kimi güclü bir dövlət dayanıb.

 Namiq ƏHMƏDOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında