Rüstəm İbrahimbəyovun bu qondarma qurumdan prezidentliyə vahid namizəd olması təşkilatın dağıdılmasını daha da sürətləndirəcək
Kinodramaturq Rüstəm İbrahimbəyovun ən uğursuz ssenarisi hesab edilən “Milli Şura”nın sonu çatmaq üzrədir. Bu qondarma quruma üzv toplamaq üçün dünənə qədər prezidentliyə vahid namizədlə bağlı ikibaşlı danışan kinodramaturq artıq özünü oyuncaq təşkilatın vahid namizədi elan etdi. Bununla da “Milli Şura” ömrünün sonunu yaxınlaşdırdı.
Çünki müxalifət düşərgəsində radikalından tutmuş konstruktivinə qədər hamıya bəllidir ki, Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd olması bütövlükdə seçki sisteminə ləkədir. Axı, hafizəsini itirmiş bu qoca dramaturq azərbaycançılıqdan çox - çox uzaq düşüb. Artıq ssenari yazmağı da unudub. Başı müxtəlif ölkələrdə ermənilərlə yeyb - içmək məclislərinə qarışdığından elə onlar xislətdə, xasiyyətdə olub.
Bir el məsəlində deyildiyi kimi “... yanına bağlayanda həmrəng olmasa da, həmxasiyyət olar”. R.İbrahimbəyov isə mənfur düşmənlərimizlə həm eyni “rəngli”, həm də eyni xasiyyətli olub. Gəlin, müqayisə edək. Ermənilər Azərbaycanın sürətli inkişafını, dünya birliyindəki mövqelərinin möhkəmləndirilməsini, iqtisadi qüdrətinin artmasını qətiyyən istəmirlər. Rüstəm İbrahimbəyov da artıq ermənilərin bu istəyinə qoşulub. Bu ilin payızında ölkəmizdə keçiriləcək prezident seçkiləri ərəfəsində erməni lobbisi çaşqınlıq və qarşıdurma yaratmaq üçün min oyundan çıxır. R.İbrahimbəyov xəyanətkarlıqda ermənilərdən də qabağa gedib. Həm də bu çirkin işlərin həyata keçirilməsində ölkəmizin tərəqqisini gözü götürməyənlərin əlində alətə çevrilib. “Milli Şura” adlı qurumu yaradan antiazərbaycan xəbis niyyətlərini məhz bu qurum vasitəsilə həyata keçirmək istəyirlər. Məlum olduğu kimi, bu oyuncaq təşkilatın sədri Rüstəm İbrahimbəyov “seçilib”. Daha doğrusu, erməni lobbisinin sifarişi ilə təyin edilib .“Milli Şura”nın prezidentliyə namizədi də xəyanətkar Rüstəm İbrahimbəyov olmalı idi. Oldu da. Çünki bu, erməni lobbisinin istəyi idi. Əgər düşmənlərimizin sifarişi yerinə yetirilməsə idi, o zaman “Milli Şura”nın maliyyə vəsaiti kəsiləcəkdi. Axı, bu qurumun ideya müəllifi və maliyyə mənbəyi Azərbaycanın inkişafını gözü götürməyən dairələrdir.
“Milli Şura”nın sədri R.İbrahimbəyov və onun muzdlu nökəri, reneqat Eldar Namazovun tez - tez müxtəlif xarici ölkələrə getməsi və oradakı ermənipərəst dairələr tərəfindən təlimatlandırılması müxalifət düşərgəsində ciddi narazılıqlara səbəb olub. Artıq bəzi müxalifət partiyalarının sədrləri öz etirazlarını açıq şəkildə bəyan ediblər və satqınların cinayət məsuliyyətinə cəlb olunmasını tələb ediblər. Məsələn, müxalif mövqedə olan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Rüstəm İbrahimbəyovla Eldar Namazovun həbs olunmasını istəyib. Partiya sədri fikrini əsaslandıraraq deyib ki, “Milli Şura”nın Moskvanın vasitəçisi olaraq Azərbaycanda həyata keçirmək istədiyi plana qarşı çıxmaq lazımdır. Ə.Əliyev bildirib ki, Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini təhdid altına salmağa cəhd edən şəxslər dərhal həbs olunmalıdırlar. “EL” hərəkatının rəhbəri, reneqat Eldar Namazovun bu yaxınlarda Moskvaya səfəri zamanı Rüstəm İbrahimbəyov və ermənipərəst dairələrlə görüşüb ölkəmizdə iğtişaşlar salması ilə əlaqədar yeni təlimatlar alması bəzi müxalifət nümayəndələrinin kəskin hiddətinə səbəb olub. Onlar bildiriblər ki, vicdanı, əqidəsi yerində olan hər bir kəs Vətənini, xalqını düşmənlərimizin çirkli pullarına satmamalıdır. Vəzifədən ötrü erməni lobbisinin tapşırıqlarını yerinə yetirən, ölkəmizin beynəlxalq aləmdə artan reytinqinə xələl gətirməyə cəhd göstərənlərin bir adı var: Vətən xaini. Ona görə də belə xəyanətkarlar ifşa olunmalı və qanun qarşısında cavab verməlidirlər. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin tələbi də bundan ibarətdir. O, israrla bildirib ki, Eldar Namazov Moskvaya Azərbaycan dövlətçiliyinin əleyhinə çevrilmiş təlimatlar alınması ilə bağlı gedibsə, həbs olunmalıdır.
Əli Əliyev hesab edir ki, “Milli Şura”dan ümumi bir şəxsin Moskvaya səfər etməsi görünür, antiazərbaycan dairələrlə hansısa məsləhətləşmələrin aparılması və yaxud da yeni təlimatların telefon, internet vasitəsi ilə yox, canlı olaraq ötürülməsi məqsədi güdür. O əminliklə bildirib ki, “Milli Şura”nın növbəti sessiyaları həmin təlimata uyğun istiqamətləndiriləcək. Elə “Milli Şura”nın növbəti sessiyasının təxirə salınmasının da əsas səbəbi bu imiş.
Rüstəm İbrahimbəyovun “Milli Şura”dan prezidentliyə vahid namizəd olması müxalifət düşərgəsində həm ikrah, həm də istehzalı gülüş doğurub. Ömründə bir dəfə də olsun siyasətlə məşğul olmayan, rəhbərlik etdiyi - o qədər də böyük təşkilat olmayan Kinematoqrafçılar İttifaqının əmlakını talayan, vəsaitini isə ermənilərə qonaqlıqlar verməklə məşğul olan Rüstəm İbrahimbəyovun hansı üzlə prezidentliyə namizəd olması onu gülüş hədəfinə çevirib. Hətta Azərbaycana qorxusundan gəlmədiyini etiraf edən kinodramaturq nədən və kimdən qorxduğunu özü də bilmir. Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməməsi məsələsinə VİP sədri Əli Əliyevin münasibətini olduğu kimi diqqətə çatdırırıq: “Hesab edirəm ki, Rüstəm İbrahimbəyov Azərbaycana gəlməyə qorxur, ona buradan qorxu duası yazdırıb aparmaq lazımdır ki, üstündə gəzdirsin. Azərbaycanın siyasi hakimiyyəti uğrunda mübarizə aparan adamın mətbuat vasitəsi ilə “qorxuram” ifadəsini işlətməsi siyasi anormallıqdır və bu adamın mövqeyi gülüş doğurur”.
Artıq müxalifət düşərgəsinə də məlumdur ki, Azərbaycanda qarşıdurma yaratmaq istəyən bəzi xarici dairələr bu çirkin işi adlarını müxalifət qoyan satqın və xəyanətkarların əli ilə həyata keçirmək istəyirlər. Seçki ilində daha da fəallaşan düşmənlərimizin və onların yerlərdəki muzdlu nökərlərinin belə xəyanətkar əməllərinin gerçəkləşdirilməsi təbii ki, mümkün olmayacaq. Çünki artıq konstruktiv müxalifət nümayəndələri də reneqat Eldar Namazovun və Rüstəm İbrahimbəyovun bu hərəkətlərini vətənə xəyanət kimi dəyərləndirirlər. Bəzi müxalifət partiyalarının sədrləri “seçki” və “demokratiya” adları altında xarici qüvvələrin muzdlu nökərlərinə çevrilən qruplara qarşı barışmaz və ifşaedici mövqedən çıxış etmək barədə qəti qərara gəliblər. Çünki öz dövlətinin, millətinin, vətəninin maraqlarını başqa dövlətlərin, antiazərbaycan dairələrin maraqlarına qurban verilməsi üçün seçki ilindən bəhanə kimi istifadə edilməsi çox rüsvayçı və azərbaycanlı adına yaraşmayan bir hərəkətdir. Belə halların qarşısının alınması üçün siyasi mövqeyindən asılı olmayaraq hər birimiz - həm normal siyasətçi, həm də vətəndaş öz sözünü deməlidir. Çünki Azərbaycan hər bir azərbaycanlının vətənidir. Gələcəyimizin və milli dövlətçiliyimizin xəyanətkarlardan qorunması hər birimizin müqəddəs borcudur. AXCP sədri Əli Kərimlinin, Müsavat Partiyasının başqanı İsa Qəmbərin, “EL” hərəkatının rəhbəri, reneqat Eldar Namazovun, kinorejissor Rüstəm İbrahimbəyovun və digərlərinin antiazərbaycan davranışları ölkəmiz üçün təhdiddir. Xarici himayədarlarının çirkli pulları hesabına özlərinə hər cür şərait quran belə xəyanətkarların bütün cəhdləri iflasa uğrayacaq. Çünki onlar öz vətənlərinə xəyanət edirlər. Xəyanətkarları isə heç kim qəbul etmir. Hadisələrin gedişi göstərir ki, “Milli Şura” xəyanət üzərində qurulub. Ona görə də bu qurumda təmsil olunanları da qəbul edən yoxdur.
“Milli Şura”nın bəzi üzvlərinin özlərini Bakı və Kəndlər Birliyinin təmsilçiləri kimi təqdim etmələri ciddi etirazlara səbəb olub. Çünki Bakı və Kəndlər Birliyi həmin şəxslərin onları təmsil etmədiyini bildirib. Ona görə də kiminsə onların adından çıxış etməsini qəti şəkildə pisləyiblər. Bakı və Kəndlər Birliyinin yaydığı məlumatda bildirilir ki, bu qurum Vətənə, xalqa və millətə xəyanət edənlərlə heç vaxt bir yerdə ola bilməz. Məhz bu baxımdan Bakı və Kəndlər Birliyi bu qurumun adından danışan şəxslərin “Milli Şura”ya daxil edilməsində əsas günahı Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və “El” hərəkatının sədri Eldar Namazovda görürlər. Hətta, bu təşkilat adından həmin şəxslərə ciddi narazılıqlar da çatdırılıb. Məlumatda bildirilir ki, Bakı və Kəndlər Birliyi həmişə Azərbaycanın demokratik yolla inkişafının, beynəlxalq aləmdəki reytinqinin daim yüksəlməsinin, əmin - amanlığın davamlı olmasının, insanların həyat tərzinin yüksəlməsinin tərəfdarı olub və indi də bu mövqedədir. Son illər həyata keçirilən daxili və xarici siyasət nəticəsində bu nailiyyətlərin şahidi oluruq. Ona görə də Bakı və Kəndlər Birliyi bu gün həyata keçirilən daxili və xarici siyasəti dəstəkləyir, hər hansı bir radikal qurumda, eyni zamanda “Milli Şura”da təmsil olunmur. Artıq Bakı və Kəndlər Birliyi öz narazılığını daha dolğun ifadə etmək məqsədilə imzatoplama kampaniyasına start verib. İmzalar toplandıqdan sonra “Milli Şura”nın rəhbərliyinə təqdim ediləcək və tələb olunacaq ki, həmin şəxslərin fəaliyyətinin dayandırılması haqqında qərar verilsin. Bundan sonra bu təşkilatda Bakı və Kəndlər Birliyinin adından çıxışlara son qoyulsun.
Azərbaycanın milli təhlükəsizliyini təhdid altında saxlayan istənilən davranış, əlaqə, görüş və kənardan verilən dəstək Azərbaycanda qəbuledilməzdir. Bəzi ölkələrdəki antiazərbaycan dairələrin radikal mövqedə olanları çirkli pullar hesabına ələ alması ölkəmizin inkişafına və ictimai - siyasi sabitliyin pozulmasına heç bir təsir göstərməyəcək. Ona görə də həm İctimai Palatanın, həm də “Milli Şura”nın üzvlərinin antiazərbaycan dairələrlə əməkdaşlığı, tez - tez xarici ölkələrə səfərlər edərək orada düşmənlərimizdən təlimatlar və çirkli pullar almaları əbəsdir.
Rüstəm İbrahimbəyovun “Milli Şura”nın prezidentliyə namizəd məsələsində özünü irəli verməsi artıq bu qurumun sonunu yetirmək üzrədir. Onun satqın və xəyanətkar olması radikal müxalifət tərəfindən də etiraf olunur. Əhrar Partiyasının sədri, Vaqif Hacıbəyli Rüstəm İbrahimbəyovun düşmənlərimizin əlində alətə çevrilməsinə ciddi etirazını bildirərək deyib:"Rüstəm İbrahimbəyov Amerikaya gedib Rəsulla görüşür, ona, Abbas Abbasova hesabat verir. Bəyəm biz bilmirik ki, onlar nə yuvanın quşudur? Deyirlər ki, dostunu göstər, deyim sən kimsən. Düşüblər ki, vahid namizəd mövzusu artıq bitib.
Artıq “Milli Şura” öz ömrünü başa vurmaq üzrədir. Rüstəm İbrahimbəyovun qurumdan prezidentliyə vahid namizəd olması isə bu oyuncaq təşkilatın dağılmasını daha da tezləşdirir.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.