Siyasi sosiallaşma və bu prosesə təsir edən amillər

 

Əvvəlcə “sosiallaşma nədir?” sualına cavab tapaq. Qeyd edək ki, bu proses insanın cəmiyyətə adaptasiyası deməkdir. Yəni, o, artıq cəmiyyətin fəal bir üzvünə çevrilir. Başqa sözlə,  sosiallaşma insanın fəal vətəndaş, bir şəxsiyyət kimi formalaşma prosesidir. Liderlik isə şəxsiyyət kimi formalaşmanın ən yuxarı pilləsidir (super ego -Z.Freyd). Çünki şəxsiyyət kimi formalaşmada bioloji və psixoloji amillərlə yanaşı, sosial təsir amili də mövcuddur. Sosial amil dedikdə, ictimai-siyasi fəaliyyət nəzərdə tutulur ki, nəticədə bu, fəal vətəndaşı yaradır.

Sosiallaşma üçün, ilk növbədə, mühit — cəmiyyət, insanın buna psixoloji hazırlığı və sosiallaşmaya olan ehtiyac kimi amillər mühüm rol oynayır.

Bəs siyasi sosiallaşma nədir? Prosesi formalaşdıran amillər hansılardır? Bu proses hansı cəmiyyətdə realdır? Siyasi sosiallaşma insanların siyasi münasibət və davranışlarda cəhd göstərdiyi uzunmüddətli, bəzən də ömürlük bir prosesdir. Prosesin yüksək nöqtəsi də siyasətdə birbaşa iştirak və ya siyasi qərarlara təsir etmə gücüdür.

Siyasi sosiallaşma üçün vacib olan ilk amil  “siyasi dil”dir. Başqa sözlə, ümumən siyasəti anlamaq, maraqlanmaq, fikir yürütmək və məsələlərə münasibət bildirməkdir. Siyasi sosiallaşmanı iki mərhələyə ayırsaq, birinci mərhələnin vətəndaşın ictimai-siyasi proseslərə marağının olması və onlara yaxından diqqət yetirməsini qeyd etməliyik. Çünki cəmiyyətdən kənarda bir sistem mövcuddur ki, birbaşa və dolayısı yolla cəmiyyətə təsir gücünə malikdir. Əslində isə həmin sistem ümumi mühitin bir hissəsidir. Və hər bir vətəndaş həmin mühitin, cəmiyyətin və sistemin tam hüquqlu bir üzvüdür. Təbii olaraq da onun müəyyən sosial və siyasi funksiyaları, öhdəlikləri vardır. Cəmiyyətin siyasi həyatı da məhz insanlar arasındakı siyasi əlaqələrin təcəssümü və cəmidir.

Prosesdə ikinci mərhələ, ya da başqa cür desək, prosesin formalaşmasında vacib rol oynayan “sosial-siyasi agentliklər”dir. Bu agentliklərə ailə, məktəb-universitet, sosial qruplar, siyasi təsisatlar  (bunlara siyasətin sosial əsasları da demək olar)  və media daxildir. Yəni, ailədən siyasi sosiallaşmaya maraq başlayır, sonra bu maraq təhsil dövrünü əhatələyir, daha sonra həmfikir mühit, ya sosial qruplarda möhkəmlənir ki, bu da nəticədə vətəndaşı siyasi proseslərdə real iştirakçıya çevirir.

Beləliklə, proses vətəndaşda siyasi fikri, vətəndaşların cəmində isə ictimai-siyasi rəyi formalaşdırır. Medianın prosesdəki rolu olduqca əhəmiyyətlidir. Hətta jurnalistləri siyasi sosiallaşmanın aktiv iştirakçıları da adlandırmaq olar. Kütləvi informasiya vasitələri (KİV) hakimiyyətin IV qoludur,  həmçinin siyasi təsisatdır.

Siyasi sosiallaşma üçün siyasi etika və siyasi etibarlılıq da mühüm və təsiredici amillərdir. Siyasi etika siyasi sistemin siması kimi çıxış edərək vətəndaşın siyasətdə iştirak normalarını formalaşdırır, siyasi etibarlılıq isə vətəndaşın bu proseslərdə gedəcəyi yolu, “döyəcəyi qapını” müəyyənləşdirir.

Digər bir məsələyə də nəzər salaq. Vətəndaşın sistemə olan təbii cavab reaksiyası onun siyasi fəal və ya qeyri-fəal vətəndaş olduğundan asılıdır ki, bu da insanların qarşısına “hər kəs siyasi fəal vətəndaş olmalıdır” kimi bir məcburiyyət qoymur. Lakin insanların təbii olaraq öz hüquq və öhdəliklərini bilməsi, özünü cəmiyyətin və sistemin tamhüquqlu bir üzvü kimi hiss etməsi, lazım gəldikdə vətəndaş mövqeyini ortaya qoya bilməsi birmənalı şəkildə dəstəklənəndir. Vətəndaş bilməlidir ki o azad, intellektual fiziki şəxsdir və onun hər hansı bir sistemdən asılılığı yoxdur, heç nəyə tabe deyil, sadəcə, tamın bir hissəsidir. Və təbii olaraq da məsələlərdə öz fikrini ortaya qoya bilmə, tələb etmə hüququ vardır. “Vətəndaş hüquq və vəzifələrini bilməlidir” anlayışı tələb və təklif prosesinin obyektivliyini təmin edir. Bu, vətəndaşın cəmiyyət və sistem qarşısında məsuliyyətini və məlumatlılığını artırır ki, hər bir vətəndaş da ən azından yaşadığı cəmiyyəti tanımalıdır.

Burada həmçinin dövlətin məsuliyyətinin artması amili də unudulmamalıdır. Aydındır ki, bəzi dövlətlərə öz hüquqlarından bixəbər vətəndaşlarını idarə etmək daha asandır. Ona görə də bu məsələdə-maariflənmədə, ilk növbədə, fərd və cəmiyyət maraqlı olmalıdır. Bir növ vətəndaş öz müqəddəratını özü həll etməlidir və sistem də bu yolda kömək-vasitəçi rolunu oynamaqdadır.

Siyasi sosiallaşma prosesi cəmiyyətə və sistemlərə görə fərqlənir. Totalitar və avtoritar cəmiyyətlərdə siyasi sosiallaşmadan söz gedə bilməz. Çünki şəxsiyyətin azadlığı məhdudlaşdırılır. Demokratik cəmiyyət isə bütün həlləri yuxarılar ilə aşağıların konsesusunda görür. Və bu tip cəmiyyətlər fərdin şəxsiyyət-vətəndaş kimi formalaşmasında maraqlıdır. Digər tərəfdən prosesə olan mikro və makro mühitin təsiri də danılmazdır. Çünki mikro mühitdə, plüralizmin olmadığı yerdə sən olmasan belə, siyasət özü səninlə məşğul olur. Müxtəlifliyin olduğu yerdə isə situasiya fərqlidir.

Sosiallaşma ilə siyasi sosiallaşmanın fərqi nədir? İnsan, ilk növbədə, sosiallaşma prosesini seçir. İkinci mərhələ artıq vətəndaş kimi siyasi sosiallaşma prosesinə qoşulmaqdır ki, bu da onun siyasi fəal vətəndaş olub-olmamasından, bunu istəyib-istəməməsindən asılıdır.

Azərbaycan həyatına nəzər salsaq, fikrimcə, cəmiyyətimizdə ictimai həyatın və siyasi proseslərin ən aktiv iştirakçıları gənclər və onların yaratmış olduğu sosial qruplardır. Bu gün Azərbaycanda əksər insanların siyasi sosiallaşma prosesinə qoşulması məhz yeniyetməlik və gənclik yaşlarına təsadüf edir.

Çox nadir hallarda ailələr övladlarının siyasi-ictimai proseslərdə aktiv olmasına maraqlı olurlar. Ona görə də azərbaycanlı gəncin bu proseslərdə sərbəst mövqeyi ya onun tələbəlik illərinə, ya da ictimai fəallıq dövrünə təsadüf edir. Çünki gənclərin sosial-siyasi proseslərə qoşulması onlara bir növ ictimai-siyasi dəyərlərin təlqini, ya da özləri tərəfindən özləri üçün yeni ideologiya, dəyərlər sistemini yaratması deməkdir.

Media və sosial qrupların, üzvü olduğumuz təşkilat və ya müxtəlif adda qurumların prosesdəki rolu danılmazdır, effektivdir və bu prosesin davamlı olmasını sığortalayır. Gənclərin fəal sosial-siyasi vətəndaş mövqeyi, ən azı, ölkədə 50 il bundan sonrakı vətəndaş cəmiyyətinin fərqli olacağından  xəbər verir.

Günel ABDULLAYEVA, politoloq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında