Kinodramaturq Rüstəm İbrahimbəyov özündən müştəbehlik sindromuna tutulub

 

 

 

 

Dağıdıcı müxalifət partiyalarının ruporu olan bəzi mətbuat orqanlarında reneqat Eldar Namazovun turist kimi Moskvaya etdiyi səfəri elə bir formada şişirdirlər ki, bunların yazdıqlarını oxuyanlar da nə isə qeyri-adi bir hadisənin baş verdiyini zənn edər.  Əslində isə “baş verən” odur ki, ağsaqqal yaşında bilmədiyi bir işə qol qoyaraq Azərbaycan ictimaiyyəti arasında özünü biabır edən, olan-qalan nüfuzunu da itirən kinodramaturq Rüstəm İbrahimbəyov əvvəllər kölgəsinə sığındığı bir adamı, necə deyərlər,  ayağına çağıraraq, onunla birlikdə ermənilərdən ibarət antiazərbaycan dairələrindən daha çox “qrant” almaq üçün səylər göstərib. 

Bu iki “siyasətçi” öz əməllərini ört-basdır etmək və bəzi məqamları “Milli Şura”da olan digər partiya və təşkilat liderlərindən gizlətmək üçün yaxşı bir bəhanə də uydurublar. Guya, buqələmun  Eldar Namazov şura üzvləri arasında komissiyaların yaradılması ilə bağlı yaranan problemi və digər məsələləri Rüstəm İbrahimbəyovla müzakirə etmək üçün Moskvaya səfər edibmiş. Hətta bu səfər o qədər “əhəmiyyətli” imiş ki,  şuranın iyunun 28-nə planlaşdırılan sessiyasını da təxirə salıblar. Bu bəhanəni gətirəndə isə unudublar ki, artıq neçə illərdir radikal düşərgədə  Rüstəm İbrahimbəyov, Eldar Namazov kimilərin başına papaq tikən, ortasını da deşik qoyan Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli onların getdiyi yolları artıq qayıdırlar.  Məgər İ. Qəmbərlə Ə. Kərimli bilmirlər ki, Bakıdan Moskvaya, eləcə də Moskvadan Bakıya təyyarə cəmisi 2 saat yarıma uçur?  Yəni indiki zamanda bu, elə də uzaq məsafə sayılmır. Bəs niyə həmişə məsləhətləşmək üçün Eldar Namazov Moskvaya gedir, Rüstəm İbrahimbəyov Bakıya gəlmir? Bəlkə qorxur ki, həbs olunar? Bu səbəb yox, bəhanədir. Səbəb isə başqadır. Axı Bakıda onun öz ağalarından gizlicə operativ təlimat almaq, bu və ya digər məsələyə dair onların rəyini öyrənmək imkanı məhduddur. Və ən əsası, əgər bu görüşlər və danışıqlar paytaxtımızda baş tutsaydı, burada Müsavat başqanı və AXCP sədri ilə birlikdə digərləri də söhbətlərin, razılaşmaların şahidi olacaq, “müzakirələr” zamanı səsləndirilən məbləğin miqdarını da öyrənmiş olacaqdılar. Bu isə nə reneqata, nə də kinorejjisora sərf edir. Ona görə də hələlik bütün məsələləri Moskvada, ermənipərəst dairələrin yanındaca “həll etməyi” məqsədəuyğun sayıblar.  

Bütün bu arqumentlər də belə deməyə əsas verir ki,  reneqat Eldar Namazov və ssenariçi Rüstəm İbrahimbəyov kimi dağıdıcı simalar Azərbaycanda xarici qüvvələrin, antimilli xarici dairələrin dominant formada oturuşması üçün bir vasitəyə çevriliblər. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin deputatı Fərəc Quliyev belə hesab edir ki, bu məsələdə elə azərbaycanlıların əli ilə xaricilərin ölkəmizə təsir imkanlarını artırmaq, gücləndirmək istəyirlər. Bəziləri bu qaranlıq məqsəd ətrafında birləşməyə çalışırlar. Bu, çox zərərli bir şeydir. Seçki ilini bəhanə edib başqa dövlətlərdəki dairələrin Azərbaycandakı istəklərini gerçəkləşdirmək, təbii ki, mümkün olmayacaq. Bu, ən yüngül adlandırsaq, Vətənə xəyanət etməkdir. Partiya sədrinin fikrincə, öz dövlətinin, millətinin, Vətəninin maraqlarının başqa dövlətlərin, onlardakı dairələrin maraqlarına qurban verilməsi üçün seçki ilinin bəhanə kimi istifadə edilməsi çox rüsvayçı bir mövqedir: “Seçki” və “demokratiya” adları altında xarici qüvvələrin alətinə çevrilən qruplara qarşı barışmaz və ifşaedici mövqedən çıxış etmək günün tələbidir. Burada həm normal siyasətçi, həm də vətəndaş öz sözünü deməlidir. Çünki gələcəyimizi və milli dövlətçiliyimizi bununla qorumuş və zərərli ünsürləri zərərsizləşdirmiş oluruq. Onların bu cür antiazərbaycan davranışları ölkəmiz üçün təhdiddir. Mən həm partiyamızın, həm də cəmiyyətimizin mənafeyinə və maraqlarına uyğun olaraq hamını çağırıram ki, müxalifətdə bu tipli “toparlanmalar” barədə ayıq olsunlar. Çünki hər kəs Azərbaycanda yalnız demokratik seçkinin keçirilməsi üçün toparlanmanın tərəfdarı olmalıdır".

“Milli Şura”da təmsil olunanların tez-tez Moskva, yaxud da ABŞ-a səfərə can atmalarına da münasibətini açıqlayan Fərəc Quliyev bildirib ki, bu dövlətlərdəki bəzi üzdəniraq dairələr bizə qarşı fərqli davranış nümayiş etdirirlərsə, buna adekvat addımlar atmaq və bunun cavabını vermək lazımdır: “Bu baxımdan bəzi müxalif qrupların xarici dairələrdə tərəfdar axtarması, bununla bağlı çabalarının qaranlıq tərəfləri və antimilli xüsusiyyətləri barədə düşünməyə dəyər. Nəzərə almaq lazımdır ki, istənilən siyasətçinin, vətəndaşın davranışı sonda milli təhlükəsizliyə xidmət etməlidir, milli təhdidlərə yox. Azərbaycanın milli təhlükəsizliyini təhdid altında saxlayan istənilən davranış, əlaqə, görüş və kənardan verilən dəstək Azərbaycanda qəbuledilməzdir. Bu baxımdan bəzi ölkələrdəki dairələrin məkrli məqsədlərlə bəzi müxalif qrupları ələ almasına çalışması yalnız bizim xarici aləmdəki təsirimizi və gücümüzü, müstəqil oyunçu olmağımızı zəiflətmək məqsədilə edilən qəsdlərdir. Biz yalnız bu cür dairələri və onların əlaltılarını ifşa etməliyik”.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov isə  hesab edir ki, Rusiyada hər hansı bir ciddi dairə  Eldar Namazov ilə Rüstəm İbrahimbəyovun fəaliyyətini dəstəkləmir. Bunun əsas səbəbi isə həm Rusiya hökumətinin, həm də bu ölkənin ayrı-ayrı strukturlarının Azərbaycan ilə ciddi şəkildə əməkdaşlıq etməsidir: “Yəni ola bilər ki, bunlar Rusiyada kimlərləsə görüşüb, maliyyə dəstəyi axtarmaq üçün addım atıblar. Onlar da o şeyə pul qoyurlar ki, onun perspektivi olsun”.  Siyavuş Novruzovun sözlərinə görə, “Milli Şura”ya baxanda görürlər ki, bunların heç bir perspektivi yoxdur və bu baxımdan da onların istər ora getməsi, istərsə də başqa yerə getməsinin heç bir əhəmiyyəti yoxdur: “İndi deyirlər, guya ABŞ-a gedəcəklər. Bir-iki səfər olacaq, gedib, gəzib gələcəklər, amma ortada heç bir nəticə olmayacaq. Bunlar istər xaricdə, istərsə də daxildə hansı oyundan çıxsalar da xeyri yoxdur.  Vaxtilə ”İctimai Palata" da özünün yol xəritəsini hazırlamışdı, bölgü aparırdılar, təyinat verirdilər, amma heç bir nəticəsi olmadı. Bütün bunlar, təxminən oktyabrın 20-nə qədərdir. Ondan sonra “Milli Şura” adlı qurum ümumiyyətlə Azərbaycanda olmayacaq.".

Məsələyə münasibətini açıqlayan bəzi dağıdıcı müxalifət liderləri isə Rüstəm İbrahimbəyovu xəyanətkarlıqda ittiham etməkdən çəkinsələr də bildirirlər ki, heç bir əsası olmadan o, özünü artıq fövqəl statusda görür. Onların dediyinə görə, kinorejissorda özündən müştəbehlik sindromu yaranmağa başlayıb. Hüquq müdafiəçisi Vidadi İsgəndərli isə deyir ki, Rüstəm İbrahimbəyov 6 aydır xalqın başının altına yastıq qoyur ki, “mən siyasətçi deyiləm, hakimiyyətə iddiam yoxdur”. Amma sonradan açıqlama verir ki, xalq istəsə namizədliyimi verərəm. Adama deyən lazımdır ki, sən siyasətçi olmadığını etiraf etdiyin halda, hansı üzlə “siyasətin olimpinə” iddia edirsən. Get ssenarini yaz, kinonu çək. Xalq səndən ancaq bunu istəyə bilər. Siyasət sənlik deyil. 20 ildir müxalifətdə, guya siyasətlə məşğul olan, prezident seçkiləri ərəfəsində biri-birinə güzəştə getməyən İsa Qəmbər, Əli Kərimli sənə imkan verərlərmi ki, gəlib vahid namizəd olasan?  Əlbəttə ki, yox.

Yeri gəlmişkən, vahid namizədlə bağlı müzakirələr dağıdıcı müxalifət düşərgəsində fikir ayrılıqlarını artırıb. Müsavat Partiyasının mərkəzi icra aparatının rəhbəri Arif Hacılı “Müsavat İsa Qəmbərin namizədliyini irəli sürüb. O, öz namizədliyini geri götürsə, onda Müsavat başqa bir namizəd irəli sürəcək” deməklə  İsa Qəmbərə sərt mesaj ünvanlayıb. AXCP daxilində də Əli Kərimlinin namizədliyi məsələsi “həvəslə” müzakirə olunur və nə yolla olursa-olsun onun təşəbbüsü ələ almasının vacibliyi vurğulanır. Bəzi müxalifətçilər və müxalifət mətbuatının aparıcı simaları isə kinodramaturqun düşərgənin vahid namizədi olmasına qəti etirazlarını bildirirlər. “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev qətiyyətlə deyib ki, mən Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini bir vətəndaş olaraq dəstəkləmirəm. Prosper Merimenin “Tamanqo”sundakı kimi qiyam qaldırıb heyəti suya tökən, sonra da gəmini idarə edə bilməyən afrikalılar kimi okeanın ortasında məhv olmaq təhlükəsini görürəm.

Radikal düşərgədəki ümumi siyasi mənzərə belədir ki,  müxaliflərin, xüsusilə, radikal, barışmaz mövqedə dayananların hər birinin məqsədi əslində “müttəfiqlik” etdikləri siyasi qüvvənin və siyasətçinin məhdud sosial bazasını ələ keçirməkdir. Bunların bütün cəhdləri də məhz bu istiqamətə yönəlib. Bir də ki, onları, xüsusən də “Milli Şura”dakıları nə milli maraqlar, nə demokratiya, nə də vahid namizəd müəyyənləşdirmək maraqlandırır. Həmin qüvvələrin hər birini yalnız və yalnız öz namizədinin müxalifətin vahid namizədi olması maraqlandırır. Odur ki, bir sıra qüvvələr, siyasətçilər artıq bu yöndə öz mesajlarını verməyə çalışırlar. Bu, “Milli Şura”nın böhranda olduğunun, problemlər içində boğulduğunun göstəricisidir. Ehtimal ki, buradakı böhran prezident seçkilərinə rəsmən start verilən ərəfədə daha qabarıq şəkildə özünü büruzə verəcəkdir. Lakin baş verənlər onu göstərir ki, deyəsən, seçkiləri gözləməyə ehtiyac qalmayacaq, bu gedişlə “Milli Şura”, necə deyərlər,  ayağa durmadan gücdən düşəcək, öz fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq.

Prezident seçkilərinə cəmi 3 ay yarım qalmasına baxmayaraq, hələ də radikal düşərgədə bir çox məsələlərə aydınlıq gətirilməyib. Hətta ötən əsrin 90-cı illərinin “küçə təfəkkürü” ilə yaşayan müxalifətçilər mitinqlər barədə də susmağa üstünlük verirlər. Nəticədə bütün demokratik dövlətlərdə olduğu kimi, bizim ölkəmizdə də seçki ilinə xarakterik olan kütləvi aksiyalar keçirilmir. Bunun səbəbi məlumdur. Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasəti dəstəkləyən ümumi ictimai rəy radikal düşərgəni, necə deyərlər, sıxır. Buna görə də onlar ətraflarındakı azsaylı etirazları yönləndirmək üçün bu məsələyə artıq  “Milli Şura”nın baxmalı olduğunu deyirlər. ADP sədri Sərdar Cəlaloğlu da bildirib ki,  xalqın müəyyən qismi meydana can atmalıdır ki, müxalifət də təşkilatçılıq həyata keçirsin: “Bu gün Azərbaycanda belə bir vəziyyət olmadığı üçün keçirilən aksiyaların da təsiri olmur. Şəxsən bizim partiya 10 il çoxlu sayda aksiyalar keçirib. Bu aksiyalarda demək olar ki, ancaq ADP-nin üzvləri iştirak edib. Kənardakı insanlar iştirak eləməyib. Eyni ilə də digər müxalifət partiyaları və birliklərinin, həmçinin “İctimai Palata"nın keçirdiyi aksiyalarda ancaq həmin qurumların üzvləri iştirak edib. Belə aksiyalar isə effekt verməyib”.

Hər şeyi öz ampluasına uyğun olaraq qara rəngdə görməyə adət etmiş müxalifət hələ də dərk eləmir ki, xalq onları dəstəkləmir. İndiki anda kütləvi aksiyalar, etiraz mitinqləri üçün heç bir sosial sifariş yoxdur, ola da bilməz. Həyata keçirilən islahatlar əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edir. Yəni müxalifət mitinq keçirsə belə, orada yalnız özləri deyib, özləri də eşidəcəklər. Arxalana biləcək sosial bazası olmayan bir qrup insanın istənilən hərəkəti və ya hərəkətsizliyi isə cəmiyyətdə effektverici gücə malik deyil. Xalq vaxtilə  onların yaratdıqları anarxiya və xaosu yaddan çıxarmayıb, ərəb ölkələrində baş verən faciələr də gözümüzün qabağındadır. Odur ki, xalqı çaşdırmaq mümkün olmayacaq.

Azərbaycan  xalqı öz dövlətinə sədaqətlidir və ictimaiyyətimiz Prezident İlham Əliyevə böyük məhəbbət bəsləyir. ASDP sədri Araz Əlizadə də etiraf edir ki, cənab  İlham Əliyev siyasi baxımdan çox püxtələşmiş bir insandır: “O, xarici siyasəti gözəl aparır və Azərbaycan üçün “böyük qardaş” axtarmır. O, kimsənin himayəsini, müdafiəsini istəmir. O, digər ölkələrlə normal, qarşılıqlı və bərabər münasibətlər qurur. Bizim müxalifət isə həmişə qışqırır ki, bərabərhüquqlu münasibət qurmaq lazım deyil. Mütləq kiminsə qoltuğuna girmək, kiminsə himayəsinə sığınmaq lazımdır. Reallıq bundan ibarətdir ki, bu gün Azərbaycanda Prezident İlham Əliyevlə mübarizə apara biləcək gücdə siyasətçi yoxdur".

Bəli,  belə bir siyasətçi yoxdur. Xalq, necə deyərlər, ABŞ-dan vurub, Moskvadan çıxan, ermənipərəst dairələrdən özünə himayəçi axtaran və hər dəfə də qapılardan qovulan “siyasətçiləri” deyil, siyasəti kişilik məktəbinə çevirən şəxsiyyəti – ulu öndər Heydər Əliyevin yolunu davam etdirən Prezident İlham Əliyevi dəstəkləyir.

Rauf  KƏNGƏRLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında