“Milli Şura”da antimilli qüvvələr toplaşıb

 

Azərbaycan ictimaiyyətinin nəzərində  radikal müxalifətin heç bir siyasi perespektivi yoxdur. Çünki bunlar həmişə xaricdəki antimilli, antiazərbaycan qüvvələri ilə sıx əməkdaşlıq edir, onların tapşırıq və göstərişlərini canla-başla yerinə yetirir, erməni lobbisinə qul kimi xidmət göstərirlər. Onların ölkəmizdə tamamilə nüfuzdan düşmələrinin ən başlıca səbəblərindən biri də məhz hər zaman xaricdən maliyyələşmələri, Rusiyadakı və Qərbdəki varlı  ermənilərdən daha çox “qrant” almaq üçün dəridən-qabıqdan çıxmalarıdır. 

Son zamanlar  ictimaiyyətin qınaq hədəfinə çevrilən qaraguruh ümidini yenə də   xaricə bağlayıb.  Onlar xarici himayədarları vasitəsilə öz varlıqlarını qoruyub saxlamağa cəhd edirlər. Artıq reallıqdır ki, bu gün  antiazərbaycançı şəbəkənin və erməni lobbisinin ölkəmizə qarşı apardığı qərəzli mübarizədə əsas müttəfiqləri məhz radikal müxalifət düşərgəsidir.

Ölkəmizdə hər seçki ilində reneqatları və dağıdıcı ünsürləri toplayıb mitinq-yürüş həvəsinə düşən dağıdıcı müxalifət hər dəfə hansısa ad altında yeni-yeni qurumlar yaradır. Burada dəyişən isə yalnız ad olur. Milli Məclisin deputatı Zahid Orucun qeyd etdiyi kimi,  müxalifət bir-birinin ardınca yeni birlik adları “istehsal” etməyə aludədir. “Demkonqres”dən “İctimai Palata”yadək bəlağətlə təqdim olunan “xilas” formatlarının hamısı tarixin qəbiristanlığına gömülüb və adamlarda artıq “yeni ölümlərə” mənəvi bir hazırlıq formalaşıb. Bu, onların siyasi sabahını təhdid edir. Axı nə qədər mövsümi koalisiyalar qurub sonra onu eyni şövqlə dağıtmaq olar? Dağılma müxalif həyatın ayrılmaz bir hissəsidir. “Klassik müxalifətçilər”ə və “stajlı demokratlar”a əyalətlərdə həqarət edəcəklər ki, özlərinə əsatir yaradan başqanlar, sədrlər 20 ildir bu hakimiyyətin yanında olan qeyri-siyasət adamının kölgəsinə sığınırlar. Belə təşkilat rəhbəri olmağın anlamı nədir? Əgər kinorejissorluq siyasi sənətdən belə üstündürsə, onda partiya modeli ilə yaşamağın heç bir anlamı yoxdur. Belə çıxır ki, film çəkmək hakimiyyətə gedən ən yaxşı yoldur.

Biz demokratik bir ölkədə yaşadığımız üçün istənilən siyasi partiya, təşkilat bir araya gələrək hansısa bir qurum yarada bilər. Müxalifət zaman-zaman müxtəlif adlar altında, məsələn, “Demokratik Konqres”, “DUH”, “SİDSUH” və bu kimi qurumlarda birləşiblər. Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı   da qeyd edir ki, radikal müxalifət düşərgəsi hansı ad altında fəaliyyət göstərsə də, xalq üçün eyni yerdə dayanırlar. Onların özləri haqqında süni ajiotaj yaratmaları göz önündədir, hər zaman sensasiya yaymaqla məşğuldurlar. Bu seçkilər ərəfəsində də həmin piardan istifadə edirlər. 2003-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində Londonda, 2008-ci ildə hansısa bir şəhərdə toplaşmışdılar, guya toplantı etməyə burada yer yoxdur. Məqsəd “Milli Şura” adını cəmiyyətdə, mətbuatda hallandırmaq və onu tanıtmaqdan başqa bir şey deyil. Amma tanıtsalar da bir nəticə əldə olunmayacağı açıq-aydın görünməkdədir. “Milli Şura”ya münasibət məhdud çərçivədə, onların tərəfdarları arasında qalacaq. Bu insanlar siyasi boğanaq, siyasi uğursuzluq içindədirlər.

Müxalif yönlü bir mətbuat orqanı “Milli Şura”da olan Eldar Namazovun, Rüstəm İbrahimbəyovun, İsa Qəmbərin, Əli Kərimlinin şəkillərini götürərək, küçələrdə insanlardan bunları tanıyıb, tanımadıqları haqqında sorğu keçirib və sosial şəbəkəyə yerləşdirib. Vətəndaşlarımız bu fraqmentlərə baxsa bir daha şahidi olar ki, şifahi sorğuda iştirak edənlərin böyük əksəriyyəti onları tanımadığını deyib. Hətta “Milli Şura” haqqında məlumatsız olduqlarını bildiriblər. Onlar özləri keçirdikləri sorğudan bir ibrət götürməlidirlər.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da belə hesab edir ki, “Milli Şura”nın  ölkə xaricində təşkilatlanmağa cəhd etməsi onu göstərir ki, onlar daxildən dəstək ala bilmirlər. O qeyd edib ki,  “Milli Şura”  hansısa bir xarici gücün layihəsi olduğu üçün həmin güclər Azərbaycanda deyil, başqa ölkələrdə daha asan iş görürlər: “Ancaq məsələ burasındadır ki, xaricdə “Milli Şura”ya cəlb olunan azərbaycanlılar Azərbaycan vətəndaşları deyillərsə, bunun heç bir əhəmiyyəti yoxdur. Yəni əgər onlar Rusiyanın, Ukraynanın və ya digər ölkənin vətəndaşıdırlarsa, bunun heç bir mənası yoxdur. Çünki burada əsas seçici dəstək verməlidir”. ADP sədri hesab edir ki, “Milli Şura”nın daxilində ciddi problemlər üzə çıxıb: “Dünənə qədər deyirdilər ki, ABŞ-a dəvət olunmuşuq. Hətta kimlərin gedəcəyini, ayın neçəsi gedəcəklərini demişdilər. Lakin sonra məlum oldu ki, bu fiaskodur, heç bir dəvət yoxdur, bu, yalandır, kiminsə uydurmasıdır, “Milli Şura”nın nüfuzunu qaldırmaq, onun guya ABŞ-dan dəstəkləndiyini nümayiş etdirmək üçün uydurulmuş bir hadisədir. Və yaxud da deyirdilər ki, guya iyunun 28-i Rüstəm İbrahimbəyov gələcək, “Milli Şura”nın iclası olacaq. Ancaq məlum oldu ki, Rüstəm İbrahimbəyovun gəlməyi bir tərəfə, ümumiyyətlə “Milli Şura”nın iclası təxirə salınıb. Bu o deməkdir ki, qurumun daxilində çox ciddi problemlər meydana çıxıb. Çox güman ki, “Milli Şura”da bu ziddiyət davam edəcək və onun işi iflic olacaq. Mən ümumiyətlə “Milli Şura”dan millətimizin və dövlətimizin xeyrinə hansısa bir iş gözləmirəm”.

Bəli, siyasi oyunbazlar obrazında özlərini cəmiyyətə, əslində həm də müxalifət düşərgəsinə sırıyan “qocaman ssenarist”in tragikomediyasının “baş rolu”nun ifaçılarının da iç üzü açılır. Sən demə, “Milli Şura”nı yaratmaqda məqsəd ayrı-ayrı siyasi qurumların birliyini təşkil etmək deyil, reneqatlarla dağıdıcı müxalifətin öz iddialarını gerçəkləşdirmək imiş. Bu məsələ aşkar olunanda geniş ictimaiyyət, hətta digər siyasi partiyalar və QHT-lər hər iki tərəfə mənfi münasibətini gizlətmədi. Bax, elə düşərgədəki qarşıdurma da bununla özünü göstərməyə başladı.  Milli Məclisin deputatı Çingiz Qənizadənin dediyi kimi, “Milli Şura”da olan insanlar o qədər bir-birləri ilə dalaşıb-barışıblar ki, indi də həmin insanlar canavar kimi üz-üzə dayanıblar və kimin birinci səhv addım atacağını gözləyirlər. Sözün qısası, “Milli Şura”da sular durulmaq bilmir.  Bu qondarma qurum radikal düşərgənin “həmrəylik məkanı” olmaq perspektivini artıq itirib. 

 Burada yaranan gərginliyin əsas səbəbi isə radikal düşərgədəki partiya sədrləri, həmçinin, son vaxtlar elan edilən qondarma qurumların rəhbərləri arasında ciddi rəqabətdir. Hər biri ön plana çıxmaq üçün min bir hiyləyə əl atır. Faktlara müraciət edək. Məlum olduğu kimi, “Milli Şura”nın ilk sessiyası kifayət qədər gərgin anlarla yadda qalıb. Belə ki, növbəti gərginlik Bakı Kəndlər Birliyinin üzvlərinin şuraya qəbul edilməsi ilə bağlı olub. Birliyin rəhbəri Hacı Əmrulla Dadaşov “Milli Şura”ya qəbul edildikdən sonra sessiyanın aparıcısı İsa Qəmbərin təklifi ilə iclasda qalan şəxslərin sayını müəyyənləşdirmək üçün 3 nəfərdən ibarət say komissiyası yaradılıb. Say komissiyası sessiyada 74 nəfərin qaldığını müəyyən edib ki, İsa Qəmbər də bu sayın səsvermə üçün yetərli olduğunu bildirib. Ardınca səsvermə ilə birliyin digər üzvü Məşədi Vaqif Pənahov da şuraya qəbul edilib. Birliyin başqa bir üzvü İlqar Abbasovun şuraya qəbul edilməsi məsələsi müzakirə olunanda isə ACP sədri Sülhəddin Əkbər buna etiraz edib: “Belə çıxır ki, hər dəfə kimsə 20 nəfər gətirib, “Milli Şura”ya qəbul etdirəcək? Mən bu məsələnin qəti əleyhinəyəm. Əgər belə davam edərsə, mən iclası tərk edəcəyəm. Gələn dəfə mən də 20 adam gətirəcəyəm, onlar da “Milli Şura”ya üzvlüyə qəbul edilsinlər”. İsa Qəmbər isə ona cavabında “iclası tərk edəcəyəm” kimi fikirlər səsləndirməyin düzgün olmadığını deyib. Göründüyü kimi, artıq qondarma qurum daxilində etirazlar kəskin formada özünü biruzə verir və bu da “Milli Şura”nın parçalanma ərəfəsində olmasına işarə edir.

“Milli Şura” daxilindəki qarşıdurma dağıdıcı müxalifət düşərgəsinin ruporlarının səhifələrində də öz əksini tapır. Məsələn,  heç kəsə sirr deyil ki, son zamanlar Əli Kərimlinin nəzarətində olan “Azadlıq” qəzeti dəfələrlə İsa Qəmbərə yaxınlığı ilə seçilən “Yeni Müsavat” qəzetini hakimiyyətin maraqlarına xidmət etməkdə günahlandırır. Bu,  AXCP ilə Müsavat arasında dərin ziddiyyətlərin göstəricisi, bu partiyaların bir-birinə qarşı kampaniya aparmasının bariz nümunəsidir. Bundan başqa, hər iki tərəf çalışır ki, öz liderini “Milli Şura”nın aparıcı siması kimi ictimaiyyətə sırısın. Bu məqamda, reneqat Eldar Namazov “peyda” olur və rəqabət daha aqressiv hal alır. Çünki buqələmun həm İsa Qəmbərdən, həm də Əli Kərimlidən daha iddialı açıqlamalar verir. Bu isə istər Müsavat Partiyasında, istərsə də AXCP-də kəskin etirazlarla qarşılaşır. Onlar “Milli Şura”nın reneqata “etibar” edilməsinin yoilverilməz olduğunu bildirərək xatırladırlar ki, Eldar Namazov Prezident Administrasiyasında çalışan zaman sənədləri gizlətmiş, gizli danışıqlar aparmış, daxili nizam-intizamı, protokol qaydalarını kobud şəkildə pozmuşdur. İddiaları budur ki, dövlət işində çalışdığı zaman çörəyini yediyi hakimiyyətə xəyanət edən bir şəxs, prezident seçkiləri ilə bağlı qurulan  “Milli Şura”ya da xəyanət edə bilər. Radikal düşərgədə anlayırlar ki, reneqat Eldar Namazovun əsas məqsədi nə yolla olursa-olsun  hakimiyyətdən qisas almaqdır.  Özünü bu cür gülünc vəziyyətə salan adamların prezidentliyə namizədlik iddiası radikal düşərgədə də gülüş doğurur.

Bütün bunları nəzərə alan Azərbaycan ictimaiyyəti əmindir  ki, radikal müxalifət qarşıdan gələn prezident seçkilərinə vahid namizədlə qatılmayacaq. Ancaq əgər bu “sevdaları”  baş tutsa da, yəni  onlar vahid namizədlə seçkilərə qatılsalar da, məğlubiyyətləri qaçılmazdır. Çünki heç zaman AXCP ilə Müsavat arasında və dağıdıcı müxalifətin bütün daşıyıcıları arasında fikir birliyi olmayıb. Onlar müəyyən zaman kəsiyində bu və ya digər qurumların çətirləri altında birləşib fəaliyyətlərini davam etdirsələr də, nəticə etibarı ilə ciddi xarakter daşıyan anlarda heç biri öz ambisiya və iddialarından imtina etməyib. Siyasətdən başı çıxmayan kinodramaturq Rüstəm İbrahimbəyovun yaratdığı “Milli Şura”nın çətiri altında birləşən AXCP, Müsavat Partiyası və reneqat Eldar Namazovun kiçik dəstəsi əslində bu gün də “mehriban düşməndirlər”. Onlar bir yerdə olsalar da, biri digərini qəbul etmir,  toqquşan maraqları, yüksək iddiaları  “müxalifət birliyi”nin yaranmasına imkan vermir.

Rauf KƏNGƏRLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında