Qondarma Milli Şura əhəmiyyətsiz quruma çevrilib
Son vaxtlar müxalifət düşərgəsində ciddi çaşqınlıq yaranıb. Milli Şuranın təsis olunmasından sonra meydana çıxan bir sıra problemlər, xüsusilə qarşıdurmanın güclənməsi və birincilik davası bu oyuncaq qurumun sonunu yetişdirib. Rüstəm İbrahimbəyovun erməni lobbisinin sifarişi ilə Milli Şura üzvlərindən beş-altı nəfəri xarici ölkələrdən birinə dəvət etməsi və burada müzakirələr aparması müxalifət düşərgəsində parçalanmaya səbəb olub.
Bir qrup isə Milli Şuranın öz yığıncağını ABŞ-da keçirmək istəyinə etirazını bildirib. Buna əsas kimi bu qurumun xarici qüvvələr tərəfindən idarə olunmasına əminliklərini ifadə etmişlər. İndi müxalifət nümayəndələrini bir sual düşündürür: yəni, doğrudanmı, bu təşkilat öz yığıncağını keçirmək üçün Azərbaycanda yer tapmır? Ermənipərəstliyini gizlətməyən reneqat Eldar Namazov da Milli Şuranın iclaslarını xarici ölkələrdə keçirəcəyini etiraf edib. O ölkələrdə ki, orada erməni lobbisi daha geniş imkanlara malikdir.
Bəlkə də Milli Şuranı heç bir ölkəyə dəvət etməyiblər. Bu, Rüstəm İbrahimbəyovun uydurmasıdır. Görünür bu qurumun rəhbərliyi təşkilatın artıq beynəlxalq aləmdə tanınmasını “sübut etmək” üçün piar kampaniyasına keçib. Axı, bu qurumu hələlik erməni lobbisindən başqa tanıyan yoxdur. Hətta xalq da burada cəmləşmiş bədnam siyasətbazların heç birini tanımır. İndi təşkilatın sessiyasının ABŞ-da keçiriləcəyi xəbərini yaymaqla özləri haqqında rəy formalaşdırmağa çalışırlar.
Milli Şuraya hər hansı bir xarici ölkənin dövlət səviyyəsində dəstək verməsi qeyri - mümkündür. Çünki bu qurumun üzvləri bu vaxta qədər 30 - a yaxın belə əldəqayırma təşkilat yaradıblar, hamısının da ömrü cəmi 3 - 4 ay olub. Onların cəmiyyətdə nə nüfuzu, nə də hörməti var.
Qondarma Milli Şuranın ermənipərəst dairələrin ideyası olduğunu təsdiqləyən bir sıra partiya sədrləri bu qurumda təmsil olunmayacaqlarını qətiləşdiriblər. Ümid Partiyasının sədri, Milli Məclisin deputatı İqbal Ağazadə bildirib ki, Milli Şura ilə mənim yolum birdəfəlik ayrılıb. O, bunu qurumun vahid ideyasının olmaması ilə əlaqələndirib. İ.Ağazadənin deməsindən belə qənaətə gəlmək olar ki, Milli Şuranın rəhbərləri Krılovun məşhur “Balıq, ördək və xərçəng” təmsilinin qəhrəmanlarına bənzəyirlər. Həmin təmsildə heyvanların hər biri arabanı özlərinə sərf edən istiqamətlərə çəkirlər. Milli Şurada da belə bir vəziyyət yaranıb. Partiya sədri bu qurumda təmsil olunmamasını əsaslandıraraq deyib ki, bu gün Milli Şurada üç müxtəlif xətti seçmiş adamlar var.
İ.Ağazadə müxalifətin “Milli Şura” adlı qurum yaratmaqla səhv yolda olduğunu da diqqətə çatdırıb. O, bu qurumun prezident seçkilərinə hesablandığını vurğulayb. Partiya sədri müxalifəti hərdəmxəyal adlandırarq deyib ki, cəmi 5 ay bundan əvvəl insanların israrla müzakirəyə çıxarıb imtina etdikləri bir mövqeyə 5 aydan sonra yenidən gəliblər. İndi məni heç kim inandıra bilməz ki, 5 aydan sonra da indi bizim dediyimiz başqa bir mövqeyə də gəlməyəcəklər. Dostlarımızın etdiyi səhvlər müxtəlif dönəmlərdə müxtəlif olub, doğruya gələ bilmirlər. İkinci tərəfdən, Milli Şura situasiyadan, yəni prezident seçkilərindən doğan bir təşkilatdır. İ.Ağazadə Milli Şuranın “fəaliyyətinin” düzgün qurulmadığına işarə edərək deyib ki, diqqət edin, bu qurumda prezidentliyə namizəd elan olunmayıb, ancaq komitələr yaradılır. Sən əvvəlcə birincini, ən ağrılı, ən çətin yeri müəyyən edəcəksən, ordan başlayacaqsan, sonra komitələri bölməyə nə var. Komitələrdən başlayırlar, sonda gəlib bir xəyal qırıqlığına uğrayacaqlar ki, sən demə, vahid namizədi müəyyən etmək mümkün deyilmiş.
Göründüyü kimi, müxalifət düşərgəsində artıq hamıya bəllidir ki, Milli Şura xarici düşmənlərimizin ortalığa atdıqları bir ideyadır və bu ideya heç vaxt reallaşa bilməz. Çünki müxalifət düşərgəsində də konstruktiv mövqedə olanlar, xalqını, millətini və Vətənini sevənlər var. Onların hamısı eyni mövqedə olan insanlar deyil. Məsələn, müxalifət nümayəndələri arasında ermənipərəstliyi və vəzifə hərisliyi ilə seçilənlər də var. Hətta çirkli pullardan ötrü, ölkəmizi beynəlxalq aləmdə nüfuzdan salmağa hazır olanlar da var. Belələri artıq hamıya bəllidir:ermənilərin əlində alətə çevrilmiş kinorejissor Rüstəm İbrahimbəyov, reneqat Eldar Namazov, uzun illərdir ki, partiya rəhbəri kreslosundan qopa bilməyən Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və onların azsaylı tərəfdaşları. Onlar xarici düşmənlərimizdən qrantlar almaq üçün ayda bir təşkilat “təsis edir” və əsas məqsədləri də ölkədə qarşıdurma yaratmaqdır. Milli Şura da belə antimilli ruhlu qurumlardandır.
Müxalifət partiyalarının təmsilçiləri arasında qondarma Milli Şuranın gələcəyinə inanmayan və bu təşkilatın heç bir prespektivinin olmaması qənaətində olanlar da var. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da belə müxalifət nümayəndələrindəndir. O deyib ki, xaricdən maliyyələşən və bəzi xarici ölkələrdəki qeyri - müəyyən dairələrin sifarişi ilə yaradılmış bir qurum nə milli ola bilər, nə də demokratik. Bu baxımdan ADP o prosesdə iştirak etmir və biz o prosesin prespektivinin olmaması qənaətinə gəlirik. Qondarma Milli Şura qeyri-demokratik, qeyri-milli bir qrumdur. Orada çox ciddi fikir ayrılıqları var. Hərə bir təşkilata xidmət edir. Bu təşkilat yaxın zamanlarda dağılacaq. Partiya sədri deyib ki, Milli Şuranın rəhbərliyində olanlar təsadüfü adamlardır. O adamların gücü və potensialı ilə ölkədə ciddi dəyişikliklər etmək mümkün deyil.
Rüstəm İbrahimbəyov müsahibələrinin birində etiraf edib ki, Azərbaycanın indiki iqtidarını bütün dünya qəbul edir. Ona görə də Milli Şuranın beynəlxalq aləmdə tanınması sual altındadır. Bütün bunları çox yaxşı bilən Rüstəm İbrahimbəyov çıxılmaz vəziyyətdədir. O, erməni lobbisinin sifarişlərini yerinə yetirmək məcburiyyətindədir. Çünki onlardan külli miqdarda qrantlar alıb. Artıq bu qrantlardan onun muzdlu nökəri reneqat Eldar Namazova da pay çatıb. Ona görə ölkəmizdə qarşıdurma, çaşqınlıq yaratmaq üçün min oyundan çıxırlar.
Rüstəm İbrahimbəyovun “kölgə kabineti” və ya müvəqqəti “milli etimad hökuməti”nin yaradılması təklifi bu adamın həm qanundan, həm də siyasətdən tam uzaq olmasından xəbər verir. Görünür çox qocaldığıdandır ki, hələ də dərk edə bilmir ki, Azərbaycanda hər şey Konstitusiya ilə tənzimlənir. “Milli etimad hökuməti” qurmaq niyyəti antikonstitusion istəkdir. Belə bir addımın atılması ölkənin mövcud qanunvericiliyinə ziddir və bu istəkdə olanlar antimilli insanlardır. Ona görə də əksər müxalifət partiyaları Milli Şuraya üzv olmaqdan imtina edib.
Oyuncaq Milli Şuranın təsisçiləri seçki ərəfəsində ətraflarına daha çox adam toplamaq üçün indi də “kölgə kabineti” ideyasını ortalığa atıblar. Hələ seçkilər keçirilməmiş artıq “qələbələrini” qeyd edirlər və vəzifə paylamağa başlayıblar. Belələrinə adamın lap yazığı gəlir. Seçkiyə 4 - 5 ay qalmış özlərini vəzifə kürsüsündə görənlərin və vəzifə paylayanların normal insan olmaları adamda şübhə doğurur. Maraqlıdır ki, belələrinə inanıb vəzifə üstündə dava-dalaş salanlar da var. Onu da qeyd edək ki, vəzifə bölüşdürənlərdən biri də reneqat Eldar Namazovdur.
Müsavat Partiyasının üzvlərindən biri sevinə-sevinə deyib ki, vəzifələrin bölüşdürülməsi zamanı müsavatçılara daha çox yer verilməsi barədə artıq Rüstəm İbrahimbəyovla İsa Qəmbər arasında sövdələşmə də olub. Görünür bu da İsa Qəmbərin ətrafında olan beş - on nəfəri prezident seçkisinə qədər saxlamaq üçün növbəti hiyləsidir. Hər halda İsa Qəmbər, Əli Kərimli və Eldar Namazov “kölgə kabineti” əməliyyatından da qazanmaq istəyirlər.
Göründüyü kimi, qondarma Milli Şura artıq əhəmiyyətsiz quruma çevrilir. Bu qurumun üzvləri yaranmış fürsətdən istifadə etmək məqsədilə daha çox qrant əldə etmək üçün dəridən-qabıqdan çıxırlar.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.