Bu gün Bakıda növbəti möhtəşəm hərbi parad keçiriləcəkdir. Ordumuzun qüdrətini görən dostlarımız sevinəcək, düşmənlərimiz isə xar olacaqdır. Çünki istənilən dövrdə ordu dövlətin varlığının qorunmasında, ərazi bütövlüyünün təmin edilməsində, regionda və dünyada söz sahibi olmasında müstəsna rol oynayıb. Azərbaycan tarixi də bu həqiqəti təsdiq edən faktlarla zəngindir.
1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti məhz qüdrətli silahlı qüvvələrə malik olmadığına görə quruluşunun ilk günlərində ciddi təhlükələrlə üz-üzə qalmışdı. Cümhuriyyətin müdafiəsində dayanan 600 nəfərdən ibarət könüllü fədai dəstəsi isə torpaqlarımıza göz dikmiş erməni quldurlarının hücumlarının qarşısını ala bilmirdi. Nizami və güclü ordu yaradılmasaydı ölkədə soyqırımı törədən daşnakların qarşısı alına bilməzdi. Məhz belə bir şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə “Vəhşi diviziya” adlandırılan keçmiş süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxliniskinin rəhbərlik etdiyi müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan “Əlahiddə Azərbaycan korpusu” yaradıldı.
Həmin il iyulun 11-də hərbi səfərbərlik elan edildi. Azərbaycanda 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlmanlar orduya hərbi xidmətə çağırıldılar.1920-ci ildə ölkəmiz Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilərək, həmin funksiya Xalq Hərbi Komissarlığına verilmiş, Azərbaycan ordusunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnmişdi.
Ötən əsrin sonlarında Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edildi. Dövlətçilikdə varislik anlayışına önəm verən ulu öndərimiz Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü elan edildi. Bu gün iqtisadi yüksəlişi ilə diqqətləri özünə cəlb edən ölkəmiz yaradılmış qüdrətli ordusu ilə də hər bir azərbaycanlının qürur mənbəyinə çevrilib. Artıq bütün dünya Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regionun ən qüdrətli ordusuna malik olduğunu təsdiq edir.
Tarixdən də görürük ki, güclü dövlətlərin hər biri, adətən müstəqilliyinin ilk illərində müəyyən sınaqlarla qarşı-qarşıya qalırlar. Maraqlıdır ki, bu sınaqlar həm də həmin dövlətlərin güclənməsi yolunda yeni mərhələnin başlanmasına rəvac verir. Bu gün regionun ən qüdrətli dövləti olan Azərbaycan da müstəqilliyinin ilk illərində çox ciddi çətinliklərlə qarşılaşdı. Həmin illərdə anarxiya, siyasi hərc-mərclik və özbaşınalıq hökm sürürdü. 1918-ci ildə olduğu kimi bu dəfə də himayədarlarının köməyinə arxalanan ermənilər cəbhə boyu hücuma keçmişdilər. Yaranmış xaotik vəziyyətdən istifadə edən xarici və daxili düşmənlər daha da fəallaşmışdılar. Ermənilər cəbhə boyu sürətlə irəliləyir, ölkəmizdəki ayrı-ayrı silahlı qruplaşmalar düşmənə qarşı müqavimət göstərmək əvəzinə, məxsus olduqları qüvvələrin konyunktur maraqlarına xidmət edirdilər. Vahid komandanlığın olmaması isə vəziyyəti daha da çətinləşdirirdi. Çıxılmaz vəziyyətdə qalan AXC-Müsavat hakimiyyəti xalqın tələbi ilə ulu öndər Heydər Əliyevi Bakıya dəvət etdi. Böyük siyasi xadim hakimiyyət sükanının arxasına keçdikdən sonra mövcud olan bütün silahlı birləşmələri vahid komandanlıq altında birləşdirdi. Ciddi struktur və kadr dəyişiklikləri həyata keçirildi. MDB qoşun hissələrində xidmət edən azərbaycanlı zabitlərin Vətənə qayıtmasını təmin etdi. Bununla ordu quruculuğunda yeni mərhələnin əsasını qoydu.
1993-cü il noyabrın 2-də ulu öndərimiz Heydər Əliyevin xalqa müraciəti ölkə ictimaiyyətində gələcəyə olan inamı və hərbi vətənpərvərlik hisslərini ikiqat artırdı. Onun bir çağırışı ilə minlərlə insan könüllü olaraq döyüşən orduya yollandı. Fərarilik etmiş əsgərlər hərbi hissələrə geri döndülər. Ulu öndərin orduya diqqəti əsgərlərin döyüş əzmini artırırdı. 1994-cü il yanvarın 4-də Füzuli-Beyləqan istiqamətində əks-hücuma keçən Azərbaycan Ordusu bir gün ərzində 20-dən çox yaşayış məntəqəsini düşməndən azad etdi. Çoxsaylı yaşayış məntəqələri ilə yanaşı, strateji yüksəkliklər də ələ keçirildi.
Ordu quruculuğunun daha da sistemli və ardıcıl şəkildə davam etdirilməsi üçün atəşkəsin təmin edilməsi vacib idi. 1993-94-cü illərdə düşməni atəşkəsə məcbur etmək o qədər də asan deyildi. Düşməni yalnız bütün cəbhə boyu məğlubiyyətə uğratmaqla buna sövq etmək olardı. Bu məqsəd naminə Azərbaycan Ordusunun ilk nizami hərbi birləşmələrinin 1994-cü ilin yanvarından başlayaraq əks-hücuma keçməsi düşmən tərəfdə vahimə yaratmışdı. Silahlı Qüvvələrimizin daha böyük qələbələr qazanacağından qorxan forpost Ermənistanın rəhbərliyi və bu ölkənin havadarları 1994-cü il mayın 12-də atəşkəsə məcbur oldu. Atəşkəsin əldə olunması ordu quruculuğunda mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaratdı. Dövlətçiliyə sədaqətli, mənəvi-psixoloji hazırlığa malik peşəkar hərbçi kadrların silahlı qüvvələrin formalaşmasında iştirakı təmin olundu, döyüş ruhunun yüksəldilməsi və hərbi vətənpərvərlik hisslərinin aşılanması işi gücləndirildi, maddi-texniki təminat xeyli yaxşılaşdırıldı. Ümummilli liderin adını daşıyan indiki Azərbaycan Ali Hərbi Məktəbi yaradıldı və məktəbdə hərb elminin bilicilərinin yetişdirilməsi işinə xüsusi diqqət yetirildi.
Yeri gəlmişkən, xatırlatmaq yerinə düşər ki, Azərbaycan xalqının dahi lideri, ulu öndərimiz Heydər Əliyev hələ Sovet İttifaqı dönəmində yüksək hərbi təhsil almış milli zabit kadrlarının yetiştirilməsinə xüsusi əhəmiyyət verirdi. Məhz onun ciddi səyləri nəticəsində 1971-ci ildə gəncləri ali hərbi məktəblərə hazırlayan ilk təhsil ocağı olan ixtisaslaşdırılmış hərbi internat məktəbi açıldı. Bir müddət sonra bura Cəmşid Naxçıvanskinin adı verildi. Bundan başqa, həmin dövrdə Bakıda iki ali hərbi məktəb — Ali Ümumqoşun Komandirləri və Hərbi Dəniz Donanmasının Ali Hərbi Dənizçilik məktəbləri olsa da, burada təhsil alan 300 nəfərdən yalnız 3-5 nəfəri azərbaycanlı idi. Bu ali məktəblərdə təhsil alanlar əsasən Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Ermənistan və digər ölkələrdən gəlmiş gənclər idi. Maraqlıdır ki, burada azərbaycanlıların təhsil almaları müxtəlif yollarla əngəllənirdi. O vaxt Heydər Əliyevin nüfuzu, siyasi uzaqgörənliyi və qətiyyəti sayəsində bu ədalətsizlik ortadan qaldırıldı. Azərbaycanlı gənclərin hərbi vətənpərvərlik ruhunda yetişmələri üçün orta məktəblərdə ibtidai hərbi hazırlıq fənləri tədris olundu. Hər il 800-900 nəfər azərbaycanlı gənc Rusiyanın və digər postsovet ölkələrinin nüfuzlu ali hərbi məktəblərində təhsil almağa göndərildi. Bu gün Sovet dövründə yetişmiş yüksək biliyə və təcrübəyə malik həmin kadrlar, eyni zamanda Azərbaycan Ali Hərbi Məktəbinin yetişdirdiyi komandir heyəti ordumuzun daha da güclənməsində öz səylərini əsirgəmirlər.
Azərbaycan Silahlı Qüvvələrinin formalaşma prosesinin daha mükəmməl şəkildə həyata keçirilməsi üçün qanunvericilik bazasının yaradılması da zəruri idi. 1991-ci il oktyabrın 9-da Ali Sovet “Azərbaycan Silahlı Qüvvələri haqqında” Qanun qəbul etsə də, bu sahədə heç bir əməli iş görülməmişdi. 1993-cü il noyabrın 18-də Milli Məclisin tarixi iclasında müdafiə və təhlükəsizlik məsələləri ətraflı müzakirə edildi. Ordu quruculuğu işinin sistemləşdirilməsi, mərkəzləşdirilməsi istiqaməti əsas götürülərək müəyyən qanunlar qəbul olundu. “Silahlı Qüvvələr haqqında”, “Müdafiə haqqında”, “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu” haqqında qanunların qəbul edilməsi milli təhlükəsizlik siyasəti və strategiyasının həyata keçirilməsində hüquqi baza rolunu oynadı.
Bu baxımdan Milli Məclisin 2010-cu il 8 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hərbi doktrinası” xüsusi qeyd olunmalıdır. Hərbi doktrina hərbi təhlükəsizliyə təhdidlərin vaxtında aşkarlanması, təhlil edilməsi, qiymətləndirilməsi, qarşısının alınması, onlara yetərli müqavimətin göstərilməsi, dövlətin, əhalinin və ərazinin müdafiəyə hazırlanması, səmərəli hərbi təhlükəsizlik sisteminin yaradılması, müharibə və silahlı münaqişələrin qarşısının alınması, silahlı təcavüzün dəf edilməsi ilə bağlı məsələlərə dair Azərbaycan Respublikasının mövqeyini əks etdirir.
Ordumuzun gündən-günə daha da güclənməsi üçün bu gün də lazımi addımlar atılır. Təsadüfi deyil ki, 2003-cü ildən bu tərəfə ordumuz öz döyüş qabiliyyətinə, maddi-texniki təminatına və digər göstəricilərinə görə daha da güclənmişdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev çıxışlarında dəfələrlə bəyan etmişdir ki, ordumuzun daha da güclənməsi istiqamətində aparılan işlər dövlət başçısı kimi onun fəaliyyətinin prioritet məsələsidir. Bu bir faktdır ki, ölkəmizin iqtisadi potensialı artdıqca Silahlı Qüvvələrimizin daha da güclənməsinə və modernləşdirilməsinə ayrılan xərclər də artırılır. Ötən müddətdə bu sahədə xeyli işlər görülmüş, hərbi xərclər hər il daha da artırılmışdır. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda, 2010-cu ildə 2,7 milyard dollar, 2011-ci ildə 3 milyard 413 milyon dollar, 2012-ci ildə isə 3 milyard 474 milyon dollar olmuşdur. Bu il büdcəmizdə hərbi sahəyə ayrılan ümumi xərclər 3,7 milyard dollar səviyyəsindədir.
Müqayisə üçün deyək ki, Ermənistanın ümumi büdcəsi iki milyard dollardan azdır. Təcavüzkar ölkənin 2013-cü il üçün hərbi xərcləri isə təxminən 451 milyon ABŞ dolları (182 milyard 778 milyon dram) həcmində nəzərdə tutulub. Bu məqamda, onu da deyək ki, Ermənistan dövləti bəzən hərbçilərinin maaşlarını vaxtlı-vaxtında verməyə büdcəsində maliyyə vəsaiti tapa bilmədiyi halda, Azərbaycan öz hərbçilərinin sosial müdafiəsini gücləndirmək üçün demək olar ki, hər il konkret addımlar atır. Maaşlar artırılır, zabitlərimiz üçün evlər inşa edilir. Dövlət başçısı İlham Əliyevin 24 iyun 2013-cü il tarixli sərəncamı ilə Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki şəxslərin aylıq vəzifə (tarif) maaşlarının növbəti dəfə orta hesabla 10 faiz artırılması da dövlətimizin silahlı qüvvələrə göstərdiyi diqqət və qayğının əyani sübutudur.
Azərbaycanın hər sahədə, o cümlədən ordu quruculuğu sahəsində qazandığı uğurlarla müqayisədə təcavüzkar Ermənistan gündən-günə zəifləyir. 2011-ci il sentyabrın 21-də Ermənistanın müstəqilliyinin 20 illiyi münasibətilə İrəvanda keçirilən və həmin il Azərbaycanda keçirilmiş hərbi parada cavab kimi düşünülən şou isə erməni cəmiyyətinin və silahlı qüvvələrinin acınacaqlı vəziyyətini bir daha açıq şəkildə ortaya qoymuşdu. Həmin şouda nümayiş etdirilən hərbi texnikalar köhnə, keçmiş SSRİ-dən qalmış və artıq heç nəyə yaramayan tanklar, təyyarələr, artilleriya qurğularından ibarət idi. Azərbaycanda isə keçirilən hərbi paradlarda hərbi sənayemizin istehsalı olan yeni-yeni müasir hərbi texnika və müasir silah-sursatlar daha çox diqqəti cəlb edir. Bəli, artıq ölkəmizdə müxtəlif hərbi texnika, döyüş sursatları istehsal edən çox güclü hərbi sənaye kompleksi yaradılıb. Ən əsası isə Azərbaycanın hərbi potensialı ilk növbədə daxili imkanlar hesabına gücləndirilir. Müdafiə Sənayesi Nazirliyi də məhz bu məqsədlə yaradılmışdır. Hazırda Azərbaycanda 600-dən çox adda hərbi məhsul istehsal edilir. Bu sahədəki işlərin müasir texnologiyalar əsasında qurulması da Azərbaycana uğur gətirir. Bütün bunlar bir daha göstərir ki, ölkəmiz lazım gələrsə, torpaqlarımızı hərbi yolla da azad etmək imkanlarına malikdir. Buna ordumuzda hökm sürən yüksək döyüş əhval-ruhiyyəsi də imkan verir.
Hərbi ekspertlərin fikrincə, Azərbaycanın malik olduğu “Smerç”, 2C7 “Pion”, M-46, 2A36 “Giatsin”, T-122 “Sakarya”, “Lynx LAR” və “Lynx Extra” kimi artilleriya sistemləri işğal altındakı torpaqlarımızda yuvalanan Ermənistan ordusu üçün potensial təhlükədir. Bu sistemlər gözlənilməz hücum zamanı erməni hərbi birləşmələrinin ön və arxa mövqelərini güclü zərbələrlə sıradan çıxaracaq. Erməni ekspertləri iddia edirlər ki, Azərbaycan tərəfi hərbi əməliyyatların gedişində mülki əhali və hərbçilər arasında psixoloji gərginlik yaratmaq məqsədilə böyük dağıdıcı gücə malik uzaq mənzilli reaktiv raketlərdən Dağlıq Qarabağda insanların daha çox yaşadığı məntəqələrə qarşı istifadə edəcək.
Əlbəttə, Azərbaycan dövləti humanizm prinsiplərini hər şeydən üstün tutur və əgər hərbi əməliyyatlar başlasa əsas hədəf işğalçı qüvvələr olacaq. O gün isə uzaqda deyil.
Rauf KƏNGƏRLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.