İlqar Məmmədov kimdir ki, ondan siyasi məhbus düzəldirlər?

 

Görünür, xaricdə  bizim  müxalifətə  növbəti dəfə tapşırılıb ki,   bu ilin yanvarında məhz Avropa rəsmiləri tərəfindən  elə Avropada  birdəfəlik bağlanmış  “Azərbaycanda siyasi məhbus” məsələsi ölkəmizdə  yenidən canlandırılsın və bu məqsədlə istənilən yalanın uydurulması məqsədəuyğun sayılsın.

Əgər belə olmasaydı iyunun 21-də   Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının sədri Xose Manuel Barrozu ilə birlikdə keçirdiyi mətbuat konfransında  dövlət başçımıza verilən ilk sualda   İlqar Məmmədov adlı hüquqazidd hərəkətlərinə görə həbs olunmuş bir nəfər yada salınmazdı. Üstəlik, Azad Avropa radiosunun müxbiri Riçard Jozviak İlqar Məmmədovu dövlət başçısının siyasi opponenti kimi mətbuata sırımağa çalışdı.

Halbuki, İlqar Məmmədov deyilən şəxs  son 20 ildə özünü Azərbaycan iqtidarının opponenti kimi qələmə verən onlarla müxalifətçinin heç birinin göstərmədiyi tərbiyə səviyyəsi nümayiş etdirmiş adamdır.  Bu barədə aşağıda söhbət açacağıq. O, nəinki dövlət başçısına, hətta cəmiyyətin gündəlik qınağına məruz qalmış dırnaqarası Milli Şuradakı adamların da heç birinə opponent olmaq səviyyəsində deyil. Amma... qaragüruh belə istəyirsə, konkret cinayət əməlinə görə həbs olunmuş adama bundan da yüksək ad verilə bilər.

Bu bir fakt və daha çox təqdir olunmalı həqiqətdir ki,dövlət rəsmilərimiz həmin məkirli planları  həm ölkə daxilində, həm də beynəlxalq aləmdə qətiyyətlə ifşa edir və bədxahlarımıza başa salırlar ki, Azərbaycanda siyasi məhbus adında heç bir  nəfər yoxdur. Cənab dövlət başçımızın Brüsseldə verilən sualı cavablandırarkən səsləndirdiyi fikirlər isə  bu məzmunlu bəyanatların ən tutarlısı idi: “...Mənim siyasi opponentlərimdən heç biri həbsdə deyildir. Bu, tamamilə yanlış məlumatdır. Əgər yanvar ayında Azərbaycanda siyasi məhbuslar haqqında hesabatı qəbul etməkdən imtina etmiş Avropa Şurası Parlament Assambleyası tərəfindən verilmiş şərhləri diqqətlə oxusanız anlayarsınız ki, bu mövzu  bağlanıb. Azərbaycanda heç kəs siyasi zəmində həbs olunmayıb. Sərbəst toplaşma hüququ tamamilə təmin olunub, eyni vəziyyət media azadlığına da aiddir. Bizim azad internetimiz vardır. Azərbaycanda internet istifadəçilərinin sayı 70 faizdən çoxdur, senzura yoxdur, bütün siyasi partiyalar açıq və azad şəkildə fəaliyyət göstərirlər. Azərbaycan on ildən artıqdır ki, Avropa Şurasının üzvüdür. Cənab sədrin də dediyi kimi gələn il biz bu mühüm təşkilata sədrlik edəcəyik. Biz demokratik inkişafa, insan hüquqlarına və azadlıqlarına dair bütün öhdəliklərimizi tam şəkildə yerinə yetiririk. Bununla da sualınızda verdiyiniz qiymətləndirmə ya yanlış məlumata, ya mənfi rəyə, ya da ki, sizdə süni şəkildə Azərbaycan haqqında yaradılmış təəssürata əsaslanır.” Yəni Azərbaycan Prezidenti  Avropa Komissiyasının sədrinin yanında  beynəlxalq ictimaiyyətin nəzərinə bir daha çatdırdı ki, biz Azərbaycan haqqında yazılan və söylənilən böhtanların dünyanın müxtəlif yerlərindəki  bədxahlarımız tərəfindən uydurulduğunu bilirik.

O ki qaldı İlqar Məmmədov adlı şəxsin beynəlxalq aləmə dövlət başçısının opponenti kimi təqdim olunması, daha doğrusu, kimlərəsə sırınması məsələsinə , deməliyik ki, bu, dəhşətli dərəcədə uğursuz bir seçimdir. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, indiyədək mövcud olmuş müxalifət düşərgəsinin heç bir təmsilçisi  Azərbaycan parlamentini zooparka oxşatmaq səviyyəsində “hünər” ortaya qoymamışdı.  Bəlkə də belə br səhvə imza atmaq istəyərdilər. Amma, tərbiyələri yol verməyib. Çünki parlamentdə təmsil olunan iqtidarlı, müxalifətli, bitərəfli, partiyalı, partiyasız hamı Azərbaycan xalqının övladı, Azərbaycan Respublikasının vətəndaşdır. Hətta parlamenti gülləbaran etmiş Ermənistanın mətbuatında da  deputatları vəhşiyə, heyvana bənzədən tapılmamışdı. Azərbaycan ziyalısını, siyasətçisini, qadınını heyvana, vəhşiyə, itə-qurda oxşatmağı ancaq İlqar Məmmədov kimi öz xalqına nifrətlə baxan bacara bilərdi .

Fikrimizi əsaslandıraq ki,  İlqarı öpüb gözünün üstünə qoymaq istəyən avropalıların vicdanı bir az narahat olsun. Ötən il noyabrın 2-də  “Azadlıq”qəzetinin  elektron variantında (azadlıq.info.az) İlqar Məmmədovun çox “dəyərli”, öz adına layiq bir yazısı verilmişdi : “Mən Azərbaycan parlamentini bu yazı ilə təhqir edirəm. Yaxşı edirəm. Çünki Azərbaycan parlamentinin böyük əksəriyyəti fırıldaqçı adamların toplaşdığı bir zooparkdır. Orta əsrlərdə hər şah öz yanında bir zoopark saxlayırmış, bu da o növdəndir. Özünü millətin adından danışırmış kimi göstərən bu zoopark Azərbaycanda inqilab mahiyyətli dəyişikliklər nəticəsində həbs edilməlidir. Onun buraxılması haqqında tələblər mənasızdır - zooparkın birini digəri ilə əvəz etməyin nə xeyiri... Zooparksınız ki, zoopark”.

Burada açıq-açığına xaos və anarxiyaya çağırış, bir təhrikçilik məramı var. Biz o məsələlərə toxunmaq istəmirik. Çünki onlar siyasi - hüquqi məsələlərdir. O məsələlərlə məşğul olan qurumların işinə qarışmaq məqsədimiz yoxdur. Bizi narahat edən işin mənəvi- tərbiyəvi tərəfidir. Tanınmış ziyalıların, xanım deputatların təmsil olunduğu Milli Məclisi  heyvanxanaya, deputatları heyvana oxşatmağa kimin tərbiyəsi çatar? Kimin tərbiyəsi çatardısa, çatdı. İndi ağzına- gözünə gücü çatmayan  siyasət tör -töküntüləri onu siyasi məhbus adlandırmağa çalışırlar. Onlara nə var, 8 il əvvəl Mirzəbəy dayının 11 kisə arpasını oğurlayıb həbs olunan bir adamı da  “siyasi məhbusların siyahısı”na saldırmışdılar. Utanmalı üz, narahat olmalı vicdan sarıdan qıtlıq çəkəndə nəyə desən imza ata bilərlər.  Allah qondarma Milli Şuranı yaradanların atasına rəhmət eləsin. Onlar siyasətdən-zaddan bixəbər olsalar da,  xalqı bu qədər təhqir eləmək, aşağılamaq indiyədək heç zaman ağıllarına gəlməyib. Amma digər prizmadan baxanda onların da o qədər deyilməli, yazılmalı əməlləri var ki, İlqar Məmmədov diqqətlə baxsa, özünə  təsəlli tapa bilər.

İttifaq MİRZƏBƏYLİ,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında