“Human Rights Watch” təşkilatı qərəzli və böhtançı qurum imici qazanmışdır

 

Yalan ayaq tutar, amma yeriməz

Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması dövlətin daim diqqət mərkəzində saxladığı prioritet sahələrdən biridir. Bu sahəyə xüsusi diqqət yetirilməsini dünyanın insan hüquqları sahəsində ixtisaslaşmış nüfuzlu təşkilatları, ekspert və analitikləri də yüksək qiymətləndirir, Prezident İlham Əliyevin insanpərvər və humanist dövlət rəhbəri olduğunu xüsusi olaraq vurğulayırlar.

Ölkəmizdə ardıcıl imzalanan əfv fərmanları Azərbaycanın demokratik imicini daha da möhkəmləndirir, dövlətimizin insan hüquqları üzrə ixtisaslaşmış mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT, Avropa Şurası və digər nüfuzlu qurumlarla münasibətlərinin intensivləşdirilməsindən xəbər verir. Bu istiqamətdə atılan addımlar Azərbaycanın demokratik və hüquqi dövlət quruculuğu sahəsində uğurlarını şərtləndirən mühüm amillər kimi qiymətləndirilir. Son 18 ildə imzalanan 50 - dən çox əfv fərmanı ilə 6 mindən çox  məhkumun azadlığa buraxılması ölkəmizdə əsas insan hüquq və azadlıqlarının qorunmasının yüksək səviyyədə olmasından xəbər verir və bu humanizm  Avropada nümunə kimi göstərilir.

Respublikamızın sürətli inkişafı və dünya birliyində söz sahibinə çevrilməsi ermənipərəst dairələrin və ölkəmizin inkişafını gözü götürməyən qüvvələrin ciddi narahatlığına səbəb olub. Onlar müxtəlif yalan məlumatlarla çaşqınlıq yaratmaq, bununla da sürətli inkişafımıza və beynəlxalq aləmdə sürətlə artan nüfuzumuza xələl gətirmək istəyirlər. “Freedom House”, “Human Rights Watch” və erməni lobbisinin himayəsində olan bəzi beynəlxalq qeyri-hökumət təşkilatları  sanki Azərbaycan haqqında yalan hesabatlar yaymaqla özlərini diqqət mərkəzində saxlamaq istəyirlər. Belə oyuncaq təşkilatlar qərəzli hesabatları ilə qrantlar alsalar  da, digər tərəfdən özlərinə olan inamı tamamilə itirirlər. Artıq  “Human Rights Watch” və  “Freedom House” təşkilatları inamsızlıqda və qərəzli olmaqda, necə deyərlər, “ad” qazanıblar.

Azəbaycan Prezidenti İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri ərəfəsində “Human Rights Watch” təşkilatı təşvişə düşmüş və  Avropa Birliyini tənqid etmişdir. Səbəb kimi isə guya insan haqlarının pozulduğu bir ölkə ilə – Azərbaycanla əməkdaşlığı genişləndirdiyinə görə  bu nüfuzlu quruma etirazını bildirmişdir. Çirkli pullar hesabına kimlərinsə çaldığı havaya oynayan bu qərəzli təşkilat bir daha özünü rüsvay etdi. Çünki son illər imzalanan əfv fərmanları və amnistiya aktları ilə on minlərlə məhbus azadlığa buraxılmışdır. Görünür,  “Human Rights Watch” təşkilatı özünü görməzliyə vurur. Ancaq yüksək səviyyəli humanizm prinsiplərini görməmək siyasi korluqdur. Bu riyakar təşkilata yalnız bir faktı xatırlatmaq istərdik: Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş amnistiya aktı  9 min nəfər məhbusa şamil edilmişdir. Təxminən 2 min nəfər azadlıqdan məhrumetmə cəzasından tamamilə azad olunacaqdır.  Bundan əlavə, 240 şəxsin azadlıqdan məhrumetmə cəzası azaldılacaqdır. Bu amnistiya şərti məhkum olunmuş 1463 şəxsin 256-na, islah işlərinə məhkum olunmuş şəxslərin isə hamısına tətbiq olunur.

Amnistiya aktının ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunması təsadüfi deyildir. Məhz  ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra əfv və amnistiya təsisatlarını bərpa etmişdir. 1995 - ci ildən başlayaraq ölkəmizdə humanizm prinsipləri sahəsində qətiyyətli addımlar atıldı.

 1998-ci ildə  ölüm hökmü cəzasının tamamilə ləğv edilməsini xüsusi qeyd etmək lazımdır. Ölüm cəzasının ləğv edilməsi nüfuzlu beynəlxalq təşkilatların, əsasən də Avropa Şurasının bu quruma üzv dövlətlər qarşısında müəyyənləşdirdiyi başlıca tələblərdən idi. Avropa Şurasının 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı olaraq əksini tapmışdır. Ölüm hökmünün ləğvi tələbi, şübhəsiz, təşkilatın insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyər verdiyinin əyani təzahürüdür.  Ölüm hökmünün ləğvi ilə Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşdü. Bu məsələ müstəqil Azərbaycanın Konstitusiyasında da təsbit olunub. 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında demokratik, hüquqi dövlət quruculuğu və insan haqlarının qorunması dövlətimizin ali, strateji məqsədi kimi önə çıxarılıb. İlk dəfə olaraq, həmin Konstitusiyanın maddələrinin üçdə bir hissəsi məhz insan hüquq və azadlıqlarını özündə ehtiva edir. Ali Qanunumuzun 54 maddəsində insan hüquq və azadlıqlarının qorunması öz əksini tapıb.

Azərbaycanda insan hüquqlarının qorunması sahəsində  həyata keçirilən uğurlu tədbirlər sonrakı illərdə də davam etdirilib. Ölkəmizin konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədi ilə dövlət proqramları hazırlanmışdır. “Azərbaycan Respublikası öz həyatını demokratik prinsiplər əsasında quraraq daim çalışacaqdır ki, insan hüquqlarının qorunmasına əməl edilsin” - deyən ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli humanizm siyasətinin real və qanunauyğun nəticəsi kimi, Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi yönündə yeni keyfiyyət dəyişiklikləri baş verdi. Ölkəmiz bu sahədə qəbul olunan beynəlxalq konvensiyalara qoşuldu, bir - birindən humanist qanunlar qəbul edildi, müxtəlif tədbirlər həyata keçirildi. 1998-2002-ci illərdə “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Qanun, “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul olundu və “Avropa insan hüquqları konvensiyası” təsdiq edildi.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş humanizm ənənələri bu gün də yüksək səviyyədə davam etdirilir. Ulu öndərin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin humanizm prinsipləri, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi tədbirlər beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Səhvindən səmimi peşmançılıq hissləri keçirən, dövlət başçısına bağışlanması ilə bağlı müraciət edən və ictimai asayişə bütövlükdə təhlükə təşkil etməyən məhkumların bağışlanması insanların dövlət başçısına olan inamını daha da artırıb. İnsan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsasını təşkil edir.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”na müvafiq olaraq, BMT-nin “Minilliyin inkişaf məqsədləri”nin təbliği və həyata keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq dövlət qurumları tərəfindən BMT-nin İnsan Hüquqları Şurası ilə əməkdaşlıq əlaqələri yaradılmışdır. Dövlət başçısının təsdiqlədiyi “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” bu sahədə qarşıya çox ciddi vəzifələr qoymuşdur. Bu əhəmiyyətli sənəddə bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində müəyyən edilmişdir ki, insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bütün bunlar Azərbaycanda insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini göstərir.

Təbii ki, “Human Rights Watch” kimi qərəzli  və böhtançı bir təşkilatın erməni lobbisinin çaldığı havaya oynayaraq ölkəmizə böhtan atması və insan hüquq və azadlıqlarının qorunması sahəsində qazanılan uğurlara kölgə salmaq cəhdi baş tutan deyil. Azərbaycan Prezidentinin Belçika Krallığına işgüzar səfəri ərəfəsində “Human Rights Watch” təşkilatının könül bulandırmaq cəhdi baş tutmadı. Daha dəqiq desək, Avropa Komissiyası bu qurumun hay - küyünə əhəmiyyət vermədi. Görünür “Human Rights Watch”-ın böhtançı və yalançı olması, qrantlar hesabına cilddən-cildə girməsi, siyasi riyakarlıq etməsi artıq bu quruma da bəllidir.  Belə olmasaydı, Avropa Komissiyasının sədri Xose Manuel Barrozu bəyanatında bu qurumun Azərbaycanla əməkdaşlığından razılığını  yüksək səviyyədə bildirməzdi. O demişdir: “Azərbaycan bizim üçün çox mühüm tərəfdaşdır. Biz enerji sahəsində etibarlı əməkdaşlıq qurmuşuq. Bunu rəhbər tutaraq, biz demokratiya  və ümumi dəyərlərə, xüsusən, insan hüquqları və fundamental azadlıqlara əsaslanan uzunmüddətli əməkdaşlığa istiqamət götürmüşük. Mən Azərbaycana bu yolda şəxsi dəstəyimi bu gün də ifadə etdim”.  Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun dövlətimizin başçısı İlham Əliyevlə birlikdə mətbuata bəyanatla çıxış edərkən Azərbaycanın Avropa İttifaqı üçün vacib tərəfdaş olduğunu vurğulaması  “Human Rights Watch” təşkilatının bütün ümidlərini puç etmişdir. O bildirmişdir ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yaxşıdır. Bizim uzunmüddətli öhdəliyimiz Assosiativ Müqavilə  üzrə danışıqları tamamlamağa yönəlmiş işlərimiz vasitəsilə bu münasibətləri daha da möhkəmləndirmişdir. Ölkəmizin başçısının “Azərbaycanda heç kəs  siyasi zəmində həbs olunmayıb, sərbəst toplaşma hüququ tamamilə təmin olunub, eyni vəziyyət media azadlığına da aiddir. Bizdə azad internet vardır” - fikirlərini səsləndirməsi Avropa Komissiyasında böyük rəğbətlə qarşılanmışdır. Bu, münasibət “Human Rights Watch” və buna bənzər digər böhtançı təşkilatları bir daha ifşa etdi. Belə qərəzli təşkilatların yalanları isə  nə ayaq tutar, nə də yeriyər.

 

Əliqismət BƏDƏLOV,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında