Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələr yeni çağırışların tələblərinə uyğun olaraq inkişaf edir

 

Müstəqil Azərbaycan Respublikası iqtisadi və siyasi potensialına görə beynəlxalq aləmdə mühüm təsir gücünə malik olan Avropa İttifaqı ilə bərabərhüququlu qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Öz növbəsində, Avropa İttifaqı da mühüm geostrateji mövqedə yerləşən, təbii sərvətlərlə zəngin olan, eyni zamanda Cənubi Qafqaz regionunun Qərbə inteqrasiyasında hərəkətverici dövlət statusunu təsdiqləyən Azərbaycan ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu dəfələrlə bəyan edib.

Tərəflər qarşılıqlı iqtisadi əlaqalərin genişləndirilməsi, enerji təhlükəsizliyi sahəsində işbirliyinin dərinləşdirilməsi, regional sabitliyin və inkişafın təmin edilməsi, siyasi islahatların və demokratik proseslərin dərinləşdirilməsi, investisiyaların təşviqi və yeni maliyyə mənbələrinin cəlb edilməsi kimi bir sıra mühüm məsələlərdə  vahid mövqedən çıxış edir, bu sahədə işbirliyini dərinləşdirmək üçün konkret addımlar atırlar. Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 21-də Belçika Krallığına işgüzar səfərinin nəticələri də belə deməyə əsas verir.

Səfər çərçivəsində dövlət başçımızın Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyla və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu ilə görüşlərində Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilməsi də qarşlıqlı münasibətlərin yüksək səviyyədə olmasından xəbər verirdi. Xüsusilə qeyd edilmişdir ki, Prezident İlham Əliyevin bu  səfəri ikitərəfli əməkdaşlığın inkişafına xidmət edəcək, əlaqələrin daha da genişləndirilməsinə təkan verəcəkdir.  Bir sıra beynəlxalq ekspertlər və  nüfuzlu siyasətçilər də səfəri tərəfdaşlığımızın və dostluğumuzun əhəmiyyətli göstəricisi kimi dəyərləndirərək vurğuladılar ki, Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi və enerji sahələri ilə yanaşı, digər istiqamətlərdə də əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensial imkanlar mövcuddur.

Bu gün enerji təhlükəsizliyi də Avropa və bütün dünya üçün prioritet məsələ kimi gündəmdədir. Azərbaycan regionda əsas enerji layihələrinin təşəbbüskarı kimi bütün dünyanın diqqətini üzərinə cəlb etmişdir. Bu, həm də ona görə belədir ki, Xəzərin karbohidrogen ehtiyatlarının Avropa və dünya bazarlarına nəqlini təmin etmək üçün enerji dəhlizini ilk açan ölkə məhz  Azərbaycan olmuşdur.  Bu gün ölkəmizin nefti Avropa İttifaqının bəzi üzv dövlətlərinin enerji balansının təqribən 30 faizini təşkil edir. Bu, o deməkdir ki, biz Avropadakı tərəfdaşlarımızın da enerji təhlükəsizliyini təmin edirik. Azərbaycan nefti dostlarımızın gələcək onilliklər üçün enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaqdır. Bundan başqa, Azərbaycanın Dövlət Neft Şirkəti Avropaya fəal şəkildə sərmayə qoyur. Bu əməkdaşlığı və faydalı razılaşmaları gələcəkdə də ikitərəfli qaydada davam etdirmək üçün planlar vardır.

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 21-də  Belçika Krallığına səfəri zamanı keçirilən birgə mətbuat konfransında bu məsələlərə diqqət yönəldən Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy Azərbaycanın cəsarətli addımlarını və Prezident İlham Əliyevin qlobal novator rolunu yüksək qiymətləndirmişdir. O demişdir: “Mən hər iki tərəf üçün vacib strateji layihə olan “Cənub” qaz dəhlizində əldə edilən əhəmiyyətli nailiyyətlərlə bağlı razılığımı bildirdim. Bu işə rəhbərliyinə görə Prezident Əliyevə təşəkkür etdim”.

Cənab Van Rompuyun Avropa İttifaqı adından Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq etməsi təsadüfi deyil. Çünki bu gün ölkəmizin həyata keçirdiyi uğurlu enerji siyasəti bütün Avropa ölkələri tərəfindən rəğbətlə qarşılanır. Heç kəsə sirr deyil ki, Azərbaycan artıq iri qaz ixracatçısına çevrilib. Aşkar edilən üç əsas yataq - “Şahdəniz”, “Ümid” və “Abşeron” ölkəmizin  əsas qaz ehtiyatlarını təşkil edir. Yəqin ki, növbəti illərdə yeni yataqların da aşkar edilməsinin şahidi olacağıq. Bu gün isə Azərbaycanın beynəlxalq səviyyədə təsdiqlənmiş qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetr təşkil edir. Biz, həmçinin artıq qazötürücü şəbəkəni də şaxələndirmişik.

Keçən il Türkiyə ilə Trans-Anadolu qaz boru kəməri layihəsi barədə tarixi saziş imzalandı. Burada  Azərbaycanın payı 80 faizdir. Yəni bu, o deməkdir ki, layihənin icrasına dair bütün əsas məsuliyyəti, maliyyə öhdəliyini, TANAP-a rəhbərliyi üzərimizə götürmüşük və əminik ki, bu, uğurlu nəticəni şərtləndirən amil olacaqdır.  Bu, bizim üçün, tərəfdaşlarımız üçün çox vacib məsələdir. Azərbaycan qazı dünya üçün, Avropa üçün yeni enerji mənbəyidir.  Bu barədə danışan Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “TANAP layihəsinin elan edilməsi “Cənub” qaz dəhlizi layihəsinin uğurla həyata keçirilməsi üçün əlavə imkanlar yaradacaqdır...  Bu sahədə sıx tərəfdaşlıq, xüsusən də “Cənub” qaz dəhlizinin yaradıldığı bir vaxtda  atılan addımlar bu layihənin uğurlu reallaşması üçün çox vacibdir”.

Avropa Komissiyasının sədri Xose Manuel Barrozu da xüsusi vurğulamışdır ki, “Şahdəniz-2” konsorsiumu dəhlizin çox mühüm olan Avropa qoluna dair qərarı gələn həftə verəcəkdir və iki seçimdən birini edəcəkdir: “Nabucco Qərb” və ya Trans-Adriatik boru kəməri. : “Vurğulamaq istərdim ki, həm “Nabucco Qərb”, həm Trans-Adriatik boru kəmərləri bizim vahid Avropa enerji bazarı üçün qaz təchizatının şaxələndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Buna görə əminəm ki, hər iki kəmər tikilə bilər... Bu, bütün iştirak edən tərəflərin xeyrinə həyata keçiriləcəkdir. İlkin mərhələdə onun vasitəsilə 2019-cu ilədək Avropaya 10 milyard kubmetr qaz ötürüləcəkdir. Lakin biz bununla kifayətlənməyəcəyik. Ortamüddətli perspektivdə dəhliz Avropanın illik ehtiyacının 10 faizini ödəyə bilər və bununla da bizim enerji təhlükəsizliyimizə, qiymətlərin sabitliyinə, inkişafa və yeni iş yerlərinin açılmasına töhfə verə bilər”.

Apardığı uğurlu daxili və xarici siyasət nəticəsində bu gün ölkəmiz dünyanın qüdrətli, aparıcı dövlətləri ilə birlikdə  BMT Təhlükəsizlik Şurasında təmsil olunur. Azərbaycan 155 dövlətin dəstəyi ilə seçildiyi bu mötəbər qurumun qeyri-daimi üzvü kimi uğurla fəaliyyət göstərir, qlobal təhlükəsizlik siyasətinin müəyyənləşdirilməsində yaxından iştirak edir. Prezident İlham Əliyevin Belçikaya işgüzar səfərində də bu məsələlər, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli məsələsi diqqət mərkəzində olmuşdur. Son vaxtlar Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini tez-tez pozması Avropada da narahatlıqla qarşılanır. Şura prezidenti belə hesab edir ki, münaqişənin yalnız sülh, danışıqlar yolu ilə həlli bütün regionda status-kvonu təhlükəsiz və çiçəklənən gələcəyə doğru dəyişməyə imkan verə bilər. Əgər təhlükəsiz və sabit regional mühit yaradılsa, bu, hamının xeyrinə olacaqdır. Cənab Rompuy bildirmişdir ki, o,  Laf Erndə “Böyük Səkkizlik”in sammitində Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin verdikləri bəyanatları dəstəkləyir. Minsk qrupu ölkələrinin prezidentləri tərəflərin rəhbərlərini Helsinki prinsiplərinə, xüsusilə də güc tətbiq etməməyə, güc təhlükəsinin olmamasına, ərazi bütövlüyünə, bərabər hüquqlara və xalqların öz müqəddəratını təyin etməsi prinsiplərinə qayıtmağa çağırırlar.

Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin və Avropa İttifaqının münaqişənin məhz beynəlxalq hüquq normaları çərçivəsində həllini dəstəkləməsini və status-kvonun qəbuledilməzliyinə dair tutduqları mövqeyi alqışlayır. Rəsmi Bakı  beynəlxalq səviyyədə tanınmış ərazilərimizin Ermənistanın işğalçı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinin həyata keçirilməsini istəyir. Azərbaycan Prezidenti İlham Əliyev bəyan etmişdir ki, biz ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin prezidentlərinə minnətdarıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini gündəliyin əsas hissəsində saxlayırlar. Biz onların münaqişənin mümkün qədər tez həllinə nail olmaq üçün bütün lazımi addımların atılmasına dair verdikləri şərhləri tam dəstəkləyirik. Dövlət başçımız demişdir: “Helsinki Yekun Aktına edilən istinad çox vacibdir. Helsinki Yekun Aktı məsələnin hansı prinsipilər əsasında həllini açıq şəkildə müəyyən edir. Xalqların öz müqəddəratını təyin etməsi ölkələrin ərazi bütövlüyünə zidd olmalı deyildir. Ermənistana gəldikdə, onlar artıq müqəddəratını təyin ediblər və Ermənistan dövləti artıq mövcuddur. Erməni xalqının ikinci dəfə öz müqəddəratını Azərbaycan ərazisində təyin etməsi qəbuledilməzdir. Azərbaycan  münaqişənin beynəlxalq hüquq  normaları, o cümlədən Azərbaycanın beynəlxalq  səviyyədə  tanınmış  ərazilərindən Ermənistan qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin həyata keçirilməsi  əsasında  mümkün qədər tez həllində maraqlıdır”.

Bəzi dövlətlərdən fərqli olaraq Azərbaycan regionda daha çox sabitləşdirici rol oynayır. Respublikamızda  həyata keçirilən siyasi, iqtisadi, sosial, mənəvi layihələr və ölkə həyatında  aparılan  islahatlar Azərbaycanın Avropa məkanına inteqrasiyasını daha da sürətləndirir, əməkdaşlıq imkanlarını genişləndirir. İnkişaf etmiş Qərb ölkələrinin qoşulduğu qloballaşmanın tələblərinə əməl olunması, açıq qapı siyasəti yürüdülməsi, daxili bazarın, istehsal və xidmətin tam liberallaşdırılması, ölkənin demokratik transformasiyasının başa çatdırılması prosesi çox uğurlu nəticələr verməkdədir. Heç də təsadüfi deyil ki, Avropada bir sıra siyasi  dairələr Azərbaycanı “Şərqdə Avropanın qabaqcıl mayakı” adlandırırlar. Bu, ölkəmizin uğurlu daxili və xarici siyasətinin təzahürü, Avropaya inteqrasiya məsələsində nümayiş etdirdiyi güclü siyasi iradənin parlaq nəticəsidir.  Azərbaycan siyasi islahatlar və demokratik inkişaf siyasətinə sadiqdir. Ölkəmizdə qanunun aliliyinin möhkəmləndirilməsi, siyasi azadlıqlar və insan hüquqlarının müdafiəsi sahəsində yüksək səviyyəli işlər aparılır.

Bütün bunları nəzərə alan Avropa Komissiyasının sədri Xose Manuel Barrozu demişdir: “Bu gün böyük hörmət etdiyimiz Azərbaycanda, müstəqil suveren ölkədə olan vəziyyətə baxsanız, görərsiniz ki, Azərbaycan nə qədər yol keçib və biz əldə edilmiş çox böyük irəliləyişi etiraf etməliyik... Əlbəttə ki, bütün demokratik islahatlara dəstək verilməlidir. Şəxsən əminəm ki, - bu, mənim şəxsi fikrimdir, - Prezident Əliyev suveren Azərbaycanın rəhbəri kimi ölkəsinin müasirləşdirilməsinə olduqca sadiqdir. O, bu ölkənin imici və nüfuzuna xüsusi diqqətlə yanaşır. Ölkə isə həqiqətən çox mühüm irəliləyişə nail olub”.

Məlum olduğu kimi, 2010-cu ildən etibarən Azərbaycan ilə Avropa İttifaqı arasında Assosiativ Müqavilə ilə bağlı danışıqlara başlanılıb. Mərhələli şəkildə aparılan danışıqlarda artıq müsbət məqamlar var. Azərbaycan Aİ-yə assosiativ üzvlük məsələsinə çox müsbət yanaşır və bunun ölkəmiz üçün əhəmiyyətini daha yaxşı anlamaq üçün ilk növbədə, bu müqavilənin yaratdığı imkanlara nəzər salaq. Ekspertlər qeyd edirlər ki, Aİ ilə digər ölkələr arasında imzalanan Assosiativ Müqavilə siyasi, ticarət, sosial, mədəni və təhlükəsizlik sahələri üzrə əlaqələri daha da dərinləşdirməyə imkan yaradır. Bu məqsədlə, müqavilədə qeyd olunan sahələr üzrə əməkdaşlığın təmin olunması və qərarların qəbul edilməsi ilə məşğul olan müvafiq orqanların yaradılması nəzərdə tutulur. Sazişin imzalandığı dövlətin insan haqları və demokratik prinsiplərə sadiqliyi nəzərə alınır. Assosiativ üzvlük dövlət üçün Aİ ölkələri ilə əlaqələrdə viza rejiminin sadələşdirilməsi, Aİ-nin daxili bazarlarına çıxış imkanları kimi üstünlüklər verir. Aİ həmçinin, müqaviləni imzalayan dövlətin siyasi, hüquqi islahatları davam etdirməsi üçün maliyyə yardımının ayrılması öhdəliyini də üzərinə götürür. Bəzi hallarda bu, dövlətin İttifaqa üzvlüyünü asanlaşdırır. Onu da deyək ki, Aİ-yə daxil olan ölkələrin əksəriyyəti üzv olmazdan öncə qurumla Assosiativ Müqavilə  əsasında əlaqələrə malik olublar.

Bütün bunları diqqətlə nəzərdən keçirdikdən sonra bir də Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun bəyanatına nəzər yetirək.  O demişdir: “Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər yaxşıdır. Bizim uzunmüddətli öhdəliyimiz Assosiativ Müqavilə üzrə danışıqları tamamlamağa yönəlmiş işlərimiz vasitəsilə bu münasibətləri daha da möhkəmləndirməkdir. Assosiativ Müqavilə ilə bizim münasibətlərimiz potensialını tam şəkildə reallaşdıra bilər”.  Cənab Rompuyun bu bəyanatı bir daha belə deməyə əsas verir ki, rəsmi Brüssel Azərbaycan ilə əlaqələrin daha da inkişaf etdirilməsində və daim strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsində maraqlıdır. 

Rauf  KƏNGƏRLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında