Haqqın və ədalətin qələbəsi ilə başa çatmış dəhşətli müharibə

 

22 iyun 1941-ci il. Bu tarix keçmiş Sovet İttifaqı ölkələri üçün böyük fəlakətlərin, mərhumiyyətlərin, kütləvi qətllərin, əzab-əziyyətlərin başlanğıc tarixi kimi yaddaşlarda yaşayır.  Məhz həmin gün faşist Almaniyası beynəlxalq münasibətlər sistemini darmadağın edən addım ataraq hücum etməmək haqqında müqaviləni birtərəfli qaydada pozdu və Sovet İttifaqına hücum etdi. Rumıniya, İtaliya, bir neçə gün sonra isə Macarıstan, Slovakiya və Finlandiya Almaniya tərəfindən müharibəyə qoşuldular. Beləliklə,  4 il davam edən Böyük Vətən Müharibəsi başlandı.

Əslində, bu savaş, necə deyərlər, İkinci Dünya müharibəsinin tərkib hissəsi idi. Belə ki, Birinci Dünya müharibəsindən ötən dövr ərzində dünya nizamı yenidən formalaşmağa başlamışdı. Məğlub dövlətlərlə qaliblər arasındakı gizli “diplomatik qarşıdurmalar”, yeni müttəfiqlik arayışları və dünyanın yenidən bölüşdürülməsi istiqamətində əndazəni aşan iddialar növbəti genişmiqyaslı müharibəyə zəmin hazırlayırdı. Bir sıra məsələlərdə ortaq məxrəcə gələn Almaniya, İtaliya və Yaponiya isə  hərbi təcavüzkarlıq yolu tutmuş və ölkələri işğal edərək burada ağalıq qurmaq iddiasına düşmüşdülər. Bu məsələdə Adolf Hitlerin  “dünya ağalığı” iddiası da mühüm rol oynayırdı. O,  “Mənim mübarizəm” adlı əsərində özünün dağıdıcı faşist ideologiyasını ortaya qoymuş, Almaniya kimi qüdrətli bir ölkəni bu ideologiyanın əsirinə çevirmişdi. Sarsaq düşüncələrini həyata keçirmək məqsədilə ardıcıl iş aparan Hitler və onun komandası hədəfinə çatmaq  üçün tarixin bütün dövrlərində məqbul hesab edilməyən hər bir iyrənc vasitədən istifadə etdilər. 

Təkbaşına Almaniyanın məqsədinə nail ola bilməyəcəyini anlayan Adolf Hitler müttəfiq axtarışına çıxaraq özünə “strateji-hərbi tərəfdaşlar” tapmağa başladı. 1936-cı ilin oktyabrında Almaniya və İtaliya müttəfiqlik haqqında saziş, noyabr ayında isə Almaniya və Yaponiya “Antikomintern paktı”nı imzaladılar. 1937-ci ildə İtaliya da bu pakta qoşuldu. 1938-ci ilin martında Almaniya Avstriyanı tutdu, 1939-cu il martın 15-də isə faşist qoşunları Praqaya daxil olaraq Çexoslovakiyanın müstəqilliyinə son qoydu. Çexoslavakiyanın işğalından sonra hər kəs əmin oldu ki, hücum etməmək haqqında İngiltərə-Almaniya, Fransa-Almaniya paktı  Hitlerə yalnız manevr imkanlarını genişləndirmək üçün lazım imiş...

Bütün hərbi-siyasi prosesləri daim nəzarətində saxlayan faşist diktatorun əsas məqsədi isə insan və təbii resurlarla çox zəngin olan, geniş ərazisi ilə dünyanın altıda birini əhatə edən SSRİ-ni işğal etmək idi. Bunun üçün əvvəlcə Qərbi Avropa dövlətlərini zəbt edərək onların bütün resurslarını SSRİ əleyhinə müharibədə istifadə etmək niyyətini güdən Hitler daha bir hiyləgərliyə əl atdı — 1939-cu ilin avqustunda hücum etməmək haqqında müqavilə imzalamaq təklifi ilə SSRİ-yə müraciət etdi. SSRİ vahid antisovet cəbhə yaranmasına imkan verməmək və ölkənin müdafiəsini gücləndirmək imkanı qazanmaq məqsədi ilə bu təklifi qəbul etdi. Bu müqavilə 1939-cu il avqustun 23-də Moskvada imzalandı. 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşa üzərinə hücumu ilə İkinci Dünya müharibəsi başlandı. Sentyabrın 3-də İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər. İşğalçılıq hərəkətlərini davam etdirən Berlin Sovet İttifaqının öz vədinə sadiq qalacağından əmin idi...

Tarixi mənbələrdə də qeyd edildiyi kimi, 1941-ci ilin ortalarına yaxın Almaniya silahlı qüvvələrinin sayı 7,3 milyona, SSRİ Silahlı Qüvvələrinin sayı 5,7 milyon nəfərə çatmışdı. Polşa işğal olunduqdan sonra Almaniya artıq SSRİ-nin sərhədinə çatmışdı və burada 153 alman diviziyası cəmləşmiş, müttəfiqlərin də 37 diviziyası həmin əraziyə dislokasiya edilmişdi. SSRİ isə qərb sərhədinə 3, 1 milyon nəfərlik 186 diviziya, 47,2 min top və minomyot, 12,8 min tank, 7,5 min təyyarə toplamışdı. Almaniyanın hücum etməyəcəyi qənaətində olan Sovet rəhbərliyi sərhəddəki hərbi birləşmələrini döyüş hazırlığı vəziyyətində saxlamır, maddi-texniki təminatına lazımi diqqət göstərmirdi. Bunun müqabilinbdə kifayət qədər daha yaxşı təchiz olunmuş alman qoşunları və hücuma hazır vəziyyətə gətirilmiş  döyüş texnikası həm də göstəriciləri baxımından üstün imkanlara malik idilər.

Hitler SSRİ-ni Almaniyanın dünya ağalığı yolunda başlıca maneə kimi görür və bəyan edirdi ki, qarşıdakı müharibədə söhbət yalnız məhv etməkdən gedəcək: “Bu müharibə Qərbdəkindən kəskin surətdə fərqlənəcək. Şərqdə qəddarlıq gələcək naminə xeyir əməl olacaq”.  Hitlerin necə qəddar, qaniçən, vəhşi olduğunu daha yaxşı anlamaq üçün onun bu cümlələrinə də diqqət yetirmək yaxşı olardı. O  deyirdi: “Biz əhalini qırmalıyıq - bu, bizim alman əhalisini mühafizə etmək missiyamıza daxildir. Biz əhalini qırmaq texnikamızı təkmilləşdirməli olacağıq. Mən həşarat kimi artan aşağı irqə mənsub adamları məhv etmək hüququna malikəm”.

1940-cı il dekabrın 18-də Hitler “Barbarossa” adı almış hücum planını 21 nömrəli direktivlə təsdiq etdi. Bu plana uyğun olaraq faşist Almaniyasının bəzi qurumları “cəza tədbirləri planı” hazırladılar. Məsələn, SS və polis idarəsinin hazırladığı “Ost” (“Şərq”) planına görə polyakların 80-85 faizi, qərbi ukraynalıların 65 faizi, belarusların 75 faizi öz torpaqlarından sürgün olunmalı, rusların əksəriyyəti isə yaradılmış xüsusi komandalar tərəfindən məhv edilməli idi. Hitler Almaniyası məhz bu niyyətlərini həyata keçirmək, yeni ərazilər zəbt etmək, insanları qula çevirmək məqsədiylə 22 iyun 1941-ci ildə Sovet İttifaqına hücum etdi.

Böyük Vətən Müharibəsinin ilk günlərində soyuqqanlılığını itirən Sovet hərbi komandanlığı yaranmış vəziyyəti düzgün təhlil edə bilmirdi. Bir-birinin ardınca uğursuz müdafiə və hücum planları hazırlanır və bütün bunlar nəticədə daha böyük məğlubiyyətlərə səbəb oldu.  Almanlar isə həqiqətən də ildırımsürətli müharibəyə başlamışdılar. Belə ki, müharibənin üçüncü günü artıq Moskvada hava həyacanı siqnalı verilirdi. Alman təyyarələri Moskva üzərində kəşfiyyat uçuşuna başlamışdılar. 1 ay sonra isə Moskva üzərinə artıq ilk faşist bombaları atılırdı. İyulun 22-də faşist təyyarələri 6 saat ərzində dayanmadan paytaxtı bombaladılar.

Sovet İttifaqı müharibədə çox böyük itkilər verdi. Ərazisinin qərb hissəsi düşmənin əlinə keçdi. Lakin 1943-cü ildən başlayaraq Sovet qoşunlarının əks hücumu alman faşistlərinin hücumunu dayandırdı. Hitler ordusunun işğal etdiyi ərazilər tədricən geri qaytarıldı. Sovet-alman cəbhəsində Hitler ordusunun darmadağın edilməsi faşist blokunun daxilində böhranı dərinləşdirdi və antihitler koalisiyasını möhkəmləndirdi. 1943-cü ildə keçirilmiş Tehran konfransında Avropada ikinci cəbhəni 1944-cü ilin mayında açmaq haqqında qəti qərar qəbul edildi. Bundan sonra baş verən hadisələr Hitler ordusunun acınacaqlı məğlubiyyətləri ilə yadda qaldı.  1945-ci il mayın 9-u faşist Almaniyasının, Hitler hegemonluğunun sonu kimi əbədi olaraq tarixə həkk olundu. Dünya tarixində baş vermiş ən ağır müharibə hesab edilən Böyük Vətən Müharibəsində təqribən 20 milyon SSRİ vətəndaşının həyatına son qoyulub. Müharibə nəticəsində Almaniya 7 milyon, onun müttəfiqləri isə 806 min nəfər itirib. Bu itki İkinci Dünya müharibəsində insan itkisinin 40 faizini təşkil edir.

SSRİ-nin digər xalqları ilə çiyin-çiyinə alman-faşist işğalçılarına qarşı böyük şücaət, mərdlik, qəhrəmanlıq göstərən Azərbaycan xalqının da itkiləri az olmayıb: Cəbhəyə yola düşən 640 mindən çox Azərbaycan döyüşçüsünün yarısı müharibədə qəhrəmanlıqla həlak oldu. Böyük Vətən Müharibəsi illərində Azərbaycandan olan çağırışçılardan və könüllülərdən formalaşdırılmış 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı atıcı diviziyalar misilsiz qəhrəmanlıq nümunələri göstərdilər. Berlin əməliyyatı zamanı Berlinə daxil olan ilk 5 diviziyadan biri 416-cı Azərbaycan milli diviziyası idi. Azərbaycandan olan 123 əsgər və zabit Böyük Vətən Müharibəsi cəbhələrində göstərdiyi qəhrəmanlıq nümunələrinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Respublikanın neftçiləri gecə-gündüz ağır zəhmətə qatlaşaraq müharibə illərində ölkəyə 75 milyon ton neft verdilər. SSRİ-də istehsal edilən neftin 70 faizdən çoxunu, benzinin 92 faizdən çoxunu Azərbaycan verirdi.

 Faşist Almaniyasının süqutundan dərhal sonra bir araya gələn mütərəqqi siyasətçilər dünyanı müharibə və münaqişələrdən xilas etmək, bu qəbildən olan hadisələrin təkrar olunmasının qarşısını almaq üçün Birləşmiş Millətlər Təşkilatı adlı mötəbər bir təşkilat yaratdılar. Bu, dünyada sülh missiyasının yerinə yetirilməsi, haqqın-ədalətin bərpa olunması üçün vacib bir addım idi. Həmin dövrdən bugünədək BMT uğurla fəaliyyət göstərdi. Böyük gizliliklə faşizmi özünün əsas ideologiyası kimi qəbul edən Ermənistan Respublikasının hərbi birləşmələri Azərbaycan ərazilərinin işğal etdiyi günlərdə BMT Təhlükəsizlik Şurası 4 mühüm qətnamə qəbul etdi. Çox təəssüf ki, həmin qətnamələr bu gün də icra olunmur. Həmin sənədlərin icra edilməməsi nəticəsində bu gün Azərbaycan torpaqlarının 20 faizi işğal altında saxlanılır, bir milyon iki yüz min soydaşımız qaçqın və köçkün həyatı yaşayır, yüzlərlə tarixi-mədəni abidələrimiz, sosial obyektlərimiz, minlərlə soydaşlarımızın qurub-yaratdığı ev-eşik və sair eynilə Böyük Vətən Müharibəsində olduğu kimi talan olunub, qarət edilib, yandırılıb, dinc sakinləri kütləvi şəkildə qətlə yetirilib, əsir götürülərək olmazın işgəncələrə məruz qoyulub. Təəssüf ki, bu gün dünya birliyi ötən əsrin qırxıncı illərində, hələ BMT kimi mötəbər bir qurumun mövcud olmadığı illərdə nümayiş etdirdiyi qətiyyəti, mütəşəkkilliyi və prinsipiallığı ortaya qoymur.

Düzdür, faşist Almaniyası ilə əldəqayırma, forpost dövlət olan Ermənistanı, eləcə də Sovet İttifaqı ilə Azərbaycanı müqayisə etməyimiz o qədər də yerinə düşmür. Çünki almanların öz torpaqları, öz dövlətləri var idi. Ermənilər isə qədim Azərbaycan  torpaqlarında havadarlarının köməyi ilə uydurma  bir dövlət “qurublar”. SSRİ ilə Azərbaycanın müqayisəsi də mümkün deyil. Ancaq söhbət ondan gedir ki, bugünkü gənc müstəqil Azərbaycan Respublikası 1941-1945-ci illərdə faşizm üzərində qələbənin təmin olunmasında misilsiz xidmətləri olan bir dövlətdir. İndi özü faşizmin işğalçılıq siyasəti ilə üz-üzədir. Azərbaycan xalqı Böyük Vətən Müharibəsində özünün yüz minlərlə ən mübariz övladlarını qurban verib, qələbənin təmin olunmasında Bakı neftinin oynadığı rolu nəinki SSRİ siyasətçiləri və beynəlxalq aləmdəki dostlarımız, eləcə də, faşist Almaniyasının rəsmiləri çəkinmədən etiraf edirdilər. Bu gün isə həmin xalq erməni faşizminə qarşı apardığı ədalətli mübarizədə dünyanın bir çox siyasətçilərinin ikili standartının şahidi olur. Bütün dünya - istər Rusiya, istər digər Avropa və Asiya ölkələri, istərsə ABŞ ölkəmizin keçmişdə oynadığı bu mühüm rolu və bu gün insanlıq naminə Cənubi Qafqazda həyata keçirdiyi sülh missiyasını yüksək qiymətləndirməli, beynəlxalq hüquq normaları çərçivəsində erməni faşizmi ilə mübarizədə haqlı mövqeyimizi dəstəkləməlidirlər. Yoxsa, dünyada  pozulan haqq-ədalət nizamı yeni və daha dəhşətli problemlərin ortaya çıxmasına rəvac verə bilər.

Rauf KƏNGƏRLİ,

  “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında