Milli Şurada torpaqlarımızın işğalında rolu olanlar və başqa dövlətlərə xidmət edənlər var

  

Milli Şura yaranan gündən əksər müxalifət nümayəndələri bu qurumun gələcəyinə şübhə ilə yanaşdıqlarını bildirdilər. Bəzi partiya sədrləri bu qurumu “bic uşaq”, bəziləri “ölü doğulmuş uşaq”, bəziləri isə xarici dairələrin layihəsi olduğunu bildirdilər.

Milli Şuraya siyasət aləmində heç bir nüfuzu olmayan, ümumiyyətlə, siyasi hadisələrdən başı çıxmayan, günü xarici ölkələrdə ermənilərlə yeyib - içmək məclislərində keçən kinorejissor Rüstəm İbrahimbəyovun sədr təyin edilməsi (bəli, məhz təyin edilməsi) bu qurumun antiazərbaycan dairələrinin ideyası olduğunu tam təsdiqlədi. Axı, Rüstəm İbrahimbəyov siyasətdə  tamamilə naşı bir adam idi. Necə deyərlər, ağ şalvara qara yamaq. Onun bu quruma rəhbər təyin olunması isə erməni lobbisinin sifarişi idi. Çünki antiazərbaycan dairələrin ölkəmizdə iğtişaşlar törətmək məqsədilə ayırdıqları qrantlar məhz Rüstəm İbrahimbəyov vasitəsilə ötürülürdü. Onun bu quruma rəhbərlik etmək gücü və potensialı yox idi. Bunu müxalifət nümayəndələri də etiraf edirdilər. Məsələn, Vəhdət Partiyasının sədri Tahir Kərimli qoca rejissorun siyasət aləminə qoşulmasını istehza ilə qarşılayaraq demişdir:“Rüstəm İbrahimbəyov “Milli Şura”dakı müxalif partiyaların müti gündə olduğundan cəsarətlənib və siyasətdən başı çıxmaya - çıxmaya hər şeyi öz əlinə almağa çalışır. Böyük - böyük iddialarla çıxıs edən müxalifət başçıları sonda boyunlarına aldılar ki, müxalifətə başçılıq etmək  üçün heç bir potensialları yoxdur”.

Milli Şuranın yaranmasına ən çox sevinənlər AXCP sədri Əli Kərimli ilə Müsavat Partiyasının başqanı İsa Qəmbər oldular. İyirmi ildir ki, heç bir ictimai - faydalı əməklə məşğul olmayan, çirkli pullar hesabına yaşayan bu partiya sədrləri və onların əlaltıları Rüstəm İbrahimbəyovun timsalında təzə yem yeri tapmışdılar. Bu vaxta qədər yalan vədlərlə qeyri - yetkin gəncləri və bir vaxtlar vəzifədə işləmiş, lakin  buraxdıqları nöqsanlara görə tutduqları postlardan uzaqlaşdırılmış narazı adamlara gələcəkdə yağlı vəzifələr vəd edən Əli Kərimli ilə İsa Qəmbər  artıq yeni yem yerləri axtarışına başlamışdılar. Çünki  aldatmadıqları  adam qalmamışdı. Milli Şura və bu qurumun Rüstəm İbrahimbəyov kimi  siyasi dünyagörüşü olmayan, hadisələrdən baş çıxara bilməyən  naxələf qoca  Əli Kərimli ilə İsa Qəmbərə sanki göydəndüşmə olmuşdu. Ona görə də dərhal öz əlaltılarını öyrədib bu quruma göndərdilər. Guya onlar Milli Şuranın formalaşdırılmasına yaxından köməklik göstərirdilər. Əvvəllər Demkonqresə, sonra isə İctimai Palataya cəlb etdikləri müftə pul hərislərini bu dəfə Milli Şuraya üzv etdilər. Bununla da guya Milli Şura formalaşdı. Bu qurumun “üzvləri” simaları hamıya bəlli insanlar idi. Beş - on manata görə gününü qeyri - qanuni aksiyalarda keçirən, puldan ötrü hətta ermənilərin də tapşırıqlarını yerinə yetirməyə hazır olan belələrini xalqın, Vətənin, millətin taleyi yox,  bir qarın çörək və spirtli içki düşündürürdü. Hətta Vətənə xəyanətdə ittiham olunanlar, torpaqlarımızın ermənilərə verilməsində rolu olmuş adamlar da Milli Şuranın üzvü oldular.

Başqa dövlətlərə xidmət edənlər Milli Şurada

  “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül bu günlərdə keçirdiyi mətbuat konfransında deyib ki, Milli Şurada  toplaşanlar arasında  torpaqlarımızın işğalında rolu olanlar və  başqa dövlətlərə xidmət edənlər  var. Bunlar hansı demokratiyadan danışırlar? Onların keçmişi hər birimizin gözləri önündədir. Həmişə bu xalqı parçalayıb, təxribatlara çəkiblər. Belələri  Allah naminə birləşmədi,  heç olmasa Vətən naminə birləşsinlər.  O deyib ki, müxalifətdəki bəzi şəxslər  bir dəfə hakimiyyətdə olublar. Hakimiyyətdə olan dövrdə etdikləri hərəkəti xalq indi də yaddan çıxarmayıb. Onların yenidən hakimiyyətə can atmaları yolverilməzdir.

Yəqin ki, AXC - Müsavat cütlüyünün hakimiyyətdə olduqları müddətdə xalqımıza vurduğu ağır zərbəni heç kim unutmayıb. Xalq hələ də bu zərbənin bəzi ağrılarını hiss edir. Yenicə müstəqilliyini qazanmış ölkəmiz məhv olmaq, xırda xanlıqlara parçalanmaq həddinə çatmışdı. O vaxtlar həyəcan təbili çalanlardan, AXC - Müsavat hakimiyyətinin kor - koranə idarəçiliyinə etiraz aksiyalarına rəhbərlik edənlərdən biri də   “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül idi. O vaxt hamıya aydın idi ki,  AXC - Müsavat iqtidarı bir sıra xarici ölkələrin himayədarlığı ilə hakimiyyəti ələ almışdı. Bu iqtidarın rəhbərləri müxtəlif ölkələrin kəşfiyyat orqanlarına xidmət edirdilər. İndi həmin adamlar bu dəfə Milli Şuraya toplaşaraq yenidən ölkədə çaşqınlıq, qarşıdurma yaratmaq istəyirlər. Həmin şəxslər torpaqlarımızın ermənilərə asanlıqla verilməsində də böyük rol oynayıblar. Belə xəyanətkarların əsas məqsədi bu yollarla özlərinə var - dövlət toplamaq olub. İndi də bu xəbis niyyətlərindən əl çəkməyərək Milli Şura adı ilə meydanlara atılmaq istəyirlər. Xalq isə  satqın və xəyanətkarları çox yaxşı tanıyır. 

 Milli Şurada başqa dövlətlərə xidmət edənlərin olması faktını Azadlıq Partiyasının sədri Əhməd Oruc da təsdiqlədi. O deyib ki, Milli Şurada rusiyapərəst və iranpərəst qruplar dominantlıq edirlər. Rusiyanın müəyyən dairələrinin razılığı olmadan Rüstəm İbrahimbəyov və  Eldar Namazov Milli Şuranı yaratmazdılar. İranın icazəsi olmadan isə İslam Partiyası bu quruma gedə bilməzdi. Bu təşkilatda hələ digər kəşfiyyat orqanları ilə əməkdaşlıq edənlər də var.

Milli Şuranın vahid namizədlik davası

Qurumun ilk təsis yığıncağı qalmaqalsız ötüşmədi. Sədrlik məsələsi başa çatar  -  çatmaz  ermənilərin ruporu kimi tanınan üzdəniraq hüquq müdafiəçisi Leyla Yunus Rüstəm İbrahimbəyovun Milli Şuranın prezidentliyə vahid namizəd olmasını təklif etdi. Onun bu təklifinə dərhal müsavatçılardan reaksiya gəldi. Hətta açıq şəkildə bildirildi ki,  Rüstəm İbrahimbəyovun siyasətdən başı çıxmır. Ondan prezidentliyə vahid namizəd olmaz. İsa Qəmbər isə ermənipərəst  Leyla Yunusun “Rüstəm İbrahimbəyov ən layiqli namizəddir” təklifinə, “ O, ən layiqli namizəd deyil. Onu ”məntiqli namizəd" hesab etmək olar—deyə cavab verib.  İsa Qəmbər  “Yeni Müsavat” qəzetinə müsahibəsində bildirib ki, Rüstəm İbrahimbəyov “keçid dövrü” üçün bir vasitədir və sonra qeybə çəkilməlidir. Onsuz da xarici dairələr Milli Şuranı yaradarkən və gələcəkdə ölkəmizdə qarşıdurma yaratmaq üçün  Rüstəm İbrahimbəyovdan bir alət kimi istifadə edirdi. Hətta onun erməni lobbisinin himayəsində olan kütləvi informasiya vasitələrinə Azərbaycan əleyhinə müsahibələri təşkil olunanda artıq kimlərinsə əlində alətə çevrildiyi bəlli idi. İndi bunu Müsavat Partiyasının başqanı da təsdiqləyirdi. İ.Qəmbər Rüstəm İbrahimbəyovun bir neçə ölkənin vətəndaşı olmasına işarə edərək bildirib ki, o, üzərinə indidən öhdəlik götürməlidir.

Bir sıra müxalifət nümayəndələri isə nə İsa Qəmbərin, nə Rüstəm İbrahimbəyovun, nə Eldar Namazovun, nə də Əli Kərimlinin prezidentliyə  vahid  namizədliyini qəbul etmirlər. Onların hakimiyyətə gəlməsi Azərbaycanı Cənubi Qafqazın ən sabit ölkəsindən qarşıdurma poliqonuna, Liviya, İraq, Əfqanıstana çevirə bilər. Ona görə də Milli Şurada  hələ də prezidentliyə namizədlik məsələsi həll olunmamış qalır.

 Adının çəkilməsini istəməyən müsavatçı bildirib ki, bu günlərdə  Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və “El” hərəkatının rəhbəri Eldar Namazov bir araya gələrək görüş keçiriblər. Görüşdə əsas məqsəd Milli Şuranın prezidentliyə namizədliyini müəyyənləşdirmək olub. Müsavatçının deməsinə görə, İsa Qəmbər həmin görüşdə Eldar Namazova deyib ki, onun namizədliyini irəli sürsün. Eldar Namazov isə  Milli Şuranın sədri Rüstəm İbrahimbəyovla öz aralarında olan telefon danışığı barədə məlumat verib  və bildirib ki, artıq Rüstəm İbrahimbəyov mənim namizədliyimin irəli sürülməsi üçün  bir sıra xarici dairələrlə razılığa gəlib. Əli Kərimli isə nə İsa Qəmbərin, nə də Eldar Namazovun  vahid namizədliyini dəstəkləməyəcəyini bildirib.

Qızın iki adaxlısı...

Milli Şuranın dünən keçirilən “sessiyasında” məlum oldu ki, “qızın iki adaxlısı” var. Çıxış ednlərdən biri təklif  irəli sürüb ki, həm İctimai Palatanın yerlərdəki şöbələri, həm də Milli Şuranın şöbələrinə çevrilsin. Onların qənaətinə görə, guya prezident şeçkilərinə lap az vaxt qalıb və bundan sonra Milli Şuranın yerlərdə şöbələrini yaratmaq mümkün olmayacaq. Ona görə də məsələn,  rayondakı bir şöbə həm İctimai Palatanın, həm də Milli Şuranın olsun. Onsuz da İctimai Palata ilə Milli Şuranın üzvləri eyni  simalı adamlardır. Ona görə də ikinci bir şöbə yartmağa ehtiyac yoxdur. İndi müxalifət nümayəndələrinin özləri də deyirlər ki, qızın iki adaxlısı var.  Elə buna görə də Milli Şuranın “sessiya” adlandırılan toplantısında sədarət olmayıb. Bu da qısqanclıqdan irəli gəlib. Kimsə kimsənin iclasa sədrlik etməsinə razı olmayıb. Bu, mümkün də ola bilməzdi. Axı, qızın iki adaxlısı var.

Göründüyü kimi, müxalifət düşərgəsinin birlik nümayiş etdirmək naminə yaratdığı bütün qurumların ömrü çox qısa olur. Milli Şura da belə qısa ömürlülərdəndir.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında