Sərdar CƏLALOĞLU: Milli Şuranın yaradılma prosesi kimi, fəaliyyəti də qeyri-şəffafdır

 

Coşub-daşan dağ çaylarının  arana yetişəndən  sonra durulmasının əsas səbəbi odur ki, həmin çayların təməlində az da olsa saf, təmiz bulaq suları da olur. Arandakı arxlar isə heç zaman durula bilmir. Səbəbi aydındır. Rüstəm İbrahimbəyovun yaratdığı ( daha doğrusu, hələ yaradılma prosesində olan) Milli Şura adlı qurumun fəaliyyətində də durulma prosesi  qətiyyən nəzərə çarpmır.

 Əksinə, xəmiri lilli su ilə yoğrulan Milli Şuranın fəaliyyəti getdikcə  daha da bulanır. Bu da səbəbsiz deyil. Çünki bu qurumu yaratmaq ideyasını ortaya atan xarici qüvvələr də, onun sayəsində yeni imic və maddi imkanlar qazanmaq eşqinə düşən Rüstəm İbrahimbəyov da saf niyyətlə deyil, çirkin məqsədlərlə “yola çıxmışdılar”. Ona görə də indi bu qurum nəinki hansısa mərhələdə nüfuz qazana bilmir, əksinə , Rüstəm İbrahimbəyovun indiyə qədər mövcud olmuş nüfuzunu da heçə endirir.

Milli Şura adı verib sırf antimilli fəaliyyətlə cəmiyyətə sırınan  bu qurumun sıraları gündən-günə seyrəlir. Nə üçün? Çünki orada səsləndirilən bəlağətli bəyanatlara uyan,  İbrahimbəyovun maddi imkanlarına tamah salan, “bəlkə də qaytardılar” arzusuyla yaşayan beş -on adam “Milli Şurada” öz yerlərini isitməmiş öyrəndilər ki, məsələ heç də onların dediyi kimi deyil. Yağlı vədlərin boğazdan yuxarı yalan olduğunu, Rüstəm İbrahimbəyovun heç kəsə qara qəpik vermək istəmədiyini, əksinə,  hardansa daha çox vəsait mənimsəmək arzusuna düşdüyünü, onun yanında qalmaqla heç kəsin heç nəyinin qaytarılmayacağını yaxşı başa düşən müxalif siyasətçilər birər-birər oradan uzaqlaşırlar. Başa düşürlər ki, Azərbaycan müxalifətinin siyasətdən az-çox başı çıxan nümayəndələri son 20 ildə  bu xalqı aldada bilmədisə, həmin sahəyə qətiyyən bələd olmayan Rüstəm İbrahimbəyov nəyə nail olacaq? Bir də ki,  təxminən bir əsr əvvəl şimalda yaradılıb bizim tərəflərə  göndərilmiş Şura məsələsi  bəzi adamların gözünü elə qorxudub ki,  indi yenə də həmin marşrutla gələn Şuraya yaxın durmaq istəmirlər. Beləcə, sıra seyrəlir və ibrahimbəyovsayağı ortaya atılmış Milli Şurada vəziyyət gah gərginləşir, gah da bulanır.

 Hamı çıxıb gedəndən sonra Milli Şura deyilən yerdə kimlər qaldı?  Hakimiyyətdə olduğu müddətdə “əli bu millətin qanına bulaşmış” İsa Qəmbər ( bu ifadənin qonorarını AMİP lideri Etibar Məmmədov hələ 1993-cü ildə almışdı) , hakimiyyətdə təmsil olunarkən  “bu neft müqaviləsindən (“Əsrin müqaviləsi”ni nəzərdə tuturdu - İ.M.) bu millətə üç qara quruş da düşməyəcək" - deyə çox iri bir yalana imza atmış Rəsul Quliyev,  hakimiyyətdə təmsil olunarkən siyasi riyakarlıq nümayiş etdirərək vəzifəsindən qovulan reneqat Eldar Namazov, hakimiyyətdə təmsil olunarkən etimadı doğrulda bilmədiyinə görə komandadan kənarlaşdırılmış Lalə Şövkət Hacıyeva...və bu qəbildən olan başqaları. Yəni elə adamlar ki, onların əqidəsi də, mövqeyi də, kəraməti də bu ölkənin vətəndaşlarına çox yaxşı məlumdur. Bəs indi necə olsun?  “Milli Şura”nı yaratmaq bir ayıb idi,  onu bələkdə ikən dəfn eləmək isə başqa rüsvayçılıq olacaq. İndi fağır Rüstəm İbrahimbəyov öz başına haranın daşını töksün? Deyilənə görə Rüstəm müəllim məhz həmin daşı tapmaq məqsədiylə dünya turnesinə çıxıb. Indi görək həmin daşı hansı ölkədə tapacaq.

Bundan başqa, Rüstəm İbrahimbəyovun başını daşlı edən başqa bir məqam da ortaya çıxıb. Belə ki, onun böyük qardaşı Maqsud İbrahimbəyov və Maqsud müəllimin rəhbərlik etdiyi Milli Sülh Komitəsi bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində ölkə əhalisinin böyük əksəriyyətinin  ümidlə, inamla dəstəklədiyi Prezident İlham Əliyevin namizədliyini dəstəkləmək barədə qərar qəbul edib. Bu isə o deməkdir ki, milli qarşıdurmaya çağıran Rüstəm İbrahimbəyov öz qarşısında milli sülhə çağıran qardaşını görəcək.

Yeri gəlmişkən, Maqsud İbrahimbəyov rəhbərlik etdiyi qurumun məlum qərarından sonra mətbuata verdiyi açıqlamada  maraqlı ifadələr işlədib: “Mən həmişəki mövqeyimdə qalıram. Düşünürəm ki, Azərbaycanın gələcəyi İlham Əliyevin adı ilə bağlıdır və bu səbəbdən cənab Prezidentin hakimiyyətdə qalmasını arzu edirəm. Bu məqsədlə keçiriləcək seçki təbliğat kampaniyasında da iştirak etmək niyyətindəyəm”. Yəni Azərbaycanın bütün mütərəqqi təşkilatları kimi Milli Sülh Komitəsi də haqqı, ədaləti, həqiqəti, ən başlıcası, milli maraqlarımızı dəstəkləyir.

Deməli, Milli Şura sözüylə yeni bir siyasi alış-veriş yeri yaratmağa çalışan adamların bazarına gedən yoldakı qaranlıq getdikcə daha çox qatılaşır. Qaranlıqda çaş-baş hərəkət edən adamlar isə suyu daha da bulandırırlar. “Lilli Şura” boz-bulanıq bir gölməçəyə çevrilir.

P.S. Deyilənə görə, “ Milli Şura”nın iqamətgahından hansısa “mühüm” sənədlərin itdiyi barədə məlumat yayılıb. Həmin sənədlərin hansı şəraitdə itdiyi və kimin məsuliyyətsizliyi üzündən yoxa çıxdığı barədə müxtəlif versiyalar səslənməkdədir. Qurum rəhbərlərindən birinin fikrincə,  bu məsələyə görə  Eldar Namazovun fəaliyyəti daha çox yoxlanılmalıdır."Çünki o, hələ Prezident Administrasiyasında çalışarkən bəzi sənədləri gizlətməklə, gizli danışıqlar aparmaqla müəyyən dividendlərə nail olmuş və həmin günahı üzündən işdən qovulmuşdu. İndi Şura rəhbərliyinə aid mühüm sənədlərin itməsində bu işlərin peşəkarı olan Eldar Namazovun “dəst-xətti” görünür”. Öz sənədləri, öz təmsilçiləridir, özləri bilərlər. Amma Sərdar Cəlaloğlu da düz deyib: “Milli Şuranın yaradılması prosesi kimi, fəaliyyəti də qeyri- şəffafdır”.

 

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında