Bütün mütərəqqi qurumlar Azərbaycanı daha aydın sabaha aparan kursu dəstəkləyir

 

 Xalq yazıçısı Maqsud İbrahimbəyovun sədrlik etdiyi Azərbaycan Milli Sülh Komitəsi da bu sıradadır

 Bəzi xarici bədxahlarımızın və ölkə daxilindəki  ayrı-ayrı qaragüruhçuların  dövri olaraq gündəliyə gətirdiyi sərsəmləmələrə baxmayaraq qətiyyətlə irəliləyən Azərbaycan dövləti özünün ölkə daxilindəki  və beynəlxalq aləmdəki uğurlarını gündən-günə artırır.  Bir əsrdə ikinci dəfə əldə etdiyi  dövlət müstəqilliyinin üçüncü onilliyinə möhtəşəm  uğurlarla qədəm qoyan  respublikamızın regionda söz sahibinə çevrilməsi, postsovet məkanında bütün göstəricilər üzrə öncül yerlərdən birini tutması,  Avropanın enerji təminatçılarından birinə çevrilməsi, bütün beynəlxalq təşkilatların ən fəal üzvlərindən biri imicini qazanması və bu kimi bir çox nailiyyətləri həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük məmnunluqla qarşılanır. 

Rəsmi Bakının  Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına keçirilən seçkilərdəki səsvermə  zamanı dünyanın 155 ölkəsinin dəstəyini qazanması,  ən aparıcı beynəlxalq təşkilatların Azərbaycan həqiqətlərini qətiyyətlə müdafiə edən rəsmi bəyanatlarla çıxış etməsi, beynəlxalq idman qurumlarının və  mədəni-kütləvi tədbirlərin təşkilatçılarının dünya və qitə miqyaslı tədbirləri reallaşdırmaq üçün Azərbaycanı seçməsi söylədiyimiz arqumentlərin təsdiqi kimi qəbul edilir.

Əlbəttə, bütün bunlar bu gün Azərbaycanda həyata keçirilən siyasi kursun dünya miqyasında dəstəklənməsinin göstəricisidir.  Ancaq bizim üçün daha mühüm olanı bu siyasi kursun ölkə daxilində hansı səviyyədə dəstəklənməsini təsdiq edən göstəricilərdir.  Böyük məmnunluqla qeyd edirik ki,  bu gün Heydər Əliyev siyasi kursu ölkə əhalisinin,  respublikamızda fəaliyyət göstərən  siyasi qurumların, qeyri-hökumət təşkilatlarının və yaradıcılıq birliklərinin əksəriyyəti tərəfindən səmimiyyətlə və qətiyyətlə dəstəklənir. Bu qənaətimizi əsaslandırmaq üçün seçki ilinin başlanmasından bəri şahidi olduğumuz bəzi faktları yada salmaq istərdik.

Elin gözü tərəzidir - deyənlər nə qədər haqlıdırlarsa, bu “tərəzinin” seçki ilində daha böyük önəm kəsb etdiyini söyləyənlər də bir o qədər uğurlu ifadə müəllifi kimi qəbul edilirlər. Əslində, həqiqəti həqiqət kimi qəbul edə bilən adamların haqqın qiymətləndirilməsi prosesində heç bir tərəziyə ehtiyacı olmur. Ancaq qaranı ağ, ağı qara kimi görənlərə nəyinsə sübut edilməsi zamanı el gözünə də ehtiyac olur, “tərəzi”yə də.  Bu baxımdan  respublikamızın ən böyük sosial təşkilatı olan Azərbaycan  Həmkarlar İttifaqları Konfederasiyasının (30-a qədər sahə həmkarlar təşkilatını özündə birləşdirən bu qurumda 1 milyon 600.000 seçicinin hüquqları qorunur),  ölkə iqtisadiyyatının 80 faizə qədərini əlində cəmləşdirmiş  Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının,  Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının  (600.000-dən çox seçici deməkdir) , ölkənin ən nüfuzlu qeyri- hökumət təşkilatı kimi qəbul edilən Respublika Ağsaqqallar Şurasının,  həm ölkə əhalisinin, həm də seçicilərin 50 faizdən çoxunu təşkil edən qadınların ali məclisinin - Respublika qadınlarının bu günlərdə keçirilən  IV Qurultayının və bu qəbildən olan digər təşkilatların mart ayından indiyədək bir-birinin ardınca qəbul etdikləri qərarlar ölkə əhalisi tərəfindən böyük məmnunluqla qəbul edilir.  Həmin qərarların hamısında göstərilir ki, bu təşkilatlar Azərbaycanın daha da inkişaf etdirilməsi, ölkə əhalisinin daha firavan yaşamasının təmin olunması məqsədiylə respublikamızda Heydər Əliyev siyasi kursunun davam etdirilməsinə çalışır və hamını buna çağırırlar.  Həmin kursun davam etdirilməsi üçün isə sadə vətəndaşın  bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri,  Prezident İlham Əliyevin namizədliyini dəstəkləməsi kifayətdir.

 Bir daha xatırlatmaq yerinə düşər ki, bu il iyunun 18-də öz plenumuna toplaşan Azərbaycan Respublikası  Sülh Komitəsi də yekdilliklə  qəbul olunmuş qərarla öz adını yuxarıda sadaladığımız təşkilatların sırasına yazmışdır. Komitədən mətbuata verilən məlumatda bildirilir ki,  bu təşkilat 2013-cü ilin oktyabrında ölkəmizdə keçiriləcək prezident seçkilərində Heydər Əliyev siyasi kursunun davamçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin namizədliyini dəstəkləyəcək. Xatırladaq ki, Azərbaycan Respublikası Sülh Komitəsinin sədri  Azərbaycan Dövlət Mükafatı laueratı, əməkdar incəsənət xadimi, “İstiqlal” ordenli xalq yazıçısı  Maqsud İbrahimbəyov  bu ilin yazında ermənilərin istəyi və xaricdəki antiazərbaycan qüvvələrin diqtəsi ilə “Milli Şura” yaradıb özünü rüsvay eləmiş  yazıçı Rüstəm İbrahimbəyovun qardaşıdır.

Bir daha xatırladaq ki , bu məqamı yada salmağımız təsadüfi deyil. Çünki Rüstəm İbrahimbəyov  öz başına iqtidardan qovulmuşları və müxalifətdə saç ağartmışları toplayaraq Heydər Əliyev siyasi kursuna qara yaxmaqla, şər-böhtan püskürməklə məşğuldur. Onun  özündən dörd yaş böyük olan qardaşı isə haqqı, ədaləti dəstəkləyənlərin, ən başlıcası, Azərbaycanı sevənlərin və xalqımızın daha firavan yaşamasını istəyənlərin sırasındadır. Bu bir həqiqətdir ki, haqqı söyləyənlərin yolu aydın, xalqın mənafeyini öz mənafeyindən üstün tutanların ömrü işıqlı olar.  Başqa bir həqiqətdə isə deyilir ki, hər kəs öz ömrünü bəzəyir. Biri gül ilə, biri kül ilə.  Hər ikisi özünü haqlı bilir. Qoy bilsinlər.

 İttifaq MİRZƏBƏYLİ,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında