Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır

 

 

Azərbaycanın xarici siyasətinin  prioritetini Dağlıq Qarabağ münaqişəsinin  nizamlanması təşkil edir. Artıq dünya birliyinə də məlumdur ki,   münaqişənin  bu vaxta qədər nizamlanmamasının əsas səbəbi Ermənistan tərəfinin qeyri - konstruktiv münasibəti, işğalçılıq siyasətindən hələ də əl çəkməməsidir.

Azərbaycan torpaqlarının 20 faizinin bu günə qədər  Ermənistanın silahlı qüvvələri tərəfindən işğal altında saxlanılması beynəlxalq aləmdə də narazılıqla qarşılanır. Bəzi dövlətlərin  ikiüzlü siyasət yeritmələrinə baxmayaraq, bir sıra  nüfuzlu beynəlxalq  təşkilatlar Ermənistanı rəsmən işğalçı kimi tanıyıb və erməni silahlı qüvvələrinin işğal etdikləri ərazilərdən qeyd-şərtsiz çıxarılması barədə qətnamələr  qəbul ediblər. Lakin bütün bunlara baxmayaraq, həmin qətnamələr bu vaxta qədər icra olunmamış qalır. Hazırkı  status-kvonun dəyişdirilməsinin vacibliyi də dəfələrlə yüksək tribunalardan səsləndirilib. Artıq  siyasi ekspertlər və ictimai - siyasi xadimlər də  status-kvonun dəyişdirilməsi üçün atılması vacib olan ilk addımın erməni silahlı qüvvələrinin işğal altında olan torpaqlardan çıxarılması olduğunu bildiriblər.

Bütün münaqişələr hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən də, dövlətlərin sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü prinsipi əsasında tez bir zamanda həll edilməlidir. Ancaq Ermənistan dövlətinin beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyi təəssüf ki, beynəlxalq aləmdə laqeydliklə qarşılanır.

 Ermənistan  - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT - in Minsk qrupunun həmsədr dövlətlərinin 22 ildir ki, Ermənistanın nazı ilə oynaması təəccüb doğurur. Bu günlərdə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan ABŞ, Rusiya və Fransanın prezidentləri “Böyük səkkizlər”in sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birgə bəyanatla çıxış ediblər. Onu da qeyd edək ki, bu qurum tərəfindən verilən belə bəyanatların artıq sayı - hesabı yoxdur. Əslində, ümumi söz yığınından ibarət olan və heç bir hüquqi əhəmiyyət kəsb etməyən belə bəyanatların münaqişənin nizamlanmasında elə bir rolu yoxdur. Çünki bu qurumun bəyanatları, bir qayda olaraq,  ümumi xarakterli olur və əksəriyyəti də bir - birinin təkrarıdır. 

Qeyd edək ki, Azərbaycan tərəfi  yenilənmiş Madrid prinsipləri üzrə işin davam etdirilməsinə tərəfdarıdır. Ermənistan isə  işğal siyasətinə son qoymur. Ermənistanın bugünkü siyasəti bölgədəki situasiyanı təhlükə altında qoyur. İşğalçı Ermənistan dövləti  Azərbaycanın bütün təkliflərini, hətta həmsədrlərin yenilənmiş Madrid prinsiplərinə dair təkliflərini rədd edir. Buna görə də  2009-cu ildən bəri iki ölkə prezidentlərinin görüşlərində irəliləyiş nəzərə çarpmır. Azərbaycan ilk gündən yenilənmiş Madrid prinsipləri ilə tanış olub və bunu münaqişənin həlli üçün baza sənədi kimi qəbul edib.

ATƏT-in Minsk qrupunun həmsədrləri erməni tərəfini  qeyri - konstruktiv mövqedən  çəkindirmək  üçün bu ölkəyə təzyiq göstərməlidir. Söz yox ki, həmsədr ölkələr olan ABŞ, Rusiya və Fransa prezidentlərinin birgə bəyanatı Azərbaycanın mövqeyi ilə üst - üstə düşür. Bu, həmişə belə olub. Çünki həmin bəyanatlarda münaqişənin nizamlanmasında beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin ərazi bütövlüyünün qorunması şərtlərinə üstünlük verilib.  Dəfələrlə bəyan edilib ki, mövcud status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Bu məqam həmsədr ölkələrin son 4 ildə verdikləri bəyanatlarda da əksini tapıb. Ancaq Ermənistan tərəfinin qeyri - konstruktiv yoldan çəkindirilməsi istiqamətində qətiyyətli tədbirlərin seçilməməsi işğalçı dövləti getdikcə daha da azğınlaşdırır.

Dünyanın qüdrətli dövlətlərinə başçılıq edən Barak Obama, Vladimir Putin və Fransua Ollandın bu günlərdə imzaladıqları bəyanatda münaqişə tərəflərinin danışıqlar prosesində problemin həllinə nail ola bilməməsindən dərin təəssüf hissi ifadə olunur. Ancaq unudurlar ki, bu dövlətlərin Ermənistanın işğalçılıq siyasətinin qarşısının alınmasında qəti addımlar atmaması beynəlxalq aləmdə təəsssüf doğurur. Hələ bu vaxta qədər ATƏT-in Minsk qrupu Ermənistanı işğalçı dövlət kimi rəsmən tanıdığını bəyan etməyib. Halbuki, bu gün dünya birliyi də şahiddir ki, Azərbaycan ərazilərinin iyirmi faizi iyirmi iki ildir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal altındadır və bu işğal nəticəsində bir milyondan artıq soydaşımız öz ata-baba torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkün şəraitində yaşayır.

ATƏT - in Minsk qrupu həmsədr dövlətləri başçılarının  bəyanatında  deyilir:"Biz münaqişə tərəflərinin danışıqlar prosesinin gedişində hər iki tərəfin maraqlarına uyğun həll yolu tapmaq əvəzinə, birtərəfli fayda əldə etmək cəhdlərini davam etdirməsindən dərin təəssüf hissi keçirdiyimizi ifadə etmək istəyirik. Əminik ki, münaqişənin sülh yolu ilə həllinə aparacaq balanslaşdırılmış çərçivə razılaşmasının əldə olunmasının bundan sonra da gecikdirilməsi qəbuledilməzdir. Biz Ermənistan və Azərbaycan liderlərini güclərini yenilənmiş enerji ilə həlli açıq qalmış məsələlərin həllinə cəmləşdirməyə çağırırıq".

Əlavə olaraq  prezidentlər  bildiriblər ki, son 4 ildə bu mövzuda verdikləri bəyanatlar Dağlıq Qarabağ münaqişəsinin ədalətli və dayanıqlı həlli üçün təməl təşkil etməlidir. Onların fikrincə, guya  bu müddəalara vahid bir tamlıq kimi baxılmalıdır, çünki müddəalardan birinə digərləri qarşısında üstünlük vermək balanslaşdırılmış həll yolu tapmağa mane olar. Bəyanatda daha sonra qeyd edilir: “Biz bütün tərəflərin rəhbərlərini Helsinki prinsiplərinə, xüsusən, güc tətbiq etməmək və güc tətbiqi ilə hədələməmək, ərazi bütövlüyü, bərabərlik və millətlərin öz müqəddəratlarını təyinetmə hüququna sadiqliklərini bir daha təsdiqləməyə qətiyyətlə çağırırıq”. 

Bəyanatdakı bəzi məqamlar  Azərbaycanın mövqeyi ilə üst - üstə düşür. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi sayır. Ermənistan tərəfi bu əraziləri silahlı qüvvələrin işğalı altında saxlayıb. ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin prezidentlərinin   bəyanatında da çox dəqiq bildirilir ki, güc tətbiqi konfrontasiya və qeyri-sabitlik mənbəyi olar. Bu konfrontasiyadan qaçmaq üçün işğal altındakı torpaqların azad olunması vacibdir. Ermənistan  isə güc tətbiq etməmək prinsipinə əməl etməyib və bunun nəticəsi  də göz qabağındadır.

Azərbaycan Prezidenti İlham Əliyev xarici ölkələrə səfərləri, həmçinin nüfuzlu beynəlxalq qurumların tədbirlərindəki çıxışlarında dəfələrlə bəyan edib ki, münaqişənin nizamlanmasında beynəlxalq hüququn norma və prinsipləri və  ərazi bütövlüyü yeganə  obyektiv variantdır. Ölkə başçısı proplemin sülh yolu ilə aradan qaldırılması istiqamətində Azərbaycan tərəfinin bütün imkanlardan istifadə etməyə hazır olduğunu da bildirib. Millətlərin öz müqəddəratlarını təyinetmə hüququna gəlincə  isə dövlətimizin başçısı bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bu məsələ istənilən səviyyədə öz həllini tapa bilər. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu regionda yaşayanların  hüquqları yüksək səviyyədə qorunacaq. Təəssüf edirik ki, ATƏT-in Minsk qrupunun  həmsədrləri bəyanat verərkən yenə də ümumi sözlərə üstünlük verib və guya Dağlıq Qarabağ münaqişəsinin bu vaxta qədər nizamlanmamasından “narahat olduqlarını” bəyan etmək istəyiblər. Əgər bu qurum doğrudan da, münaqişənin nizamlanmasını qarşılarına məqsəd qoysaydılar, o zaman Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək üçün təpki gələrdilər. Prezident İlham Əliyev Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həlli məqsədilə real təkliflərlə çıxış edərək Cənubi Qafqazda sabitliyə nail olmaq üçün böyük səylər göstərir. Əgər Ermənistanın dövlət başçısı da belə bir səy göstərsəydi, yəqin ki, münaqişənin aradan qaldırılması istiqamətində qətiyyətli addımlar atılardı.

Bir sıra beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdıqları barədə rəsmi açıqlama veriblər, hətta  işğal altındakı Azərbaycan  ərazilərinin qeyd - şərtsiz azad edilməsi barədə qətnamələr də qəbul edilib. Məsələn, BMT kimi mötəbər beynəlxalq  qurumun Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi vurğulanmışdır. Həmçinin qeyd edilmişdir ki, Ermənistan silahlı qüvvələri işğal etdikləri əraziləri dərhal azad etməlidirlər. Lakin bu qətnamələrin qəbul olunmasından 20 ildən çox vaxt keçsə də, hələ də icra olunmayıb. Üstəlik, demək olar ki, işğalçı dövlət tərəfindən atəşkəs rejimi hər gün pozulur, Azərbaycan vətəndaşları gah girov götürülür, öldürülür, gah da yaralanırlar. Beynəlxalq birlik isə bu ədalətsizliyə göz yumur. Bütün bunlara baxmayaraq Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin nizamlanmasında ölkəmizin mövqeyini birmənalı şəkildə bəyan edib. Yeni Azərbaycan Partiyasının V qurultayındakı geniş nitqində də ölkə başçısı bu məsələyə münasibət bildirərkən demişdir: “Bizim amalımız qüdrətli Azərbaycandır, müstəqillikdir, inkişafdır, sosial rifahdır. Ölkə qarşısında duran vəzifələr də məhz Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə bundan sonra da uğurla icra edilə bilər. Bu vəzifələrin arasında əlbəttə ki, ilk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dayanır. Bizim mövqeyimiz prinsipialdır. Mən bunu dəfələrlə bəyan etmişəm. Azərbaycan xalqı və Yeni Azərbaycan Partiyası bu mövqeyi birmənalı şəkildə dəstəkləyir. Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və olmayacaqdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu gün də belədir, sabah da belə olacaqdır. Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəkdir. Bu münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında öz həllini tapa bilər. Heç bir başqa variant nəzərdən keçirilmir. Heç bir başqa variant qəbul edilə bilməz. Mən inanıram və əminəm ki, biz bu məsələni həll edəcəyik. Çünki bizim artan xarici və daxili gücümüz, artan ordu potensialımız və iqtisadi inkişaf qələbəmizi şərtləndirəcəkdir".

Ermənistanın  işğalçılıq missiyasından əl çəkməməsi bu ölkəyə baha başa gəlib. Bu gün Ermənistan iqtisadi burulğandan xilas ola bilmir. Ölkə əhalisi acından ölməmək üçün xarici ölkələrə üz tutur. Bunun əsas səbəblərindən biri  qonşu dövlətlərlə münasibətlərin kəskin xarakter almasıdır. Bunu Ermənistanın tanınmış ictimai - siyasi xadimləri də təsdiqləyirlər. Məsələn, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın hakimiyyəti illərində xarici siyasət məsələləri üzrə müşavir, Dağlıq Qarabağ münaqişəsi üzrə məsləhətçisi vəzifələrində işləmiş, ABŞ-ın Miçiqan Universitetinin professoru Jirayr Libaridiyan   Dağlıq Qarabağ münaqişəsində hazırkı vəziyyəti, Ermənistan hakimiyyətinin destruktiv mövqeyini və  bəzi beynəlxalq qurumların fəaliyyətsizliyini kəskin tənqid etmişdir. Sabiq müşavir  etiraf etmişdir ki, Dağlıq Qarabağ münaqişəsi həll edilməsə, Ermənistan regionda ən zəif ölkə olaraq qalacaq, Azərbaycan və Gürcüstan isə inkişaf edəcək: “Biz iki qonşu dövlətlə - Türkiyə və Azərbaycanla münaqişədəyik. Nə qədər ki, bu münaqişələr həll edilməyib, Ermənistan inkişaf edə bilməyəcək”.

Artıq erməni diplomatları və hərbçiləri də Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu təsdiqləyir və etiraf edirlər ki, münaqişə nə vaxta qədər öz ədalətli həllini tapmayıb, Ermənistan iqtisadi tənəzzüldən qurtula bilməyəcək. Ermənistanın  digər dövlətlərin əraziləri hesabına “Böyük Ermənistan” yaratmaq ideyası iflasa uğrayacaq.

Azərbaycan Prezidenti  İlham Əliyevin “Heç vaxt Azərbaycan öz torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir” - qətiyyətli fikri Ermənistanın bütün planlarını puç edəcək.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında