Beynəlxalq təşkilatların ikili standartlar nümayiş etdirməsi narkotik maddələr dövriyyəsinin daha geniş vüsət almasına şərait yaradır
Uzun illərdir ki, Ermənistan işğalçılıq siyasətini davam etdirir. Qonşu ölkələrin torpaqları hesabına öz ərazilərini genişləndirən və bu torpaqlar üzərində Ermənistan dövləti yaradan erməni xalqının mayası sanki qəsbkarlıqdan, zalımlıqdan yoğrulub. İqtisadi böhrandan xilas ola bilməyən işğalçı dövlətdə yerli sakinlər acından ölməmək üçün xarici dövlətlərə köçürlər.
Yerli kütləvi informasiya vasitələrinin yazdıqlarına görə, Ermənistan əhalisinin yarısı ölkəni tərk edərək çörək pulu qazanmaq üçün dünyanın müxtəlif regionlarına səpələniblər. Hakimiyyətə rəhbərlik edənlər isə öz bizneslərini narkotik maddələrin əkilib - becərilməsi və satılması üzərində qurublar. Narkobiznesi özlərinin əsas gəlir mənbəyi hesab edən Ermənistanın dövlət rəsmiləri işğal altında saxladıqları Azərbaycan ərazilərundən qanunsuz olaraq narkotik vasitələrin daşınmasında tranzit kimi istifadə edirlər.
Ermənilər əsasən 90-cı illərin sonlarından başlayaraq işğal altında saxladıqları ərazilərdən narkortanzit kimi açıq şəkildə istifadə edirlər. 90-cı illərin sonlarında Ermənistanda “Qarabağ klanı”nının hakimiyyətə gəlməsindən sonra işğal edilmiş Azərbaycan ərazilərindən erməni hakim elitası üçün narkotik maddələrin əkilib-becərilməsi və satışı gəlirli biznes sahəsinə çevrilib.
Ermənistanın kütləvi informasiya vasitələri və bir sıra hüquq müdafiəçilərinin verdikləri məlumatlarda bildirilir ki, Azərbaycan ərazilərinin işğal edilməsində xüsusi fəallıq göstərmiş və quldur dəstəsinə rəhbərlik etmiş keçmiş prezident Robert Köçəryan, indiki prezident Serj Sərkisyan, onun beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmalarla ortaq olan “Saşik” ləqəbli qardaşı və digərləri narkotik maddələrin daşınmasında Dağlıq Qarabağdan tranzit kimi istifadə etməklə böyük biznes qurublar. Məhz hakim elitanın nümayəndələrinin rəhbərliyi və bilavasitə təşkilatçılığı ilə Əfqanıstandan daşınan heroin İran ərazisindən keçməklə birbaşa Dağlıq Qarabağa, oradan isə İrəvana çatdırılır. Daha sonra yük hava və quru yoluyla Avropa və Yaxın Şərq ölkələrinə ötürülür. Bu bir faktdır ki, işğal altında olan Dağlıq Qarabağ ərazisindən daşınan narkotiklərdən əldə edilən gəlirin bir hissəsi işğalçı dövlətin silahlı qüvvələrinin saxlanmasına, silah və ərzaqla təchizatına sərf edilir.
Artıq bir neçə dəfə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınmasını aşkar etmiş və məlum olmuşdur ki, bu iyrənc işin əsas təşkilatçıları və rəhbərləri Ermənistanın hakim dairələridir.
Bu yaxınlarda Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan 12 nəfər ifşa edilib. Onlardan ümumilikdə 40 kiloqram 500 qrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.
Müəyyən edilib ki, qanunsuz dövriyyədən çıxarılmış həmin narkotik vasitələrin bir hissəsinin əkilməsi, yetişdirilməsi və toplanılması Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan Respublikasının ərazilərində təşkil edilmiş və sonradan həmin narkotik vasitələr İrana, oradan isə Azərbaycana gətirilmişdir.
Azərbaycanın Ermənistan tərəfindən işçğal olunmuş Dağlıq Qarabağ ərazilərində qanunsuz yolla narkotik bitkilərin yetişdirilməsi artıq bütün dünyaya bəllidir. Azərbaycan dəfələrlə bu mövzunu beynəlxalq təşkilatların qarşısında qaldırsa da, problemin aradan qaldırılmasında ciddi tədbirlər görülməmişdir, həmişə olduğu kimi, yenə də ikili standartların şahidi olmuşuq. Elə bu laqeyd münasibətin, siyasi riyakarlığın nəticəsidir ki, məsələ hələ də öz həllini tapmayıb.
Beynəlxalq təşkilatlara da məlumdur ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını narkotik məhsulların yetişdirilməsi və qaçaqmalçılığı yuvasına çevirib. Ermənistanın nəzarətində olan Azərbaycan ərazilərindən əsas beynəlxalq narkotrafik marşrutlarından biri keçir: Beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycan hazırda işğal edilmiş ərazilərində baş verənlərə, eləcə də narkotiklərin tranzitinə və digər transmilli cinayətlərə görə məsuliyyət daşımır. Çünki həmin ərazilər 23 ildir ki, Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Beynəlxalq təşkilatların bütün çağırışlarına və tövsiyələrinə məhəl qoymayan Ermənistan dövləti hələ də işğalçılıq siyasətindən əl çəkmir, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan qeyri-qanuni əməllərini davam etdirir. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının hələ 90-cı illərin əvvəllərində qəbul etdiyi 4 qətnamədə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini qeyd - şərtsiz azad etməsi öz əksini tapıb, bu qətnamələr bu günə qədər icra olunmayıb. Bundan başqa, Avropa Parlamenti, AŞPA, İslam Konfransı Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyıb. Beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrdə birmənalı olaraq göstərilir ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Ermənistan dövləti isə bütün bunlara məhəl qoymayaraq işğalçılıqdan əl çəkmir. Bunun da əsas səbəblərindən biri iqtisadi məngənədə çabalayan Ermənistanın işğal etdiyi ərazidən beynəlxalq narkoticarətdə tranzit kimi istifadə etməsidir.
Azərbaycanın işğal edilmiş əraziləri beynəlxalq hüquq baxımından nəzarətsiz zonadır və bu ərazilərdə nəinki narkotrafik, eləcə də beynəlxalq təhlükə mənbəyi olan digər əməllərin – terrorçuların hazırlanması və tranziti, narkotiklərin yetişdirilməsi, təhlükəli materialların ötürülməsi və digər məqsədlərlə istifadə edilməsi üçün əlverişli şərait var. Ermənistanın hakim dairələrinin bu ərazidən narkotik vasitələrin satışından tranzit kimi istifadə etməsi artıq bir sıra beynəlxalq təşkilatlar tərəfindən də öz təsdiqini tapıb.
BMT-nin ötən hesabatlarında bildirilir ki, Qafqazda və regionda separatçı rejimlərin nəzarətində olan ərazilər - xüsusən də Dağlıq Qarabağ və Abxaziya heroin trafikində önəmli yer tutur. Hesabatda həmçinin narkotik vasitələrin Azərbaycandan istifadə edilməklə hərəkət marşrutu müəyyən edilib. Hazırda BMT-yə narkotik maddələrin işğal altında olan Azərbaycan əraziləri vasitəsilə tranzitinin üç marşrutu məlumdur: Əfqanıstan-İran-Azərbaycan; Əfqanıstan-Pakistan-İran; Əfqanıstan-Orta Asiya-Azərbaycan. Rəsmi Bakı bu marşrutlara yenisinin də əlavə olunmasını tələb edir: Əfqanıstan-İran-Dağlıq Qarabağ. Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatları mövcud vəziyyətə reaksiya verməyə çağırsa da, hələlik heç bir reaksiya yoxdur. Onu da qeyd edək ki, Azərbaycan nümayəndə heyəti bir neçə dəfə BMT Baş Assambleyasında işğal edilmiş ərazilərdəki vəziyyətə dair qətnamə layihələrini müzakirəyə çıxarıb. Həmin sənədlərdə bu ərazilərin beynəlxalq hüquq baxımından nəzarətsiz “boz zona” olduğu vurğulanmaqla ondan irəli gələn təhdidlərlə bağlı narahatlıq da çatdırılıb.
Azərbaycanın həyata keçirdiyi məntiqli xarici siyasət nəticəsində artıq dünyanın nüfuzlu təşkilatları Ermənistanı işğalçı dövlət kimi tanıyır və işğal altında olan ərazilərdən narkotik maddələrin daşınmasında tranzit kimi istifadə olduğunu bilir. Artıq ABŞ Dövlət Departamenti də faktı qəbul edir. Dövlət Departamentinin ötən illərdəki hesabatlarının birində bu fakt öz əksini tapıb. “Narkotiklərə Nəzarət Strategiyası 2010A” adlı illik hesabatda bildirilirdi ki, Azərbaycan Əfqanıstandan və Orta Asiyadan, həmçinin də İrandan Rusiya və Avropaya narkotik daşınan yolun üzərində yerləşir. Hesabata görə, Əfqanıstanda istehsal edilmiş narkotik maddələr Azərbaycana əsasən üç yolla keçirilir: Orta Asiyadan Xəzər dənizi ilə, İrandan birbaşa və münaqişə zonasında nəzarət edilməyən ərazilərdən. İran yolu ilə narkotiklərin 95 faizi daşınır. Buradan Azərbaycana, oradan da Rusiyaya keçirilən narkotiklər sonra da Avropaya ötürülür. Türkiyənin İranla sərhədə nəzarəti gücləndirməsi də narkotacirləri Azərbaycan istiqamətinə yönəldib”.
BMT, Avropa İttifaqı, NATO, ATƏT kimi beynəlxalq qurumlar, başda ABŞ olmaqla Qərb dövlətləri terrorçuluq və narkotiklər kimi qlobal təhlükəsizlik problemlərini əsas gündəm məsələsi saydıqları bir vaxtda Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistanın narkotik maddələrin daşınmasında tranzir kimi istifadə etməsi diqqətdən kənarda qala bilməzdi. Bu gün Ermənistan silahlı qüvvələrinin nəzarətində olan Dağlıq Qarabağın dünyada narkotik vasitələrin ən böyük tranzit məkanına çevrilməsi artıq bütün dünyaya bəllidir. Çünki Azərbaycanın rəsmi dairələri, başda dövlətimizin başçısı İlham Əliyev olmaqla, işğal altında olan Azərbaycan torpaqlarından narkotik istehsalı üçün istifadə edilməsi haqqında dəfələrlə çox ciddi əsaslara söykənən bəyanatlar səsləndiriblər.
Son illər Azərbaycanın beynəlxalq aləmdəki reytinqi sürətlə yüksəlir. Artıq ölkəmiz dünya birliyində söz sahibinə çevrilən dövlətlər sırasına qoşulub. Ümid edirik ki, dövlətimizin başçısının həyata keçirdiyi düşünülmüş xarici siyasət sayəsində beynəlxalq səviyyədə narkotiklə mübarizə aparan təşkilatlar bu məsələ barədə daha ətraflı düşünəcək və bəşəriyyət üçün təhlükə olan halın qarşısının alınması məqsədiylə çox ciddi addımlar atacaqlar. Beynəlxalq təşkilatlar Ermənistana təzyiqləri artırmalı və işğalçı dövlətdən beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunmasını tələb etməlidirlər.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.