(əvvəli qəzetin 15 iyun 2013-cü il tarixli sayında)
Azərbaycanın yeni enerji strategiyasının memarı ümummilli lider Heydər Əliyevin ötən əsrin 90-cı illərində müəllifi olduğu iki siyasi qərar ölkəmizin neft-qaz siyasətinin formalaşmasında həlledici əhəmiyətə malik oldu, eyni zamanda respublikamızın Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu nümayiş etdirdi. Daha dəqiq desək, 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsinin 12 şirkəti ilə “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin yeni neft strategiyasının başlanğıcı oldu. 1996-ci il iyunun 6-da regionun enerji təhlükəsizliyi sahəsində olduqca mühüm rol oynayan və nəticədə Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan “Şahdəniz” qaz yatağının işlənməsinə dair müqavilənin imzalanması ilə bu proses dönməz xarakter aldı.
Bu gün ölkənin təsdiq edilmiş enerji ehtiyatları 1,5-2 milyard tondan artıq neft və 2,6 trilyon kubmetr qazdan ibarətdir və 7 kəmərlə Avropa və dünya bazarlarına çatdırılır. Bunlardan 3-ü neft (Rusiya, Gürcüstan və Türkiyə istiqamətləri) 4-ü isə qaz ( Türkiyə, Gürcüstan, Rusiya və İran istiqamətləri) kəmərləridir. Bunların içərisində Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz boru kəmərlərinin istifadəyə verilməsi həm regional, həm də Avropanın enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyiyyət kəsb etmişdir. BTC sutkada 1 milyon barrel, ildə 50 milyon ton neftin ixracını həyata keçirir. BTƏ boru kəməri ilə isə ildə 25 milyard kubmetr qaz ixrac edilir. Təkcə “Şahdəniz” yatağında təsdiqlənmiş qaz yataqları 1,2 trilyon kubmetr təşkil edir. Təxminən, “Ümid” yatağında 200 milyard kubmetr, “Babək” yatağında 400 milyard kubmetr, “Abşeron” blokunda aşkar edilmiş yeni böyük qaz yatağında isə 350 milyard kubmetrə bərabər qaz ehtiyatı vardır. Hazırda neft-qaz sektoruna qoyulan investisiyalar 50 milyard dollar səviyyəsindədir. Bütövlükdə 1995-ci ildən ölkə iqtisadiyyatına 120 milyard dollar investisiya qoyulmuşdur. Bu reallıqlar fonunda Azərbaycan dövləti qarşısında ya yeni qaz bazarlarına çıxış yolları axtarmaq, ya da ənənəvi istiqamətlər üzrə ixracı artırmaq vəzifəsi durur. Elə bu vəzifədən irəli gələrək 2011-ci ilin yanvar ayında Azərbaycan ilə Avropa İttifaqı arasında “Cənub” nəqliyyat dəhlizi haqqında bəyannamə imzalanmışdır.
Qeyd edilən istiqamətdə növbəti mühüm addım olaraq 2011-ci ilin 25 oktyabr tarixində İzmirdə ARDNŞ, BP-Azərbaycan və Türkiyənin “BOTAŞ” şirkəti “Şahdəniz” yatağının ikinci mərhələsində hasil olunan qazın Avropa bazarlarına çıxışını təmin edəcək sazişlər paketi imzalamışdır. Paketə 25 sənəd, o cümlədən “Şahdəniz-2" mərhələsindən sonra Azərbaycan qazının Türkiyə üçün qiyməti, 2017-ci ildən sonra bu yataqdan Türkiyəyə qaz tədarükünün həcmi, Türkiyə ərazisindən nəql olunacaq Azərbaycan qazının tranzit sazişi və digər razılaşmalar daxildir. Bununla da uzun illərdir Avropanın enerji siyasətində ciddi müzakirə olunan Azərbaycan qazının dünya bazarlarına çıxışı istiqamətində olduqca əhəmiyyətli addım atılmışdır. Görülən bu işlərin məntiqi nəticəsi olaraq ötən ilin iyun ayında TANAP layihəsinə start verilmişdir. Prezident İlham Əliyev bu layihəni öz əhəmiyyətinə görə tarixi layihə kimi dəyərləndirmişdir. Dövlət başçısı qeyd etmişdir ki, ən azı son yeddi il ərzində bu məsələ ilə bağlı müzakirələr gedir, ancaq nəticə yox idi. Belə olan halda biz qərara gəldik ki, bu sahədə də Azərbaycan liderliyi üzərinə götürməlidir. Necə ki, 1990-cı illərin ortalarında Azərbaycan Bakı-Tbilisi-Ceyhan layihəsinin icrası ilə bağlı liderliyi, bütün məsuliyyəti və öhdəlikləri öz üzərinə götürmüşdür. Biz gördük ki, əgər bu sahədə də liderliyi üzərimizə götürməsək, bu danışıqlar hələ bəlkə bir on il də heç bir nəticəsiz davam edəcəkdir. Qısa müddət ərzində türkiyəli tərəfdaşlarımızla bu məsələ ilə bağlı müzakirələr, danışıqlar aparıldı. Layihəyə ad verildi - TANAP, Trans-Anadolu Qaz Kəməri. Bütün məsələlər həllini tapdıqdan sonra İstanbul şəhərində gözəl mərasim keçirildi və TANAP ilə bağlı bütün sənədlər imzalandı. Yəni, bu layihəyə start verildi. Bir daha vurğulamaq istəyirəm ki, bu layihə sırf Azərbaycan-Türkiyə layihəsidir. Pay bölgüsü 80 faiz Azərbaycan, 20 faiz Türkiyə tərəfinə çatacaqdır. Pay bölgüsü bu əsasda aparılmışdır. Bu pay bölgüsü, eyni zamanda, maliyyə öhdəliyini göstərir. Yəni, biz hazırıq ki, layihənin 80 faizinin maliyyəsini özümüz təmin edək. Eyni zamanda, mən bunu elan etmişəm, bu gün də demək istəyirəm ki, bu layihə tərəfdaşlar üçün, bizim üçün dost olan şirkətlər, Azərbaycanda uzun illər fəaliyyət göstərən şirkətlər üçün də açıqdır. Əgər hər hansı bir şirkət bu layihədə səhmdar, investor kimi iştirak etmək istəyərsə, biz buna müsbət baxacağıq. Əlbəttə, biz qərar verəcəyik ki, hansı şirkətlər bu layihədə iştirak edə bilər.
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu və cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi “yeni neft diplomatiyası”nın möhtəşəm nailiyyətlərinin yuxarıdakı təqdimatı sübut edir ki, Azərbaycan bütün sferalarda, xüsusilə də enerji sahəsində regionun həlledici aktoruna çevrilmişdir.
Azərbaycan qısa zaman kəsiyində demokratik inkişaf yolunda da ciddi uğurlara imza atdı. Ümummilli lider Heydər Əliyevin təşəbbüsi və siyasi iradəsinin nəticəsi olaraq qəbul edilmiş 1995-ci il Konstitusiyası və ona edilmiş əlavə və düzəlişlər ölkımizdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması prosesində müstəsna rol oynamışdır. Ölkəmizdə milli qanunvericiliyin təkmilləşdirilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının etibarlı təminat mexanizmlərinin formalaşdırılması və xüsusilə də siyasi-hüquqi sistemin liberallaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.
Məhz bu möhkəm özül əsasında ölkəmizdə şəxsiyyətin azadlığı və toxunulmazlığı, habelə onların hüquqi müdafiəsi qorunmuş, çoxpartiyalı sistem üçün əsaslar yaradıldılmış, siyasi plüralizm, vicdan və etiqad azadlığı, azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edilmişdir. Bundan savayı, Konstitusiya Məhkəməsi, üçpilləli məhkəmə sistemi, məhkəmələrin müstəqilliyi və prosedur qaydalarının şəffaflaşdırılması təmin edilmiş, on minlərlə insan amnistiya edilmiş və böyük sayda məhkum bağışlanmış, senzura ləğv edilmiş, KİV-in azadlığı və QHT-lərin sərbəst fəaliyyəti təmin edilmişdir.
Bu prosesdə—demokratik dövlət quruculuğu istiqamətində ümummilli liderin miras qoyduğu irsin öyrənilməsi, təbliği və tətbiqində Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Başqa sözlə, ulu öndərin irsinin öyrənilməsi istiqamətində irimiqyaslı proqramların həyata keçirilməsini dəstəkləmək, Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş təşəbbüsləri himayə etmək, ölkədə elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə və digər mühüm vəzifələrin yerinə yetirilməsinə nail olmaq ölkənin birinci xanımının rəhbərlik etdiyi təşkilatın genişmiqyaslı fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir və geniş ictimaiyyət tərəfindən olduqca yüksək dəyərləndirilir.
Azərbaycan xalqı artıq 10 ilə yaxındır ki, qəlbində əbədi heykəlini qoyduğu ulu öndərin cismani yoxluğunu onun siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirərək yad edir. Xalqımız Heydər Əliyevin fiziki itkisindən nə qədər çox kədərlənsə də, təskinliyini onda tapır ki, bu gün ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”,-qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 10 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Son 10 ildə ölkəmiz öz müstəqilliyini daha da möhkəmləndirmiş, sosial-iqtisadi, siyasi-diplomatik və hərbi quruculuq sahələrində çox böyük uğurlara imza atmışdır. Faktların və arqumentlərin dili ilə desək, bu illər ərzində ölkə iqtisadiyyatı 300 faiz, sənaye istehsalı da 300 faiz artmışdır. Həmin müddətdə 1 milyon 100 min yeni iş yeri açılmışdır. İşsizliyin səviyyəsi təqribən 5,2 faizə bərabərdir. Müqayisə üçün qeyd edək ki, bir sıra inkişaf etmiş dövlətlərdə bu göstərici 15-20 faiz səviyyəsindədir. Yoxsulluq 5 dəfə—500 faiz azalmışdır və hazırda 6 faiz təşkil edir. Büdcə xərcləri təxminən 20 dəfə artmışdır. Ölkəmizin strateji valyuta ehtiyatları 48 milyard dollara çatmışdır. Azərbaycan Dövlət Neft Fondunun aktivləri 32 milyard dollara bərabərdir. Xarici borcumuz ümumi daxili məhsulun təxminən 7 faizini təşkil edir ki, bu da olduqca yaxşı göstəricidir. Son 10 ildə ölkə iqtisadiyyatına 140 milyard dollardan artıq investisiya qoyulmuşdur.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həllini gözləyən istənilən dövlət əhəmiyyətli məsələ ilə bağlı konkret proqramlar hazırlanır və onlar uğurla icra edilir. Belə Dövlət Proqramlarından “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Programı (2003-2005-ci illər)”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programı (2004-2008-ci illər)”) , “Azərbaycan Respublikasının məşğulluq strategiyası” (2006-2015-ci illər)", “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı (2007-2011-ci illər”, “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”, “Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2011-2013-cü illər)”, “Azərbaycan Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı” və s. qeyd etmək olar. Ümumən, Azərbaycanda belə məqsədyönlü proqramların sayı təqribən 50-yə yaxındır.
Bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizini və demoqrafiyasının 65 faizini təmsil edən modernləşdirilmiş Azərbaycan tədricən Avropa geoiqtisadiyyatının və regional geosiyasətin intellektual və informasiya mərkəzinə, onun mühüm tərkib hissəsinə transformasiya olunur. Təsadüfi deyildir ki, beynəlxalq təşkilatların reytinq cədvəllərində Azərbaycanın mövqeyi yüksək olaraq qalmaqdadır. Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan iqtisadiyyatı öz rəqabət qabiliyyətinə görə dünyada 46-cı, MDB məkanında isə birinci ölkə olaraq təqdim olunmuşdur. Ölkəmiz informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və hazırlığına görə də MDB məkanında birinci mövqedədir. Azərbaycan kosmik dövlətlər ailəsinin üzvü olmuşdur. BMT-nin hesabatına görə, insan inkişafı indeksinə istiqamətində də ən böyük sıçrayışı məhz Azərbaycan etmişdir. Böyük Britaniyanın nüfuzlu HSBC bankının “2050-ci ildə dünyanın ən böyük 100 iqtisadiyyatı” adlı proqnozuna əsasən, 2050-ci ildə dünyanın ən böyük iqtisadiyyatları siyahısına indiki MDB-dən yalnız 7 ölkə düşə biləcəkdir. Bu, Rusiya (15-ci yer), Ukrayna (40), Özbəkistan (50), Qazaxıstan (53), Azərbaycan (65), Belarus (75) və Türkmənistandır (86). Gürcüstan, Ermənistan, Moldova, Qırğızıstan və Tacikistan isə bu siyahıya düşməmişdir.
Azərbaycan rəhbərliyi ölkəni artıq 2021-ci ilə—müstəqilliyin bərpa edilməsinin 30-cu ildönümünə qədər vətəndaşların yaşayışı üçün daha firavan məkana çevirməyi qarşısına məqsəd qoymuşdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, “ölkəmizin daha yaxşı olması, insanların daha yaxşı yaşaması, Azərbaycanın şöhrətinin artması” üçün ediləcəkdir.
Heç şübhəsiz, dövlət idarəçiliyi və onun müxtəlif istiqamətləri üzrə əldə edilən bu uğurlar Ermənistanın ölkəmizə qarşı xarici havadarlarının dəstəyi ilə həyata keçirdiyi işğalçılıq siyasəti olmasaydı, daha böyük miqyas ala bilərdi. Dövlətimizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyi vardır və bu mövqe həm tarixi həqiqətə, həm də beynəlxalq hüquq normalarına əsaslanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü danışıqların predmeti olmayıb və heç zaman da olmayacaqdır. Danışıqlar prosesində konkret nəticə olmasa da, son aylar ərzində beynəlxalq vasitəçilərin münaqişə ətrafında formalaşmış status-kvonun dəyişdirilməsinin vacibliyi ilə bağlı davamlı bəyanatlar səsləndirməsi təqdirəlayiq haldır. Münaqişə dondurulmuş münaqişə deyil və status-kvonun dəyişdirilməsi ilk növbədə Azərbaycan torpaqlarının işğaldan azad edilməsini tələb edir və münaqişənin həlli yolu yalnız bundan keçir. Cənab Prezidentin təbirincə desək, iqtisadi artım, iqtisadi potensial, demoqrafik durum və əlbəttə hərbi güc münaqişənin tezliklə həll olunması üçün öz rolunu oynayır və oynayacaqdır.
20 il əvvəl Azərbaycan beynəlxalq koordinatlar sisteminin subyekti idisə, indi onun fəal aktoruna çevrilmişdir. Azərbaycan bu gün bölgədə və dünyada etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə imicinə malikdir. Azərbaycan Respublikasının 2011-ci il oktyabr ayının 24-də BMT TŞ-ya 2012-2013-cü illər üzrə qeyri-daimi üzv seçilməsi bu həqiqəti bir daha təsdiqləmişdir. 155 ölkənin Azərbaycanın lehinə səs verməsi əslində dünya ictimaiyyətinin ölkəmizə olan münasibətinin ifadəsidir, respublikamızın həm regionda, həm də beynəlxalq arenada artan nüfuzunun, dünyada cərəyan edən beynəlxalq proseslərdə yaxından iştirakının və eyni zamanda, sülhün və əmin-amanlığın bərpa edilməsinə verdiyi töhfəsinin bariz nümunəsidir. Beynəlxalq arenada qazanılan bu möhtəşəm uğurun əsasında ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi balanslı və çevik xarici siyasət strategiyası və onun dünyanın yeni geosiyasi reallıqları nəzərə alınmaqla Prezident İlham Əliyev tərəfindən novatorcasına davam etdirilməsi kursu dayanır.
Elman NƏSİROV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.