Belə oyuncaq qurumlar ciddi nailiyyətlər əldə edə bilməyəcəklər
Antiazərbaycan dairələrin sifarişi ilə yaranmış Milli Şura müxalifət düşərgəsində qarşıdurmanı daha da gücləndirdi. Bu qurumun yaranmasını səbrsizliklə gözləyənlər peşimançılıqlarını ört - basdır edə bilmirlər. Necə deyərlər, kabab iyinə toplaşanlar tamam başqa mənzərə ilə qaşılaşdılar. Çoxlarına məlum oldu ki, Azərbaycanda prezident seçkiləri ərəfəsində qarışıqlıq yaratmaq istəyən antimilli dairələr xarici düşmənlərimizin əlində alətə çevriliblər. Milli Şura da belə alətlərdən biridir.
Milli Şuraya sədr “seçilən” kinorejissor Rüstəm İbrahimbəyovun siyasi naşılığından və ermənipərəst mövqeyindən yararlanan xarici düşmənlərimiz öz çirkin niyyətlərini məhz onun əli ilə həyata keçirməyi planlaşdırırlar. Çünki xalqını,millətini və Vətənini azacıq da olsa sevən, azərbaycanlı adını daşıyan hər bir kəs vicdanını düşmənlərimizin çirkli pullarına satmaz. Təəssüf ki, belələri tapıldı. Onlardan biri hələ də hansı məzhəbə qulluq etdiyini müəyyənləşdirə bilməyən Rüstəm İbrahimbəyov, digəri isə reneqat Eldar Namazovdur. Hakimiyyətdə mühüm vəzifədə olarkən müxalifəti satqın, xəyanətkar adlandıran, tutduğu vəzifədən uzaqlaşdırıldıqdan sonra isə satqınlara, xəyanətkarlara qoşulan, hətta onların önündə gedən reneqat Eldar Namazov indi erməni lobbisinin çaldığı havaya oynayır. Bunu müxalifət düşərgəsində də təsdiqləyirlər. Politoloq Cümşüd Nuriyev reneqat Eldar Namazovun müxalifətçiliyinə heç vaxt inanmadığını vurğulayarq deyib ki, “Bu həmin Eldar Namazovdur ki, 6 il müxalifətin üzünə tüpürdü, indi ona qucaq açıblar. Onun rəhbərlik etdiyi qurumdan da heç nə gözləmək olmaz”. Milli Şuranın da əhəmiyyətsiz, xarici dairələrin ssenarisi əsasında yarandığını bildirən C.Nuriyev Rüstəm İbrahimbəyovun ölkəmizdə qarşıdurma yaratmaq istəyən dairələrin sifarişlərini yerinə yetirdiyi barədə açıqlama verib. Onun fukrincə, Rüstəm İbrahimbəyov bu günə kimi ssenari yazırdı, indi özü Rusiyanın ssenarisinə oynayır. O deyib ki, İsa Qəmbər və Əli Kərimli ordan - burdan borc adam tapıb Milli Şuraya yerləşdirdilər. Bu qurumun üzvlərinin siyahısı elan ediləndə biz bunun şahidi olduq. Ancaq digər müxalifət nümayəndələri - Sərdar Cəlaloğlu (ADP), İqbal Ağazadə (Ümid), Mirmahmud Mirəlioğlu(KXCP), İlqar Məmmədov (REAL), Sabir Rüstəmxanlı (VHP) və istiqlalçı deputatların hamısı bu Milli Şuranı boykot edib. Ağıllı insanlar Milli Şurada olmayacaq. Çünki Milli Şuranın 1 qəpiklik qiyməti yoxdur".
Politoloq Milli Şurada təmsil olunanları savadsız, Azərbaycan Konstitusiyasından bixəbər adlandırıb. O, Rüstəm İbrahimbəyovun bu quruma sədr seçilməsinə münasibət bildirərkən deyib:"Milli Şurada təmsil olunan hüquqşünasların ya Azərbaycan Konstitusiyasından xəbərləri yoxdur, ya da ki, onu oxumayıblar. İbrahimbəyov Konstitusiyanın 2 maddəsini pozur. Birincisi, o, namizəd olmaq üçün son 10 ilini Azərbaycanda yaşamalı idi. O isə bu müddət ərzində Azərbaycanda yaşamayıb. Onun İçərişəhərdə bir mülkü var, orada da siyasətlə məşğuldur, hərdən bir də gəlib-gedir. İkincisi, onun ikili vətəndaşlığı olmamalıdır. İbrahimbəyovun isə nəinki ikili, hətta üçlü vətəndaşlığı var. Bu amil də İbrahimbəyovun namizəd olmasını mümkünsüz edir. Üçüncüsü də, onun üzərində cinayət işi olmamalıdır. Rüstəm İbrahimbəyovun vergi cinayətilə bağlı iş gedir. Ən azından Konstitusiyanın 100-cü maddəsinin 2 bəndi imkan vermir ki, Rüstəm İbrahimbəyov prezidentliyə namizəd olsun. Onun namizədliyinin irəli sürülməsinin arxasında AXCP sədri Əli Kərimli dayanır. Ona görə ki,Əli Kərimli də İsa Qəmbərin müxalifətin prezidentliyə namizəd olmasını qəbul eləmir".
Milli Şuranın yaradılması müxalifət düşərgəsində qarşıdurmanı daha da gücləndirib. Çünki bu qurum prezidentliyə vahid namizədlik məsələsində İsa Qəmbərin ərtafında olmayacağını bəyan etdi və özlərinin namizədlərinin olacağını bildirdilər. Bu da müsavatçıların qəzəbinə səbəb olub. İndi Müsavat Partiyası Milli Şuradan çıxmğa və bu qurumu satqın adlandırmağa hazırlaşır. Müsavatçılara bəlli olub ki, Milli Şura İsa Qəmbərin vahid namizəd olması məsələsini pozmağa xidmət edir və bu ssenarinin hazırlanmasında AXCP sədri Əli Kərimli ilə “EL” hərəkatının rəhbəri reneqat Eldar Namzov iştirak ediblər.
Məlum məsələdir ki, Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınması qanunla mümkün olmayacaq. Milli Şura üzvləri də məcburiyyət qarşısında qalıb ya Əli Kərimlinin, ya da ki, Eldar Namazovun namizədliyini irəli sürəcəklər. Ə.Kərimli ilə E.Namazovun bu hiyləsindən xəbərsiz olan İsa Qəmbər isə tam əmin idi ki, Milli Şura prezidentliyə namizəd kimi ancaq onu dəstəkləyəcək. Ancaq hər şey tərsinə oldu. Politoloq C.Nuriyevin dediyi kimi, İsa Qəmbər bir də onda ayıldı ki, Əli Kərimli onu aldadıb. Politoloq bildirib ki, Əli Kərimli və Eldar Namazov çox ustalıqla İsa Qəmbərin namizədlik məsələsini gündəmdən çıxarmaq üçün Milli Şura ideyasını dəstəklədilər. İsa Qəmbər isə elə fikirləşdi ki, Rüstəm İbrahimbəyov Milli Şuranın sədri seçiləndən sonra namizədlikdən imtina edəcək. Əli Kərimli və Eldar Namazovun əsas məqsədləri də o idi ki, bu işi İsa Qəmbərin əli ilə etsinlər: “çox bilmiş quş həmişə dimdiyindən tələyə düşür, İsa Qəmbəri də öz dilindən tələyə saldılar. Elə Milli Şuranın ilk toplantısında Leyla Yunus İbrahimbəyovun namizədliyini irəli sürdü. Burada birinci məqsəd İsa Qəmbərin namizədliyini gündəmdən çıxarmaq, ikincisi Rusiyanın tapşırıqlarını icra etmək idi. Onlar da bu tapşırığı icra etdilər. Rüstəm İbrahimbəyov iyul-avqust ayında deyəcək ki, İsa Qəmbər satqındır. Prezident seçkiləri təbliğatı başlayanda Müsavatın evini Əli Kərimli, İbrahimbəyov və Namazov yıxacaq”.
Göründüyü kimi, Milli Şura müəyyən qüvvələrin maraqlarına xidmət edir.R. İbrahimbəyov isə həmin planda ssenari müəllifi yox, baş rolun ifaçısıdır. Ona görə də bu qurumda təmsil olunanlar vəzifə almaq həsrətilə yaşayanlardır. Əslində Milli Şura İctimai Palatanın tərs üzüdür. Bu qurumun tərkibi gülünc doğurur. Bunu ADP sədri Sərdar Cəlaloğlu da təsdiqləyib. O deyib ki, Milli Şuranın tərkibi gülüncdür:"Bu, Milli Şura adına çox gülünc bir tərkibdir. Bu tərkib nəinki bir milləti təmsil etmək baxımından, hətta bir siyasi qüvvəni təmsil etmək baxımından da düzgün deyil. Ona görə də belə qurumlar heç vaxt çox ciddi nailiyyətlər əldə edə bilmirlər".
Milli Şuranın fəaliyyətinə və gələcəyinə inanmadığını bildirən S.Cəlaloğlu R.İbrahimbəyovun bir fikrinə istinad edərək deyib ki, bu qurumda cəmiyyətdə kifayət qədər tanınmış insanlar, alimlər, ictimai - siyasi xadimlər təmsil olunmayıblar. Rüstəm İbrahimbəyov da özü tərkiblə bağlı bəyanatında bildirmişdi ki, mən təəssüf edirəm ki, 30-dan artıq görkəmli adam Milli Şurada olmaqdan imtina etdi. İmtina edənlərin yerinə elə adamlar seçildi ki, onlar özlərini bir partiyada da doğrulda bilməyiblər. İndi bunları gətirib millətin təmsilçisi kimi bu millətə təqdim eləmək milləti təhqir etməkdən başqa bir şey deyil. Bu da Milli Şuraya qeyri-ciddi imic verir.
Partiya sədri hesab edir ki, Milli Şura təsis olunsa da, onun məqsədləri, o cümlədən onun qarşısına qoyacağı məqsədlərə necə, hansı yollarla nail olacağı bəlli deyil. Milli Şura adına baxanda görürük ki, həm əhatə dairəsi, həm də ayrı-ayrı şəxslərin keyfiyyəti baxımından onun tərkibi milli tərkib deyil: “Açığını deyim ki, orada təsadüfü təmsil olunanlar və yaxud da birliklərdə təmsil olunmaq gücünə, potensialına və haqqına malik olmayan insanlar çoxdur”. Milli Şuradan prezidentliyə vahid namizədin müəyyənləşdirilməsinə toxunan S.Cəlaloğlu qeyd edib ki, Milli Şurada ən ciddi problemlərdən biri bu məsələ olacaq: “Çünki bilirik ki, bu, Azərbaycan müxalifətində problemli məsələlərdəndir. Düşünmürəm ki, həmin məsələ asan həll olunacaq”.
Hazırda bir sıra müxalifət nümayəndələrinin Milli Şuradan kənarda durması onların Milli Şuraya etimadsızlığı, inamsızlığı və Azərbaycanı gözü götürməyən dairələrin ideyası əsasında yaranması ilə bağlıdır. Əgər bu qurum xarici dairələrin maliyyə mənbəyi əsasında yaradılmasaydı və rəhbəri də siyasi aləmdə tanınmış, cəmiyyətdə müəyyən qədər nüfuz qazanmış şəxs olsaydı, məqsəd və məramı ölkəmizin beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsi, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparmaq olsaydı, yəqin ki, ərtafına ziyalıları, tanınmış ictimai - siyasi xadimləri toplaya bilərdi. Ancaq hadisələrin gedişi Milli Şuranın əsl məqsədini, həqiqəti otraya qoydu. Yaranmamışdan hakimiyyəti ələ keçirmək iddiasında olan və ermənipərəst qüvvələrin tapşırıqlarını yerinə yetirən, xarici düşmənlərimizin çaldıqları havaya oynayan bir quruma yalnız satqınlar, milli xəyanətkarlar və xəzifə hərisləri üzv ola bilərlər. Biz bunu Milli Şuranın timsalında gördük. Ona görə də bu qurum yarandığı gündən meydanda tək qalıb. Oraya üzv olanlar isə “kabab iyinə” gələnlərdir. Gəlib gördülər ki...
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.