Azərbaycan Respublikası tarixi şansdan istifadə edərək müstəqilliyini bərpa etdikdən sonra daxili və xarici düşmənlərimiz tərəfindən müxtəlif məkrli planlar ortaya atıldı. Gah ölkə daxilində müxtəlif siyasi qruplar arasında süni qarşıdurmalar yaradıldı, gah separatçılardan istifadə olundu, gah torpaqlarımızı işğal edən Ermənistana “təmənnasız” hərbi yardım göstərildi, gah da dəhşətli terror aksiyaları törədildi.
Hakimiyyətdə olan AXC-Müsavat iqtidarının səriştəsizliyi, bacarıqsızlığı nəticəsində 1993-cü ilin iyun ayının əvvəllərində hadisələr kuliminasiya nöqtəsinə çatdı, silahlı qarşıdurmalar fonunda hakimiyyət böhranı, siyasi böhran bütün ölkəni öz cənginə aldı. Həmin günlərdə milli tariximizin ən ağır səhifələrindən biri yazılırdı. Çünki Azərbaycan öz dövlət müstəqilliyini bir əsrdə ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Ərazilərimizin ermənilər tərəfindən zəbt edilməsi kimi dəhşətli xəbərlər arxa plana keçmiş, əvəzində isə Gəncə hadisələri siyasi gündəmin bir nömrəli məsələsi kimi hər kəsin diqqətini cəlb etmişdi.
Bəli, Azərbaycan vətəndaş müharibəsinin, xanlıqlara parçalanmanın bir addımlığında idi. Bədxahlarımız hər şeyi nəzərə almışdılar. Unutduqları yeganə və ən əsas amil isə Heydər Əliyev amili idi. Bizim xoşbəxtliyimiz onda idi ki, Tanrı bütün bunların qarşısını almağa qadir olan dahi şəxsiyyəti Azərbaycana bəxş etmişdi. Antiazərbaycan qüvvələr elə güman edirdi ki, təhdidlər dalğası ilə Heydər Əliyevi də sıradan çıxaracaq və Azərbaycanı istənilən səmtə istiqamətləndirə biləcəklər. Yanılırdılar. Özü də çox. Heydər Əliyev özündən əvvəlki “liderlərdən” fərqli olaraq siyasi mübarizədə kiminsə təhdidlərindən çəkinmədən, hansısa qüvvənin qabağından qaçmadan xilaskarlıq missiyasını yerinə yetirirdi.
Həmin dövrdə cərəyan edən hadisələrə diqqət yetirdikdə bir daha aydın şəkildə anlaşılırdı ki, hakimiyyətə inqilabla gəlmək, inqilabla da hakimiyyətdə qalmaq istəyən AXC-Müsavat iqtidarının siyasi səbatsızlığı müstəqilliyini yenicə qazanmış Azərbaycanı demək olar ki, beynəlxalq aləmdən təcrid etmişdi. Ölkədə yaranmış anarxiya, başıpozuqluq, cinayətkarlıq halları insanların gələcəyə inamını itirmişdi. Sərhədlərimizi qorumalı olan milli ordunun əsgərləri AXC-Müsavat iqtidarının ayrı-ayrı üzvlərinə cangüdənlik edirdilər. İqtidarda yaranmış qruplaşmalar hakimiyyəti ələ keçirmək, birinci olmaq iddiası ilə açıq mübarizəyə başlamışdılar. Prezident postu uğrunda gedən mübarizə daha kəskin xarakter alırdı. Belə bir vaxtda prezidentliyə daha bir iddiaçı peyda olmuşdu. Bu, AXC-nin yetirməsi, Prezident Əbülfəz Elçibəyin fərmanı ilə Milli Qəhrəman elan olunmuş və prezidentin Dağlıq Qarabağda səlahiyyətli nümayəndəsi təyin edilmiş Surət Hüseynov idi. O, AXC-Müsavat iqtidarının istefasını tələb edən ultimatum vermişdi. Ordunun yarısı onun nəzarətində idi. Həmin qüvvələrlə sərhədlərimizi qorumaq, ərazi bütövlüyümüzü bərpa etmək əvəzinə, Bakını ələ keçirmək, hakimiyyətə yiyələnmək barədə düşünürdü.
Hərbi-siyasi məsələlərdən başı çıxmayan o vaxtkı bacarıqsız hökumət rəhbərliyinin hazırladığı biabırçı plan — Surət Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirdiyi əməliyyatın uğursuzluqla nəticələnməsi, iqtidarın onsuz da sarsılan mövqelərini darmadağın etmişdi. Çünki AXC-Müsavat cütlüyünün atdığı bu addım nəticəsində hər iki tərəf itki vermiş, Azərbaycanda qardaş qanı axıdılmış, ölkəmiz vətəndaş müharibəsinə sürüklənmişdi. Ən biabırçı hal isə o idi ki, Gəncəyə göndərilmiş hökumət rəsmiləri Sürət Hüseynovun dəstəsi tərəfindən girov götürülmüşdü. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı son həddə çatdırmışdı.
İyunun 8-də silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başladılar. Sürət Hüseynov xarici havadarlarının diqtəsi ilə öz təsirini bütün ölkəyə yaymaq niyyətində idi. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin vaxt Naxçıvan Ali Məclisinin Sədri olan Heydər Əliyevə üz tutdu. Xalq ulu öndər Heydər Əliyevə müraciət edib Bakıya gəlməsini və vəziyyətdən çıxış yolu tapmasını təkidlə xahiş etdi. Ancaq həmin günlərdə ümummilli lider blokada şəraitində yaşayan naxçıvanlıların problemlərinin aradan qaldırılması ilə məşğul idi. AXC-Müsavat iqtidarının müxtəlif nümayəndələrinin təzyiqi ilə Naxçıvan elektrik enerjisindən və zəruri ərzaq məhsullarından məhrum edilmişdi. Xalqımızın böyük oğlu Heydər Əliyevin siyasi uzaqgörənliyi və beynəlxalq aləmdə böyük nüfuz sahibi olması blokada şəraitində qalmış Naxçıvanı çətin vəziyyətdən xilas etdi. Qonşu Türkiyə və İrandan göndərilən humanitar yardımlar, həmçinin digər köməkliklər yaranmış problemləri tədricən aradan qaldırdı.
Naxçıvan camaatı öz rəhbərini sevir və ona güvənirdi. Onlar çox yaxşı bilirdilər ki, yalnız Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanın üzləşdiyi ağır sosial-iqtisadi problemlər öz həllini tapacaq. Ümumilikdə, Azərbaycanda hər kəs əmin idi ki, ölkədə yaranmış böhranı ancaq və ancaq Heydər Əliyev aradan qaldıra bilər, vətəndaş müharibəsinin qarşısını yalnız o ala bilər, respublikamızın müstəqilliyinə yönəlmiş təhlükələri yalnız ulu öndər dəf edə bilər. Ona görə də ziyalılar, tanınmış ictimai-siyasi xadimlər müdrik şəxsiyyət Heydər Əliyevə üz tutdu. Onu Vətəni, xalqı, milləti xilas etməyə, Azərbaycanın müstəqilliyini qoruyub saxlamağa dəvət etdi. Xalq öz liderini yenidən Azərbaycana rəhbərlik etməyə çağırırdı. Artıq AXC-Müsavat iqtidarı da dərk etməyə başlamışdı ki, Azərbaycanı bu ağır bəladan, çətin vəziyyətdən yalnız Heydər Əliyev xilas edə bilər. Odur ki, iqtidar da ulu öndərə Bakıya gəlməsini, Vətəni xilas etməsini təkidlə xahiş edir, ona yalvarırdı. Sonda razılıq verən ulu öndəri gətirməyə gedən Prezident Əbülfəz Elçibəyin təyyarəsi iyunun 7-də Naxçıvanda yerə endi...
1993-cü il iyunun 9-da Bakıya gələn ulu öndər vəziyyətin son dərəcə ağır olduğunu gördü. AXC-Müsavat iqtidarı faktiki olaraq ölkəni fəlakətin bir addımlığına çatdırmışdı. Onlar indi öz canlarını Sürət Hüseynovdan qorumaq barədə düşünürdülər. Bu ana qədər addım-addım qurulmuş planı uğurla reallaşdıran və rayonları ələ keçirib, paytaxtın 100 kilometrliyinə gəlib çıxan silahlılar nə edəcəklərini bilmirdilər. 1993-cü il iyunun 13-də Milli Məclisdə Gəncə hadisələri (4 iyun) ilə bağlı gərgin müzakirələr başlandı. Gəncədəki ağır vəziyyətə görə məsuliyyət daşıyan AXC iqtidarının ikinci şəxsi, parlamentin sədri İsa Qəmbər istefa verdi. Prezident Elçibəy və digər hakimiyyət mənsubları parlament sədri vəzifəsini Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə təklif etsələr də, o, mövcud vəziyyəti yerində öyrənmək üçün Gəncəyə gedəcəyini və yalnız bundan sonra təklifə cavab verəcəyini bildirdi. Heydər Əliyev həmin gün Gəncəyə yola düşdü.
Bu səfərdə 30 nəfər jurnalist ulu öndərlə birlikdə Gəncəyə getdi. 1993-cü il iyunun 13-də ümummilli lider Heydər Əliyevin Gəncəyə səfəri tədricən ölkədə yaradılmış daxili sabitliyin təməlinə çevrildi. Bu, çox qorxulu bir səfər idi. Gəncədə S. Hüseynovun ətrafına toplaşmış silahlı dəstələr hər an ulu öndərə sui-qəsd edə bilərdilər. Lakin o, bundan qorxmadı, çəkinmədi. Vətəni, xalqı, milləti düçar olduğu bəladan, müstəqilliyimizi məhv olmaqdan xilas etmək üçün bu riskli səfərə getdi. Gəncədə isə yerli sakinlər öz xilaskarını gül-çiçəklə, böyük hörmət və ehtiramla qarşıladılar. Sakinlər dəstə-dəstə küçələrə çıxır, ulu öndərə inandıqlarını nümayiş etdirir, onunla görüşür, bu səfərdən hədsiz dərəcədə sevindiklərini nümayiş etdirirdilər. Gəncə hadisəsinin “təşkilatçıları”nın bütün planları alt-üst olmuşdu. Cinayətkarlar uzun müddət necə hərəkət etmək, hansı addımları atmaq barədə qərara gələ bilmədilər. Heydər Əliyevin Gəncəyə gəlməsi və xalqın onu bayram-əhval ruhiyyəsində qarşılaması Sürət Hüseynov tərəfdarlarının canına vəlvələ salmışdı.
Heydər Əliyev o ağır günlərdə Gəncəyə səfər etməsi barədə ona verilən sualları cavablandırarkən demişdir: “Əvvəla, mən Surət Hüseynovu tanımırdım, heç vaxt onun, hətta üzünü də görməmişdim. Yeri gəlmişkən, baxmayaraq ki, mənə indi məlum olduğu kimi, Surət Hüseynov Azərbaycanın Milli Qəhrəmanıdır, respublika baş nazirinin müavini, Azərbaycan Prezidentinin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi idi. O, mən bilən, televiziya ilə demək olar, heç vaxt çıxış etməmişdi. Mən Naxçıvanda yaşayırdım və həmin dövr ərzində onu hətta televiziya ekranında bir dəfə də olsun görməmişdim... Mən onu yenə də tanımırdım. Sonra iyunun 13-də Gəncəyə gəldim və onunla ilk dəfə olaraq görüşdüm. Deməli, aramızda hansısa bir sazişin və ya hansısa dostluq münasibətlərinin olmasından söhbət gedə bilməz. Bütün gecə mən onunla danışıqlar apardım və iyunun 14-də Bakıya qayıtdım. Bundan sonra isə o, ta Bakıya gələnə qədər onunla telefon əlaqəsi saxladım. Aramızda heç bir saziş, heç bir dostluq əlaqəsi olmamışdır”.
Heydər Əliyevin Gəncə səfərinin ilkin nəticələri Azərbaycanı yox etmək, onu bəlalara düçar etmək istəyənlərin arzusunu ürəyində qoydu. Ulu öndər burada dövlətçilik mövqeyindən çıxış edərək insanları qanunlara tabe olmağa çağırdı, qardaş qırğınının yolverilməz olduğunu bir daha hər kəsin diqqətinə çatdırdı. O, qətiyyətli bir siyasi lider kimi qiyamçıların qarşısında dayanaraq, onlara səhvlərini göstərdi, düşmən dəyirmanına su tökdüklərini bildirdi. İyunun 13-ü Heydər Əliyevin xilaskarlıq missiyası qətiyyət və cəsarət nümunəsi kimi tarixə qızıl hərflərlə yazıldı. O, Milli Məclisin sədri seçildiyi gün də, xalqın böyük əksəriyyətinin dəstəyi və seçicilərin əksəriyyətinin səsi ilə Azərbaycan Prezidenti seçildikdən sonra da bir amalı vardı: Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, Azərbaycan xalqının dinc, rahat yaşayışını təmin etmək. 1993-cü ilin iyun ayından etibarən ulu öndər ölkədə daxili sabitliyin yaradılması istiqamətində kifayət qədər uğurlu addımlar atdı, cəbhədə düşmənə kəsərli cavablar verərək onu atəşkəs haqqında sazişi imzalamağa məcbur etdi, ölkənin yeni neft strategiyasını hazırladı, neft diplomatiyasının bir sıra uğurlarına imza atdı, Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının müştərək işlənməsi üçün dünyanın əsas güc mərkəzlərini təmsil edən aparıcı neft şirkətlərinin yaratdığı konsorsiumla möhtəşəm bir müqavilənin imzalanmasına nail oldu.Yəni, müstəqilliyin əldə edildiyi gündən etibarən durmadan geriləyən, problemləri gündən-günə çoxalan Azərbaycan Respublikası 1993-cü ilin iyun ayından sonra tərəqqi yoluna çıxmaq şansı əldə etdi. Heydər Əliyev Gəncədə vətəndaş qırğınının qarşısını almaqla, özündən əvvəlki iqtidarın səriştəsizliyi, diletantlığı ucbatından yaranmış ərzaq qıtlığını, çörək çatışmazlığını aradan qaldırdı, xalqın azad ölkənin azad vətəndaşı kimi nəfəs almasına zəmin yaratdı.
Rauf KƏNGƏRLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.