Milli Şura adı altında özfəaliyyət dərnəyi yaratmaq siyasi korluq nümunəsidir

 

Radikal düşərgənin Milli Şura “sevdası” iflasa məhkumdur

Son 20 ildə xalqdan dəstək ala bilmədiyi üçün minbir hiyləyə əl atan,  olmazın yollara baş vuran qeyri-konstruktiv, dağıdıcı müxalifət düşərgəsi indi də Milli Şura oyunu ilə cəmiyyəti aldatmağa, ictimai rəyi çaşdırmağa çalışır. Bunların belə hay-küy salmasını görən də elə bilər ki, hansısa qeyri-adi bir hadisə baş verib. Halbuki, radikalların riyakarlığına yaxşı bələd olan Azərbaycan xalqı çox yaxşı bilir ki, qaragüruh hansı ad altında fəaliyyət göstərsə də, bu,  heç vaxt ölkəmizin, dövlətimizin, ictimaiyyətin xeyrinə olmayıb və bundan belə də hansısa bir möcüzənin baş verəcəyini gözləmək, sadəcə sadəlövhlük olardı.

Hər kəs yaxşı anlayır ki, bunlar müxtəlif illərdə müxtəlif adlar altında qondarma qurumlar yaratsalar da nəticəsi eyni olacaq: yenə daxildə bir-birini, necə deyərlər, didib-parçalayacaq, görüntü yaratmaq üçün isə bir az hay-küy salacaqlar. Sonra isə elan edəcəklər ki, bəs filan səbəblər ucbatından bu qurum fəaliyyətini dayandırır. Yenə “fəaliyyətini dayandırır” sözü cəmiyyət tərəfindən ironiya ilə qarşılanacaq, çünki bunlar müstəqillik tariximizin heç bir dövründə hansısa bir fəalliyyətlə deyil, konkret olaraq yalnız dağıdıcı, pozucu əməllərlə məşğul olublar.    

Bütün demokratik dövlətlərdə seçki ili özünün ictimai-siyasi əhəmiyyəti ilə seçilir. Azərbaycanda da seçki ilində cəmiyyətdə, ictimai-siyasi həyatda xüsusi fəallıq müşahidə edilir. Hər bir siyasi partiya yaradılmış münbit demokratik mühitdən faydalanaraq namizədlərini müəyyənləşdirməyə çalışır, seçki təbliğatını yüksək səviyyədə aparmaq üçün qanunauyğun qaydada məqbul hesab olunan bütün siyasi vasitələrdən istifadə edir. Seçkilər ərəfəsində həm də kimin kim olduğu daha aydın üzə çıxır, müttəfiqlər müəyyənləşir, əgər hər hansı siyasi qurumda qarşıdurma meyilləri varsa, bu, daha da dərinləşir, güclənir. Bu günlərdə “fəaliyyətə başlayan”   və  millilikdən başqa bütün mənfi meyarlara cavab verən Milli Şura da bu qəbildəndir. Təsadüfi deyil ki, bir sıra siyasi ekspertlər ironiya ilə Milli Şuranı  müxalifətin “səkkizinci möcüzəsi”  adlandırırlar. Çünki burada toplaşan istər liderlərin, istərsə də ayrı-ayrı “siyasi fəalların” hamısı biri-birinin, necə deyərlər, qanını içməyə hazır olan insanlardır. Hamısı məhz ön plana keçmək ümidilə qondarma şuraya qoşulub. Bu istəklərinin qarşılanmadığını gördükdə isə, təbii ki, şuranı tərk edəcəklər. Ona görə də Milli Şura yaradıldığı gündən SİDSUH, DUB, DUBB, DUH, RAM kimi “tarixin arxivinə göndərilməyə namizəd” hesab edilir.

Siz mənzərəyə baxın: Milli Şura deyilən bu qondarma qurumda  İranın təsiri altında çadra mübarizəsi aparan islamçılar və Avropa Liberal İttifaqına üzv olub eynicinslilərin nikahını dəstəkləyənlər, Qərbin “nökərləri”, illərin uğursuzluğuna düçar olan ənənəvi müxalifət və bu müxalifətə nifrət edən digər müxalifət, siyasi riyakarlığın bariz nümunələri, yalançı bozqurdlar, ruspərəstlər, emənipərəstlər və sairlər toplaşıblar.  Aralarında bir tək rast gəlmədiklərimiz azərbaycanpərəstlərdir. Mahiyyətcə bu qurum həftə-becər, heç bir siması olmayan “birlikdir”. Bu reallığı başa düşənlər - Sərdar Cəlaloğlu, İqbal Ağazadə, Rauf Arifoğlu, Zərdüşt Əlizadə və digərləri nahaq yerdən onlara “yox” demədilər.

Başqa bir tərəfdən, Milli Şuraya qoşulan bəzi partiya liderlərinin açıqlamaları da insanda sadəcə ikrah doğurur. Məsələn, İslam Partiyasının funksioneri Hacı Rövşən Əhmədli bildirib ki, Milli Şuraya qoşulmaqda onların əsas məqsədi Azərbaycanda həqiqi hüquqi dövlətin yaranmasına xidmət etməkdir: “Vahid namizədliyə elə bir adamın namizədliyi irəli sürülməlidir ki, o, təşkilatda bütün qüvvələrin qəbul etdiyi, bu ağır yükün öhdəsindən gələ bilən, beynəlxalq arenada tanınan ziyalı olsun”. Bu zatın cümləsini biz tamamlayaq:  Həm də heç olmasa xalqının adət və ənənələrinə, milli mentalitetinə, xüsusiyyətlərinə bələd olsun. İndi fikir tamamlandı. Hacı Rövşənin dindar olduğunu nəzərə alaraq  bu siyahıya dinimizi də əlavə edə bilərik. Yəqin ki, hakimiyyətə iddialı bu adam uzun illər Azərbaycanla bağlı olmadığına görə, milli və dini xüsusiyyətlərimizdən ayrı düşübsə, heç olmasa donuz ətini sevənləri dəstəklədiyi barədə danışmamaq qədər ağıllı da olmalıdır. Yoxsa, “ən böyük biclik - düzlükdür” deyib donuz ətinin ləzzətindən danışan Rüstəm İbrahimbəyovu AİP üzvləri necə lider kimi qəbul etsinlər?! Yox, qətiyyən, ola bilməz. Amma işdir-şayətdir, bu, baş versə, AİP-in saxta islamçılığını sübuta yetirməyə heç bir ehtiyac qalmayacaq.

Digər maraqlı bir məqam: Milli Şuranı quranlar onun təşəbbüskarı olan Rüstəm İbrahimbəyovu axtarıb tapa bilmirlər. Bu zat şuraya toplaşanlarda nə görübsə, ölkəmizə gəlmək belə istəmir. Bəhanəsi də bu olub ki, Avropaya səfər edir. Bu səfər barədə çox şey demək olar, ancaq mövzu cənab İbrahimbəyovun “qastrol” səfəri deyil, Milli Şuradır. Candərdi açıqlama verən şura  üzvü Zəfər Quliyev deyib ki, hazırda Milli Şuranın aparatının formalaşması məsələsi gündəmdədir. Sadəcə Şuranın sədri ölkədə olmadığına görə proses ləngiyib. Zəfər Quliyev bildirib ki, Rüstəm İbrahimbəyov bir müddət sədrin səlahiyyətlərinin şuranın başqa üzvünə verilməsi üçün rəsmi məktub göndərməlidir: “Ola bilsin ki, bu şəxs Eldar Namazov olsun”.

Bəli, xoruzun quyruğu burada görsənir.  Rüstəm İbrahimbəyov siyasi bəyanatlarla çıxış etməyə başlayanda ağıllı adamlardan biri demişdi ki, onun arxasında Eldar Namazovun kölgəsi görünür. İndi məsələlər aydınlaşdıqca bu kölgə konkret siluetə çevrilir və Eldar Namazov-Rüstəm İbrahimbəyov cütlüyünün planı getdikcə aydınlaşır. Planın başlıca məqsədi isə müxalifəti qandırıb onun imkanlarından istifadə etməklə Eldar Namazovu  qabağa çəkməkdir. Rüstəm İbrahimbəyov  reneqat Namazovu icra aparatının rəhbəri  təyin etməklə bu istiqamətdə ilk addımını atdı.

Ancaq unudurlar ki, Eldar Namazov öz dəstəsi arasında “populyar” olsa da, həm radikal müxalifət düşərgəsində, həm də ümumilikdə, Azərbaycan cəmiyyətində mənfi imicli adam kimi tanınır. Hər kəs bilir ki, reneqatın həyatının bütün dövrlərindəki fəaliyyəti riyakarlıq və ikiüzlülük üzərində qurulub. O, istər məmur kimi çalışanda, istərsə də radikal müxalifətə sığınandan sonra heç  vaxt etibarı doğrultmayıb, etimada layiq bir iş görməyib. Vaxtilə xidmətçisi olduğu hakimiyyətə xəyanət edib, bu gün isə ona qucaq açan və bir zamanlar  reneqata mənəvi dəstək verən AXCP-yə və Müsavat Partiyasına qarşı xəyanətkar mövqedə dayanır, onların liderlərini sıradan çıxarmağa, siyasi mübarizə meydanından öz xeyrinə uzaqlaşdırmağa çalışır.

Bundan başqa, indiyədək Eldar Namazov heç bir ciddi siyasi proseslərdə iştirak edə bilməyib. Müsahibə vermək və ya “facebook”da kimlərisə müzakirə etmək hələ ictimai-siyasi proseslərdə iştirak etmək mənasına gəlmir. Eldar Namazovun Azərbaycanda heç sosial bazası da yoxdur. Cəmiyyətimizin heç bir nümayəndəsi reneqat, buqələmun siyasətçini dəstəkləməz və Eldar Namazovu da məhz reneqatların aqibəti gözləyir. Bütün bunları yaxşı bilən İsa Qəmbər heç bir halda Eldar Namazovun vahid namizədliyinə və ya Milli Şurada onun təşəbbüsü ələ almasına imkan verməməyə çalışacaq. Təbii ki, bu fikirlərini daha çox yaxın silahdaşları tərəfindən cəmiyyətə ünvanlayır. Arif Hacılı bildirib ki, Milli Şuranın yaranması prezidentliyə namizədini irəli sürmüş partiyaların seçki qərargahlarının fəaliyyətinə təsir göstərməyib: “Müsavat Məclisinin İsa Qəmbərin prezidentliyə namizədliyini irəli sürmək barədə qərarı qüvvədədir. Bizim seçkiyə hazırlığımıza soyuq münasibət ola bilməz”.

Bu açıqlamada Rüstəm İbrahimbəyova çatdırılmaq istənilir ki, sən get kinonu çək. Bu qoca vaxtında öz saqqalını da, bizimkini də reneqatın əlinə vermə. İsa Qəmbərin və onun tərəfdarlarının addımları göstərir ki, onun əldəqayırma Milli Şuranın perspektivinə inamı yoxdur. Digər tərəfdən, o da aydındır ki, Milli Şura da İsa Qəmbərin perspektivinə, yəni prezidentliyə namizədliyinə sədd çəkib. Ona görə də müsavatçılar Milli Şuranı tərk etmək üçün bəhanəni daim ciblərində gəzdirirlər: “Biz avrointeqrasiya tərəfdarı olmayanlarla bir sırada dura bilmərik!” . Bəli, bu, məqamı gələndə şuradan imtina etməyin bir yoludur.

Sonda, atalarımızdan misal gətirmək yerinə düşərdi. Atalar deyib ki, yaxşı at yalmanından bəllidir. Milli Şuranın da “axsaq eşşək” kimi bir şey olduğu əsasnaməsindən görünür. Ciddi üslub və qrammatik səhvlərlə “bəzədilmiş” əsasnamənin birinci bəndində göstərilir ki, Milli Şura siyasətçilərin, ziyalıların, ictimai xadimlərin və gənc fəalların yaratdığı ictimai birlikdir. Yəni QHT-dir. Elə isə birincisi, bu qurum sənədlərini qeydiyyatdan keçirməlidir və burada söhbət əsasnamədən deyil, nizamnamədən gedə bilər. Növbəti bənddə isə deyilir ki, Milli Şura Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun fəaliyyət göstərir. Onda “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun 2.4-cü maddəsinə riayət etməyi unutmayın: “Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkilərində iştirak edə bilməz, siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz”. Belə yerdə deyirlər ki, ay kişilər, gedin maariflənin, sonra gəlib siyasətdə “nə düzəldirsiniz düzəldin”.  Milli Şura adı altında özfəaliyyət dərnəyi yaratmaq siyasi  korluq nümunəsidir.

 

Rauf KƏNGƏRLİ,

 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında