İstər milli olsun, istər də milsiz, bu müxalifətin bütün “şura”larının axırı elə əvvəli kimi uğursuz olur. Bu uğursuz, boz-bulanıq fəaliyyətə bir az da olsa rəng qatmaq üçün son vaxtlar adı müxtəlif qalmaqallarda hallanan rejissorun adından yararlanmaq istədilər. O da özünü qaldırdı qoydu göyün üzünə. İndi çağırıb yerə düşürə bilmirlər. Yəni Bakıya gətirə bilmirlər ki, bu adam gəlib camaata öz şurası barədə nələrisə desin. Gəlmir. Çünki xaricdə oturub Azərbaycandan gələn səsləri eşidir və ...əti ürpəşir. Nədir onun ətini ürpəşdirən?
Məsələn, Müsavat funksionerləri ötən həftəyə qədər deyirdilər ki, (ötən həftə məsələsinə sonrakı abzaslarda yenə qayıdacağıq) Rüstəm İbrahimbəyov siyasətdən bixəbər adamdır və ona görə də ən yaxşı halda özünün yaratdığı şuranın sədri ola bilər, prezidentliyə namizədlik onluq deyil. AXCP yetkililəri həmişə bütün məsələlərdə olduğu kimi, İbrahimbəyova münasibətdə də müsavatçılardan fərqli düşünürlər: - Qoy siyasətdən xəbərsiz olsun. Bizə onun siyasəti yox, maliyyəsi lazımdır. Seçki kampaniyasını maliyyələşdirmək üçün onun imkanlarına ehtiyacımız var. Burada Üzeyir bəyin yaratdığı Rüstəm bəy yada düşür. Məlum əsərin qəhrəmanlarından biri soruşur və cavab verir ki, Məşədi İbadın heç nəyi yox, pulu Rüstəm bəyin xoşuna gəlib. Yəni Rüstəm İbrahimbəyov təkcə başına Yusif Sərrac torbası keçirmək üçün deyil, həm də pul dağarcığına sahib olmaq üçün işə yarayır.
Milli Şura adı verilmiş qurumda adı hallanan siyasətşilərdən biri isə daha da dərinə gedir: Gündəliyə şura ideyası atıb gedib xaricdə oturan Rüstəm İbrahimbəyovun bu addımı çox müəmmalıdır. Çünki biz bir dəfə 8-9 xarici ölkənin razılığını alıb hakimiyyətə gəlmiş siyasi qüvvələrin yaşadığı taleyin şahidi olmuşuq. Ona görə Rüstəm İbrahimbəyova da inanmaq olmur. Onun yaratmaq istədiyi Milli Şura Azərbaycanda fəaliyyət göstərməlidir. Siyasi fəaliyyətlə Azərbaycanda məşğul olmaq istəyir. “Müvəqqəti də olsa” Azərbaycanda hakimiyyətə gəlmək istəyir. Bəs elə isə nə üçün gedib xarici ölkələri dolaşa-dolaşa qalıbdı? Milli Şura deyilən qurumdan Rüstəm İbrahimbəyovun Bakıya qayıdacağı gün barədə verilən məlumatlar isə bir-birini təkzib etməklə məşhur xalq mahnısının ifadələrini yada salır: “Yar bizə qonaq gələcək, bilmirəm nə vaxt gələcək, olsun ki, sabah gələcək.” Necə yəni bilmirəm? Siyasi qurum adından danışan adam (görünür, o da siyasətdən elə Rüstəm İbrahimbəyov qədər xəbərdardır) öz sədrinin harada olduğunu, hansı ölkələrə səfərə çıxdığını və ölkəyə nə zaman qayıdacağını bilmirsə, bu artıq həmin təşkilatın siyasət qaydaları ilə deyil, mafiya ənənələri ilə idarə olunduğunun göstəricisidir.
Yeri gəlmişkən, bu mafiyasayaq fəaliyyət göstərən qüvvələr ötən həftə tanınmış müxalifətçilik veteranı olan İsa Qəmbərin adının ( daha doğrusu, namizədliyinin) üstündən bir xətt çəkiblər. Məlumat verilir ki, İbrahimbəyovun emissarlarının İsa Qəmbərlə apardığı danışıqlardan sonra mətbuata məlum olub ki, Müsavat başqanı son 20 ildə ilk dəfə olaraq öz hikkələrindən əl çəkib və İbrahimbəyovun namizədliyi olan yerdə prezidentliyə namizədliyini verməməyə razılaşıb. Amma cəmi iki illiyə. Guya iki ildən sonra İbrahimbəyov prezidentlikdən imtina edəcək və İsa Qəmbər hakimiyyətə gələcək. İsa Qəmbərin bu qədər avam olacağına kim inanır, inansın. Şəxsən mən qətiyyən inana bilmərəm. Çünki İsa Qəmbər mərhum prezident Əbülfəz Elçibəy başda olmaqla nə qədər siyasi həmfikirlərinə badalaq gəlib, nə qədər fitnə - fəsad törədib, bir Allah bilir. Nə zamansa bizim müxalifətçilərdən bir neçəsinə “İsa Qəmbər adına intriqant diplomu” verilərsə, mən həmin hadisəni tamamilə təbii qarşılayaram. Çünki bu adamın qanı belə yoğrulub. Bəs belə olan halda necə oldu ki, İbrahimbəyovun emissarları İsa Qəmbəri tələyə saldılar? Özü də Müsavat başqanı ilə danışıqlar aparan ibrahimbəyovçuların arasında bir nəfər də olsa siyasətin nə demək olduğunu başa düşəcək kimsə yoxdur. Bəs elə isə... Elə isə torbada pişik var və adı çəkilən şuranın üzvləri onun səsini tezliklə eşidəcəklər.
Bəs həmin pişik nədən ibarət ola bilər? Bu suala cavab tapmaq istəyənlərə bir məqamı xatırlatmaq istərdik. Millət vəkili Çingiz Qənizadə ortaya bir neçə sual atır: Rüstəm İbrahimbəyov Azərbaycan vətəndaşıdırmı? Milli Şura kimi adı təmtəraqla səslənən bir qurum yaratmaq , o quruma sədrlik etmək və cəmi bir neçə aydan sonra keçiriləcək prezident seçkilərində namizədliyini vermək təşəbbüsü Rüstəm İbrahimbəyovun özündənmi gəlib?
Düşündürücü suallardır. İsa Qəmbərin tələyə düşməsini də buraya əlavə etsək, görərik ki, ortada kifayət qədər müəmmalı məqamlar var. Çünki, xaricdən hansısa barmaq olmayan yerdə heç zaman İsa Qəmbərin işi olmayıb. Ermənistan da daxil olmaqla istənilən ölkədən Azərbaycanın əleyhinə əsən küləyi hamıdan tez İsa Qəmbər hiss edir.
Sonda İbrahimbəyovun və onun əlaltılarının bəh-bəhlə ortaya gətirdikləri uydurma Milli Şuranın taleyinin uğursuz olacağı barədə fikirlərimizi inkişaf etdirmək üçün bir daha millət vəkili Çingiz Qənizadənin dediklərinə diqqət yetirək. Bu qurumun tezliklə dağılacağını söyləyən politoloq öz mülahizələrini bu şəkildə əsaslandırır: - Burada olan insanların böyük əksəriyyəti bir-birini qəbul edə bilməyən, bir-birinə qəlbinin dərinliklərində mənfi imic, mənfi rəylər formalaşdırmış, birinin digərinə nifrəti olan adamlardır. Onlar bir-birinin addımlarını izləməklə məşğuldurlar və gözləyirlər ki, kim harada səhv buraxacaq və mən onu necə sıradan çıxara bilərəm?
P.S. Son məlumatlara görə Müsavatın iki nəfər etibarlı adamı Rüstəm İbrahimbəyovun dalınca düşərək onun xarici ölkələrdə görüşdüyü ünvanlar barədə məlumat toplamaqla məşğuldur. Xatırladaq ki, Müsavat bu qəbildən olan “məlumatlarla” AXCP sədrini tamamilə rüsvay eləməyi bacarmışdı. İndi Rüstəm İbrahimbəyovu Vətən xaini adıyla xar eləyəcəkləri gözlənilir.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.