Müasir dövrdə ölkələrin qüdrəti onun siyasi, iqtisadi, hərbi gücü ilə yanaşı, həmin ölkələrdəki ictimai-siyasi sabitlik, demokratik mühitdə siyasi institutların formalaşması, fəaliyyəti, hakim partiya və ya partiyaların hansı səviyyədə ictimai dəstəyə malik olması və ümumilikdə, kadr potensialı ilə də ölçülür. Fəxr edə bilərik ki, geostrateji və geosiyasi əhəmiyyətinə görə dünyanın bütün aparıcı dövlətlərinin, qloballaşma və inteqrasiya mərkəzlərinin, beynəlxalq və regional təşkilatların diqqətini daim öz üzərinə cəlb edən müstəqil Azərbaycan Respublikası sadaladığımız bütün meyarlar baxımından Cənubi Qafqazın lider ölkəsidir.
Azərbaycanı bu səviyyəyə yüksəldən isə ulu öndər Heydər Əliyev siyasətini daim özünün siyasi xətti kimi uğurla davam etdirən, böyük tarixi şəxsiyyətin göstərdiyi yolla inamla irəliləyən Yeni Azərbaycan Partiyası və onun rəhbəri Prezident İlham Əliyevdir.
Müxtəlif sahələri təmsil edən ayrı-ayrı ekspertlər və tarixçilər SSRİ-nin çökməsindən sonra yaranan gənc müstəqil dövlətlərin tarixi barədə söz açarkən ilk növbədə, Azərbaycanın uğurlarını yada salırlar. Respublikamız barədə danışan və yazan fikir sahibləri öncə xalqımızın taleyində misilsiz rol oynamış məqamları daha çox qabartmağa üstünlük verirlər. Həmin məqamlar ulu öndər Heydər Əliyevin Moskvadan Azərbaycana gəlməsi, Naxçıvanda deputat seçilərək siyasətə qayıtması, ölkədə yaranmış dərin böhrandan qurtulmaq üçün xalqın aparıcı ziyalılarının ona müraciət etməsi, böyük dövlət xadiminin Yeni Azərbaycan Partiyasını yaratması və partiyanın sədri seçilməsi, eləcə də cəmi yarım ildən sonra xalqın və o vaxtkı iqtidarın israrlı çağırışları ilə Naxçıvandan ölkə paytaxtına qayıdışıdır. Həqiqətən də ekspertlərin bu məqamlara diqqət yetirmələri səbəbsiz deyil. Əgər ulu öndər Heydər Əliyev Azərbayacana qayıtmasaydı və xalqın təkidli xahişi ilə siyasətə qoşulmasaydı, ölkəmiz fəlakətlə üz-üzə qalacaq, uçuruma yuvarlanacaq, parçalanacaq və yox olacaqdı. Xalqı fəlakətlərlə üz-üzə qoyan isə səriştəsiz, qabiliyyətsiz AXC-Müsavat iqtidarı idi. Silah yolu ilə hakimiyyətə gələn cütlüyün ölkə əhəmiyyətli vəzifələrə təyin etdiyi kadrların savadsızlığı, təcrübəsizliyi, dövləti talayaraq mal-mülk yığmaq sevdası, təbbii ki, özünün mənfi nəticələrini verəcəkdi. Onlar hələ 1990-cı illərin əvvəllərində Bakıda hakimiyyət uğrunda mübarizədə məqbul hesab edilməyən bütün iyrənc yollara əl atdıqları günlərdə qədim diyarımız Naxçıvanda, sözün həqiqi mənasında, müstəqil bir dövlətin təməl daşları qoyulurdu. Bütün bunları xalqa söykənən, ondan sonsuz dəstək alan ulu öndər Heydər Əliyev reallaşdırırdı. Dövlət başçımız İlham Əliyevin Yeni Azərbaycan Partiyasının V qurultayındakı geniş məzmunlu çıxışında qeyd etdiyi kimi, Heydər Əliyevin 1970-ci, 1980-ci illərdə də gördüyü işlər, Azərbaycanın inkişafına verdiyi töhfələr və Sovet İttifaqının dağılma ərəfəsindəki fəaliyyəti, cəsarətli addımlar qanlı 20 Yanvar faciəsinin pislənməsi, Kommunist Partiyası sıralarının tərk edilməsi, Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi, burada Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməməsi xalqda Heydər Əliyevə olan məhəbbəti birə on artırdı. Ona görə də 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması xalq kütlələrində böyük sevincə səbəb oldu, insanların gələcəyə olan ümidlərini artırdı. Çünki xalq yaxşı bilirdi ki, Heydər Əliyev kimi bir siyasi dühanın ölkəmiqyaslı siyasi proseslərdə iştiraka razılıq verməsi, bir sıra problemlərin həllində öz rolunu oynayacaq çox ciddi siyasi güc mərkəzinin yaranmasına nəhayət, Azərbaycanda siyasi sistemin formalaşmasına birbaşa təsirini göstərəcəkdir.
Onu da deyək ki, həmin illərdə Azərbaycanın siyasi, hərbi və iqtisadi böhranlardan xilas olunmasını nəinki beynəlxalq aləmdəki bədxahlarımız, eləcə də ölkəmizdəki imperiyapərəst qüvvələr də istəmirdilər. Onlar çalışırdılar ki, Azərbaycanın problemləri daha da çoxalsın və bu ölkə öz dövlət müstəqilliyini qoruyub saxlaya bilməsin. Elə Yeni Azərbaycan Partiyasının təsis konfransının ölkə paytaxtında deyil, Naxçıvanda keçirilməsi də onunla əlaqədar idi ki, o vaxtkı iqtidar bu tədbirin Bakıda keçirilməsinə, deməli, həm də Azərbaycanın bəlalardan, məhrumiyyətlərdən qurtulmasına razı deyildi. Məhz həmin səbəbdən də az qala ayda bir partiyanın yarandığı respublikada Yeni Azərbaycan Partiyasının təsis konfransına imkan verilmədi. Aradan 21 il keçəndən sonra özünü demokrat adlandıran, ancaq ötən müddət ərzində demokratiyanın nə olduğunu anlamayan o vaxtkı iqtidar imkan vermədi ki, adi demokratik proses paytaxtda həll olunsun. Əlbəttə, qorxurdular ki, xalq yaradılacaq ən sağlam partiyanın ətrafında birləşər və onların hakimiyyətinə son qoyular. Cəsarətlə deyə bilərik ki, həmin adamların öz həyatları boyu yürütdükləri ən doğru mühakimə məhz xalqın Yeni Azərbaycan Partiyasına üz tutacağı barədə ehtimalları idi. Onlar başa düşürdülər ki, harada Heydər Əliyevin adı varsa, Azərbaycan xalqı orada olacaq. Bu, həqiqətən də belə oldu.
Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən irəli gəlirdi. Bu partiyanın yaranması ilə Azərbaycan siyasi həyatında yeni bir mərhələnin başlanğıcı qoyuldu. Partiyanın siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları cəmiyyətdə böyük əks-səda yaratdı və ictimaiyyət tərəfindən dərhal dəstəkləndi. YAP-ın qəbul edilən proqramında irəli sürülən müddəalar Azərbaycanı böhran məngənəsindən xilas etməyin ən düzgün yolunu müəyyənləşdirdi. Partiyanın bəyan etdiyi əsas ideoloji prinsiplər müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət prinsipləri ümummilli səciyyə daşıyır. Özünün proqram prinsiplərinə sadiq qalan YAP ötən illər ərzində Azərbaycanın sosial-iqstiadi tərəqqisi yolunda mühüm işlər görmüşdür. Ulu öndər Heydər Əliyev YAP-ın yaranmasından sonra partiyanın fəaliyyətindən danışarkən demişdir: “Yeni Azərbaycan Partiyası yaranandan onun ən üstün, müsbət cəhəti ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyasının amalı, məqsədləri, qəbul etdiyi proqram, müstəqil Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət qurmaq, Azərbaycanda demokratik prinsipləri bərqərar etmək, Azərbaycanı dünya iqtisadiyyatına bağlamaq, Azərbaycanda iqtisadi-siyasi islahatlar həyata keçirmək və Azərbaycanı inkişaf etdirmək olubdur”. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz bu gün də bu ideyalara sadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla aparırıq və bütün siyasi məsələlərdə daim qələbə qazanırıq.
YAP-ın ölkəmiz üçün əhəmiyyəti 1993-cü ilin iyun ayında baş verən hadisələrdən sonra daha yaxşı anlaşılmağa başlanıldı. Səriştəsiz və qorxaq AXC-Müsavat cütlüyü Surət Hüseynovun Gəncədəki qiyamından təlaşlanaraq ulu öndər Heydər Əliyevi Bakıya dəvət etdi. Böyük siyasi xadim bu dəvəti qəbul etmək istəmirdi. Lakin xalqın və onun ziyalılarının təkidli xahişini də nəzərə almamaq mümkün deyildi. Çünki Heydər Əliyev həmişə xalqın yanında olmuşdur. Ulu öndər Bakıya gəldi və ölkədəki xaosa, anarxiyaya, qardaş qırğınına son qoydu. Müstəqil dövlət quruculuğu prosesinə start verdi. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının inkişafı tarixində də yeni bir mərhələnin əsasını qoydu. Partiya və onun yüz minlərlə üzvü dövlət əhəmiyyətli məsələlərin həlli istiqamətində öz gücünü səfərbər etdi. Yeni Azərbaycan Partiyasının sənədlərində öz əksini tapmış dövlətçilik ideologiyası - Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini özündə əks etdirən yeni azərbaycançılıq ideologiyasının cəmiyyətə təqdimatı və ulu öndər Heydər Əliyevin müəllifi olduğu bu ideologiyanın uğurla həyata keçirilməsi də Yeni Azərbaycan Partiyasının öz tarixi inkişaf yolunda Azərbaycan xalqına, dövlətinə bəxş etdiyi ən qiymətli töhfələrdəndir. Ötən müddət ərzində bu partiyanın da yaxından iştirakı ilə həyata keçirilən bütün tədbirlər, görülən bütün işlər Azərbaycanın milli maraqlarına tam cavab verib, ölkəmizin müstəqilliyinə, milli təhlükəsizliyimizə, Azərbaycan vətəndaşlarının maddi-rifah halının gündən-günə daha da yaxşılaşmasına, respublikamızın tərəqqisinə xidmət edib. Buna görə də YAP-ın cəmiyyətdə rolu və nüfuzu durmadan artır, ölkədə baş verən ictimai-siyasi proseslərə təsir imkanları getdikcə genişlənir.
2005-ci ilin mart ayında YAP-ın III qurultayında Azərbaycan Prezidenti, YAP sədrinin birinci müavini İlham Əliyevin partiyanın sədri seçilməsi ilə birlikdə partiyanın həyatında yeni mərhələ başlandı. Bu dönəmdən başlayaraq müstəqil Azərbaycan dövlətinin qurucusu, YAP-ın yaradıcısı, ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin edilməsi, ölkənin tərəqqisi, iqtisadiyyatın yüksəlişi, xalqın rifah halının yaxşılaşdırılması, uğurlu neft strategiyasının həyata keçirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması ölkənin təhlükəsizliyini təmin etmək iqtidarında olan ordunun yaradılması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi naminə ardıcıl siyasət həyata keçirildi. Nəticədə son 10 il ərzində Azərbaycan beynəlxalq aləmdə ən böyük zirvələrə çata bildi, BMT Təhlükəsizlik Şurası kimi nüfuzlu bir quruma qeyri-daimi üzv seçildi. Həm də 155 dövlətin dəstəyi ilə əvvəllər dünya miqyasında tanınmayan, adı belə eşidilməyən bir dövlət, artıq dünyanın təhlükəsizlik siyasətinin müəyyənləşdirilməsində söz sahibi kimi iştirak edir. Qlobal maliyyə böhranının başladığı və hələ də səngimədiyi ötən illər ərzində ölkəmizdə yoxsulluq 6 faizə, işsizlik 5,2 faizə düşdü. Bir milyon 100 mindən çox yeni iş yeri açıldı. Bütün beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini artırır. Ölkəmiz artıq rəqabətqabiliyyətliliyə görə dünya miqyasında 46-cı yerdədir. Xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edir. Bütün bunlarla qane olmayan Azərbaycan hakimiyyəti daha böyük hədəflər müəyyənləşdirib. Bununla bağlı artıq “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası həyata keçirilir.
Bu proseslərdə YAP daim ön sıralardadır. Ona görə bu gün də Azərbaycan xalqı, xüsusən, gənclərimiz Yeni Azərbaycan Partiyasını dəstəkləyir, onun milli mənafeyimiz naminə gördüyü bütün işlərdə fəallıq nümayiş etdirirlər. Təsadüfi deyil ki, YAP-ın yarandığı gündən bugünədək partiyanın sıraları həmişə genişlənmişdir. Bu barədə danışan Prezident İlham Əliyev demişdir: “Partiyamıza böyük axın vardır. Artıq partiya sıralarında 600 mindən artıq üzv vardır. Bu, özlüyündə bir göstəricidir. Onu göstərir ki, partiyanın məramı, ideyaları, çox cəlbedicidir. Xüsusilə, gənclərin partiyaya üzv olması çox sevindirici haldır və onu göstərir ki, partiyanın fəaliyyəti də, ideyaları da, cəmiyyətdəki rolu da vətəndaşlar üçün çox cəlbedicidir və partiyanın fəaliyyəti çox böyük dəstəyə malikdir”.
Bu gün Azərbaycan xalqı YAP-ın gələcəyinə daha böyük ümidlərlə baxır və regionun ən böyük siyasi təşkilatı olan partiyamızın öz fəaliyyətini daha uğurla aparmasını arzulayır. Xüsusilə, YAP-ın V qurultayında 2013-cü ilin prezident seçkilərində partiyanın sədri cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi cəmiyyətdə alqışlarla qarşılanmışdır. YAP-ın sədr müavini-icra katibi Əli Əhmədovun qeyd etdiyi kimi, əslində Yeni Azərbaycan Partiyasının rəsmən qurultayın keçirildiyi gün qəbul etdiyi qərarı xalq çoxdan çıxarıbdır. Azərbaycan xalqının mütləq əksəriyyətinin seçkiqabağı ovqatı bütünlüklə cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi üzərində köklənib. İlham Əliyevin şəxsində xalqımız Azərbaycanın müasir gücünün və qüdrətinin həlledici ifadəsini görməkdədir. Xalq İlham Əliyevi müasir inkişafın arxitektoru sayır. İnsanlarımız tək bu günümüzü deyil, eyni zamanda, Azərbaycanın gələcəyini Prezident İlham Əliyevin adı ilə bağlayır, ona güvənir və etibar edir. Onu da vurğulamaq tamamilə yerinə düşər ki, İlham Əliyevin növbəti prezident seçkilərində namizədliyinin irəli sürülməsi hər şeydən əvvəl vətəndaşlarımızın daxili inamına əsaslanır, xalqın özünə layiqli rəhbər seçmək haqqını ifadə edir və bu səbəbdən yüksək ictimai dəyərə və gücə malikdir.
Sonuncu qurultayda Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın YAP sədrinin müavini seçilməsi də əlamətdar hadisə kimi yadda qaldı. Çünki Mehriban xanım Əliyeva ötən 10 il ərzində Prezident İlham Əliyevin gördüyü bütün işlərdə fəal iştirak edib, bütün məsul məsələlərin həllində onun ən yaxın silahdaşı olubdur. Məhz Mehriban xanımın yüksək təşkilatçılıq bacarığı nəticəsində Bakıda keçirilən “Eurovision-2012” musiqi yarışması bu gün də digər dövlətlərə nümunə göstərilir. Təsadüfi deyil ki, bu uğurları rəhbər tutan Avropa Olimpiya Komitəsi Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar verib. Ona görə də birmənalı şəkildə deyə bilərik ki, bir tərəfdən mədəniyyət, idman və humanitar sahələrdə fəallığı və ölkədə əhali arasında nüfuzu, beynəlxalq müstəvidə əlaqələr və Avropadakı nüfuzu Mehriban xanım Əliyevanın YAP sədrinin müavini olmasına imkan yaratdı və bunu zərurətə çevirdi. Yəni, bu seçim ciddi sosial və siyasi resusları olan siyasətçinin yeni bir mövqeyə yüksəlişidir. Mehriban Əliyevanın YAP sədrinin müavini olması partiyanın sosial bazasının güclənməsinə, xaricdə nüfuzunun daha da artmasına şərait yaradacaqdır.
Rauf KƏNGƏRLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.