Rüstəm İbrahimbəyov Şeyx Nəsrullah qiyafəsində

 

 

 

Milli Şura müxalif düşərgədə ziddiyyətləri və qarşıdurmanı daha da gücləndirir

 

 

 

Antiazərbaycan dairələrin əlində alətə çevrilmiş dağıdıcı müxalifət nümayəndələri, nəhayət ki, ağalarının sifarişlərindən birini tələm-tələsik yerinə yetirdilər. Onlar görüntü xatirinə bir yerə toplaşıb Milli Şura adlı qurumun yarandığını elan etdilər. Bəzi partiya sədrləri isə bu qurumun yığıncağına qatılmadılar. Özləri bir kənara çəkilib partiyanın sıravi üzvlərindən birini göndərdilər. Bu, Milli Şura adlı qurumun yarandığı gündən hansı səviyyədə olmasından xəbər verirdi.

Bizdə bir el məsəli var. Deyirlər ki, dostunu göstər, sənin kim olduğunu deyim. Milli Şuranın da təsisçisinin ermənilərin dostu, kinorejissor Rüstəm İbrahimbəyovun olması bu qurumun cəmiyyətdə mənfi qarşılanacağından xəbər verirdi. Hamıya məlum idi ki, R.İbrahimbəyov rəhbərlik etdiyi Kinemotoqrafçılar İttifaqının bütün əmlakını özəlləşdirmiş, təşkilata ayrılan vəsaiti mənimsəmiş, bu azmış kimi ermənilərlə dostluğunu davam etdirmiş, İttifaqa ayrılmış vəsaiti düşmənlərimizlə kef məclislərinə sərf etmişdir. O, rəhbərlik etdiyi kollektivin etirazlarına tab gətirə bilməyərək xarici ölkəyə qaçmış və oradakı erməni dostlarının köməyi ilə ölkəmiz əleyhinə bəyanatlar səsləndirmişdir. Bir müddət sonra isə ermənipərəst dairələrin dəstəyi və ideyası ilə Milli Şura adlı qurum yaradılması ideyasını ortaya ataraq prezident seçkilərinə qatılmaq iddiasına düşmüşdür. R.İbrahimbəyov Bakıdakı əlaltısı reneqat Eldar Namazovu özünə muzdlu nökər tutaraq guya hakimiyyətə gəlmək yolunda yaxşı imkanlarının olduğunu bildirmiş və siyasi riyakar Eldar Namazova Milli Şuraya üzv toplamağı tapşırmışdı.

Bunlar antimillidirlər

 Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə Milli Şuraya üzv olanları antimilli adlandırıb. O deyib ki, Rüstəm İbrahimbəyovun yaratdığı Milli Şura milləti təmsil etmir. İnsanlar öz üzərlərinə çox təmtəraqlı öhdəliklər götürürlər. Millətin adından danışmaq üçün sən millətin səsini almalısan. Müsavat, AXCP, ADP yığışırlarsa, bunlar ancaq öz partiyalarının adından danışa bilərlər. Kim deyə bilər ki, bunlar millidirlər? Bəlkə, bunlar antimillidirlər. ASDP sədri deyib: “Araz Əlizadə danışanda Sosial-Demokrat Partiyasının adından danışır. Araz Əlizadə millətin adından danışa bilməz. Araz Əlizadə heç yerdə deyə bilməz ki, Azərbaycan xalqı belə fikirləşir, belə düşünür. A.Əlizadə bildirib ki, Milli Şuranın üzvləri köhnə simalardır. Onlar 1991-ci ildə Milli Şura yaratdılar. Söz verib, Mütəllibovu aldatdılar ki, biz Qarabağla bağlı işləyəcəyik və qanunverici hakimiyyəti aldılar əllərinə. Baxın, Liviyada Milli Şura, Tunisdə Milli Şura. Nəticəsi nə oldu? Tunis xalqı, Liviya xalqı bədbəxt oldu. Bu da Qərbdən gələn ayrı bir texnologiyadır. Bu quruma toplaşanlar öz maddi maraqlarını güdənlərdir.

ASDP sədri Milli Şuranı ölü doğulmuş uşağa bənzədib və bu quruma toplaşanların görüntü xatirinə birlik yaratmaq istədiklərini vurğulayaraq deyib ki, “milli” sözünü işlətməklə bunlar guya xalqı birləşdirmək istəyirlər. Çox gözəl kinodramaturq, gözəl şair, gözəl tarixçi ola bilərsən, amma sən hələ milləti təmsil etmirsən. Ona görə Milli Şura yarananda dedim ki, o, ölü doğulmuş uşaqdır. Ayaq tutub yeriyə bilməyəcək. 2005-ci ilin parlament seçkilərindən sonra partiyamız qərar verdi ki, müxalifətdə siyasi birləşmə mədəniyyəti olmadığına görə Azərbaycan Sosial-Demokrat Partiyası heç bir birlikdə, koalisiyada təmsil olunmayacaq. Milli Şurada təmsil olunmağımız qeyri-mümkündür.

AMİP - dən Milli Şuraya rədd cavabı

Müxalifət düşərgəsinin tanınmış simaları Milli Şuraya üzv olmaqdan imtina ediblər . Milli İstiqlal Partiyasından bildirilib ki, onlara Milli Şuraya üzv olmaq üçün dəvət göndərilib. Ancaq AMİP-in lideri Etibar Məmmədov Milli Şuranın bu təklifini rədd edib. Partiyadan bildirilib ki, bu qurumun arxasında dayanan xarici himayədarlarının əsas məqsədləri ölkədə qarşıdurma, çaxnaşma yaratmaqdır. Bir də ki, Rüstəm İbrahimbəyov kimdir ki, AMİP onun arxasınca getsin? Bu adamın günü xarici ölkələrdə keçir, özü də millilikdən uzaqdır. Belə bir adamın Milli Şura yaradıb özünü də qurumun sədri elan etməsi gülüncdür. Onun bu çağırışına qoşulanlar da özlərini gülünc vəziyyətə salıblar.

Digər müxalifət nümayəndələri Rauf Arifoğlu, Hacı İlqar İbrahimoğlu, Pənah Hüseyn, Arif Hacılı və VİP sədri Əli Əhmədov da Milli Şurada təmsil olunmaqdan imtina etdiklərini bildiriblər. Onlar bununla bağlı mövqelərini iyunun 5-də açıqlayıblar. Rauf Arifoğlu Milli Şura məsələsindən danışarkən “Siyahıda olmağa heç zaman razılıq verməmişəm” – deyib. O vurğulayıb ki, Milli Şurada təmsil olunmayacağımı da hələ aylar öncə başqanım İsa Qəmbərə, daha sonra isə İctimai Palatanın Koordinasiya Şurasının bütün üzvlərinə dəfələrlə söyləmişəm. Onlar da əvvəlcədən bilirdilər ki, mən Milli Şurada təmsil olunmayacağam. Mənim adım sadəcə 5 iyun tarixinə qədər siyahı layihəsində saxlanılıb və mənimlə son günlərə qədər danışıqlar gedib. Onu da qeyd edim ki, adları çəkilən Pənah Hüseyn və Hacı İlqar İbrahimoğlu da heç zaman heç yerdə deməyiblər ki, onlar Milli Şurada təmsil olunacaqlar.

Tamahkar yalançını aldadar

 Milli Şuranın yaranmasına daha çox sevinən AXCP və Müsavat Partiyası oldu. Çünki uzun illərdir ki, heç bir ictimai faydalı əməklə məşğul olmayan bu partiyaların rəhbərləri həmişə belə məqamlardan yetərincə yararlanır və min hiyləyə əl ataraq daha çox qrant əldə edirlər. İndi Rüstəm İbrahimbəyov və reneqat Eldar Namazov kimi siyasət naşıları cəbhəçilərlə müsavatçıların əlinə “yağlı tikə” kimi düşmüşdür. Onlar həmişə olduğu kimi, bu dəfə də üzdə Milli Şuranın yaranmasını razılıqla qarşılayacaq, arxada öz bildiklərini edəcəkdilər. Elə də oldu. Həm Əli Kərimli, həm də İsa Qəmbər Milli Şuranın yaranmasına etiraz etmədilər. AXCP sədri Milli Şuraya ümidlə yanaşırdı. Hesab edirdi ki, Milli Şura yaranan kimi Müsavat başqanı sıradan çıxacaq, əsas namizəd Əli Kərimli olacaq. Hətta reneqat Eldar Namazov bu quruma üzv axtarışına başlayanda AXCP sədri öz partiyasından bir neçə nəfəri siyasi riyakara peşkəş etdi. Amma Rüstəm İbrahimbəyovun öz iddiasını ortaya qoyması vəziyyəti dəyişdi.

Hadisələrin gedişi göstərdi ki, Müsavat və AXCP rəhbərliyi ağalarının tövsiyələri ilə bu qurumun təsis yığıncağına qatılıblar. Onlar qarşıdan gələn prezident seçkilərində vahid namizəd olmaq üçün Milli Şuradan istifadə etmək fikrinə düşüblər. Ancaq Milli Şuranın prezidentliyə vahid namizədlik məsələsində Rüstəm İbrahimbəyovun öz namizədi olacağı məsələsi ortalığa çıxanda hər kəs üzünü bir yana çevirib. AXCP üzvlərindən biri deyib ki, Rüstəm İbrahimbəyov gündüzün günorta çağı düz yol yeriyə bilmir, ancaq prezidentliyə namizəd olmaq istəyir. Müsavatçılar isə kinorejissorun qarşısında şərt qoyublar: əgər Milli Şura İsa Qəmbəri vahid namizəd kimi təqdim edəcəksə, o zaman bu quruma üzv ola bilərlər. Prezidentliyə namizədlər sırasında reneqat Eldar Namazovun adı çəkiləndə isə Milli Şuradan dərhal istefalar başlandı. Bəzi müxalifət nümayəndələri reneqat Eldar Namazovun prezidentliyə namizədliyini özləri üçün təhqir hesab etdiklərini açıq şəkildə bəyan etdilər. Cəmiyyətdə kimsə tərəfindən tanınmayan, bir vaxtlar vəzifədə olarkən özünü iqtidar hesab edən, vəzifədən qovulduqdan sonra isə müxalifət qiyafəsi geyinən siyasi riyakara dəstək verməyi heç kim özünə sığışdıra bilmədi. Ona görə də Milli Şuranın formalaşdırılması problemə çevrilirdi. Onu da qeyd edək ki, Milli Şura elan edildikdən sonra İctimai Palatanın taleyi sual altına düşüb. Çünki İctimai Palatada təmsil olunanların əksəriyyəti həm də Milli Şurada təmsil olunurlar. Bir-birini təkrar edən iki birliyin olması məntiqsizliyə gətirib çıxarır. Məhz bu səbəbdən də ortaya sual çıxır: Milli Şura elan edildikdən sonra İctimai Palatanı hansı tale gözləyəcək? Əli Kərimli ilə İsa Qəmbəri isə tamam başqa şey düşündürür: görək Milli Şura oyununda kim daha çox qazanacaq?

Vahid namizəd davası

Milli Şuranın ilk toplantısı qalmaqallı olub. Qurumun ilk iclasında çıxış edən Müsavat başqanı İsa Qəmbər təklif edib ki, R.İbrahimbəyov Milli Şuranın sədri seçilsin. O bildirib ki, bununla onun beynəlxalq təmaslar zamanı funksiyasını da artırmış olarıq. Əslində isə İ.Qəmbər fikirləşib ki, R.İbrahimbəyovu ələ alaraq onun vasitəsilə xarici ölkələrə səfər edə bilər. Onun hiyləgərliyi AXCP sədrinin diqqətindən yayınmayıb və sədrlik məsələsində tələsməməyi bildirib. Buna baxmayaraq, Rüstəm İbrahimbəyov Milli Şurasının sədri seçilib. Sonra isə müxalifətin vahid namizədlik məsələsi müzakirə olunub. Əsl mərəkə də bundan sonra başlayıb. Cəmiyyətdə ermənipərəst mövqeyi ilə seçilən Leyla Yunus müxalifətin prezidentliyə vahid namizədinin Rüstəm İbrahimbəyov olmasını təklif edib. Müsavatçılar dərhal ona hücum ediblər.

 Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib ki, indidən kiminsə vahid namizəd olmağı barədə danışmaq tezdir, O, “Müsavat Partiyasının prezident seçkilərində öz namizədi var” – deyərək, R.İbrahimbəyovun namizədliyinin əleyhinə çıxıb.

AXCP sədrinin müavini Nurəddin Məmmədli isə bildirib ki, Milli Şuranın tərkibi, bəyannaməsi elan olunmadan vahid namizədin kimliyi ətrafında aparılan müzakirələri dayandırılmalıdır. O bildirib ki, qəhrəmanlıq edərək, kimlərisə vahid namizəd kimi təqdim etmək xoş niyyətlərdən xəbər vermir. O deyib ki, Əli Kərimlinin vahid namizəd olmaq haqqı heç də başqalarından az deyil.

 Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan isə vahid namizəd məsələsində partiyalarının mövqeyinin qətiləşdiyini bəyan edib. O, açıqlamasında bildirib ki, ALP Milli Şura daxilində Rüstəm İbrahimbəyovun vahid namizəd olmasını dəstəkləyəcək. Digər partiyaların nümayəndələri də fərqli fikirlər səsləndirdiklərindən ilk iclas mübahisələrlə başa çatıb.

  Milli Şuranın tərkibi ilə bağlı yekun siyahı açıqlanmadan qurumda təmsil olunacaq partiya və təşkilatların “yer davası” da başlayıb. Bu yerdə Şeyx Nəsrullahın ölü diriltmək məsələsi yada düşür. Şeyx Nəsrullah hələ kəndə gəlməmiş hər kəs öz ölüsünü diriltmək barədə düşünürdü. Elə ki, o, gəlib çıxdı, hər kəs sakitcə bir tərəfə çəkildi. Çünki ölü sahibləri öz günahlarını çox yaxşı bilirdilər. İndi isə Rüstəm İbrahimbəyov Şeyx Nəsrullah qiyafəsində peyda olub. O, hələ Azərbaycana gəlib çıxmamış müxalifətin tanınmış simaları bir - birinin ardınca Milli Şuradan üz döndərirlər. Çünki onlar da təmsil olunduqları partiyaların xalq qarşısındakı günahlarını çox yaxşı bilirlər. Uzun illərdir ki, ölkəmizin beynəlxalq aləmdə artan reytinqinə xələl gətirmək istəyən, sürətli inkişafımızı gözü görürməyən, ermənipərəst dairələrin sifarişi ilə daxildə çaxnaşma yaratmaq istəyən və xalqa yalan vədlər verən belə ünsürlər heç vaxt bir yerdə ola bilməzlər. Dağıdıcı müxalifət partiyalarının rəhbərləri cidd-cəhdlə qondarma Milli Şuranı da öz nəzarətləri altında saxlamaq istəyirlər. Onlar Şeyx Nəsrullah - Rüstəm İbrahimbəyov gəlib çıxmamış bu qurumu öz istədikləri kimi bölmək iddiasındadırlar, ancaq razılığa gələ bilmədiklərindən bir yerə cəm ola bilmirlər.

Rüstəm İbrahimbəyov özü gəlməmiş şifarişi gəlib çıxıb. “Şeyx Nəsrullah” yaxın dostu Lalə Şövkətin lideri olduğu ALP-yə Milli Şurada yüksək “stavka” edilməsini tapşırıb. ALP-yə 10 yer verilməsi İsa Qəmbərin vahid namizəd olma şanslarını bitirir. Bu təklif müsavatçılar üçün heç də ürəkaçan olmamışdır. Yada salaq ki, bir neçə il öncə Müsavat başqanı İsa Qəmbər Lalə Şövkəti nəzərdə tutaraq Azərbaycanda Rusiya kəşfiyyatına işləyən partiya rəhbərinin olduğunu bildirmişdi. ALP sədri Əvəz Temirxan və partiyanın digər üzvləri isə İ.Qəmbərin özünün Rusiyanın agenti olduğunu deyərək, hətta 1990-cı il 20 Yanvar hadisələrindən sonra Primakovun İsa Qəmbərin müdafiəsinə qalxdığını xatırlatmışlar. Bu ətrafda yaşanan qalmaqal isə bir neçə ay davam etmişdi.

Milli Şurada yer davası

ACP, KXCP, VHP və digər təşkilatları da qıcıqlandırıb. Hazırda Milli Şura daxilindəki əsas narazılıq da məhz bu məqam üzərində köklənib. Adı çəkilən partiyaların hər biri MŞ-də ALP ilə eyni sayda təmsilçilik tələb edir. Milli Şuranın təşəbbüsçüləri buna gedəcəyi halda isə qurumun formalaşması mümkün olmayacaq. Hazırda isə Milli Şuranın hələ ki, quru adı var. Rüstəm İbrahimbəyov isə “kino çəkmək” adı ilə qaçıb Moskvada gizlənib. Sonra da Avropaya, oradan isə ABŞ-a gedəcəyini bildirib. Görünür, erməni dostlarından daha çox çirkli pullar toplamaq üçün hələ digər ölkələrə də gedəcək.

 Rüstəm İbrahimbəyov özünün vahid namizəd olmaq niyyətini həyata keçirmək planını reallaşdırmaq üçün ermənipərəst dairələrlə danışıqlar aparmaq fikrindədir. Onun prezidentliyə vahid namizəd olmaq arzusu isə cəmiyyətdə ironiya ilə qarşılanıb. Əlindən kino çəkməkdən və talançılıqdan başqa bir iş gəlməyən, ermənilərlə əməkdaşlığı özünə şərəf hesab edən Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməyə cəsarəti də çatmaz. O çox yaxşı bilir ki, rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqını talayıb, vergidən yayınıb və ittifaqa məxsus əmlakı mənimsəyib. Bu səbəbdən də Azərbaycana gəlməyə üzü yoxdur.

Artıq əksər müxalifət nümayəndələri antiazərbaycan dairələrin əlində oyuncağa çevrilmiş R.İbrahimbəyovun yaratdığı Milli Şuraya üzv olanların hər hansı təklifinə əhəmiyyət verilməyəcəyini bəyan ediblər. Çünki bu qurum əsasən Azərbaycanın inkişafını gözü götürməyən dairələrin sifarişi ilə “fəaliyyət” göstərəcək. Pulu kim verirsə, onun da sifarişi qəbul olunacaq. Qurumun üzvləri də onların çaldıqları havaya oynamaq məcburiyyətindədirlər. Əks təqdirdə, “yağlı tikə” əllərindən çıxar. Bəzi müxalifət nümayəndələri isə bu quruma qeyri-ciddi yanaşırlar. Məsələn, REAL-ın sədri İlqar Məmmədov Milli Şuranı mənasız, aldadıcı və öncədən uğursuzluğa aparan “birlik” olduğunu vurğulayıb. O, bu quruma üzv olmayacaqlarını da bildirib. Belə fikirdə olanların isə sayı getdikcə artmaqdadır.

Göründüyü kimi, Milli Şura hələlik “ölü” vəziyyətindədir. Ciblərini doldurmaq ümidi ilə bu quruma üzv olmaq istəyənlər isə böyük səbirsizliklə Şeyx Nəsrullahın – Rüstəm İbrahimbəyovun gəlib bu “ölünü diriltməsini” gözləyirlər.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında