ABŞ – Azərbaycan münasibətləri strateji tərəfdaşlıq mərhələsinə qədəm qoymuşdur

 

Bu münasibətlərin inkişafı regional təhlükəsizliyə, sülhə əvəzsiz  töhfə verir

Həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində beynəlxalq aləmdə böyük nüfuz qazanan müstəqil Azərbaycan Respublikası qlobal proseslərdə və yeni dünya nizamının qurulmasında söz sahibi olan Amerika Birləşmiş Ştatları ilə əlaqələrə böyük əhəmiyyət verir, qarşılıqlı  münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində inkişafını dəstəkləyir.

Öz növbəsində, rəsmi Vaşinqton da Cənubi Qafqazın güc mərkəzinə çevrilən, sürətli iqtisadi inkişafı ilə dünyanın diqqətini cəlb edən, qlobal və regional əhəmiyyətli enerji layihələrini reallaşdıran və Avropanın enerji təhlükəsizliyi xəritəsini formalaşdıracaq yeni layihələrin təşəbbüskarı kimi çıxış edən qeyri-adi  geostrateji önəmə malik olan respublikamızla çoxtərəfli əməkdaşlığın inkişafında xüsusilə maraqlı olduğunu dəfələrlə bəyan etmişdir. Ölkələrimizin münasibətlər sisteminə nəzər yetirdikdə bir daha əminlik yaranır ki, ABŞ - Azərbaycan əlaqələri strateji tərəfdaşlıq səviyyəsində uğurla davam etdirilir. Bugünədək iki ölkə arasında mühüm əhəmiyyətə malik 76 dövlətlərarası sazişin imzalanması da dediklərimizi təsdiq edir.

Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlərin yaranması müstəqilliyimizin ilk illərinə təsadüf edir. 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən sonra Amerika onu tanıyan ölkələr arasında ön sıralarda yer aldı. Diplomatik münasibətlər isə 1992-ci il fevralın 28-də quruldu. Həmin ilin mart ayında ABŞ-ın Azərbaycanda, 1992-ci ilin noyabr ayında isə Azərbaycanın Amerikada səfirliyi fəaliyyətə başladı.  Rəsmi Vaşinqton Azərbaycan neftinin və qazının dünya bazarlarına çıxarılması məsələsində ölkəmizin həyata keçirdiyi siyasəti daim dəstəkləmişdir. ABŞ-ın nüfuzlu şirkətlərinin də iştirakı ilə  1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” bunun ən gözəl nümunəsidir.  Bir çox beynəlxalq ekspertlər tərəfindən əfsanə hesab olunan Bakı — Tbilisi — Ceyhan neft kəməri məhz ABŞ administrasiyasının dəstəyi ilə inşa edilmiş və istifadəyə verilmişdir. Bu neft kəmərinin tikintisi Azərbaycana öz resurslarını beynəlxalq bazarlara çıxarmaq imkanı yaratmaqla bərabər, həm də  yeni enerji dəhlizi, yeni  marşrut kimi önəm qazanmışdır.

BTC-nin reallaşmasından sonra bizim tərəfimizdən yaradılan imkandan bu gün ölkəmizlə uğurla tərəfdaşlıq edən Mərkəzi Asiya dövlətləri də faydalanmaqdadır. Region ölkələri üçün bu qədər geniş imkanlar açan layihənin reallaşması  isə təbii ki, ABŞ-Azərbaycan həmrəyliyinin təntənəsi hesab edilməlidir.  Təsadüfi deyil ki, Vaşinqton öz əhəmiyyətinə görə heç də digərlərindən geri qalmayan  “Cənub” qaz dəhlizi layihəsinin strateji əhəmiyyətini də anlayır və  onu dəstəkləyir. Bunları nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev mayın 29-da Heydər Əliyev Mərkəzində Azərbaycan ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin yaradılmasının 21-ci ildönümü ilə bağlı baş tutan “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumundakı çıxışında demişdir: “Azərbaycan-ABŞ münasibətlərinin böyük tarixi vardır. Ola bilər, o qədər də uzun olmasın, amma çox mühüm münasibətlər vardır. Müstəqilliyimizin ilk günlərindən biz xüsusi əməkdaşlıq qurmuşuq. O da nəticədə strateji tərəfdaşlığa çevrilmişdir. Siyasi təmaslarımız və dialoq çox yüksək səviyyədədir, çox fəaldır. Müxtəlif sahələrdə - iqtisadiyyat, ticarət, sərmayələr - Amerika şirkətləri Azərbaycanda başlıca investorlardandır. Bu şirkətlər Azərbaycan iqtisadiyyatının planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidini təmin etmişlər. Biz enerji təhlükəsizliyi məsələsində yaxından əməkdaşlıq edirik, iqtisadi şaxələndirmə, siyasi islahatlar, regional əhəmiyyətli məsələləri də müzakirə edirik. Regional təhlükəsizlik və əməkdaşlıq mühüm məsələlərdir”.

Bakıda keçirilən “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumu da qarşılıqlı münasibətlərin çox yüksək səviyyədə olduğunu və Amerikanın dövlət, siyasət, elm xadimlərinin, strateqlərin, hərbi və iqtisadi elitanın ölkəmizə böyük əhəmiyyət verdiyini bir daha təsdiqləmişdir. Təsadüfi deyil ki, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar forumda ABŞ-ın 42 ştatından nümayəndənin iştirak etməsini Birləşmiş Ştatlarda ölkəmizlə münasibətlərə verilən böyük önəmin göstəricisi kimi dəyərləndirmişdir. Səfir bunu son 20 il ərzində formalaşan strateji tərəfdaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndirmişdir. Konqresmen Qreqori Miks isə Azərbaycan-ABŞ münasibətlərinin dünya ölkələrinə nümunə olduğunu vurğulamışdır. Konqresmen demişdir: “Bəziləri xəbərlərə baxanda deyirlər ki, demokratlar və respublikaçılar heç bir məsələdə razılığa gələ bilmirlər. Amma bu forum göstərir ki, demokratlar və respublikaçılar bu məsələdə —  Azərbaycan-ABŞ münasibətləri məsələsində vahid mövqedən çıxış edirlər. Biz tərəfdaşıq, dostuq. Bundan əlavə, biz regiona və digərlərinə nümunəyik. Biz dünyaya nümunə göstəririk ki, demokratiya nədən ibarətdir. Bu, onun göstəricisidir ki, sərmayələr xalqın rifahına, təhsilin inkişafına yönəlsə, ölkənin gələcəyi uğurlu olacaqdır. Bu, Azərbaycanın etdikləridir. Azərbaycan gənc nəslinə sərmayə qoyubdur. Yoxsulluğun səviyyəsinin azalmasını təmin edirsinizsə və ən yoxsul təbəqələrin qayğılarını nəzərə alırsınızsa gələcək təmin olunur. Yaşasın Azərbaycan, yaşasın ABŞ-Azərbaycan münasibətləri”.

Azərbaycanın xüsusilə etibarlı tərəfdaş olması, gündən-günə daha da güclənməsi, daxili və xarici siyasətini daim qlobal çağrışların tələbləri çərçivəsində yeni meyarlarla zənginləşdirməsi və Cənubi Qafqazın aparıcı dövləti kimi regionu qarşıdurma deyil, əməkdaşlıq məkanına çevrilməsi istiqamətində mühüm diplomatik-siyasi səylərini əsirgəməməsi dünyanın aparıcı dövlətlərinin, xüsusilə ABŞ-ın diqqətini cəlb edir. Bu reallığı ifadə edən Amerikanın dövlət xadimləri, siyasətçiləri və ekspertləri Amerika üçün ölkəmizin, hətta inkişaf etmiş Avropa dövlətlərindən daha etibarlı tərəfdaş, müttəfiq  olduğunu qeyd edirlər. Dünyada böyük nüfuza malik olan və bütün hesabatları, siyasi təhlilləri diqqətlə izlənilən və çoxları tərəfindən ABŞ dövlətinin mövqeyinin ifadəçisi kimi qiymətləndirilən strateji araşdırma qurumu olan Stratfor Qlobal Araşdırmalar Mərkəzinin təsisçisi və rəhbəri, siyasi analitik Corc Fridman hələ 5 il əvvəl səsləndirdiyi fikrini bir daha xatırladaraq bildirmişdir ki, yaxın gələcəkdə ABŞ-ın dünyadakı ən yaxın müttəfiqi Azərbaycan olacaqdır. O, belə hesab edir ki, hazırda soyuq müharibənin başa çatdığı bu dövrdə çox mürəkkəb siyasi proseslər baş verir. ABŞ-ın müttəfiqləri sayılan Avropa ölkələri dərin iqtisadi böhran içindədir. Bu qitədəki dövlətlərin mövqeləri qətiyyən uzlaşmır. Halbuki, Avropa ölkələrinin əksəriyyəti NATO-nun üzvüdür və ilk baxışdan siyasi mövqelər üst-üstə düşməlidir: “Lakin biz ziddiyyətli münasibətlərdə olan Avropa dövlətlərini bir araya gətirə bilmirik. Bu isə NATO-nun beynəlxalq hərbi-siyasi təşkilat kimi gücünü zəiflədir. Ona görə də ABŞ-a Azərbaycan kimi davamlı iqtisadi inkişafa malik olan müttəfiq lazımdır. Bu,  həqiqətdir və bu həqiqət müəyyən dairələr tərəfindən nə qədər tez dərk olunarsa, bir o qədər faydalı olar. 2001-ci ildə ABŞ-a qarşı dəhşətli terror aksiyası törədilmişdir. Rəsmi Vaşinqtonun bəzi müttəfiqləri antiterror əməliyyatlarında ABŞ-ı dəstəkləmək üçün müəyyən şərtlər irəli sürdülər. Lakin Azərbaycan qeyd-şərtsiz ABŞ-ı dəstəklədiyini bəyan etmiş və beynəlxalq terrorçuluğa qarşı mübarizədə hər cür kömək göstərmişdir”.

Bəli, Azərbaycan 2011-ci ildə baş verən dəhşətli terror aktında dərhal ABŞ-ı dəstəklədiyini bütün dünyaya bəyan etmişdir. Bunun bir səbəbi ölkəmizin humanizm prinsiplərini əlində rəhbər tutaraq hər cür terrorçu fəaliyyətlərin əleyhinə çıxış etməsidirsə, digər bir səbəbi isə 1990-cı illərdə Ermənistan Respublikası tərəfindən himayə edilən terrorçu qrupların hücumuna məruz qalmağımız, yəni terrorun necə böyük bir bəla olduğunu bilməyimizdir. ABŞ isə bu reallığı 2011-ci ildə daha yaxşı dərk etdi.  Amerika rəsmiləri ölkələrinin təhlükəsizlik sərhədlərinin daha geniş coğrafiyanı, o cümlədən Cənubi Qafqazı əhatə etdiyini anladılar. Bu zaman Azərbaycanın geostrateji əhəmiyyəti, onun təhlükəsizliyinin, ərazi bütövlüyünün təmin edilməsi zərurəti daha qabarıq şəkildə nəzərə çarpdı. Bu və digər  məsələlərdə rəsmi Vaşinqtondan gələn təklifləri özünün milli təhlükəsizlik strategiyası və milli dövlətçilik maraqları çərçivəsində düzgün qiymətləndirən Azərbaycan Respublikası qarşlıqlı əməkdaşlığın inkişafında maraqlı olduğunu növbəti dəfə bəyan etdi. Dövlət başçımız çıxışında demişdir: “Təhlükəsizlik hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Çox şadam ki, biz artıq bu sahədə yeni mərhələyə qədəm qoyuruq. Biz qlobal təhlükəsizlik məsələlərində bir arada çalışırıq. Bizim hərbçilərimiz dünyanın müxtəlif yerlərində sülhməramlı əməliyyatlarda iştirak edirlər, Əfqanıstanda bir arada xidmət edirlər. Azərbaycan Əfqanıstana yönəlmiş yüklərin 40 faizinin nəqlini təmin edir və bizim marşrut ən sabit marşrut hesab oluna bilər.  Bizim NATO ilə əməkdaşlığımız da ikitərəfli münasibətlərimiz aspektindən qiymətləndirilməlidir və çox şadam ki, gündən-günə bu münasibətlər güclənir. Azərbaycan bu regionda etibarlı tərəfdaşdır. Biz bunu sadəcə bəyanatlarda deyil, real əməllərimizlə sübut edirik. Bu, bizim əməkdaşlığımız üçün müstəsna əhəmiyyət kəsb edir”.

Bu gün təcavüzkar Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal altında saxlayır və həmin ərazilərdə  beynəlxalq terrorçuların fəaliyyətinə geniş imkanlar yaradır. Bu gün Dağlıq Qarabağda beynəlxalq  terrorçuların hərbi düşərgələri, onlara məxsus xəstəxanalar və narkotik bitkilərin plantasiyaları mövcuddur. Azərbaycanın nəzarətində olmayan bu bölgədə silah, narkotika ticarətinin mövcudluğu artıq təsdiqini tapmışdır. Bu mənada, məsələn, Əfqanıstandakı ABŞ hərbçisinin təhlükəsizliyinin məhz Ermənistanın işğalı altında olan ərazilərdən başlandığını  desək, səhv etmiş olmarıq. Təbii ki, bu reallığı Amerikanın əlaqədar güc strukturları, təhlükəsizlik qüvvələri, kəşfiyyat orqanları da bilməmiş deyillər. Buna görə də  ATƏT-in Minsk qrupunun həmsədri olan rəsmi Vaşinqtonun Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvonun qəbuledilməz olması məsələsində tutduğu qətiyyətli mövqeyi dəstəkləməsi və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyini vurğulaması, həm də qlobal və regional təhlukəsizliyin təmin edilməsi baxımından önəmlidir.  Bu barədə danışan Prezident İlham Əliyev demişdir : “Biz ABŞ-ın ən yüksək rəhbərliyi səviyyəsində status-kvonun qəbuledilməzliyi ilə bağlı bəyanatı alqışlayırıq. Bu, tam olaraq bizim mövqeyimizlə üst-üstə düşür və bugünkü günün tələbidir. Çünki Dağlıq Qarabağ münaqişəsi təkcə böyük zorakılığın və beynəlxalq hüququn tapdalanmasının təzahürü deyil, bu, eyni zamanda regional təhlükəsizliyə və sabitliyə ən böyük təhdiddir. Bu region təhlükəsiz və firavan olmalıdır. Eyni zamanda, inteqrasiya olunmalıdır”.

Bu ayın əvvəllərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a səfəri çərçivəsində bu ölkənin dövlət katibi Con Kerri ilə görüşündə də Dağlıq Qarabağ münaqişəsi müzakirə edilmişdir. Con Kerri xüsusi vurğulamışdır ki, Azərbaycan ABŞ üçün önəmli tərəfdaşdır. Diqqətə çatdırmışdır ki, Azərbaycan Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (İSAF) kömək göstərilməsində və ABŞ üçün önəmli olan digər məsələlərdə böyük rol oynayır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionun sabitliyinə təhdid olduğunu deyən Con Kerri Birləşmiş Ştatların ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi qismində tərəflərə problemin həllini tapmaqda kömək edəcəyini vurğulamışdır. Dövlət katibi ABŞ-ın münaqişənin həllində maraqlı olduğunu bir daha diqqətə çatdırmışdır.  Birləşmiş Ştatlarda yaxşı anlayırlar ki, Azərbaycanın yüksəlişi, iqtisadi-siyasi-hərbi güc mərkəzinə çevrilməsi vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən strategiyanın həyata keçirilməsi, onun siyasi kursunun davam etdirilməsi nəticəsində mümkün olmuşdur. ABŞ-ın keçmiş energetika naziri Bill Riçardsonun, Hava Qüvvələrinin generalı, sabiq nəqliyyat komandanı Dankn Maknabın,  konqresmenlər  Maykl Törnerin,  Ruben Hinoyosanın və digər önəmli siyasi simaların çıxışlarında da bunu açıq-aydın görmək olar. Bakının, ölkəmizin ünvanına ən xoş sözlər deyən və bu mənada, əslində bütün rasional düşüncəli amerikalı siyasətçilərin mövqeyini ifadə edən konqresmen Şeyla Cekson Lin  demişdir: “Siz çox mürəkkəb regionda yaşayırsınız. Xəritəyə baxdıqda, biz bir daha şahid oluruq ki, siz çox cəsarətli bir ölkəsiniz. Siz dünyəvi, demokratik və azad müsəlman ölkəsisiniz. Mən fərəhlənirəm ki, sizin kimi ölkəni dəstəkləmək imkanı əldə etmişəm. Azərbaycan XXI əsrin ölkəsidir. Azərbaycan və ABŞ-ın çox mühüm dostluğu vardır. XXI əsrdə və ondan sonra da bizim dostluğumuz yaşayacaqdır”.

Rauf  KƏNGƏRLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında