9 iyun 1993-cü il: Vətənin xilası naminə möhtəşəm qayıdış

 

 Ulu öndərin Naxçıvandan Bakıya gəlməsi ölkədəki ağır proseslərin normal məcraya yönəlməsinə səbəb oldu

 Həmin gün, sözün həqiqi mənasında, xalqımızın taleyində dönüş anı başlanmış, böyük qurtuluşa doğru mühüm addım atılmışdı. Məhz milli tariximizin həmin unudulmaz  günü xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkə paytaxtına  qayıdışı ilə müstəqil dövlətçiliyimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edilmişdir.

  Təbii ki, bütün bunlar böyük Qurtuluşdan sonra real həyatda öz əksini tapa bilmişdi. Ancaq ölkədə hamı bu fikirdədir ki, xalqımızı nicata aparan yol bilavasitə iyunun 9-da başlanmışdı. Həmin gün ulu öndər Heydər Əliyev Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpa edilməsi və milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində çox mühüm bir addım atmışdı. Bütün tarixçilər və siyasətçilər  haqlı olaraq adı çəkilən  addımların qurtuluş məfkurəsinə istinad edərək atıldığını söyləyirlər. Bu da təsadüfi deyildi. Çünki xalqımız və ziyalılarımız ulu öndərin siyasi uzaqgörənliyinin istiqamətlərini  hələ əsrin 70- ci illərindən  bilirdi.

Milli tariximizlə tanış olan hər kəs yaxşı bilir ki, son dörd-beş onillikdə  respublikamızın taleyüklü məsələlərlə bağlı bütün məqamlarında   Heydər Əliyev xalqın yanında olmuşdur. Azərbaycanda ilk dəfə 1969-1982-ci illərdə hakimiyyətdə olan ulu öndər öz  xalqını zamanın ən çətin sınaqlarından çıxararaq, ölkənin iqtisadi, siyasi və mədəni tərəqqisinə nail olmuş, geniş vüsət alan inkişaf proseslərinə təkan vermişdir. Ümummilli lider ömrü boyu Azərbaycan xalqının rifahı naminə çalışmış və hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, bacarığı, qabiliyyəti, fitri istedadı ilə diqqəti cəlb etmişdir. Ona görə də 1993-cü ilin iyununda ümummilli liderimizin Naxçıvandan Bakıya gəlişi xalqın böyük məmnunluğuna səbəb olmuşdu.

Xalq bilirdi ki, nəinki müstəqilliyin ilk illərində üzləşdiyimiz bəlalar, hətta ondan bir neçə il əvvəllər başımıza gətirilən müsibətlər də məhz ulu öndərin  böyük siyasətdən kənarda olmasının nəticəsi idi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin məhz Heydər Əliyevin siyasi  hakimiyyətdən məcburi uzaqlaşdırılmasından sonra baş verməsi təsadüfi deyildi. O, Azərbaycanda və ya Moskvada hakimiyyətdə  olarkən heç kim bu barədə danışmağa belə cürət edə bilmirdi. 1990-cı ilin yanvarında xalqımıza qarşı törədilən qanlı faciəyə biganə qala  bilməyən Heydər Əliyev hadisələrin gərginliyinə, müxtəlif təhlükələrə baxmayaraq, ölkəmizin Moskvadakı nümayəndəliyinə gələrək, sovet rəhbərliyinə qarşı kəskin bəyanatla çıxış etmişdi. Onun həmin tarixi çıxışı Azərbaycanın siyasi həyatında yeni dövrün başlandığını bildirən ilk çağırış, milli azadlıq hərəkatına verilən möhtəşəm dəstək idi.

SSRİ tarixinə əli qanlı siyasətçilərdən biri kimi düşmüş Mixail Qorbaçovun törətdiyi 20 Yanvar hadisələrindən sonra ulu öndərin  Azərbaycana qayıtması, keçmiş sovet sisteminin oyuncağı olan yerli rəhbərliyin ona  qarşı xəyanətkar hərəkətləri, ona Bakıda yaşamağa və işləməyə imkan verilmədiyi  indi hamıya məlumdur. O da məlumdur ki, Heydər Əliyev Moskvada oturub sakitcə yaşaya bilərdi. Ancaq o, sakitliyi və rahatlığı deyil, Azərbaycanın taleyini düşünmüşdü. Onun möhtəşəm qayıdışını doğulub boya-başa çatdığı Naxçıvan torpağı, yerli əhali  hədsiz sevgi, məhəbbət və inamla qarşılamışdı. Hətta  naxçıvanlılar bütün maneələrə baxmayaraq, qısa müddət ərzində onu özlərinə rəhbər seçmişdilər. Heydər Əliyev hər zaman olduğu kimi, öz gəlişi ilə  Naxçıvana yeni nəfəs gətirmiş, ağır blokada şəraitində olmasına baxmayaraq, bu qədim Azərbaycan torpağını  dirçəltməyə başlamışdı.

 Böyük dövlət xadiminin Naxçıvandakı idarəetmə uğurlarını görən xalqımız ölkədəki xaos və anarxiyanı aradan qaldırmaq, Azərbaycan dövlətçiliyini xilas etmək naminə Heydər Əliyevin ölkə rəhbərliyinə gətirilməsini tələb etməyə başladı.

AXC-Müsavat iqtidarı  dövründə yaranmış dözülməz şərait, ölkənin vətəndaş müharibəsi, parçalanma və dağılma təhlükəsi ilə üzləşməsi, Ermənistanın hərbi təcavüzünün genişlənməsi qəti addımların atılmasını, hakimiyyətin etibarlı əllərə tapşırılmasını tələb edirdi. Əlbəttə, xalqının görkəmli oğlu, alovlu vətənpərvər bu acı hadisələrə laqeyd qala bilməzdi. Necə ki, qalmadı.

Əbülfəz Elçibəy, İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseyn və digər AXC-Müsavat rəhbərlərinin siyasi diletantlığı üzündən 1993-cü ilin yayında ölkədə qardaş qanı töküldü, vətəndaş müharibəsinə rəvac verildi, milli dövlətçiliyimiz ikinci dəfə məhv olmağın bir addımlığına gətirildi. Belə bir zamanda xalq milli dövlətçiliyi qorumaq və vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Bu dəvətə AXC- Müsavat iqtidarı da qoşuldu. Ancaq onların məramı başqa idi. Onlar öz canlarını Surət Hüseynovun əlindən qurtarmaq üçün ölkədə sabitliyin yaranmasını, qanunun aliliyinin təmin olunmasını arzu edirdilər. Hər iki qütbün davamlı çağırışlarını nəzərə alan Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Ulu öndərin bu qayıdışı Vətənin xilası, xalqın qurtuluşu idi.

 Bəzən tarixçilər yazırlar ki, 90-cı illərdə ölkədə gedən ictimai-siyasi proseslər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə yeni bir məcraya yönəlmişdi. Bu arqumentin müəllifləri əslində  haqlıdırlar. Çünki məhz həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Ancaq ulu öndərin Ali Sovet sədri seçilənədək qanunverici orqanımızın iclaslarındakı çıxışlarının, əcnəbi siyasətçilərlə görüşlərinin, xüsusən, Gəncəyə başdan-ayağa silahlanmış Surət Hüseynovla görüşüb danışıqlar aparmağa getməsinin əhəmiyyətini qətiyyən azaltmaq olmaz. AXC-Müsavat iqtidarı Surət Hüseynovun üstünə qoşun yeridərək onu əməlli-başlı qıcıqlandırmışdı. Belə bir vaxtda Heydər Əliyevin tamamilə silahsız və müdafiəsiz olaraq qəzəbli polkovnikin yanına getməsi sadəcə bir türk cəsarəti, millət və xalq naminə ortaya qoyulan fədakarlıq nümunəsi idi.  Bunu ancaq Heydər Əliyev bacara bilərdi.

Sonra hadisələr daha müsbət məcralara yönəldi, ölkədə nisbətən sabitlik yarandı və  oktyabrın 3-də  Heydər Əliyev xalqımızın böyük əksəriyyəti tərəfindən ölkə Prezidenti seçildi. Ulu öndər ölkə Prezidenti kimi Vətəni və xalqı naminə yenə əvvəlki coşqunluqla, əzm və mətanətlə, işgüzarlıqla gecə-gündüz yorulmadan çalışmağa başladı.

Azərbaycan xalqının xoşbəxtliyidir ki, bu gün dövlət və cəmiyyət həyatının bütün sahələrində Prezident İlham Əliyev də Heydər Əliyevə xas olan möhkəm iradə və qətiyyətli mövqe nümayiş etdirir, Azərbaycan dövlətinin qüdrətini, sarsılmaz təmələ malik olduğunu öz məhsuldar fəaliyyəti ilə sübut edir. Xalqımızın firavan gələcəyinin təminatına hesablanmış praqmatik siyasi strategiya sayəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, ölkəmizin nüfuzu daha da artmışdır. Prezident İlham Əliyevin səriştəli idarəetmə qabiliyyətinin nəticəsidir ki, indi respublikamız iqtisadi inkişaf tempinə görə dünyanın ən qabaqcıl ölkələrindən biridir.

Xalqımız, dostlarımız və bədxahlarımız çox yaxşı bilirlər ki, Azərbaycanın bugünkü uğurlarının hamısının təməlində  ulu öndər Heydər Əliyevin böyük siyasətə qayıdışı və həmin qayıdışın ölkə əhalisində yaratdığı ruh yüksəkliyi dayanır.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında