Zülmətdən aydınlığa doğru

 

 

 

 

 

Ziyalıların yeni

sovet nəsli

1929-cu ildən başlayaraq bütün ittifaqda,  o cümlədən də Azərbaycanda sosialist ziyalısını formalaşdırmaq tendensiyası gücləndi. Fəhlə və əməkçi kəndlilərin içərisindən xüsusi qəbuletmə həyata keçirilir, yerli əhalidən kommunist və komsomolçulara üstünlük verilirdi.

Beləliklə, ali təhsilin yenidən təşkili başladı. Texniki ixtisaslı kadrların hazırlanması aşağı səviyyədə idi. Məsələn, Azərbaycan Politexnik İnstitutunu (indiki Texniki Universitet) 1921-1929-cu illərdə cəmi 71 mühəndis bitirmişdi.  1930-cu ildə Azərbaycan Xalq Komissarları Soveti “Azərbaycan SSR ali texniki məktəblərinin yenidən qurulması və rayonlaşdırılması və onların müvafiq təsərrüfat orqanları və komissarlıqların sərəncamına verilməsi haqqında” qərar qəbul etdi. Politexnik İnstitutunun texnologiya fakültəsindən mühəndis inşaat fakültəsi müstəqil Mühəndis İnşaat İnstitutuna çevrildi, relssiz yollar şöbəsi bazasında isə avtomobil yolları fakültəsi təşkil olundu. Politexnik İnstitutu Neft İnstitutuna (İndiki Azərbaycan Neft Akademiyasına) çevrildi. 1929-cu ildə Politexnik İnstitutunun kənd təsərrüfatı fakültəsi bazasında Gəncədə Kənd Təsərrüfatı İnstitutu (indiki Kənd Təsərrüfatı Akademiyası) yaradıldı. İrriqasiya və su nəqliyyatı şöbələri Zaqafqaziya Pambıqçılıq İnstitutuna çevrildi.

Azərbaycan Dövlət Universiteti də əsaslı yenidənqurmaya məruz qaldı: tibb fakültəsi Azərbaycan Tibb İnstitutuna (İndiki Tibb Universitetinə), pedaqoji fakültə Azərbaycan Pedaqoji İnstitutuna (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) çevrildi. Hüquq fakültəsi əsasında Sovet Quruculuğu və Hüquq  İnstitutu, iqtisad fakültəsi bazasında isə  Kooperativ-Ticarət İnstitutu təşkil olundu. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti öz fəaliyyətini müvəqqəti olaraq dayandırdı.

1930-31-ci tədris illərində pambıqçılıq, kooperativ-ticarət, diş müalicəsi, avtomobil nəqliyyatı institutları təşkil olundu.  Bakıda Sənaye Akademiyası, Qırmızı Professorlar İnstitutu və Zaqafqaziya Bədən Tərbiyəsi İnstitutunun filialları fəaliyyət göstərirdi.  Artıq 1932-33-cü tədris ilində 15 ali təhsil müəssisəsində 10 min tələbə təhsil alırdı. Xalq Komissarları Sovetinin qərarı ilə ali məktəb və texnikumlar idarə və təsərrüfat orqanlarına təhkim edilirdi. Azərbaycan Neft İnstitutu İttifaqneftlə Azərneftin, Tibb İnstitutu Xalq Səhiyyə Komissarlığının sərəncamına verilmişdi. Məqsəd təhsil müəssisələrinin maliyyə problemlərinin həll edilməsi idi.

Ali və orta məktəblərə tələbələrin cəlb edilməsində Bakı, Gəncə və respublikanın bir sıra rayonlarında fəaliyyət göstərən fəhlə fakültələri mühüm rol oynayırdı. Ali təhsili “proletarlaşdırmaq” məqsədilə istehsalatda çalışan fəhlələr üçün fəhlə kursları yaradılırdı. 1520 nəfərdən artıq fəhlə dövlət və təsərrüfat orqanlarının  təqaüdünü alırdı. 1932-ci ildə Azərbaycanda ali və ali texniki məktəblərində tələbələrin ümumi sayının 70 faizini fəhlələr təşkil edirdi.

Ali məktəblərdə yerli millətin nümayəndələrinin sayı əvvəlki illərə nisbətən artmağa başlamışdı. Belə ki, 1928-29-cu tədris ilində tibb fakültəsində təhsil alan 535 tələbənin 171-i (32 faiz),  1932-ci ildə isə 1559 tələbənin artıq 1147 nəfəri (73 faiz) azərbaycanlı idi. Ümumiyyətlə, bütün ali məktəblərdə azərbaycanlı tələbələr bu illər ərzində 27,3 faizdən 50,5 faizə, azərbaycanlı qızların sayı isə 149-dan 838-ə qədər yüksəldi.

Eyni zamanda, 1930-cu ildə bütün ali və texniki məktəblərdə elmi kadrların hazırlanması və azərbaycanlı müəllimlərin sayını  artırmağa imkan verən  aspirantura təşkilinin əsası qoyuldu. 1930-cu ildən neft, tibb institutlarında və digərlərində tədrisi Azərbaycan dilində təşkil edilən bölmələr yaradıldı.  Texnikumların açılmasına start verildi. 1929-30-cu tədris ilində Azərbaycandan RSFSR və digər respublikalardakı ali və ali-texniki məktəblərə 249 nəfər göndərilmişdisə, 1930-31-ci tədris ilində bu rəqəm 442 nəfərə çatdırıldı. Oxumağa göndərilənlərin 60 faizi azərbaycanlı idi. Artıq 1932-ci ilin sonunda xalq təsərrüfatının müxtəlif sahələrində 50 minədək ali təhsilli savadlı mütəxəssis çalışırdı.  1932-33-cü tədris ilində respublikanın 15 ali təhsil müəssisəndə 10 min tələbə təhsil alırdı.

1933-cü ildə Gəncədə pambıqçılıq, mühəndis-meliorasiya və baytarlıq-zootexnik institutlarının nəzdində Azərbaycan Kənd Təsərrüfatı İnstitutu təşkil edildi. 1934-cü ildə ADU yenidən bərpa edildi, fakültələrin sayı artırıldı. 1934-cü ildə universitetə qəbul olunan 218 nəfərdən 127-si azərbaycanlı idi.

SSRİ MİK 1932-ci ilin sentyabrında ali məktəbdə rejim və tədris proqramları haqqında qərar qəbul etdi. Azərbaycanda ali təhsil ocaqlarında rus ziyalılarının rolunu xüsusi qeyd etmək lazımdır.

1933-cü ilin dekabrında AK(b)P  Ali Pedaqoji İnstitutun vəziyyəti haqqında məsələni müzakirə etdi, ölkənin ali tədris müəssisələrinin hamısında tədris-tərbiyə və təşkilati-metodik fəaliyyətin yenidən qurulmasına start verildi. Oxşar ixtisaslarla məşğul olan institutlar ləğv edildi.

Azərbaycanda ali və orta təhsil müəssisələrinin ən ciddi problemlərindən biri mühüm fənlər üzrə Azərbaycan dilində dərsliklərin və dərs vəsaitlərinin olmaması idi. Bu, milli kadrların hazırlanmasına mənfi təsir göstərirdi. 1936-cı ildə qəbul edilmiş yeni Konstitusiyaya əsasən, vəziyyət dəyişməyə başladı.  SSRİ XKS və MİK 1935-ci ildəki qərarı ilə “Ali təhsil müəssisələrinə qəbul haqqında” Qanuna əsasən, tələbələrin sosial mənşələri ilə bağlı qadağalar ləğv edildi. Azərbaycanlı tələbələrin bütün təbəqələrinin ali məktəblərə qəbuluna icazə verildi.

Bolşevik terroru, repressiyalar

Hər bir insan aqibətində enişlər və yoxuşlarla üzləşdiyi kimi, dövlətlər və xalqlar da intibah və tənəzzül dövrlərini yaşayırlar. Fərq ondadır ki, insan itkilərdən tez dirçələ bilir, dövlətlərə və xalqlara isə bunun üçün qərinələr bəs etmir.

Azərbaycanda XX əsrin 20-30-cu illərində baş verən qanlı hadisələr, 37-ci ilin repressiyalarla yanaşı, yeniliklərin tətbiqi və təhsilin inkişafı istiqamətində atılan uğurlu addımlar mahiyyət etibarı ilə təzadlı və mürəkkəb dövrün yaşandığını sübut edir. Respublika paytaxtındakı ali təhsil ocaqları da ölkə tarixində baş verən repressiyaları eyni gərginliklə, eyni dramatizmlə yaşayırdı. Bakı Dövlət Universitetinin 1930-cu ildə bağlanması, əslində, aparılan repressiyalardan heç də fərqlənməyən kommunist jesti idi. 1929-cu ilin sonunda Kommunist Partiyası Azərbaycanda ortabab və varlı kəndliləri sıxışdırıb məhv etmək məqsədilə yoxsul və muzdlu kəndlilərdən ibarət 1500-dən artıq silahlı qrup yaradaraq, Dövlət Siyasət İdarəsi və Daxili İşlər Komissarlığının silahlı qüvvələrinə “yardım etməyə” başladılar. Varlı və sovxoza gəlmək istəməyənlərin əmlakı müsadirə edilir, özləri isə güllələnirdilər. Həmin il respublikada 16 min kəndli təsərrüfatı viran qoyuldu, dağıdıldı. 1930-cu ildə Naxçıvanda, Nuxada, Şamxorda və başqa bölgələrdə üsyançı dəstələr yaranır, varlı, ortabab, hətta yoxsullar belə birləşirdilər. Bütün bunlara baxmayaraq, kollektivləşdirmə sürətlə aparılırdı. 1930-cu ilin 3 ayı ərzində məcburi şəkildə yaradılan kolxoz və kommunaların sayı 535-dən 1670-ə çatdı. Ortababların sovet təsərrüfatlarından  uzaqlaşması 351 kolxozun dağılması ilə nəticələndi.

Azərbaycan Dövlət İqtisad Universitetinin yarandığı gündən yarım əsrə yaxın bir müddət ərzində üç dəfə bağlanması da nadir hadisədir. 1941-1945-ci illərdə bunu İkinci Dünya müharibəsi ilə izah etmək mümkün olsa da, 1959-1966-cı illərdə universitetin qapanmasının məntiqi izahını Kremldə gedən siyasi oyunlarda, 1987-1990-cı illərdə isə M.Qorbaçovun ermənipərəst siyasətində axtarmaq lazımdır. Eyni zamanda, ali təhsilini başa vura bilməyən tələbələrin də sırasında azərbaycanlılar çoxluq təşkil edirdilər. Məsələn, 1939-40-cı tədris ilində 144 məzunun cəmi 65 nəfəri azərbaycanlı, yerdə qalan 79 nəfəri isə digər millətlərin, əsasən ermənilərin və rusların nümayəndələri idilər.

Ötən əsrin 30-cu illərində  tənəzzüllə intibah eyni sürətlə inkişaf edirdi. Məhz bu illərdə uğurlarımızla faciələrimiz sanki bir-biri ilə yarışırdılar. Bu da repressiya illərinin paradokslarından biri idi.  Ölkə təzadlar içində çırpınırdı.

Repressiya illərində Azərbaycanda 26 min insan güllələndi və sürgün edildi. Onların içində müxtəlif universitetlərin məzunları, müəllimləri və hətta rektorları olub. Sosial-İqtisad İnstitutunun (Hazırki ADİU) direktoru Rəşid Qayıbov Mərkəzi Komitəyə elmi işlər üzrə müavini erməni əsilli İ.H. Haykazovun yararsız kadr kimi vəzifədən azad edilməsi xahişi ilə müraciət edir.  Haykazovun getməsi R. Qayıbovdan yuxarılara yazılan donoslara start verir,  o, 1937-ci ilin yazında vəzifədən azad edilir, həbs olunur və təcili SSRİ Ali Hərbi Məhkəməsinin Kollegiyasında güllələnməyə məhkum edilir.

Ulu öndər Heydər Əliyevin repressiya illəri ilə bağlı müdrik bir cümləsini xatırlamaq yerinə düşərdi: “Bu bizim tariximizdir”. Bu ifadənin arxasındakı kədərli bir məntiq var: ötən  əsrin otuzuncu illərində hər birimizin və bütün ölkənin, o cümlədən universitet və institutların  yaşantıları  eyni sıxıntılardan, eyni sarsıntılardan keçib. 

Faşist Almaniyası Sovet İttifaqına hücum edəndə  məğlubiyyətin acısını dadan Sovetlər Birliyi işğal olunmaq təhlükəsi altında olan ərazilərdən zavod, fabrik və hospitalları arxa cəbhəyə təxliyə etməyə başladı. Respublikada hərbi dövrün qanunları tətbiq olundu. Ölkə cəbhəni  neftlə təmin edir, işğal olunmuş ərazilərdən çıxarılan zavod, fabriklər və hospitalların respublikada qurulması üçün səylə çalışırdı.

Hərb dövrünün qanunları ali təhsil müəssisələrinə də toxundu. Pedaqoji və xalq təsərrüfatı institutlarının Azərbaycan Dövlət Universitetinə birləşdirilməsinə qərar verildi. Təhsilin müddəti 3 ilədək qısaldıldı, iqtisadçı kadrların hazırlanması üçün qiyabi bölmə yaradıldı.

Azərbaycan 

elminin və təhsilinin  himayədarı

1969-cu ildə Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi və onun respublikaya rəhbərlik etməyə başlaması respublikanın ictimai-siyasi həyatında ciddi yeniliklərə səbəb oldu. Ulu öndər vəzifəsinin icrasına başlayan kimi, 1920-ci illərdən üzü bəri Azərbaycan kommunistlərinə başçılıq edən bütün birinci katiblərdən fərqli, nadir lider, bənzərsiz şəxsiyyət  olduğunu sübut etdi. Əgər sovet hakimiyyətinin ilk illərində bütün birinci katiblər Moskvanın göstərişlərini direktiv kimi qəbul edirdisə, Heydər Əliyev özü Moskva qarşısında ciddi məsələlər qaldırır və həllinə nail olurdu.

Onun sayəsində respublikanın ali təhsil sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Ali məktəblərin sayı 12-dən 17-yə çatdırıldı, dəqiq və texniki elmlərlə bağlı ixtisasların sayı artırıldı. Ali məktəblərə qəbul edilən tələbələrin sayı 30 mindən 100 minə çatdırıldı. Eyni zamanda, hər il kənarda təhsil almağa göndərilən məzunların sayı 47 nəfərdən (1969) 1000-1400 (1980) nəfərə çatdırıldı. Heydər Əliyevin  hakimiyyətinin birinci dövründə xaricə oxumağa göndərilən tələbələr “milli kadrlar” adlandırıldı. Digər bir tərəfdən, ulu öndər milli kadrların əsasən azərbaycanlılardan ibarət olmasını şəxsən nəzarətə götürdü. Ölkənin bütün ali təhsil müəssisələrində tədris planları dəyişdirildi. Polis Akademiyasının, Naxçıvanski  adına Hərbi Məktəbin yaradılması müstəqil dövlət quruculuğu istiqamətində atılan misilsiz, Sovet İttifaqı tarixində cəsarətli addımlar idi. Buna Heydər Əliyevdən başqa kimsənin qüdrəti çatmazdı.

Ulu öndərin erməni liderlərini zərərsizləşdirərək ikinci plana sıxışdırması, Kremlin birinci simaları ilə münasibətləri birbaşa qurması ermənilərin hiddətinə səbəb olurdu. Siyasi Büronun bütün üzvləri onunla birbaşa razılaşır, bütün vacib məsələlər bilavasitə, təkbətək, ermənilərin müdaxiləsi və ya “xeyir-duası” olmadan həll edilirdi. Ulu öndərin bununla bağlı çox maraqlı xatirələri var. Onun yetişdirdiyi milli kadrlardan biri Lomonosov adına MDU-nun məzunu B.İmanquliyev 1992-ci ildə Amerika-İngiltərə Ümumdünya Televiziya Xəbərlərinin (WTN) əməkdaşı kimi Naxçıvanda ulu öndərlə görüşlərini belə xatırlayır:

– Bir neçə dəfə ciddi söhbətlərimiz oldu. Ən maraqlısı isə  Bakıda kondisioner zavodunun inşası ilə bağlı idi. Heydər Əliyev zavodun tikintisinin bir neçə dəfə dayandırıldığından belə danışdı: “Azərbaycan kimi aqrar respublikalarda nəhəng sənaye obyektlərinin tikintisi nəzərdə tutulmurdu. Ona görə iş başlayandan bir müddət sonra tikintini dayandırdılar. Birbaşa Brejnevə müraciət etdim, tikintinin davam etdirilməsinə nail oldum. Bir qədər vaxt ötdükdən sonra tikinti yenidən dayandırıldı. Mən Brejnevin yanına girib soruşdum ki,  Leonid İliç, siz doğrudandamı Kommunist Partiyasının Baş katibisiniz? Sual onun xoşuna gəlmədi: “Bu nə sualdır verirsiniz, Siz buna şübhə edirsinizmi”? - deyəndə, cavab verdim ki, xeyr, Leonid İliç, mən şübhə etmirəm, amma görünür şübhə edənlər var. Məsələ burasındadır ki, Sizin razılığınızla Bakıda kondisioner zavodunun tikintisinə başlanıldı. Lakin artıq neçənci dəfədir ki, sizin birbaşa göstərişlərinizə baxmayaraq, tikinti dayandırılır. Görünür, kimlər üçünsə Baş katibin göstərişi o qədər də əhəmiyyətli deyil.  Brejnev yubanmadan müşavirə çağırdı, zavodun tikintisinin təcili sürətdə başa çatdırılması barədə göstəriş verdi, açılışda şəxsən iştirak edəcəyini bildirdi. Bu məsələdən sonra Siyasi Büronun bütün üzvləri mənimlə hesablaşırdılar, bilirdilər ki, qarşıma məqsəd qoymuşamsa, mütləq nail olacağam, məni yolumdan çəkindirmək mümkün olmayacaq”.

Brejnevin, sonra Çernenko və Andropovun vəfatından sonra hakimiyyəti ələ  keçirən  Mixail Qorbaçov Siyasi Büroda lider keyfiyyətlərinin bütün parametrləri üzrə ən güclü şəxsiyyətin Heydər Əliyev olduğunu yaxşı bilirdi. Bu, insanın güclü siyasi iradəsi, dövlət quruculuğu sahəsindəki zəngin təcrübəsi, yüksək idarəçilik bacarığı, işgüzarlığı və beynəlxalq aləmdə “Brejnev komandasının ən güclü şəxsiyyəti” kimi tanınması ziyafətlər və siyasi intriqalarla hakimiyyətə gələn primitiv kəndli təfəkkürünə malik Qorbaçovu vahimələndirməyə bilməzdi. Arvadı Raisa Maksimovnanın erməni dostlarına vəzifə paylayan Mişa Qorbaçov Sovet İttifaqının bir nömrəli şəxsiyyətinin qüdrəti və iradəsi qarşısında zəif idi. Erməni maliyyə mənbələrindən və böyük güc mərkəzlərindən  asılı, iradəsiz Qorbaçovu, Qdlyanın Orta Asiyada siyasi səhnəyə çıxardığı pambıq şousunu, Aqanbekyanın   Qarabağ məzhəkəsini,  təbii ki, Heydər Əliyev qəbul etmirdi. Digər bir tərəfdən, artıq Kremlim özündə beynəlxalq güc mərkəzlərinin İttifaqı dağıtmaq cəhdlərini aydın görürdülər. Siyasi Büro üzvlərinin pərdəarxası söhbətlərində Sovet İttifaqını kimin xilas edəcəyi barədə söhbətlər gedirdi. Hamı yaxşı bilirdi ki, bunu Heydər Əliyevdən başqa kimsə bacarmayacaq. Brejnev komandasının ən güclü simasının Qorbaçovun bir nömrəli rəqibinə çevrilməsi labüd idi.  Nəhəng beynəlxalq güclərin himayədarlığı altında Qorbaçovu üzük kimi mühasirəyə alan  erməni millətçiləri Heydər Əliyevə qarşı nəhəng əks-təbliğat maşınını görünməmiş vüsətlə  işə saldılar. 1987-ci ilə kimi səngiməyən bu kampaniyada Qarboçov Heydər Əliyevi zəiflətmək, ermənilər isə Azərbaycanın Siyasi Büroda nüfuzlu təmsilçisini, Qarabağın ən güclü müdafiəçisini Kremldən uzaqlaşdırmaq   niyyətini güdürdülər.

Qorbaçov erməni məsləhətçilərinin və həm də Sovet İttifaqının dağılmasında böyük dövlətlərin diktəsi ilə fəaliyyət göstərən erməni diasporunun əlində oyuncağa çevrildikdən sonra Azərbaycanda da sərt tədbirlərə əl atdı. Polis Akademiyasında və Xalq Təsərrüfatı İnstitutunda müəyyən gərginliklər yaşanıldı. Moskvanın  Polis Akademiyasını bağlamağa çalışmasını Heydər Əliyevə qarşı ermənilərin düşündüyü siyasi gedişlərdən biri kimi də nəzərdən keçirmək mümkündür. Nəticədə Sov.İKP MK və SSRİ Nazirlər Kabinetinin “D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda ciddi nöqsanlar haqqında” 24 sentyabr tarixli haqsız qərarına əsasən 1987-ci il sentyabrın 30-da SSRİ Ali Təhsil Nazirliyinin əmri ilə AXTİ  təkrar bağlanaraq, N.A. Boznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialına çevrildi. Ölkə miqyasında “yenidənqurma” adı altında aparılan bu islahatlar bütünlükdə İttifaqın dağılmasında dinamik rolunu oynadı. Tarix belə düşünülməmiş qərarların və bəsit siyasi oyunların bütün İttifaq üçün nə dərəcədə təhlükəli olduğunu bir neçə ilin içində üzə çıxardı.

Qorbaçovun yenidənqurma adı altında apardığı islahatlar tədricən milli zəmində aparılan münaqişələrə çevrildi. Özbəkistanda, Qazaxıstanda törədilən qanlı hadisələrin sədası Baltikyanı və Qafqaz respublikalarından gəldi. “Yenidənqurma” vüsət aldıqca, bütünlükdə Kreml mərkəz kimi nüfuzunu itirməyə, qanlı münaqişələr isə görünməmiş sürətlə Sovetlər Birliyinə sarsıdıcı zərbələr endirməyə başladı. Ən ağır zərbələrdən biri 1990-cı ildə başını itirmiş Sovet ordusu tərəfindən Bakıda dinc əhaliyə tutulan divanla nəticələndi.

Qorbaçov Almaniyanı birləşdirdiyinə görə Nobel mükafatı alsa da, onun İttifaq daxilindəki qanlı cinayətləri cəzasız qaldı. Bu döyüşdə uduzan, parçalanan Sovet İttifaqı oldu, ulu öndər isə öz xalqının tələbi  ilə umummilli lider kimi Vətənə döndü, onu parçalanmaqdan qorudu, bütün təcrübəsini, bilik və bacarığını müstəqil Azərbaycanın gələcəyinə həsr etdi.

Azərbaycanda elmin, təhsilin maddi-texniki bazası və kadr potensialı əsasən XX əsrin sonunda formalaşdı. 1970-1980-ci illərdə on minlərlə gəncin SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərilməsi yüksək ixtisaslı 15 minə yaxın kadr ordusunun yaradılmasına səbəb oldu. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı ilə respublikamızdan kənarda SSRİ-nin 50-dən artıq böyuk şəhərinin 170-dən cox ali məktəbində 80-nə yaxın ixtisas üzrə 15 min azərbaycanlı təhsil almışdır. Bu gün Heydər Əliyevin milli kadrları ölkədə ən yüksək mövqelərdə çalışırlar. Onların sırasında, nazirlər, komitə sədrləri var. Bu kadr ordusuna və Azərbaycana bu gün rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də ulu öndərin yetirmələrindəndir.  1992-ci ilin may ayında Heydər Əliyev Naxçıvanda ona baş çəkməyə gələn milli kadrları Türkiyənin millət vəkillərinə təqdim edərkən demişdi: “Bu gəncləri mən Sovet İttifaqının ən güclü ali məktəblərinə oxumağa göndərmişdim. İndi mənimlə görüşə gəliblər. İmkanım olsaydı onları İstanbula, Londona, Parisə göndərərdim”. O, müstəqillik illərində bu arzusunun reallaşdırılması üçün ciddi addımlar atdı. Prezident İlham Əliyev uümummilli liderin bu nəcib təşəbbüsünü uğurla davam etdirir”.

“2007 – 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 1200-ə qədər gənc Türkiyənin, Almaniyanın, İngiltərənin, demək olar ki, dünyanın digər inkişaf etmiş dövlətlərinin ən nüfuzlu universitetlərində bakalavr, magistratura, aspirantura, kliniki ordinatura, doktorantura və digər proqramlar üzrə təhsil aldı. Bu proses bu gün daha geniş istiqamətlərdə davam etdirilir. Eyni zamanda, bu gün ölkənin ali təhsil müəssisələrində xarici ölkələrdən gələn yüzlərlə tələbə təhsil alır.

Bu  günlərdə Bakıda keçirilən Qafqaz Universitetləri birliyinin III konqresində çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirdi ki, “Naxçıvanın 25 il blokada şəraitində olmasına baxmayaraq, Naxçıvan Universiteti beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Orada dünyanın bir neçə ölkəsindən 200-ə yaxın tələbə oxuyur. Universitetin 75-ə yaxın beynəlxalq müqaviləsi var. Universitet 5 beynəlxalq layihədə iştirak edir.”

Həqiqətən də, Azərbaycanda aparılan təhsil siyasəti, o cümlədən ölkəmizdə fəaliyyət göstərən universitetlərin beynəlxalq əlaqələrinin artırılması elmi-pedoqoji mühitin yaxşılaşdirilmasına və intellektual potensialın inkişafına xidmət edir.  Elmi pedaqoji fəaliyyətlə məşğul olduğum Azərbaycan Dövlət İqtisad Universitetində Boloniya prosesi çərçivəsində Avropanın aparıcı təhsil müəssisələri ilə əməkdaşlıq genişləndirilir, Monpley (Fransa) Universiteti ilə TEMPUS və Maastrixt Universitetinin iqtisad məktəbi ilə TASİS layihələri reallaşdırılır. İstanbul Universiteti ilə birgə “Türk biznes dünyası” fakültəsinin, İndiana Universiteti (ABŞ) ilə Cənubi Qafqazda analoqu olmayan distant təhsil mərkəzinin, Harvard Biznes Məktəbinin tədris proqramı üzrə ingilisdilli “xüsusi istedadlar qrupu” bölməsinin yaradılması və Hyuston Universiteti ilə tələbə mübadiləsi layihəsinin reallaşdırılması beynəlxalq əməkdaşlığın dinamik və səmərəli inkişafını  göstərir. ADİU-da dünyanın 12 ölkəsindən 850-dən artıq tələbə və magistr təhsil alır. Yeni qəbul edilən “Təhsil haqqında” Qanun isə təhsil sisteminin uğurlu və dinamik inkişafını təmin edir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə və dünyanın aparıcı universitetlərində 10 ilə yaxın müddət ərzində formalaşan minlərlə savadlı mütəxəssis iqtisadiyyatın yeni və mürəkkəb sahələrini qurur, kosmik sənayenin əsasını qoyur, yeni texnologiyaları uğurla istehsalatı tətbiq edir. Azərbaycan qloballaşan dünya ilə ayaqlaşa bilir,  bölgədə liderə çevrilir, qlobal böhranları asanlıqla dəf edir. Bu uğurlar hər birimizə və müstəqil Azərbaycana şərəf gətirir.

 Zöhrab PAŞAYEV, Azərbaycan Dövlət İqtisad Universitetinin baş müəllimi 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında