ZÜLMƏTDƏN aydınlığa doğru

 

 

 

Türkiyənin sabiq Baş naziri B.Ecevitin bu deyimində böyük həqiqət var. Mən də o xoşbəxtlərdənəm ki,  XX əsr Azərbaycan tarixinə layiqli imza atan, əslində bu şərəfli tarixin böyük bir fəslini yaradan ulu  öndər Heydər Əliyevlə birbaşa təmasda olmuş və onun xeyir-duasını almışam. Gənc nəslə diqqət və qayğı Heydər Əliyevin fəaliyyətinin aparıcı istiqamətlərindən olmuşdur. Heydər Əliyev deyirdi ki, “cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır”.

Ölkəmizdə ali təhsil, onun keçmişi və inkişafı ilə maraqlananda təxminən bir əsrə yaxın zaman kəsimində mürəkkəb və bəzi məqamlarda dramatik siyasi dialoqların, güzəştsiz çəkişmələrin və qarşıdurmaların şahidi oldum.  Azərbaycanda cümhuriyyət dövründə, sovetlər dönəmində və müstəqillik illərində bütünlükdə ali təhsil inkişaf edir, yeni təhsil müəssisələri qurulur, vacib fakültələr açılır, zəruri  ixtisaslar yaradılır. Zahirən dinamik görünən bu tərəqqinin ayrı-ayrı məqamlarını araşdıranda  ölkənin tarixində baş verən siyasi hadisələrin: cümhuriyyətin elan olunması və süqutu, sovet hakimiyyətinin qurulması, repressiyalar və nəhayət, yenidən müstəqilliyimizin bərpa edilməsi birbaşa və ya dolayısı institut və universitetlərə təsir edir – onların açılmasına, birləşməsinə və bəzən də bağlanmasına səbəb olurdu. Dahi  öndər Heydər Əliyev hakimiyyətə gələnə kimi uzun illər respublikanın reallıqları nəzərə alınmır, bütün tətbiq edilən yeniliklər mərkəzin maraqlarına xidmət edirdi.

Respublikamızda ali təhsilin qərinələrlə ölçülən tarixini diqqətlə araşdırıb, müəyyən dövrləri və şəxsiyyətləri müqayisə edərkən onun şahidi oldum ki,  ulu öndər Heydər Əliyev  ölkədə ali təhsilin inkişafında həm sovetlər dönəmində, həm də müstəqillik illərində dövlət quruculuğuna təkan verən, onun elmi potensialını  və müdafiə qüdrətini zəmanəsinin tələbləri səviyyəsinə qaldıran nadir və bənzərsiz tarixi şəxsiyyətdir. Bu gün bir daha belə başa düşürəm ki, o dahi şəxsiyyət  bütün əzəməti və qüdrəti ilə  hamını kölgədə qoyur, tariximizin bütün dönəmlərində ən müdrik, uzaqgörən dövlət xadimi kimi adını Azərbaycan tarixinə qızıl hərflərlə yazır.

Türkmənçay “qaranlığı” və cümhuriyyətin  işartısı

Azərbaycanda ali təhsilin inkişaf tarixini araşdırmaq üçün, qısaca da olsa, XIX əsrdə təhsilin vəziyyətinə nəzər salmaq vacibdir. Bütün müharibələr sülh sazişi bağlandıqdan sonra başa çatır. İranla Rusiya arasında bağlanan Türkmənçay müqaviləsindən sonra yerli xanlıqların tədricən məhvi, zəngin təbii sərvətlərin amansız istilası başlayır. Ərazilərimizə ermənilər köçürülür, sərhədlər boyu rus kəndləri salınır və onlar yerli əhalidən fərqli olaraq çar hökumətinin qəyyumluğuna alınırdı. Təhsil, demək olar ki inkişaf etmirdi. Neft fontan vurduqdan sonra isə əyalətdə polis nəzarəti gücləndirilir, polis kursları və neft sənayesində çalışmaq üçün mütəxəssislər yetişdirən texniki məktəb açılırdı. Müsəlman əhali təhsildən aralı düşmüşdü. O illərin ən savadlı adamı, oxuyub yazmağı bacaran mirzələr sayılırdı. Maraqlısı odur ki, hətta Zeynalabdin Tağıyev kimi mesenatlar belə adi qızlar seminariyasını yaratmaq üçün imperatorun sarayı ilə uzun sürən yazışmalar aparırdılar. Ona görə də Rusiyanın əsarətinə keçdikdən sonra ölkədə nəinki ali təhsildən, ümumiyyətlə, təhsilin, inkişafından söz salmaq belə mümkün deyildi. Çar üsul-idarəsini uzun illər mirzəlik səviyyəsində oxuyub-yazmağı bacaran müsəlmanlar qane etdi.

Müstəqil Azərbaycanın təhsil sahəsində həyata keçirdiyi ilk mühüm tədbir məktəblərin milliləşdirilməsi oldu. Hacı Zeynalabdin Tağıyev təhsil, maarif, mədəniyyətlə bağlı həyata keçirilən bütün tədbirlərdə iştirak edir, varidatını təhsilin inkişafı üçün əsirgəmirdi. 1918-ci il iyunun 23-də Azərbaycan hökuməti ölkənin tədris müəssisələri üçün Türkiyədən müəllim kadrları dəvət etmək və dərs vəsaitlərinin tədarükü haqqında xüsusi qərar qəbul etdi. 1919-cu  ilin yayında ibtidai və orta məktəblərin aşağı siniflərini müvafiq milli kadrlarla təmin etmək məqsədilə qısamüddətli pedaqoji kurslar təşkil olundu.

Azərbaycan Demokratik Cümhuriyyəti Parlamentinin 1 sentyabr 1919-cu il  tarixli iclasında Bakıda universitetin təsis edilməsi barədə qərar qəbul edildi və onun nizamnaməsi təsdiq olundu. Şərqin ilk universiteti azadlıq məşəli kimi böyük ümidlər verirdi. Universitet ilk tədris ilinə 1094 tələbə ilə iki – tarix-filologiya və tibb fakültələri ilə başladı. İlk rektor Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski təyin edildi. Təhsilin sürətli inkişafı üçün yeni hökumət ciddi addımlar atmağa başladı.

Zəncirvari faciələrin aramsız təkrarı və proletar diktaturasının təhsil siyasəti

Azərbaycana sovet hakimiyyətinin gəlişi  yeknəsəq faciələrin aramsız təkrarı ilə yadda qaldı. “Qızıl Ordu” Bakıya daxil olan kimi cümhuriyyətin azadlığı uğrunda vuruşan, ölkənin elmi və iqtisadi potensialının inkişafı üçün canlarını əsirgəməyən kadr ordusu birmənalı şəkildə yeni sovet respublikasının düşməni elan edildi. Bakıya “Qızıl Ordu” ilə birlikdə təşrif buyuran Leninin silahdaşlarından Mikoyan, Kirov və Serebrovskinin adlarını çəkmək vacibdir. Çünki onların hər birinin ayrı-ayrılıqda və bir komandanın üzvləri  kimi birlikdə Azərbaycan tarixində bu günədək hələ də tam araşdırılmayan xüsusi fəaliyyət proqramı və missiyaları var idi. Bolşevik ideallarına səmimi qəlbdən inanan Nəriman Nərimanov isə öz Vətəninə azadlıq bəxş edəcəyinə, bolşeviklərlə birlikdə azad ölkə quracağına  bütün varlığı ilə inanırdı. 

Bakıda 10 minlərlə dinc müsəlmanı qətlə yetirdikdən sonra rəsmi sovet versiyasına görə 26-larla birlikdə Ağcaqum çölündə güllənən, hələ təsdiqini tapmayan başqa versiyaya görə isə Hindistana ötürülən Şaumyanı Stalin özünə rəqib sayırdı. Belə ki, hələ ötən əsrin əvvəllərində Stalin nüfuzlu Bakı qoçusu  və həm də fəhlə tətillərinin və etirazlarının mahir təşkilatçısı sayılsa da, Şaumyan siyasi lider, natiq kimi ondan daha böyük nüfuza malik idi.  26-larla birlikdə müəmmalı şəkildə Şaumyan da aradan götürüldükdən sonra, 27-ci komissar Mikoyanın qeybə çəkilməsi və yenidən bolşeviklərin, əsasən də Stalinin  etibarlı adamı kimi Azərbaycanda peyda olması N.Nərimanovun Azərbaycan hökumətində mütləq hakimiyyətinin qarşısını alan ciddi qərar idi.

“Qızıl ordu”nun nəzdindəki “Xüsusi siyasi şöbə” cümhuriyyət liderlərinin qanlı təqiblərinə başladı. Azərbaycan siyasi elitasının, köklü ziyalılarının  bir qismi Gürcüstana mühacirət edərək təqiblərdən xilas olmağa çalışırdı. Lakin Fətəli xan Xoyski,  Həsən bəy Ağayev Tiflisdə erməni terroristləri tərəfindən qətlə yetirildilər.  Nəsib bəy Yusifbəyli Gürcüstana gedərkən Quruçay dərəsində, Yusif İbrahimli Gürcüstanın Siqnax şəhərində öldürüldülər. Erməni terror dəstələri, daşnaklar bu qətilləri Türkiyədə və başqa xarici dövlətlərdə davam edirirdilər. Mikoyanın və ondan ehtiyat edən Azərbaycan bolşeviklərinin  əlindən qurtulmaq üçün dünyaya səpələnən cümhuriyyət liderləri, adlı-sanlı ziyalıların bir qismi erməni terrorundan qurtula bilmədi. Mikoyanla sıx əlaqəsi olan daşnak qatilləri Azərbaycan elitasının qara siyahısını tərtib edərək, uzun illər təqiblərə ara vermədilər. Eyni zamanda, yeni qurulan hökumətin Fövqəladə Komissiyasının sədr müavini L.Beriya Azərbaycanda qalan görkəmli xadimləri, ziyalıları, inqilabçıları ləkələyərək məhv etdirirdi.

Sovet hakimiyyətinin ilk günlərindən ali təhsilin inkişafında Azərbaycan özəllikləri nəzərə alınmadan kortəbii surətdə RSFSR-in təcrübəsindən istifadə edildi. Rusiyada olduğu kimi, ziyalılardan imtina edildi, təhsilin proletarlaşması əsas götürüldü.  Cümhuriyyət dövrünün kadrlarına etinasızlıq, ana dilində savadlı mütəxəssislərin yox dərəcəsində olması, ziyalı təbəqəsinin mühacirətə üz tutması, bina və zəruri avadanlıqların çatışmazlığı, təsərrüfat dağınıqlığı və maddi bazanın zəifliyi təhsil sisteminin qurulmasında ciddi maneələr yaradırdı. Ölkədə iqtisadi çətinliklərə və siyasi durumun gərginliyinə baxmayaraq, Nəriman Nərimanov Azərbaycan İnqilab Komitəsinin sədri kimi təhsilin inkişafı üçün ciddi addımlar atırdı. Ölkə iqtisadiyyatının aparıcı sahələrində kadr çatışmazlığı var idi. Yeni qurulan respublikanın inkişafı üçün milli kadrların, o cümlədən texniki ixtisaslar üzrə mütəxəssislərin Bakıda yetişdirilməsinin zəruriliyini hiss edən N. Nərimanov bu məqsədlə 1920-ci ilin dekabrında Bakı Texniki Məktəbinin ali məktəbə çevrilməsi haqqında qərar verdi. 1921-ci ilin yanvarında RSFSR Xalq Maarif Komissarlığının qərarı ilə Petroqrad Politexnik Texnikumu Bakıya köçürüldü və onun bazasında Azərbaycan Politexnik İnstitutu (APİ) yaradıldı. Azərbaycan İnqilab Komitəsinin sədri institutun milli kadrların hazırlanmasında roluna böyük ümid bəsləyirdi.

Vacib bir amili də nəzərə almaq lazım idi ki, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra neft sənayesi xüsusi nəzarətə götürüldü və bolşevik A.Serebrovskiyə həvalə edildi. 1921-ci ilin  sentyabrında yaradılan “Azərneftkom” müstəqil “Azərneft” Trestinə çevrilsə də, Azərbaycanın tabeçiliyindən çıxarılaraq birbaşa Mərkəzə tabe edilir və ümumittifaq əhəmiyyətli müəssisə kimi  RSFSR YXTŞ-yə (Xalq Təsərrüfatı  Şurası) verildi. “Azəripək”, “Azərtoxuculuq”, “Azərduz”, “Azəruntrest”  kimi böyük təsərrüfat  birlikləri yaradılır. Bütün istiqamətlərdə Azərbaycanın mərkəzdən asılılığı gücləndirildi. Kirov və Orconikidze Kremldən gələn bütün direktivləri yerli əhalinin maraqlarını nəzərə almadan həyata keçirirdilər. Nərimanovla Kremlin vassalları arasında yaranan qarşıdurma getdikcə dərinləşirdi.

N.Nərimanov bolşevik ideyalarının sovet hakimiyyətinin ilk illərindən tədricən süquta uğradığını, istilaçılıq siyasətinin diktatura şəklində yeridildiyini aydın görür və müqavimət göstərir, etirazlarını bildirirdi. Digər tərəfdən isə, yorulmadan ali təhsilin inkişafı, milli kadrların yetişdirilməsi üçün çalışırdı. O, müəllim kadrların hazırlanması üçün 1921-ci ilin payızında Azərbaycan Pedaqoji İnstitutunun yaradılmasına nail oldu. Həmçinin 1921-ci ilin əvvəllərində Qadın Məktəbəqədər Tərbiyə İnstitutu yaradıldı və elə  həmin ilin noyabrında  Ali Qadın Pedaqoji İnstitutuna çevrildi.

Dostu bolşevik olana düşmən lazım deyil

Bakı bolşeviklərinin elitasında qeyri-azərbaycanlılar daha geniş hakimiyyətə malik idilər. Bu da milli kadrların yetişdirilməsini asanlıqla arxa plana atmağa imkan verirdi. Bircə onu qeyd etmək kifayətdir ki, Sovet hakimiyyəti qələbə çaldıqdan sonra 1921-ci ildən ta 1933-cü ilə kimi Azərbaycan Kommunist Partiyasının birinci katibləri əsasən erməni, rus, yəhudi əsilli olublar. Bolşeviklərin birinci katib tacını Sergey Kirov (1921-1925), Levon Mirzoyan (1926-1929),  Nikolay Gikalo (1929-1930), Vladimir Polonski (1930-1933), Ruben Rubenov (1933-1933) uzun illər bir-birlərinə ötürürdülər. Azərbaycanlılardan yalnız Ruhulla Axundov 1925-1926-cı illərdə birinci katib vəzifəsində çalışmış, onu da 1938-ci ildə güllələdirlər.

Ən məsul sahələrdən biri sayılan “Azərneft”in rəisi vəzifəsi, dediyimiz kimi, Serebrovskiyə etibar edilmişdi. Belə tərkibdə Azərbaycan hökumətini istədikləri kimi idarə edən bolşevik rəhbərləri üçün yerli kadrların hazırlanmasından daha vacib məsələlər var idi. Bolşeviklər nefti ələ keçirməklə yanaşı   Azərbaycanı “Ümumittifaq bostanı”na çevirmək, pambıq və digər kənd təsərrüfatı məhsulları istehsal edən aqrar respublika statusunda saxlamağa cəhd edirdilər. Pambıq istehsalına təkan vermək məqsədilə 1923-cü ildə Azərbaycanda Pambıq Komitəsi yaradıldı. Respublikanın ucuz pambıq bazalarından birinə çevrilməsi Bakı bolşeviklərinə yuxarıdan gələn tapşırıq idi.

Öz xalqını, onun inkişafını, yerli mütəxəssislərinin hazırlanmasını  düşünən N.Nərimanov Bakı fəhlələrinə müraciət edərək hər bir ixtisaslı fəhləni 10 müsəlman kadrı hazırlamağa çağırdı. Ali məktəbə köhnə ziyalıların, fəhlə mühitindən çıxan milli kadrların cəlb edilməsi azərbaycanlı müəllim və müdavimlərin sayının artmasına müsbət təsir etdi. Nərimanov Azərbaycan İnqilab Komitəsinin sədri kimi, 1920-ci ildə Bakı Universitetinin professor və müəllimlərini səfərbərlikdən azad etdi. Ali məktəbləri fəhlə və kəndlilərin üzünə açan bir sıra dekretləri imzaladı. Pulsuz təhsil və təqaüdlərin verilməsi həyata keçirildi. Ali təhsil müəssisələrinə gənclərin güclü axını başladı. 1922-23,1925-26-cı tədris illərində Rusiya, digər sovet respublikaları və həmçinin Almaniya, Fransa, İtaliya və  İstanbula oxumağa 250-yə yaxın tələbə göndərildi. Bu, Azərbaycan təhsili tarixində  maraqlı, covet hakimiyyətinin ilk illərində görünməmiş  bir hadisə idi. Lakin nəzərə alaq ki, 1922-ci ildə Nəriman Nərimanov İnqilab Komitəsinin sədri, 1925-ci ildə isə Ruhulla Axundov Azərbaycan KP(b) MK-nın birinci katibi idi.

Nəriman Nərimanovun mərkəzin qarşısında qaldırdığı məsələlərin sırasında Azərbaycan dilinin dövlət dili kimi nüfuzunun qorunması, milli kadrların hazırlanması dururdu. Təbii ki, belə mövqe çoxlarını qane etmirdi. Getdikcə Bakıda ona qarşı artan təzyiqlərdən cana doyan N.Nərimanov  1923-cü ilin dekabrında birbaşa Kremlin rəhbərlərinə müraciət etdi, yerli rəhbərlərin “müttəfiq respublikanın” bayrağı altında mərkəzin yeritdiyi simasız diktatura siyasətindən yazdı və Zaqafqaziyanın iqtisadi siyasətində Azərbaycan xalqının maraqlarının pozulmasını qətiyyətlə pislədi.

1922-ci ildə Zaqafqaziya Federasiyasının  yaradılması nəticəsində 3 respublikanın birləşdirilməsinin kökündə də erməni daşnaklarının Bakının sərvətlərinə şərik çıxmaq niyyətləri dururdu. Kremlin Şərq siyasətində aparıcı mövqelərdə qərarlaşan ermənilər müsəlman dünyasının “Bakıda baş qaldıran təhlükələri” qabardır, Azərbaycanın yerli kadrlarını zərərsizləşdirərək uzaqlaşdırmağa çalışır, vacib vəzifələri ələ keçirirdilər. Zaqafqaziya Federasiyası boş yerə yaranmırdı. Rusiya öz mənafeyini güdsə də, reallıqda erməni planları baş tutur, onların siyasi, iqtisadi maraqları istədikləri kimi təmin olunurdu. 

S.Şaumyanın Bakı qırğınları, əslində, şəhəri müsəlmanlardan təmizləyərək neft səltənətini ermənilərin ovcuna qoymaq niyyətini güdürdü. Ona görə də Zaqafqaziya Federasiyası tərkibində büdcə ayırmalarında Azərbaycana Gürcüstan və Ermənistandan daha az maliyyə vəsaiti ayrılırdı. Belə bir acınacaqlı faktı da qeyd etmək olar ki, Azərbaycan kəndlərində ağ neft qonşu respublikalara  nisbətən daha baha qiymətə satılırdı.

N.Nərimanovun AK(b)P, Bakı rəhbərləri və “gənc kommunistlərlə” münasibətləri getdikcə gərginləşirdi. Daşnak xislətli erməni kommunistləri daha dəqiq zərbələr endirir, onu sıradan çıxarmaq  üçün ən iyrənc təxribatlardan belə çəkinmirdilər. N.Nərimanov Leninə müraciətlərində birmənalı şəkildə “Daşnak kommunistlərin bütün Zaqafqaziyada, həmçinin Azərbaycanda bu murdar hərəkətlərinə son qoymağı” dəfələrlə xahiş edirdi. Ürəyi Vətən eşqi ilə çırpınan, Azərbaycanın azadlığı, inkişafı üçün əlindən gələni əsirgəməyən N.Nərimanov “milli təmayülçülükdə” ittiham edildi. Onu Azərbaycandan uzaqlaşdırmaq məqsədilə 1923-cü ilin əvvəllərində SSRİ MİK sədrlərindən biri  kimi Moskvaya çağırdılar. Zahirən vəzifəsinin Kremlə qədər yüksəldilməsi kimi görünən bu təyinat mahiyyət etibarı ilə onun Azərbaycandan sürgün edilməsi demək idi.

Bolşevik ideyalarının süqutunu dərk edən N. Nərimanovun  1925-ci il yanvarın 28-də oğluna ünvanladığı məktub nə qədər yumşaq və zəmanənin təhlükələri nəzərə alınmaqla yazılsa da, yetərincə anlaşılandır: “Mən bolşeviklərin proqramını, xüsusi inamla qəbul etmişəm, mən bunda dünyada köləliyin məhvinin həyata keçməsini görürdüm...Hakimiyyət çoxlarını korlayır”.  N.Nərimanov 1925-ci ildə birbaşa bütün bolşevizmi ittiham edə bilməzdi, ona görə də məktubunda sosializm ideyalarının məhvi əvəzinə, “hakimiyyətin çoxlarını korlamasından” yazır. Lakin ağlasığmaz təzyiqlərə, erməni daşnaklarının ciddi müqavimətinə baxmayaraq, N.Nərimanov Azərbaycanda ali təhsilin inkişafı üçün mühüm işlər görə bildi.

Beynəlmiləl şəhərin təhsil problemləri

Təhsilin inkişafında müəyyən təzadları anlamaq üçün Bakının milli tərkibinə, qısaca da olsa, nəzər salmaq vacibdir. Belə ki, 1850-ci illərdə şəhərin əhalisinin sayı təqribən on min nəfər və əsasən müsəlmanlardan ibarət idi. Ermənilərin sürətlə Azərbaycan ərazilərinə köçürülməsi, neft sənayesinin sıçrayışla inkişafı, bütün dünyadan fəhlə axını, mütəxəssislərin gətirilməsi cəmi 70 il ərzində şəhər əhalisinin 10 mindən 400 minədək artmasına səbəb oldu. Ermənilərin, rusların sayı kəskin surətdə artdı, on minlərlə gürcü, yəhudi, polyak, alman üçün Bakı vətənə çevrildi. 1921-ci ilin əvvəlində neft sənayesində işləmək üçün general Vrangelin 7500 əsgəri İstanbuldan Azərbaycana – birbaşa neft buruqlarına gətirildi. Bakı beynəlmiləl şəhərə çevrilir, milli münasibətlər öz yeni mərhələsinə qədəm qoyurdu. Erməni vəhşiliklərini ifşa edən arxivlər bağlanır, “Qızıl ordu” xilaskar kimi təqdim edilir, yeni sovet beynəlmiləlçiliyi təbliğ edilirdi. 1922-ci ildən neft yataqlarında geoloji işlərə rus alimlərindən Qolubyatnikov və Qubkin cəlb olundu. Ali təhsil sistemində də qeyri-millətlərin yüzlərlə nümayəndəsi çalışırdı.  1920-ci ildə Bakıda neft sənayesində fəhlələrin sayı təxminən 14 mindən 39 minə çatdı, 1925-ci ildə isə 70 mini keçdi. 1922-25-ci illərdə neft sənayesi üçün açılan sənət texniki kurslarında 2199 ixtisaslı fəhlə hazırlandı. Lakin Azərbaycanda milli kadrların xüsusi çəkisi yenə aşağı idi. 1924-cü ilin mayında təhsil alanların 40 faizinin azərbaycanlılar təşkil etsə də, 1926-cı ilin oktyabrın birinə olan məlumatlara görə “Azərneft”də işləyənlərin cəmi 27,4 faizi azərbaycanlılardan (güneylilərlə birlikdə) ibarət idi.  Fəhlələrin 31,4 faizini, kiçik xidmət işçilərinin 30,3 faizini, qulluqçuların isə 6,8 faizini azərbaycanlılar təşkil edirdi. 

Fəhlə və kəndlilər üçün ali məktəblərə qəbul imtahansız və diplomsuz həyata keçirilirdi. Bu məqsədlə Bakıda, Gəncədə və Nuxada fəhlə fakültələri yaradılmışdı. Bakıda ilk dərslər rus dilində aparılırdı, sonra azərbaycanlılar və hətta ermənilər üçün də ana dillərində 80 nəfərlik şöbə yaradıldı. Azərbaycan fəhlə fakültəsinin dinləyiciləri hər növ mülki və hərbi səfərbərlikdən azad edildilər. 1922-27-ci illər ərzində fəhlə fakültələri ali məktəblər üçün 907 müdavim hazırlamışdı, onlardan yalnız 227-si azərbaycanlı idi. Artıq 1927-ci ildə Bakıda 5 mindən artıq tələbənin təhsil aldığı yeddi ali təhsil müəssisəsi fəaliyyət göstərirdi. Ali məktəbdə oxuyan tələbələrin yalnız 27,5 faizini azərbaycanlılar təşkil edirdi. Azərbaycanlı tələbələrin sayının az olmasının bir neçə səbəbi var idi: Bakının əhalisinin tərkibi ciddi surətdə dəyişmişdi, müsəlmanların əksəriyyəti kəndlərdə yaşayırdı və savadsız idi. Digər tərəfdən, Azərbaycan Kommunist Partiyasının rəhbərliyində oturanların milli kadrların yetişdirilməsində əsas üstünlüyü digər millətlərə verməsi idi.

(ardı var)

Zöhrab PAŞAYEV,

Azərbaycan Dövlət İqtisad Universitetinin baş müəllimi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında