1993-cü ilin iyun hadisələri Azərbaycanın müstəqilliyini məhvə aparırdı

Ulu öndər Heydər Əliyevin müdrikliyi qardaş qırğınının qarşısını aldı

Müstəqilliyimizin ilk illərinə təsadüf edən 1992-1993-cü illər ölkəmizin müasir tarixinə hərc-mərclik, özbaşınalıq, anarxiya dövrü kimi daxil olub. Azərbaycan özünün milli və dövlət müstəqilliyini əldə etdikdən sonra həm ölkə daxilində cərəyan edən proseslər, həm də xaricdən olan təzyiqlər ölkənin dövlət müstəqilliyinə çox ciddi təhlükə yaratmışdı. AXC - Müsavat hakimiyyəti bu təhlükələrin sovuşdurulması istiqamətində lazımi tədbirləri görmək iqtidarında deyildi.

Həmin dövrdə ölkə daxilində cərəyan edən proseslər, ölkədəki gərginlik və özbaşınalıq nəticəsində yaranmış böhran total xarakter almışdı. İqtisadiyyatdakı tənəzzül, sosial problemlərin həddindən artıq dərinləşməsi və kəskinləşməsi, ictimai-siyasi sabitliyin pozulması ölkənin həm müstəqilliyinə ciddi təhlükə yaradırdı, həm də bütövlükdə hər bir vətəndaşın təhlükəsizliyinə problem yaradırdı. İnsanlar həm öz gələcəyindən , həm də yenicə qazanılmış dövlət müstəqilliyinin müqəddəratından ciddi narahat olurdular. Heç kim gələcəyinin necə olacağına təminat verə bilmirdi. Bütün bunların hamısı ölkə daxilindəki böhranlı vəziyyətin ayrı-ayrı səciyyəvi cəhətləri idi.

Təbii ki, bütün bunlara görə də, Azərbaycan vətəndaşları həm ölkəmizin müstəqilliyinin başının üstünü almış təhlükəni sovuşdurmaqdan ötrü, həm də digər təhdidlərin qarşısının alınması üçün real addımların atılmasını gözləyirdilər. Ölkəyə rəhbərlik edənlərin bir - birinin ardınca buraxdıqları kobud səhvlər, kadr siyasətini yarıtmaz təşkil etmələri vəziyyəti getdikcə daha da gərginləşdirirdi. Xalq bu vəziyyətə görə o zamankı hakimiyyətdən kəskin narazı idi. Respublikada vəziyyətin ağırlaşdırıcı faktorlarından biri də iqtidarın kadr siyasəti idi. Bu siyasət ancaq Azərbaycan Xalq Cəbhəsinin potensialına söykənmişdi. Rəhbərlik bir qayda olaraq, ancaq Azərbaycan Xalq Cəbhəsinin nümayəndələrini irəli çəkir, ziyalıları, tanınmış ictimai - siyasi xadimləri özlərinə yaxın buraxmır, kadrları əsasən şəxsi sədaqət, dostbazlıq, qohumbazlıq prinsiplərinə görə seçirdilər. Kadr sahəsində yeganə meyar olan qabiliyyət, səriştə və səviyyə məsələləri arxa plana keçirilmiş, Azərbaycanın intellektual potensialına məhəl qoyulmurdu.

 

AXC - Müsavat iqtidarının qonşu Rusiya və İranla münasibətlərin inkişafına laqeydlik göstərməsi də həmin dövrdə buraxılmış kobud səhvlərdən idi.

1992-ci ilin oktyabrında ABŞ Konqresinin “Azadlığı müdafiə aktı”na etdiyi 907 saylı düzəliş Azərbaycan Respublikasına ABŞ-ın dövlət səviyyəsində yardımını qadağan etdi. Bu da AXC - Müsavat hakimiyyətinin beynəlxalq imicinə böyük zərbə vurdu. Ölkədə iqtisadi və siyasi böhran baş alıb gedirdi. Azərbaycan əraziləri işğal olunurdu, əhalinin sosial durumu isə günbəgün ağırlaşırdı.

Ermənilərin elan olunmamış hərbi təcavüzünə məruz qalan Azərbaycanın daxilində qardaş qırğınının başlanması, vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması, Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış suveren dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi.

Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar, əhali arasında günbəgün öz nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Xaos və anarxiyanın baş alıb getməsi, torpaqlarımızın ermənilər tərəfindən hissə - hissə işğal olunması və ayrı - ayrı şəxslərə xidmət edən qeyri - qanuni silahlı birləşmələrin özbaşınalığı insanların səbr kasasını doldurmruşdu. Xalqın hakimiyyətə olan qəzəbi 1993- cü ilin iyun ayında pik həddə çatdı. Təbii ki, səriştəsiz hakimiyyətin apardığı belə uğursuz siyasətin məntiqi sonluğu yetişməli idi. Artıq AXC-Müsavat hakimiyyətində birincilik uğrunda mübarizə başlanmışdı.  Həmin iqtidarın “qəhrəman” elan etdiyi Surət Hüseynovla aralarında olan ziddiyyət ölkəni vətəndaş müharibəsinə sürükləyirdi. Bu hadisə onların hakimiyyətinin sonunu gətirməklə yanaşı gənc müstəqil dövlətimizi böyük təhlükələrlə üz-üzə qoydu. AXC-Müsavat iqtidarı öz xalqına çətinliklər, fəlakət, qarşıdurmalar və müstəqilliyimizin itirilməsi təhlükəsindən başqa heç nə vermədi. 1993-cü il iyun hadisələri də bütün bu amillərin nəticəsi olaraq özünü göstərdi.

1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Baş vermiş qanunsuzluqları nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti daha da gərginləşdirdi. 4 iyun hadisələri əslində mövcud olan narazılıqların spesifik şəkildə ortaya çıxması demək idi. Bu narazılıq mövcud  hakimiyyətin apardığı siyasətdən, bu siyasətin milli maraqlara uyğun gəlməməsindən qaynaqlanırdı. Silahlı qarşıdurmanın qarşısını almaq məqsədilə Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı son həddə çatdırdı və ölkə vətəndaş müharibəsi astanasına daha da yaxınlaşdı.

Heç kimə tabe olmaq istəməyən polkovnik Sürət Hüseynov əvvəlcə baş nazir və Milli Məclis sədrinin, sonra isə Prezidentin istefasını tələb etdi. Bu hadisələr ölkə daxilində olan ziddiyyətlərin və total böhranın kulminasiya nöqtəsinə çatmasından xəbər verirdi. S.Hüseynovun rəhbərlik etdiyi 709 saylı hərbi hissənin Müdafiə Nazirliyinə tabe olmaması, şimalda və cənubda separatçı qüvvələrin fəallaşması hakimiyyət böhranını daha da dərinləşdirirdi. Gəncədə yerləşən 709 saylı hərbi hissə isə hakimiyyətə meydan oxuyurdu. Hökumət Gəncəyə 3 minə qədər canlı qüvvə və hərbi texnika göndərdi. Qarşıdurmada həlak olanlar və yaralananlar var idi. S.Hüseynovun dəstəsinin Bakıya doğru irəliləməsi hakimiyyət böhranını son həddə çatdırdı.Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilirdi. Ölkədə vətəndaş qarşıdurması başlanmışdı. Siyasi ehtiraslar səngimək bilmirdi; hakimiyyət boşluğu, qanunların işləməməsi, torpaqlarımızın xeyli hissəsinin erməni işğalçıları tərəfindən zəbt edilməsi, əhalinin əsas kütləsinin yoxsulluq həddindən aşağı səviyyədə yaşaması, respublikanın milli sərvətlərinin cinayətkarcasına talan edilməsi, sosial, siyasi və mədəni həyatda özbaşınalıq, hərcmərclik xalqın səbrini son həddə çatdırmışdı.

Bu hadisələr məhz son nöqtəyə çatmış böhranın, cəbhə bölgələrində bir-birinin ardınca baş vermiş uğursuzluqların, hakimiyyətdə olanların pozucu fəaliyyətlərinin gücləndiyi və xüsusilə iqtidara qarşı ümumxalq inamının tam sarsıldığı bir dövrdə baş vermişdi. 4 iyun hadisələrindən sonra AXC - Müsavat hakmiyyətinin dəyişdirilməsi çox obyektiv zərurətə çevrildi.

Ölkədə yaranmış silahlı qarşıdurma hamının narahatlığına səbəb olmuşdu. Belə bir şəraitdə çıxılmaz vəziyyətə düşmüş AXC - Müsavat hakimiyətinin nümayəndələri nə edəcəklərini bilmirdilər. Xalqa isə yaranmış vəziyyətdən xilas yolunu ulu öndər Heydər Əliyevə müraciət etməkdə görürdü. Bundan əvvəl də Heydər Əliyevə cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri müraciət etmişdilər, xalqı arxasınca apara biləcək Yeni Azərbaycan Partiyası yaradılımışdı. Bu partiyanın sədri müdrik şəxsiyyət Heydər Əliyev olduğundan insanlar böyük həvəslə təşkilata üzv olur, bununla da Heydər Əliyevə olan inam və etimadlarını nümayiş etdirirdilər. Xalq çox yaxşı bilirdi ki, ölkəni xaos və anarxiyadan, qardaş qırğınından yalnız Heydər Əliyev xilas edə bilər.

 Vəziyyətin getdikcə ağırlaşdığını görən AXC - Müsavat iqtidarı ölkəni yaranmış böhrandan və silahlı qarşıdurmadan xilas etmək üçün ulu öndər Heydər Əliyevi Bakıya dəvət etmək məcburiyyətində qaldı. Qüdrətli şəxsiyyət Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkədə əmin - amanlıq, sabitlik yarandı, mövcud olan ziddiyyətlərin, silahlı qarşıdurmanın aradan qaldırılması istiqamətində ciddi və əhəmiyyətli tədbirlər görüldü. Qeyri - qanuni silahlı qruplaşmalar tədricən ləğv edildi.İnsanların gələcəyə olan inamı artdı. Azərbaycanda həyat tədricən öz axarına düşdü. 4 iyunun yaratdığı nəticələr tədricən aradan qaldırıldı.

Gəncə hadisələri müstəqilliyin ilk illərində ölkədə yaranmış özbaşınalıqların, anarxiyanın və qanunsuzluqların ört-basdır edilməsini təmin etmək məqsədilə iqtidar və respublikanın digər yüksək vəzifəli şəxsləri tərəfindən hazırlanmış qəsd idi. Müstəqillik yolunda ilk addımlarını atan respublikada demokratiyanı hərbi-polis rejiminə çevirmək cəhdləri dövlət idarəçiliyində heç bir səriştəsi olmayan iqtidarın sonunu gətirdi.

Əliqismət BƏDƏLOV,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında