Azərbaycan müxalifəti milli maraqlardan, millilikdən uzaqdır

 

 

 

Elə bu səbəbdən də radikallar sosial bazadan məhrumdur

Azərbaycanın uğurlu inkişafı, qarşıda duran vəzifələrin müvəffəqiyyətlə icrası ölkəmizin dünya birliyindəki reytinqini getdikcə artırır. Ölkə iqtisadiyatının dünya miqyasında ən rəqabətqabiliyyətli 50 iqtisadiyyat  sırasında olması uğurlarımızı əks etdirən faktlardandır. Hazırda  müstəqil dövlətimiz beynəlxalq aləmdə ən etibarlı tərəfdaş və dost ölkə kimi tanınır.

Son aylar Azərbaycanda bir - birinin ardınca keçirilən mühüm əhəmiyyətli beynəlxalq tədbirlər də bundan xəbər verir. “Gələcəyə baxış”  Azərbaycan - ABŞ  Forumunun və İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə başa çatması bir daha təsdiqlədi ki, ölkəmiz artıq belə tədbirlərin keçirilməsinə qadirdir. Biz bundan əvvəl də dəfələrlə belə halların şahidi olmuşuq. Dünyanın tanınmış ictimai - siyasi xadimləri də etiraf edirlər ki, Azərbaycan mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib.

Ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyması və dünya birliyində etibarlı tərəfdaşa çevrilməsi beynəlxalq aləmin diqqət mərkəzindədir. Məsələn, ABŞ - ın  Stratfor Qlobal Araşdırmalar Mərkəzinin təsisçisi  və rəhbəri Corc Fidman ölkəmizlə yaxından tanışlıqdan sonra deyib: “Yaxın gələcəkdə ABŞ-ın ən yaxın müttəfiqi Azərbaycan olacaqdır. ABŞ - ın  müttəfiqləri sayılan Avropa ölkələri dərin iqtisadi böhran içindədirlər. Bu qitədəki dövlətlərin mövqeləri qətiyyən uzlaşmır. Bu, NATO-nun beynəlxalq  hərbi-siyasi təşkilat kimi gücünü zəiflədir. Ona förə də ABŞ-a Azərbaycan kimi davamlı iqtisadi  inkişafa malik olan müttəfiq lazımdır”.

Respublikamızın bütün sahələr üzrə inkişafını dəyərləndirən belə faktlar istənilən qədərdir. Vətənini və xalqını sevən hər bir soydaşımız bundan sevinməli və qürur hissi keçirməlidir. Təəssüf ki, bu uğurlardan qısqanclıq hissi keçirən, hətta alışıb - yananlar da var. Adlarını müxalifət qoyan belələri antiazərbaycan qüvvələrin əlində alətə çevrilərək onların çirkli pulları hesabına ölkə daxilində qarşıdurma, hakimiyyətlə xalq arasında  süni narazılıqlar yaratmağa cəhd edir, ikrah doğuran vasitələrlə respublikamızın getdikcə artan reytinqinə xələl gətirmək istəyirlər. Təbii ki, belə xəyanətkarlar öz məkrli niyyətlərinə nail ola bilmirlər. Çünki xalq, xüsusilə gənc nəsil ölkəmizdə demokratik proseslərin inkişafını yüksək dəyərləndirir və bu şəraiti yaradan, Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini getdikcə möhkəmləndirən Prezident İlham Əliyevin siyasi xəttini dəstəklədiklərini bəyan edirlər. Milli maraqlardan , millilikdən uzaq olan xəyanətkar qüvvələrin çağırışlarına isə məhəl qoyan yoxdur. Çünki artıq müxalifətin iç üzü, xəbis niyyətləri və ermənipərəst qüvvələrin çaldığı havaya oynaması  hamıya məlumdur. Onlar hakimiyyətə gəlmək üçün istənilən yola gedir, yalan, əsası olmayan fikirlər səsləndirir, antiazərbaycan dairələrlə, hətta erməni lobbisi ilə də əməkdaşlıq edirlər. Bu yolu seçənlər ölkəmizin və regionun reallıqlarını nəzərə almır, beynəlxalq aləmdə baş verən proseslərin mahiyyətini dərk etmədən populist bəyanatlar səsləndirirlər. Dağıdıcı müxalifətin bütün cəhdləri iflasa uğrayır. Çünki xalq, yetişən gənc nəsil Prezident İlham Əliyevin ərtafında sıx birləşdiyini birmənalı olaraq bəyan edib.

Ötən günlər keçirilmiş Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının  (ATGT) illik hesabat konfransında da bunun şahidi olduq. ATGT - nin üzvü olan 84 ali və orta ixtisas təhsilli müəssisəsinin tələbə gənclər təşkiatları da bu ilin payızında keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən bəyanat qəbul edib. Onu da qeyd edək ki, bu təşkilatın 100 minə yaxın üzvü var. Bəyanatda qeyd edilir ki, Aərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının hər bir üzvü cənab  Prezidenrt İlham Əliyevin yürütdüyü uzaqgörən və məqsədyönlü siyasət nəticəsində Azərbaycanın öz inkişafı ilə dünya arenasında böyük nüfuz sahibinə çevrilməsindən, Vətənimizin bir sıra qlobal əhəmiyyətli qurumlarda təmsil olunmasından, yüksək kürsülərdə söz sahibinə çevrilməsindən fəxr duyur. Bəyanatda, həmçinin son ildə ölkəmizdə həyata keçirilən iqtisadi-siyasi, elmi - mədəni əlaqələrin dinamik inkişaf hər bir azərbaycanlı gəncdə böyük ruh yüksəkliyi yaratdığı qeyd olunur. Bütün bunları və digər sahələrin inkişafını yüksək dəyərləndirən gənclər qarşıdan gələn prezident seçkilərində birmənalı olaraq İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bəyan edirlər. Gənclərin bu seçimi heç də təsadüfi deyil. Çünki artıq hər bir soydaşımıza bəllidir ki, Prezident İlham Əliyevin  atdığı hər bir addım, dediyi hər bir söz xalqımızın  milli  maraqları, milli dəyərləri üzərində qurulub. Dövlətimizin başçısının əsas vəzifəsi ölkəmizin milli maraqlarının qorunmasıdır və əsas fəaliyyətini  də bu istiqamətə yönəldib. Adlarını müxalifət qoyan vəzifə hərislərinin isə əsas fəaliyyətləri ölkəmizin inkişafına mane olmaq, milli maraqlarımıza zərbə vurmaq, inkişafımıza xələl gətirmək və beynəlxalq aləmdə artan imicimizə kölgə salmaqdır. Onlar antiazərbaycan dairələrin  yaratdığı qondarma təşkilatlar vasitəsilə demokratik inkişafa və digər sahələrdə həyata keçirilən islahatlara mane olmağa çalışır, qarşıdan gələn prezident seçkiləri ərəfəsində hər hansı bir qarşıdurma yaratmaqla beynəlxalq aləmin diqqətini Azərbaycana cəlb etmək istəyirlər. Əslində bu xəyanətkar hərəktləri ilə ermənipərəst dairələrin sifarişlərini yerinə yetirirlər.

Milli Şura adlı qondarma qurumun da əsas ideyası bundan ibarətdir. Düşmən dairələrin sifarişi və maliyyə dəstəyi ilə ortaya atılan Milli Şuraya toplaşanlar əsasən vəzifə hərisləridir. Bunu müxalifət nümayəndələri də təsdiqləyir və bəziləri artıq bu quruma üzv olmaqdan imtina ediblər.  Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılı da bunu təsdiqləyib. O deyib ki, “Milli Şurada nəyin bahasına olur-olsun hakimiyyətə gəlməyə çalışan şəxslər var”. BXCP sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev də Milli Şuranın oyuncaq bir qurum olduğuna işarə edərək deyib ki, bu təşkilatı yaradanlar uzun illərdir ki, seçkiqabağı müxtəlif təşkilatlar yaradırlar. Seçkidən sonra isə bir-birini ittiham edir, xəyanətdə, satqınlıqda günahlandırırlar, sonra da dağılışırlar. Növbəti seçki ərəfəsində yenidən bir araya gəlirlər. Bu insanların hansı ad altında nə yaratmalarının əhəmiyyəti yoxdur.

Müxalifətin ötən seçkilər ərəfəsində yaratdığı qurumların sayı - hesabı yoxdur. “Demkonqres”, SİDSUH, DUH, DSİU, “Azadlıq” bloku, İctimai Palata, daha hansılar. Milli Şura da belə qısa ömürlü oyuncaq qurumlardandır. Bu qurumların hamısı seçkilər keçirilənə qədər mövcud olub. Seçki başa çatan kimi ermənipərəst qüvvələrin sifarişi əsasında yaratdıqları qurumlar da yox olur. Çünki xarici düşmənlərimizin ümidlərini doğrultmayan və onların istəklərini yerinə yetirə bilməyən qurumlara ayrılan maliyyə vəsaitləri dayandırılır. Bundan sonra milli xəyanətkarlar pul qazanmaq üçün digər qurumlar yaratmaq həvəsinə düşürlər. Yaranmamışdan parçalanan Milli Şura müxalifətin antiazərbaycan dairələrlə birlikdə ortaya atdıqları növbəti təşkilatdır.

Radikal müxalifət partiyaları başçılarının Milli Şuranın yaradılması ilə bağlı aparılan danışıqlarda bu qurumun əsas hansı istiqamətdə fəaliyyət göstərəcəyi ciddi mübahisəyə səbəb olmuşdu. Bu işdə dağıdıcı müxalifət başçılarını daha çox qazanmaq düşündürür. Çünki hamıya bəllidir ki, Milli Şuranın yaradılması ideyası xarici düşmənlərimizdən gəlib. Onların  əlaqələndiricisi isə  kinorejissor Rüstəm İbrahimbəyovdur. Onun siyasi sahədə savadsız, naşı olması hamıya bəllidir. Ona görə də radikal müxalifət nümayəndələri R.İbrahimbəyovun siyasi baxışlarının məhdud olmasından istifadə edərək Milli Şuraya ayrılmış qrantı mənimsəmək istəyirlər. R.İbrahimbəyovun etiraf etdiyi kimi, artıq “El” hərəkatının rəhbəri reneqat Eldar Namazov Milli Şuranın adından istifadə edərək 100 min dollar qazanıb. Bu dəfə isə deyəsən, növbə İsa Qəmbərin, Əli Kərimlinin, Rəsul Quliyevin və Lalə Şövkət Hacıyevanındır. Onlar da bu quruma ayrılmış qrantdan kifayət qədər yararlanmaq üçün min hiyləyə əl atır, hətta bir-birilərini açıq şəkildə  təhqir də edirlər. Məsələn, AXCP sədri Əli Kərimli R.İbrahimbəyovun siyasətdə naşı olduğunu, onun hakimiyyət iddialarına imkan verməyəcəyini bildirir, həmçinin prezidentliyə namizədlik iddiasından əl çəkməyən İsa Qəmbəri vicdansız adlandırır. Göründüyü kimi, milli maraqlardan, millilikdən uzaq olan, yalnız öz şəxsi maraqlarını düşünən radikal müxalifət  üçün Vətən, xalq, millət  sonuncu məsələdir. Əsas isə belə məqamlardan yararlanıb daha çox qazanmaqdır.

Azərbaycanda həyat öz axarınca davam edir. Dövlət başçısı bu ölkənin hər bir qarış torpağını, hər bir vətəndaşın taleyini düşünərək bir-birinin ardınca iri layihələrin həyata keçirilməsi istiqamətində gərgin fəaliyyət göstərir. Dağıdıcı müxalifət isə bu işlərə mane olmaq üçün dəridən-qabıqdan çıxır. Lakin onların bütün cəhdləri iflasa uğrayacaq. Çünki xalq milli maraqlardan, millilikdən uzaq olan müxalifətə birdəfəlik “yox” deyib.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında