Milli Şuranın yaradılması antiazərbaycan dairələrin ideyasıdır

 

 Ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa və prezident seçkiləri ərəfəsində qarşıdurma yaratmağa cəhd edən ermənipərəst dairələr ən çirkin vasitələrə əl atır və Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasını beynəlxalq aləmə “sübut etmək” istəyirlər. Belə antiazərbaycan dairələr yerli xəyanətkar və satqınlardan istifadə edərək gah qeyri-qanuni aksiya təşkil etməyə, gah da yeni qurumlar yaratmaqla siaysi riyakarlıq edir, bu yolla süni qarşıdurma yaratmağa çalışırlar. Təbii ki, onlar ən çirkin vasitələrə əl atsalar da, “Prezident - Xalq” vəhdətini poza bilmirlər. Çünki xalq ölkəmizin sürətli inkişaf yolunda olduğunu və əhalinin həyat səviyyəsinin getdikcə yüksəldiyini, həmçinin respublikamızın dünya birliyindəki reytinqinin sürətlə artdığını gündəlik həyatda görür. Ona görə də Prezidentin ətrafında daha sıx birləşir, qarşıdan gələn prezident seçkilərində də yenidən İlham Əliyevə etimad göstərəcəyini açıq şəkildə bəyan edir.

Xarici düşmənlərimiz ölkədə qarşıdurma yaratmaq üçün prezident seçkiləri ərəfəsində yeni qurumlar yaratmaq və bu qurumlara kifayət qədər qrant verməklə insanları qarşı-qarşıya qoymaq istəyir. Uzun müddət müzakirə mövzusu olan Milli Şuranın yaradılması da məhz ölkəmizin inkişafını gözü götürməyən xarici düşmənlərimizin ideyasıdır. Kütləvi informasiya vasitələrinin yaydığı xəbərə görə, Milli Şuranın yaradılması üçün keçirilən görüşdə Azərbaycan Xalq Cəbhəsi, Açıq Cəmiyyət, Azərbaycan Liberal, Klassik Xalq Cəbhəsi, Müsavat partiyaları və qondarma “EL” Hərəkatının təsisçisi reneqat Eldar Namazov iştirak edib. Adıçəkilən partiyaların bəzilərinin rəhbərləri yığıncağa qatılmayıblar. Sonradan məlum olub ki, yığıncağına qatılmayan partiya sədrləri hələ də bu quruma şübhə ilə yanaşırlar. Ona görə də yığıncaqda görünməməyə, yalnız telefon vasitəsilə qoşulmağa üstünlük veriblər. Çünki bu qurumun hələ təsis olunmamışdan qabaq da xarici düşmənlərimizin, həmçinin ermənipərəst dairələrin himayədarlığı altında olması açıq şəkildə özünü büruzə verirdi. Özünü Milli Şuranın ideya müəllifi kimi göstərmək istəyən və guya bu qurumun təsisçisinin şəxsən özünün - Rüstəm İbrahimbəyovun olduğunu iddia edən kinorejissorun tez - tez Rusiyaya və digər xarici ölkələrə səfərlər etməsi və həmin səfərlər zamanı ermənipərəst dairələrlə görüşüb onlardan məsləhətlər, həmçinin külli miqdarda maliyyə vəsaiti alması artıq ictimaiyyət nümayəndələrinə çox yaxşı məlumdur. Ona görə də bu quruma qoşulmaq istəyənlər hələ ki, ehtiyat edirlər. Əksər müxalifət partiyaları Milli Şuranın yaradılması ideyasını birmənalı olaraq müsbət qarşılamayıb. Onlar bu ideyanın xaricdən gəldiyini əsas götürərək öz etirazını bildirib və Milli Şuranın perspektivinə inanmadıqlarını vurğulayıblar. Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyaları rəhbərlərinin qurumun təsis yığıncağına qatılması isə heç kimdə təəccüb doğurmayıb. Çünki bu partiyaların rəhbərlərinin hakimiyyətə gəlmək üçün erməni lobbisi və ermənipərəst dairələrlə mütəmadi əməkdaşlıq etməsi hamıya məlumdur. Digər narazı pariyalarla da artıq danışıqlara başlanılıb.

 Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına nail olmaq və süni yollarla qarşıdurma yartmaq istəyən xarici düşmənlərimizin Rüstəm İbrahimbəyova verdiyi tapşırıqlardan biri də hansı yollarla olursa-olsun, Milli Şura üzvlərinin sayının artırılmasıdır. Ona görə də R.İbrahimbəyov Rəsul Quliyevə, L.Ş.Hacıyevaya və KXCP sədri M.Mirəlioğluna onların maraqlarının təmin olunacağı barədə vədlər verib. Bundan başqa digər müxalifət nümayəndələrinə də Milli Şuraya cəlb etmək üçün yüksək məbləğdə qrantlar vəd olunub. Bu gün radikal müxalifət partiyalarının əksəriyyətini xalqın taleyüklü məsələlrindən çox özlərinin maddi maraqlarının təmin olunması maraqlandırır. Ona görə də qrant adını eşidən kimi ermənilərlə də dostluq etməyə hazır olduqlarını bildirirlər.

Ancaq müxalifət nümayəndələri arasında Milli Şuraya qoşulmaq istəməyənlər də var. Onlar bunu həmin qurumun xarici dairələrin təsiri altında yaranması ilə əlaqələndirirlər. Məsələn, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, Milli Şura Azərbaycan xalqının maraqları, dövlət müstəqilliyinin qorunub-saxlanılması istiqamətində mübarizə aparacaqsa, demokratlar Milli Şura ilə əməkdaşlıq edəcəklər: “Yox, əgər Milli Şura Azərbaycanın müstəqilliyinə xələl gətirən addım atacaq və Rusiyanın maraqlarına uyğun iş aparacaqsa, o halda biz Azərbaycan Demokrat Partiyası olaraq onun qarşısında olacağıq. İstiqlalçılıq bizim üçün yüksəkdə durur. Çünki istiqlaliyyəti olmayan bir xalqın demokratiyası ola bilməz. Hər şeydən öndə olan istiqlaliyyətdir”. Sərdar Cəlaloğlu Milli Şuranın yaradılması ilə bağlı aparılan danışıqlara dəvət almamasına münasibət bildirərkən deyib ki, bu layihə rus layihəsidir. Görünür Milli Şuraya da həmin adamlar Rusiyanın seçimi əsasında daxil edilir. Təşəbbüskarların da verdikləri bəyanatdan aydın görünür ki, burada onların iradəsi o qədər də əsas rol oynamır. Yəni pulu kim verir, musiqini də həmin şəxs sifariş edir. “ADP sədri vurğulayıb ki, hansısa bir qrupun tərkibi, onun məqsədləri, eləcə də digər məsələlər xarici dairələrin maraqlarına uyğun həll edilirsə, demokratlar orada təmsil oluna bilməzlər”. Çünki biz birmənalı olaraq Azərbaycanın Avropaya inteqrasiyasının tərəfdarı olmuşuq və həmişə də həmin mövqeyi birmənalı şəkildə müdafiə etmişik. Bu gün də eyni mövqedə qalırıq. Biz Azərbaycanın xoşbəxt gələcəyini demokratiya, Qərbə inteqrasiya, Türkiyə ilə strateji əməkdaşlıqda görürük”.

Tərəqqi Partiyasının rəhbəri Çingiz Dəmiroğlu da Milli Şuraya üzv olmayacaqlarını bu qurumun xarici kəşfiyyat orqanlarının ideyası əsasında yaradılması ilə əlaqələndirib. Partiya sədri deyib ki, ümumiyyətlə, Milli Şura tarixdə iki dəfə olub. Milli Şura birinci dəfə Demokratik Cümhuriyyətin zamanında, ikinci dəfə isə 90-cı illərin əvəllərində yaranıb. Demokratik Cümhuriyyətin zamanında yaranan Milli Şurada siyasi baxışından asılı olmayaraq millətin bütün təbəqələri təmsil olunurdu. Hazırda cəmiyyətə Milli Şura kimi təqdim edilən qurumu isə sanki kimlərsə 3-4 nəfər yaradıb və onu inhisara götürüb.

Ç.Dəmiroğlu deyib ki, bizim partiyamız Milli Şurada heç vaxt təmsil olunmayacaq: Hətta mənə ağsaqqal kimi Milli Şuranın vahid namizədi olmaq təklif edilsə belə, buna qətiyyən razı olmaram. Bizim Milli Şurada təmsil olunmağımız belə mümkünsüzdür. O qurumun ki, arxasında hansısa xarici qüvvə dayanıb, biz ona dəstək verə bilmərik. Bütün hallarda, mən o quruma qarşıyam və bundan sonra da Milli Şuraya qarşı olacağam. Ona görə də bütün milli qüvvələr ayıq olmalıdır. Çünki olduqca pis oyunlar gedir. Bir tərəfdən “Milyarderlər İttifaqı”, digər tərəfdən bəzi dairələrin əlaltısı Söyün Sadıqov. Bütün şər qüvvələrə qarşı mübarizə aparmağa həm gücüm, həm də həvəsim var. Eyni zamanda sağlamlığım da buna imkan verir”.

 Vətəndaş və İnkişaf Partiyası da Milli Şuranın heç bir perspektivi olmayacağı qənaətindədir. Partiyadan bildirilib ki, Milli Şura ideyası xaricdən ortaya atıldığı üçün həmin ideya daxildə heç bir dəstək qazanmayacaq və qazana da bilməz. Vətəndaş və İnkişaf Partiyası hesab edir ki, yalnız bəzi siyasi çevrələr həmin ideyaya dəstək verirlər ki, həmin siyasi dairələrin də müəyyən maraqları var. Partiya rəhbərliyinin qənaətinə görə, Milli Şura indiyə qədər fəaliyyət göstərən digər müxalifət birlik və bloklarından daha qısaömürlü olacaq: “Avqustun 17-dən sonra Mili Şura daxilində ziddiyyətlər artacaq. Çünki həmin dövrə qədər həm müxalifət düşərgəsində, həm də Milli Şuranın daxilində prezidentliyə namizədlərin sayı kifayət qədər artacaq. Nəticə etibarilə Milli Şurada fəaliyyət göstərən partiya və ayrı-ayrı şəxslər arasında yaranan ziddiyyətlər bu qurumun sonunu reallaşdıracaq. Ona görə də bu quruma ciddi qurum kimi yanaşmaq olmaz”.

Əksər müxalifət partiyalarının rəhbərləri Milli Şura ideyasının xaricdən verildiyi üçün bunun heç bir daxili dəstəyi olmayacağını açıq şəkildə bəyan ediblər. Bu ideyanın seçki ilində ortaya atılması xüsusi məqsədlərə hesablanıb. Bu səbəbdən onun heç bir perspektivini görmürlər. Bəzi partiya sədrləri müxalifət düşərgəsində yaradılan birlik və blokların iştirakçılarının hər zaman eyni qüvvələr olmasından da narahatlııqlarını ifadə ediblər. Onlar bu yaxınlarda təsis olunan və reneqat Eldar Namazovun rəhbərlik etdiyi “EL” hərəkatının bəlli təfəkkürdə, dar çərçivədə olan xəyanətkar adamlar tərəfindən yardıldığını bəyan edirlər.

Müasir dövrün tələblərinə cavab verməyən, həqiqi demokrat olmayan, ilk növbədə öz maddi maraqlarına üstünlük verən və ictimai təfəkkürdə tanınmayan radikal mövqeli insanların hədəf və məqsədləri heç vaxt şəffaf olmayıb. Belələrinin Milli Şura adlı yeni qurum yaratmaq ideyaları şəxsi məqsədlərinin təmin olunması məqsədini daşıyır. AXCP, Müsavat və radikal yol seçmiş digər partiyalar Milli Şura yardılması oyununa qoşularaq “qaz vurub, qazan doldurmaq” istəyirlər. Onlar Milli Şura timsalında sanki “südlü bir inək” tapıblar və özlərini prezident seçkilərinə qədər bu inəyi acgözlüklə əməcəklərinə kökləyiblər. Rüstəm İbrahimbəyov isə belə tamahkarların əlinə yağlı tikə kimi düşüb. Onun yaxşı var - dövləti, pullu arxası, bol - bol qrantlar verən erməni dostları var. Ona görə də belə imkanı əldən vermək olmaz. Milli Şuraya üzv olmaq bəhanəsi ilə prezident seçkilərinə qədər hər gün yeyib - içəcək, əməlli - başlı əylənəcəklər.

 Radikal müxalifət çox yaxşı bilir ki, Rüstəm İbrahimbəyovun bir ayağı burda, bir ayağı isə gordadır. Ondan heç vaxt prezidentliyə namizəd olmaz. Ona görə də bu fürsəti əldən vermək istəmirlər. Bir sıra müxalifət nümayəndələri bildiriblər ki, Milli Şura da eyni ilə İctimai Palata və “El” kimi kimlərəsə basqı və görüntü yaratmaqdan başqa heç nəyə nail olmayacaq. Bu cür təfəkkürdə olan “ideoloq”lar ancaq inhisarçılıq və şüarçılıq prinsipi ilə meydanlara atılırlar. Bu prinsiplərə söykənən Milli Şuranın da sonu uğurlu olmayacaq.

Ümumiyyətlə, Milli Şura yaradılsa belə ölkədə köklü islahatlara və dəyişikliklərə nail olacağına inanan yoxdur. Bu qurumun xarici düşmənlərimizin təhriki və maliyyə vəsaiti hesabına ortaya atılması, həmçinin həmin dairələrin sifarişlərini yerinə yetirməsi artıq göz qabağındadır. Ona görə də Milli Şuraya üzvlüyə dəvət olunanlar hələ də tərəddüd edirlər. Çünki qondarma və qanundankənar bu qurumu daxili auditoriyaya və beynəlxalq ictimaiyyətə təqdim etmək və inandırmaq mümkün olmayacaq.

Əliqismət BƏDƏLOV,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında