4 iyun hadisələri – milli dövlətçiliyimizin, xalqımızın sınaq günü

 

 

 

Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha çətin və önəmlidir. 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi proseslər, qarşıdurmalar fonunda xarici dövlətlərin kəşfiyyat orqanlarının daxilmizdəki şərəfsiz və simasız dairələrlə birləşərək törətdiyi əməllər nəticəsində ölkəmizdə yaranmış ümumi gərgin vəziyyət də bunu bir daha təsdiq edir. Azərbaycan xalqı tarixi şansdan istifadə edərək ikinci dəfə qazandığı müstəqilliyi həmin illərdə əldən vermək üzrə idi. Bu dəfə düşmənlərimizin bizim üçün daha dəhşətli plan hazırlaması isə ölkəmizə, xalqımıza və dövlətimizə faciəvi sonluq vəd edirdi. Belə ki, XX əsrin əvvəllərində müsəlman Şərqinin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti iki il yaşamış və xarici müdaxilə nəticəsində süquta uğramışdısa, bu dəfə yenə iki il yaşayan Azərbaycan Respublikası maraqlı xarici qüvvələrlə yaxından əməkdaşlıq edən daxilimizdəki xəyanətkarların əməlləri nəticəsində müstəqilliyini itirməklə yanaşı, həm də parçalanmaq, yox olmaq, xəritədən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Vəziyyət o həddə çatmışdı ki, müəyyən xarici dövlətlərdəki dağıdıcı dairələr ölkəmizin bəzi regionlarını necə ələ keçirmək barədə düşünürdü.

Təbii ki, bu kimi dəhşətli proseslərin baş verməsinin əsaslı səbəbləri var idi. 1992-ci ildə silah gücünə iqtidara gələn AXC-Müsavat cütlüyü hakimiyyətdə qaldığı bir il ərzində ölkəni elə bir bərbad vəziyyətə salmışdı ki, bəzi beynəlxalq siyasi şərhçilərin dediyi kimi, artıq müstəqilliyimizi ancaq möcüzə xilas edə bilərdi. O vaxt Azərbaycan demək olar ki, dağılırdı, ölkəmizdə anarxiya, xaos, hərc-mərclik hökm sürürdü. Ölkədə qanunsuz silahlı dəstələr, quldur dəstələri meydan sulayırdılar. İqtidarın səriştəsizliyi nəticəsində Azərbaycan iqtisadi böhranın məngənəsində boğulur, parçalanırdı. Əhalinin ərzaq, xüsusilə, çörək qıtlığı ilə üz-üzə qalması, daxili sabitliyin pozulması, hər rayonda beş-altı nəfər silahlı qoçunun at oynatması, həqiqəti söyləyən alimlərin, ziyalıların təqib edilməsi, “sadvalçıların” “əlikramçılarla” separat sövdələşmələri, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin fəaliyyətinin iflic vəziyyətinə düşməsi, kənd təsərrüfatının, sənayenin tənəzzülü ölkəyə ərzaq taxılı əvəzinə qarışıq yem gətirilməsi və bir çox dəhşətli faktlar həmin illərin reallığı idi.

1992-93-cü illərdə məmur özbaşınalığı, korrupsiya, rüşvətxorluq da gündəlik həyatımızın reallığına çevrilmişdi. Vəziyyət o həddə çatmışdı ki, mərhum Əbülfəz Əliyev 1993-cü ilin mayında keçirdiyi müşavirədə bütün dövlət strukturlarında korrupsiya və rüşvətxorluğun baş alıb getdiyini bildirmişdi. Onun xəbərdarlıq xarakterli çıxışına iclas iştirakçıları olan yüksək postları zəbt etmiş məmurların istehzalı reaksiyası da müşavirəni izləyənlərin diqqətindən yayınmamışdı. O vaxt Azərbaycan əhalisi artıq iqtidardakıların hansı yuvanın quşu olduğunu yaxşı bilirdi. Ona görə də AXC-Müsavat cütlüyü 1993-cü ilin yayında baş verən hadisələr zamanı ictimai dəstəkdən tamamilə məhrum olmuşdu. Elə xalqın dəstəyini tamamilə itirdiklərinə görə də hakimiyyətdən getməli oldular. Çünki xalq yaxşı bilirdi ki, iqtidarda olanlar Azərbaycanın parçalanmasına, dağılmasına, torpaqlarımızın düşmən işğalına məruz qalmasına göz yumaraq var-dövlət yığmaqla, ölkəni talamaqla məşğuldurlar. Bu səbəbdən hər kəsin qəlbində AXC-Müsavat cütlüyünə qarşı dərin nifrət kök salmışdı. Bu nifrət o dərəcədə güclü idi ki, xalq indiyədək keçirilən bütün seçkilərdə həmin düşərgəyə birmənalı olaraq “yox” deyir.

 Siyasətdən qətiyyən xəbəri olmayan insanların 1992-ci ildən başlayaraq siyasi hakimiyyətin müxtəlif strukturlarına doluşaraq ölkədə at oynatması müstəqilliyimizin əldən verilməsi üçün xarici və daxili dairələr tərəfindən qurulan siyasi tələlər, havadarlarına güvənən işğalçı Ermənistanın təcavüzkarlığının gündən-günə genişlənməsi öz dəhşətli nəticələrini göstərməyə bilməzdi. Təsadüfi deyil ki, məhz həmin illərdə ölkəmiz beynəlxalq aləmdən iti sürətlə təcrid olunmağa başladı. “Biz sərhədlərimizi bağlayaraq Azərbaycanı inkişaf etdirəcəyik” kimi cəfəng bəyanatlarla çıxış edən diletant rəhbərlər gənc müstəqil dövlətimizin həm regionda, həm də beynəlxalq aləmdə təklənməsinə səbəb olmuşdular. Türkiyə Cümhuriyyətindən başqa heç yerdən səmimi yardım ala bilməyən respublikamız getdikcə daha çox ərazilərini itirir, ölkə xaos və anarxiya girdabında çapalayırdı. Ən dəhşətlisi isə o idi ki, xalq öz dövlətinə, dövlət rəsmilərinə qətiyyən inanmır, ordu və digər silahlı qüvvələr vahid komanda altında fəaliyyət göstərməkdən açıq şəkildə imtina edirdi. Müdafiə Nazirliyinin tabeliyində olan qüvvələr təxminən 8-10 adamın sərəncamında idi. Hətta, nazirliyin və dövlətin xəbəri olmadan “hərbi əməliyyatlar həyata keçirən” mülki şəxslər var idi. Daxili İşlər Nazirliyinin qüvvələri isə daha pərakəndə şəkildə fəaliyyət göstərirdilər. Həmin illərdə təsadüf nəticəsində daxili işlər naziri olmuş İsgəndər Həmidovun “Azərbaycanın altı atom bombası var” - deyə bəyanat verməsi, müdafiə naziri, xəyanətkar Rəhim Qazıyevin “Şuşa əldən gedərsə, başıma bir güllə çaxaram” - deyə populistliyin apogeyinə qalxması ölkə əhalisində belə bir fikir yaratmışdı ki, qeyri-ciddi insanlardan ibarət olan bu iqtidara qətiyyən inanmaq, etibar etmək olmaz. Xalqın inamsızlığını dövlət rəsmilərindən eşitdikləri “biz 9 ölkənin razılığını alaraq hakimiyyətə gəlmişik” uydurması daha da artırırdı.

Yəni həmin illərdə milli dövlətçiliyin məhvinə gedən yolun qısalmasının əsas səbəblərindən biri AXC-Müsavat iqtidarının qeyri-peşəkarcasına atdığı addımlar, xüsusən, Surət Hüseynov və Əlikram Hümbətov kimi adamlara yüksək hərbi rütbələrin verilməsi idi. Üstəlik, dövlət bu adamların əlində kifayət qədər hərbi gücün cəmləşməsinə də imkan vermişdi. Nəticədə hər iki “polkovnik” AXC-Müsavat iqtidarının başına bəlalar gətirdi. Əlikram Hümbətov ölkənin cənub rayonlarında separatizm toxumu səpirdi. O, nəinki müdafiə nazirinin əmrinə tabe olmadı, hətta, dövlət başçısına və parlamentin sədrinə də barmaq silkələdi. Əbülfəz Elçibəy, İsa Qəmbər, Rəhim Qazıyev, Pənah Hüseynov, Əli Kərimov — AXC-Müsavat rəhbərliyi xarici dairələr tərəfindən idarə olunan savadsız, siyasi cəhətdən hazırlıqsız bir adamın əlində əsir-yesir qaldılar və ölkənin parçalanmasının qarşısını almaq üçün faktiki olaraq heç bir iş görə bilmədilər.

Azərbaycan qan ağlayırdı. Bu qanlı göz yaşları təkcə aclığa, kasıblığa, kiminsə ölməsinə, itməsinə görə deyildi. Azərbaycan xalqı tarixən həmin məhrumiyyətlərin hamısına dözüb. Dözülməsi mümkün olmayan, millətin göz yaşını ürəyinə axıdan ən ağır problem müstəqilliyin yenidən itirilməsi təhlükəsi idi. Tanrının bəxş etdiyi bu səadəti növbəti dəfə əldən vermiş olsaydıq, ona bir də nə zaman qovuşacağımızı heç kəs bilmirdi. Yəni 1993-cü il iyunun 4-də Gəncədə başlayan qanlı hadisələr Azərbaycan xalqını milli istiqlaldan məhrum olmağın bircə addımlığınadək gətirmişdi. AXC-Müsavat iqtidarı bu addımın qarşısını almaq üçün heç bir iş görmək gücündə deyildilər. Çünki siyasətdə təcrübəsizliyə, səriştəsizliyə, qorxaqlığa, qətiyyətsizliyə yer yoxdur. Şəxsi maraqların ictimai maraqlardan üstün tutulması, xəyanətə yol verilməsi, dövlətçiliyimizi təhlükə qarşısında qoyan addımların atılması mütləq mənfi nəticələrini göstərəcəkdi. Bütün bu “keyfiyyətlər” isə AXC-Müsavat cütlüyündə özünü qabarıq göstərmişdi. Gəncədə baş verən hadisələrdən sonra cütlüyün ulu öndər Heydər Əliyevə yalvararaq dahi şəxsiyyəti Bakıya dəvət etmələri də xalqın təkidli tələblərindən daha çox onların öz canlarının hayına qalması səbəbindən idi. Halbuki, məhz AXC-Müsavat hakimiyyəti 1992-ci il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikasında hakimiyyət çevrilişinə cəhd göstərmişdi. Onların məqsədi naxçıvanlılar tərəfindən Ali Məclisin sədri seçilən ümummilli liderimiz Heydər Əliyevi bu vəzifədən uzaqlaşdırmaq idi. Ancaq alınmadı. Bu hadisədən xəbər tutan Naxçıvan camaatı ayağa qalxdı və AXC-Müsavat ünsürlərinə tutarlı cavab verdi.

İyunun 4-də Gəncədə baş verən hadisələrdən sonra ölkədə hamı Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsini israrla tələb və xahiş edirdi. Demək olar ki, bu məqsədlə Naxçıvana müraciət etməyən qalmamışdı. Hər zaman xalqın yanında olan və xalqın arzu-istəklərinin reallaşdırılması üçün öz canını belə əsirgəməyən ulu öndər muxtar respublikadan paytaxta gəlməklə xalqın ölməkdə olan ümidlərini özünə qaytardı. Heydər Əliyev çox yaxşı bilirdi ki, həmin günlər Azərbaycan xalqını narahat edən təkcə torpaqlarımızın ermənilər tərəfindən işğalı, aclıq, yoxsulluq, iqtisadi problemlər və ictimai haqsızlıqlar deyildi. Xalqı daha çox narahat edən məsələ dövlət müstəqilliyinin yenidən itirilməsi təhlükəsinin olması idi. Ölkə əhalisi görürdü ki, AXC-Müsavat cütlüyü müstəqilliyi qoruyub saxlamaq üçün əsaslı addımlar atmır, qətiyyət nümayiş etdirə bilmir. Ona görə də xalqın yeganə ümidi Heydər Əliyev idi. Və zəngin dövlətçilik təcrübəsinə malik olan böyük siyasi xadim dəvəti qəbul edəndən dərhal sonra, 1993-cü il iyunun 13-də Gəncəyə, qiyam qaldırmış Surət Hüseynovun görüşünə getdi. Uzun çəkən müzakirələrdən sonra qardaş qırğınının qarşısının alınması üçün müəyyən addımlar atıldı...

Heydər Əliyevə xalqın inam və etimadı, böyük dövlət xadiminin beynəlxalq aləmdəki nüfuzu, ən başlıcası möhtəşəm dövlət idarəçiliyi təcrübəsi o zamankı iqtidarı hədsiz dərəcədə narahat etməyə başlamışdı. Ona görə də ulu öndərin Ali Sovet sədri vəzifəsinə namizəd göstərilməsi zamanı görünməmiş bir saxtakarlıq edir, mane olmağa çalışırdılar. Ancaq xalqın səsi çox qüdrətlidir və bu dəfə də haqq öz yerini tutdu. Ali Sovetin 1993-cü il iyunun 15-də keçirilən sessiyası parlamentin ən gərgin müzakirələr gedən, fikirlərin ən çox haçalandığı və vaxt etibarilə ən uzun çəkən iclası oldu. Xalqın iradəsini ifadə edən deputatlar böyük səs çoxluğu ilə Heydər Əliyevi Ali Sovetin sədri seçdilər. “Bu xalqı və bu dövləti bəlalardan ancaq və ancaq Heydər Əliyev siyasəti, təcrübəsi və müdrikliyi xilas edə bilər” - deyən deputatların açıq və aydın məntiqi qaragüruhun qaranlıq və müəmmalı “arqumenti” ilə üzləşirdi: “Biz Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət edəndə onun ölkənin indiki vəziyyətdən çıxmasına kömək etməsini istəmişik. Siz isə onu parlament sədri seçmək istəyirsiniz”. Qəribə məntiq idi. Əlində hər cür vəzifəsi olanlar ölkənin heç bir problemini həll edə bilmirdilər — hərçənd həmin problemləri özləri yaratdıqlarına görə özləri daha yaxşı həll edə bilərdilər — Heydər Əliyevin isə heç bir vəzifə tutmadan ölkəni xilas etməsini istəyirdilər. Görünməmiş bir diletantlıq nümunəsi idi.

Ulu öndər Heydər Əliyev qısa zamanda qardaş qırğınının qarşısını aldı, Azərbaycanı parçalanmaqdan xilas etdi, dövlət quruculuğu prosesinə start verdi, Milli Ordumuzu formalaşdırdı, düşmən işğalının qarşısını aldı və ordumuz ilk dəfə 1994-cü ilin yanvarında təcavüzkarlara ciddi zərbələr endirərək, həmin ilin may ayında erməniləri atəşkəs müqaviləsi bağlamağa məcbur etdi. Heydər Əliyev ölkəmizi parçalanmaqdan, yox olmaqdan qurtardı. Əgər ulu öndərin siyasi uzaqgörənliyi nəticəsində 1993-cü il iyunun 4-də Gəncədə baş verən hadisələrin qarşısı alınmasaydı, bəlkə, bu gün də ölkəmiz xaos və anarxiyadan xilas ola bilməyəcəkdi. İndi həmin hadisələrin səbəbkarları yenidən iqtidara gəlmək həvəsinə düşüblər. Görünür, 1992-93-cü illərdə baş verən hadisələr onlara dərs olmayıb...

Rauf KƏNGƏRLİ,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında