Azərbaycan beynəlxalq aləmdə mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilir

 

 

 

Ölkəmiz sivilizasiyalararası dialoq məsələsində özünün tarixi missiyasını uğurla davam etdirir. Bununla bağlı dünyada böyük nüfuza malik olan siyasət, elm, din xadimlərinin, tanınmış beynəlxalq ekspertlərin iştirakı ilə paytaxtımız Bakı şəhərində əhəmiyyətli beynəlxalq tədbirlər keçirilir, qlobal miqyaslı məsələlərə dair ciddi müzakirələr aparılır, bəşəriyyətin bu gününü və gələcəyini maraqlandıran önəmli nəticələr əldə olunur.

Növbəti belə bir tədbir II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu oldu. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə mayın 29-da öz işinə başlayan və iyunun 1-dək davam edən forumun əsas tərəfdaşları dünyanın nüfuzlu beynəlxalq təşkilatları və onların əlaqədar qurumları – YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatı idi. Forumun əhəmiyyətini artıran məqamlardan biri də o idi ki, nüfuzlu tədbirdə beynəlxalq qurumların rəhbərləri, bir neçə ölkənin keçmiş prezidentləri, dünyanın 100-dək ölkəsindən gələn nazirlər, beyin mərkəzlərinin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak edirdilər. Ümumilikdə, 500-dən çox nümayəndənin qatıldığı tədbir çərçivəsində mühüm məsələlərin müzakirə edildiyi, müzakirələrin aparıldığı 19 sessiya keçirilmişdir. Əldə olunan nəticələr isə bir daha belə deməyə əsas verir ki, Azərbaycan Cənubi Qafqazın işıq saçan mayakıdır və onun nuru dünyanın hər bir tərəfinə yayılır, insanlığa yol göstərir.

İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən dünya səviyyəli ictimai-siyasi xadimlərin, beynəlxalq ekspertlərin də qeyd etdiyi kimi, Azərbaycan dünya mədəniyyətləri, dinləri arasında körpü rolunu oynayır. Ölkəmizin yüzilliklərə söykənən şərəfli tarixi və müstəqilliyimizi yenidən bərpa etdikdən sonrakı dövrləri bir daha göstərir ki, həqiqətən də “Odlar yurdu”nun sivilizasiyalararası dialoqun qurulmasında təşəbbüskarlığı ələ almağa mənəvi haqqı vardır. Çünki tarixi mədəniyyət abidələrinin, xristian, yəhudi və digər dinlərə məxsus məbədlərin bərpası və təmiri, dilindən və dinindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarının etiqad azadlığının qorunması və dini ehtiyaclarının təmin olunması – bütün bunlar Azərbaycanın dini-mənəvi mühitini əks etdirən real göstəricilərdir.

Fakt üçün diqqətə çatdıraq ki, bu gün respublikamızda 2 minədək məscid, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. Bakıda zərdüştilik dinin gözəl abidəsi olan Atəşgah məbədi qorunub saxlanılır, qədim alban kilsələri dövlətimiz tərəfindən bərpa edilir. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan xalqı özünün tolerantlığı, dözümlülüyü ilə, Azərbaycan Respublikası isə həyata keçirdiyi humanist siyasəti, müxtəlif millətlərə və dinlərə mənsub insanlara göstərdiyi diqqət və qayğısı, tarixi abidələrə hörmət və ehtiramı ilə dünyaya nümunə edir.

Həqiqətən də bu gün öz tarixinin möhtəşəm səhifələrindən birini yazan ölkəmiz zaman-zaman  müxtəlif xalqların, millətlərin və din xadimlərinin birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu müqəddəs məkan kimi tanınmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında qeyd etdiyi kimi, ölkəmiz əsrlər boyu burada yaşayan bütün millətlərin, dinlərin nümayəndələri üçün Vətən olmuşdur. Biz fəxr edirik ki, bu gün də müstəqil Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Bu, bizim böyük sərvətimizdir, böyük üstünlüyümüzdür və hesab edirik ki, Azərbaycanın uğurlu inkişafında bu amil də öz rolunu oynamışdır.

Bu məsələyə diqqət çəkən dövlət başçımız demişdir: “İctimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycan dini tolerantlıq, dözümlülük məkanı olub. Çox şadam ki, müstəqillik dövründə bu müsbət meylləri biz nəinki qoruyub saxlaya bilmişik, hesab edirəm ki, onları daha da gücləndirmişik və artıq fəaliyyətimizi təkcə ölkənin hüdudları ilə məhdudlaşdırmırıq. Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu gün dünyada da əks-səda yaradır. Hesab edirəm ki, bizim bütün regional təşəbbüslərimiz – istər siyasi, iqtisadi, digər sahələrlə bağlı təşəbbüslərimiz də, eyni zamanda, regional əməkdaşlıq üçün yaxşı şərait yaradır və xalqlararası, millətlərarası dialoqun aparılması bu müsbət meylləri daha da gücləndirir”.

Azərbaycanda mövcud olan multikulturalizm mühiti və bu məsələdə ölkəmizin təcrübəsinin öyrənilməsi bir sıra beynəlxalq ekspertlər tərəfindən vacib hesab edilmişdir. Reallıq budur ki, multikulturalizm bizim xalqımızın həyat tərzidir. Nisbətən yeni anlayış olmasına baxmayaraq, bu, əsrlər boyu xalqımıza xas olan bir xüsusiyyətdir. Yuxarıda işarə etdiyimiz kimi, Azərbaycanda heç vaxt dini, yaxud da milli zəmində qarşıdurma, anlaşılmazlıq olmamışdır və əminik ki, innən belə də olmayacaqdır. Bu mənada, multikulturalizmin inkişafı sülhün, təhlükəsizliyin, dincliyin təmin edilməsi üçün vacibdir, önəmlidir. Etnik təmizləmədən zərər çəkmiş ölkə olan Azərbaycan üçün bu məsələ xüsusilə aktualdır. Çünki məhz multikulturalizm meyllərinin aşağı səviyyədə olması nəticəsində Azərbaycan torpaqları işğal altına düşmüşdür. Bu işğal 20 ildən çoxdur ki, davam edir. Bizim xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Azərbaycan əhalisi Ermənistandan, Dağlıq Qarabağdan və ətraf rayonlardan qovulmuşdur. Bizim bütün dini abidələrimiz, tarixi sərvətlərimiz dağıdılmış, talan edilmişdir. Dövlət başçımızın qeyd etdiyi kimi, buna sübut ATƏT-in iki missiyasının məruzələridir. O missiyaların məruzələrində açıq-aydın göstərilir ki, işğal edilmiş torpaqlarda erməni silahlı qüvvələri tərəfindən bütün abidələr, infrastruktur, binalar dağıdılmışdır. Bu ədalətsizlik davam edir. Əfsuslar olsun ki, münaqişə öz həllini tapmır. Beynəlxalq hüquq normaları əfsuslar olsun ki, bu münaqişə ilə bağlı işləmir.

Azərbaycan xalqı tarixdə dəfələrlə milli ayrıseçkilik ucbatından haqsızlığa məruz qalsa da, özünün ali milli keyfiyyətlərinin tərkib hissəsi olan tolerantlıq, dözümlülük, multikultralizm kimi yüksək dəyərlərini daim yaşatmış, bu xüsusiyyətlərini itirməmişdir. Məhz bunun nəticəsidir ki, müxtəlif ölkələrin nüfuzlu ictimai, siyasi, elm xadimləri, müxtəlif dinlərin rəhbərləri və təmsilçiləri, əldə etdiyimiz böyük nailiyyətləri, din-dövlət münasibətlərində qazanılmış dəyərləri və bu sahədəki zəngin təcrübəni öyrənmək, yaymaq, qlobal problemlərin həlli yollarında bizimlə birgə əməkdaşlıq nümayiş etdirmək üçün Bakıda keçirilən beynəlxalq miqyaslı mötəbər tədbirlərdə yaxından iştirak edirlər. Bu, bizim üçün böyük şərəfdir.

Digər tərəfdən, Azərbaycan mədəniyyətlərarası dialoqun praktiki nöqteyi-nəzərdən gücləndirilməsi işinə də öz töhfəsini verir. Ölkəmiz bütün dünyanı humanizm dəyərlərinə sədaqətli olmağa səsləyir. Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin məqsədi də budur. Məlum olduğu kimi, 2008-ci ildən Bakı Prosesi başlanılmışdır. O vaxtlar respublikamızın paytaxtında keçirilən Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına İslam Əməkdaşlığı Təşkilatının nümayəndələri, nazirlər də dəvət olunmuşdu. Bu, dünya miqyasında çox mühüm bir hadisə idi. Çünki ilk dəfə idi ki, həm Avropa Şurasına, həm də İslam Əməkdaşlığı Təşkilatına üzv olan dövlətlər birgə humanitar xarakterli beynəlxalq tədbirdə iştirak edirdilər. Həmin tədbirin hər iki qurumun fəal üzvü olan Azərbaycanda baş tutması isə, təbii ki, böyük siyasi məna daşıyırdı.

Respublikamız bu məsələdə liderliyini ötən illərdə də qoruyub saxlamışdır. 2009-cu ildə İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin nazirlərinin Bakıda keçirilən toplantısına Avropa Şurası ölkələrinin nazirləri də dəvət edilmişdi. 2010-cu ilin aprelində Bakıda dünya dini liderlərinin sammitinin keçirilməsi, noyabrda isə “Dinərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda tədbirin yüksək səviyyədə təşkili Azərbaycan dövlətinin və onun Prezidenti İlham Əliyevin ölkədə dini tolerantlığa xüsusi önəm verməsindən irəli gəlirdi. 2011-ci ilin aprel ayında Azərbaycanda növbəti möhtəşəm tədbir — Mədəniyyətlərarası Dioloq Forumu keçirildi. Bunun ardınca, Birinci və İkinci Bakı Beynəlxalx Humanitar forumları baş tutdu. Tolerantlıq və dinlərarası dialoqla bağlı Azərbaycanda təşkil olunan tədbirlərin, o cümlədən bu yaxınlarda “MDB müsəlmanları sülh və sabit inkişaf naminə” mövzusunda paytaxtımızda keçirilən konfrans ölkəmizin İslam həmrəyliyinə, dinlərarası dialoqa verdiyi töhfə kimi dəyərləndirilir. Nəhayət, Bakıda baş tutan İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bir daha təsdiqləyir ki, ölkəmiz artıq mədəniyyətlərarası dialoqun məkanına çevrilmişdir.

Belə nüfuzlu tədbirlər bəşəriyyətin ümumi maraqları və qlobal problemlərin – terrorizmin, dini fanatizmin, ekstremizmin və separatizmin aradan qaldırılması naminə dinlərərarası və mədəniyyətlərarası münasibətlərin inkişafına güclü təkan verən bir amildir. Buu məsələlər hətta dünyanın inkişaf etmiş dövlətlərini də çox ciddi narahat edir. Azərbaycan isə göstərdiyi təşəbbüslərlə, irəli sürdüyü təkliflərlə bu kimi təhlükəli tendensiyaların qarşısının alınması üçün mədəniyyətlərarası dialoqun təşviqinin əhəmiyyətini vurğulayır və bu, beynəlxalq ictimaiyyət tərəfindən alqışlarla qarşılanır. Məsələn, YUNESKO-nun baş direktoru xanım İrina Bokova Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi hərtərəfli dəstəyi yüksək qiymətləndirərək demişdir: “Mən çox böyük minnətdarlığımı məhz cənab Prezident İlham Əliyevə bildirmək istəyirəm ki, onun bu mövzuya davamlı dəstəyi və Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın qayğısı ilə Azərbaycanda bu vacib məsələyə böyük diqqət göstərilir”.

İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda aparılan dialoqun və müzakirələrin nəticəsində hazırlanan tövsiyələrin bütün dünyaya çatdırılacağını, Bakıda səslənən fikirlərin dünya miqyasında öz əks-sədasını tapacağını bildirən BMT-nin Sivilizasiyalar Alyansının rəhbəri, BMT baş katibinin ali nümayəndəsi Nassir Əbdüləziz əl-Nasser də forumu himayə etdiyinə görə, Azərbaycanın dövlət başçısına minnətdarlığını bildirmişdir: “BMT-nin baş katibi cənab Pan Gi Munun salamlarını Sizə çatdırmaqdan şərəf duyuram. Biz Sizin tərəfdaşlığınızdan tamamilə bəhrələnərək bu cür mötəbər tədbirin nəticələrini gözləyirik. Eyni zamanda, Prezident İlham Əliyevin baxışlarının yüksək dərəcədə mütərəqqi olduğunu qeyd etmək istəyirəm. Hər iki ildən bir mədəniyyətlərarası dialoqa həsr olunmuş belə mötəbər forumun keçirilməsi ilə əlaqədar, cənab Prezident, Sizə minnətdaram”.

Bu sözlər hər bir azərbaycanlını qürurlandırır, onu sevindirir. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına səslənən hər bir xoş söz, minnətdarlıq dolu hər bir çıxış, ictimaiyyətimiz tərəfindən bütövlükdə ölkəmizin ünvanına səslənmiş fikir kimi qəbul edilir. Bu mənada, İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin sözləri də diqqətimizi çəkir. O demişdir: “Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan çox vacib mövzulara həsr olunmuş beynəlxalq tədbirlərə ev sahibliyi edir. Mən Azərbaycan Respublikasına əmin-amanlıq, rifah və inkişaf arzu edirəm. Arzu edirəm ki, bu ölkə Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında öz inkişafını davam etdirsin”.  Bəli, bu, təkcə nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin deyil, həm də Azərbaycan xalqının ən böyük arzusudur. Çünki məhz Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi nəticəsində ölkəmiz sürətlə inkişaf edərək, güclənərək regionun lider dövləti səviyyəsinə yüksəlmiş, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi möhtəşəm bir məkana çevrilmişdir. Bütün bunları reallaşdıran isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdir.

Rauf KƏNGƏRLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında