Reneqat Eldar Namazovla Rüstəm İbrahimbəyov antiazərbaycan dairələrdən daha çox qrant qoparmağa çalışırlar
Azərbaycanın inkişafını və dünya birliyində mövqeyinin möhkəmlənməsini istəməyən dairələrin, həmçinin erməni lobbisinin sifarişlərini yerinə yetirən kinorejissor Rüstəm İbrahimbəyov Milli Şura yaratmaq adı ilə ölkədə qarşıdurma törətməyə cəhd göstərsə də, buna nail ola bilmədi.
Çünki ölkə ictimaiyyətinə də bəllidir ki, R.İbrahimbəyov ermənipərəst dairələrin əlində alətə çevrilib. O, ayda bir dəfə xarici düşmənlərimizin himayəsində olan kütləvi informasiya vasitələrinə yalan və böhtanla dolu müsahibələr verərək daha çox qrant almaq və bu yolla var-dövlətini artırmaq istəyir. R.İbrahimbəyov Azərbaycan Kinematoqrafçılar İttifaqına rəhbərlik etdiyi müddətdə bu qurumun bütün əmlakını satıb-talamaqdan gözləri doymayıb. Üstəlik, ermənipərəst dairələrlə əlaqəyə girərək onların çirkli pulları hesabına yaşının bu çağında satqınçılıqla məşğul olur.
Kinorejissorun acgözlüyü o həddə çatıbmış ki, hətta vergidən də yayınıbmış. Vergilər Nazirliyinin analitik-informasiya şöbəsinin məlumatında bildirilir: “Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən Azərbaycan Kinematoqrafçılar İttifaqında 01.06.2009-cu il tarixdən 01.01.2012-ci il tarixədək olan dövr əhatə edilməklə aparılan yoxlama nəticəsində vergi orqanına bəyannamə təqdim olunmamaqla xeyli miqdar təşkil edən—12373,56 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilmədiyi aşkarlanmış və fakt üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. İbtidai istintaq zamanı departamentin istintaq idarəsində toplanmış materiallara əsasən müəyyən edilmişdir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən 2009-cu ildə XI “Şərq-Qərb” Bakı Beynəlxalq kinofestivalının keçirilməsi üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ayrılmış 330000,00 manat pul vəsaitindən 267130,00 manatı nağd qaydada kinofestivalın xərclərinin ödənilməsi məqsədilə təhtəlhesab şəxslərə verilmişdir.
İstintaqın gedişində ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi araşdırılarkən müəyyən olunmuşdur ki, nəqliyyat vasitələrinin ittifaqa icarəyə verilməsi barədə sənədlər tərtib olunmaqla 22000,00 manat məbləğində pul vəsaiti talanıb. R.İbrahimbəyovun qurumun əmlakını öz ata malı kimi satıb-talan etməsi barədə çoxlu sayda faktlar var. Bundan əlavə ermənilərlə açıq şəkildə əməkdaşlıq etməsi, onları günlərlə öz evində qonaq saxlaması və düşmənlərimizlə sıx əməkdaşlıq etməsi, bu xəyanətkarlıqda ittifaqın adından istifadə etməsi Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvlərinin də ciddi narazılığına səbəb olmuşdur. Bundan sonra ölkəmizin tanınmış mədəniyyət və incəsənət xadimləri onunla bir təşkilatda işləməyi özlərinə təhqir hesab edərək qurumdan uzaqlaşmışlar. Vəziyyətin kəskinləşdiyini və törətdiyi cinayət xarakterli əməllərin üstünün açıldığını görən R.İbrahimbəyov xarici təşkilatlar qarşısında haray-həşir salaraq guya ona siyasi fəaliyyətinə görə hakimiyyət tərəfindən təzyiq olunduğunu bildirmiş və bununla da öz cinayətkar əməllərini ört-basdır etməyə çalışmışdır.
R.İbrahimbəyov ermənipərəst dairələrin əlində oyuncağa çevrilmiş və ölkədə ictimai-siyasi sabitliyin pozulmasında özünün də dediyi kimi, siyasi proseslərdən başı çıxmayan bu nankordan istifadə etmişlər. O, tez-tez xarici ölkələrə səfələrə gedir, oradakı düşmən dairələrlə görüşür, Azərbaycanda qarşıdurma yaratmaq üçün onlardan sifarişlər və çirkli pullar alır. Sonra da özü kimi xəyanətkarlar, puldan ötrü hər şeyini qurban verən satqınlar vasitəsilə bu iyrənc planı həyata keçirməyə çalışırlar. Onun Azərbaycandakı siyasi nökərlərindən biri də reneqat Eldar Namazovdur. R.İbrahimbəyov antiazərbaycan dairələrdən aldığı çirkli pulların bir qismini siyasi riyakar Eldar Namazova ötürür və bu yolla ölkədə qeyri-qanuni aksiya keçirməyə cəhd edirlər.
Həm R.İbrahimbəyov, həm də reneqat Eldar Namazov prezident seçkisi ərəfəsində müxtəlif təşkilatlar yaratmaq ideyasını ortalığa atmış və bu qurum vasitəsilə seçkilərə mane olmağa çalışmışlar. Belə qurumlardan biri isə hələ də heç kimin üzv olmaq istəmədiyi Milli Şuradır. Müxalifət nümayəndələri də təsdiqləyirlər ki, Milli Şura xarici düşmənlərimizin ideyası əsasında ortalığa atılıb. Çünki R.İbrahimbəyovun elə bir dərrakəsi yoxdur ki, hər hansı bir siyasi təşkilat yaratsın və onu idarə etsin. Eləcə də onun siyasi nökəri olan Eldar Namazovda da elə bir qabiliyyət və ya uzaqgörənlik yoxdur. Bir neçə ay əvvəl R.İbrahimbəyov Milli Şuraya kimlərin üzv olması barədə kütləvi informasiya vasitələrinə bir siyahı göndərdi. Həmin siyahı dərc olunar-olunmaz müxalifət düşərgəsində ciddi qarşıdurma yarandı. Hətta adları siyahıda olanların bir neçəsi bu təşkilatdan yaranmamış istefa verdiklərini bəyan etdilər. Bunu da Milli Şuranın xarici kəşfiyyat orqanlarının sifarişi əsasında yaradılması ilə əsaslandırdılar. Hətta beynəlxalq təşkilatlardan da bu qurumla əlaqədar elə bir reaksiya gəlmədi. Bir sıra müxalifət partiyaları Milli Şuranı qeyri-ciddi qurum adlandırdı. Təkcə Vəhdət Partiyasının sədri Tahir Kərimlinin fikrini diqqətə çatdırmaqla dediklərimizi əsaslandırmaq istərdik. Partiya sədri deyib: “Beynəlxalq aləmin Milli Şuraya hansısa formada dəstək göstərməsinin şahidi olmadıq. Buna səbəb beynəlxalq qüvvələrin indiki müxalifət partiyalarını ciddiyə almamasıdır. Onlar anlayırlar ki, bu təşkilatlar nəyəsə nail olmaq gücündə deyillər. Onlardan istifadə etməklə Azərbaycan hakimiyyətinə qarşı təsir rıçaqı əldə etmək də mümkün deyil. Ona görə də Azərbaycan müxalifətinə qeyri-ciddi yanaşılır”.
R.İbrahimbəyov əlaltısı reneqat Eldar Namazovu şirnikləndirərək onun prezidentliyə namizədliyinin irəli sürülməsi barədə bir sıra xarici təşkilatlarla razılaşdığını bildirmişdir. Əvəzində isə Eldar Namazov ölkədə qarşıdurma yaratmağı, insanları qeyri-qanuni aksiyalara cəlb etməyi tapşırmışdır. Bunun müqabilində ona 100 min dollar da vəsait göndərmişdir. Siyasət aləmində piyada olan Eldar Namazov həmin pula özünə dənizin kənarında bahalı bir ofis kirayələmiş və ətrafına topladığı özü kimi riyakar və satqınlarla kef məclisləri qurmuşdur. Ölkədə ictimai-siyasi sabitliyi pozmaq və insanları qeyri-qanuni aksiyalara cəlb etmək isə reneqat Eldar Namazovun gücündən və qabiliyyətindən çox-çox kənardadır. Bundan əlavə xalq mütləq səs çoxluğu ilə seçdiyi Prezidentin ətrafında sıx birləşərək yalnız ona etibar edir. Eldar Namazov, Rüstəm İbrahimbəyov, İctimai Palatanın üzvləri və digər satqınlar xalq tərəfindən qətiyyətlə rədd edilir. Ona görə də kimsə belə xəyanətkarların səsinə səs vermir. R.İbrahimbəyov bir də onda ayıldı ki, Eldar Namazov və onun dəstəsi 100 min dolları yeyb, üstündən də su içiblər. Əvəzində isə onun səbrsizliklə gözlədiyi qarşıdurma, qeyri-qanuni aksiya və iğtişaşlar baş vermədi. O, reneqat Eldar Namazovu nə qədər aradısa, tapa bilmədi. Əlacsız qalıb onun komandasının üzvü, bir vaxtlar “Talış Muğan Respublikası”nı yaratmağa çalışanlardan biri olan Eldəniz Quliyevlə əlaqə saxlayıb. Yüz min dolları əlindən çıxan və əvəzində heç nəyə nail ola bilməyən Rüstəm İbrahimbəyov əsəbindən çox ucadan danışıb və “sirri” dağıdıb. Məlum olub ki, onun Azərbaycanda iğtişaşlar törətmək üçün reneqat Eldar Namazova göndərdiyi 100 min dolları erməni lobbisi veribmiş. İndi bunun hesabını istəyirlər. Reneqat Eldar Namazovsa bu pulla yalnız villa kirayələdiklərini deyib. O vaxtdan Rüstəm İbrahimbəyov gah başına, gah da dizinə döyərək ağlayır, “bəs mənin yüz min dollarım hara getdi?”-deyərək haray-həşir salır. Müxalifət nümayəndələri də təsdiqləyirlər ki, Milli Şura müxalifətin birlik formatı kimi təqdim edilə bilməz. Çünki bu qurum xarici düşmənlərimizin sifarişi ilə yaradılır. “Azadlıq” Partiyasının sədri Əhməd Oruc isə deyir ki, Milli Şuranı yaradanlar kimin gəldi əmrini yerinə yetirməyə hazır olan buqələmunlardır: “Adama demək lazımdır ki, sən get ilk növbədə tərcümeyi-halına, keçmişinə bax, sonra özünü siyasi meydana at. Axı, Eldar Namazov kimdir ki, prezidentliyə namizəd olsun”. Bu fikirlər həm də kinorejissor Rüstəm İbrahimbəyov haqqında səslənir. Ona görə də belə ünsürlərin Milli Şura adlı qurumuna üzv olmaq istəyən yoxdur. Rüstəm İbrahimbəyov isə hələ də pulunun hayındadır. Məşhur “O olmasın, bu olsun” komediyasının qəhrəmanı Məşədi İbadın “cavan qıza bel bağladım, beş min manat pulum getdi”-deyib ahu-zar etdiyi kimi, Rüstəm İbrahimbəyov da “Bəs mənim yüz min dollarım hara getdi?”-deyərək başına, dizinə döyür. Belə yerdə deyiblər: “Özü yıxılan ağlamaz”.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.