AzərTAc-ın xəbər verdiyi kimi, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 20-21-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparmışdır. Azərbaycan naziri səfər zamanı Rusiyanın “Nezavisimaya qazeta” nəşrinə müsahibə vermişdir. E.Məmmədyarov qəzetin müxbiri ilə söhbət əsnasında Rusiya-Azərbaycan münasibətlərinin vəziyyətindən, Qarabağ münaqişəsinin həlli problemindən danışmış, bir sıra suallara cavab vermişdir.
E.Məmmədyarov Qəbələ RLS-in icarəyə götürülməsinə dair müqavilənin vaxtının uzadılmaması və Azərbaycan neftinin Novorossiysk neft kəməri ilə nəqlinə dair müqavilənin ləğv edilməsi barədə suala cavab verərək qeyd etmişdir ki, Azərbaycan ilə Rusiya arasında münasibətlərin səviyyəsi yüksəkdir: müqavilə-hüquq bazası çox genişdir (182 sənəd), daha 38 sənəd imzalanmaq ərəfəsindədir. Sözügedən müqavilələr iqtisadi səbəblərdən ləğv edilmişdir. Nazir demişdir: “Prinsipcə biz maraqlarımıza, mehriban qonşuluq münasibətlərimizə hörmətlə yanaşırıq, Rusiyada nələrin baş verdiyini başa düşürük. Moskva da elə. Bütün bunlar strateji tərəfdaşlıq adlanır”.
E.Məmmədyarov Azərbaycan ərazisində ATƏT-in nümayəndəliyinin statusundan danışarkən vurğulamışdır ki, Bakı ATƏT-in regiondakı fəaliyyətində ikili standartlarla, hətta ölkələrdəki daxili vəziyyətin qiymətləndirilməsində belə ikili standartlarla üzləşir. O demişdir: “Məsələn, prezidentliyə namizədlərdən birinin başqasını güllə ilə vurmaq cəhdi və ya üçüncüsünün aclıq elan etməsi təşkilatın rəsmi hesabatlarında əksini tapmır, seçkilər isə şəffaf və demokratik seçkilər kimi səciyyələndirilir. Amma o biri ölkədə proseslər mikroskop altında öyrənilir”.
Azərbaycan naziri “Nezavisimaya qazeta”ya müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunaraq demişdir: “Azərbaycan ilə Ermənistanın mövqeyini başa düşmək üçün 2004-cü ildən etibarən həmkarım Vardan Oskanyanla çoxlu sayda görüş keçirmişik. Bu, tarixə “Praqa prosesi” kimi düşmüşdür. Belə bir nöqteyi-nəzər vardı ki, çətinlik yaradan element hərbi amildir - Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində olmasıdır. Yəni Qarabağa toxunmuruq. Başa düşürük ki, status problemi vardır, çünki parlament vaxtilə Qarabağın muxtar vilayət statusunu ləğv etmişdir, lakin status məsələsinin həllinə keçməzdən əvvəl, - bu isə hüquqi müstəvidən olan bir məsələdir, - danışıqlar masasını dolaşıqlıqlardan təmizləmək lazımdır. İndiki halda bu, hərbi amilin mövcud olması, zor tətbiq edilməsi, erməni silahlı qüvvələrinin azərbaycanlı əhalinin olmadığı Azərbaycan ərazilərində yerləşməsi, qaçqınlar və məcburi köçkünlər kimi partlayış təhlükəli sosial elementin olması və sairədir. Danışıqların aparıldığı Madrid prinsiplərinin mahiyyəti nədən ibarətdir? Dağlıq Qarabağın ətrafındakı yeddi rayon qəti müəyyən edilmiş vaxtda bizə qaytarılır, əvəzində erməni tərəfinə təhlükəsizliyinin təmin olunması ilə bərabər, Qarabağın müvəqqəti statusu verilir. Üstəgəl iqtisadi inkişaf, qaçqınların qaytarılması, kommunikasiyaların açılması, indiki məqamda orada, - bu isə Azərbaycan ərazisinin, demək olar, 20 faizidir, - insanların məhrum olduğu normal və hərtərəfli həyatın yenidən təmin edilməsi. Bunu Qarabağın statusunu müəyyənləşdirməyin lazım olduğunu, ilk növbədə Azərbaycanın maraqlarına cavab verdiyini başa düşərək, tədricən etmək lazımdır, çünki o, bizim ərazimizdə “boz zonadır”. Məsələni erməni tərəfi ilə birlikdə həll etməyə hazırıq. Nazirin sözlərinə görə, Azərbaycan bir neçə il əvvəl Rusiyanın köməyi ilə təşkil edilmiş qarşılıqlı səfərlərin bərpa olunmasını təklif edir. Bu qəbildən iki səfər baş tutmuşdur, lakin sonradan ermənilər tərəfindən qarşısı alınmışdır. Ölkələr get-gedə bir-birindən daha çox uzaqlaşırlar. İqtisadiyyat müxtəlif münaqişələrin nizama salınması nöqteyi-nəzərindən böyük rol oynayır. Azərbaycan XİN-in başçısı demişdir: “Hərbi əməliyyatların olmasını istəməzdik”.
E.Məmmədyarov ABŞ-ın Xəzərdən keçən marşrutdan istifadə edərək, qoşunlarını Əfqanıstandan çıxarmaq niyyəti barədə sualı cavablandıraraq demişdir: “2014-cü ildən etibarən üç marşrutu nəzərdə tutan multimodal daşınmalar tətbiq ediləcəkdir. Bunlardan biri Özbəkistan və Rusiyadan keçən Şimal marşrutudur. İkincisi Kəraçi ərazisindən keçir. Üçüncü marşrut isə təyyarə ilə Bakıya sonra dəmir yolu ilə ya Gürcüstanın Qara dəniz limanlarınadək uzanır, ya da bu il işə salınacaq Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyənin ərazisindən keçir. Hər üç marşrut gözdən keçirilir. Bu marşrutlardan hansından istifadə olunacağını isə NATO-nun rəhbərliyi həll etməlidir. Özü də Xəzərdən istifadə olunması məsələsi hələ ki müzakirə mərhələsindədir”. E.Məmmədyarovun sözlərinə görə, Xəzəryanı dövlətlər Xəzər sahillərində üçüncü ölkələrin hərbi obyektlərinin olmaması məsələsini müzakirə edirlər. Azərbaycan qanunvericiliyinə görə, ölkə ərazisində xarici hərbi bazanın olması istisna edilir.
Nazir Azərbaycanın İsraillə hərbi-texniki əməkdaşlığının İran ilə münasibətlərə necə təsir göstərməsi barədə suala cavab verərək bildirmişdir ki, Azərbaycan həmişə özünün milli maraqlarından çıxış edərək siyasət yeritməyə çalışır. O demişdir: “Bu günlərdə iranlı həmkarım Əli Əkbər Salehi ilə səmimi söhbətim oldu. O, məni Tehrana konfransa dəvət etdi, lakin təəssüf ki, gedə bilmədim. Salehinin özü İranda prezident seçkilərinə qədər Bakıya gəlmək arzusunda olduğunu bildirmişdir. Buna baxmayaraq, bütün qonşularda olduğu kimi, narahatlıq doğuran məqamlar vardır. Lakin biz ümumi dil tapırıq. Məsələn, Tehranda saxlanılmış Azərbaycan vətəndaşları bu günlərdə azadlığa buraxılmışdır”.
Fəridə ABDULLAYEVA
AzərTAc-ın xüsusi müxbiri
Moskva
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.