Zərdüşt ƏLİZADƏ: “Müxalifətin ən böyük qüsuru zəka və vicdanının yoxluğudur”

 

 

 

Prezident seçkiləri yaxınlaşdıqca müxalifət düşərgəsində qarşıdurma daha geniş vüsət alır. Seçkilərə namizəd kimi qatılmaq istəyən müxaliflər bir-birinin iç üzlərini açır, xalqa məlum olmayan sifətlərini ortaya qoyurlar. Prezidentliyə namizədliyini irəli sürmək istəyən müxalifət nümayəndələri arasında elələri var ki, onlar elə öz həmfikirləri tərəfindən indidən ciddi tənqid atəşinə tutulublar.

Cəmiyyətdə kifayət qədər tanınmayan, bu günə qədər hansı məzhəbə qulluq etdiklərini özləri də bilməyən, anti - Azərbaycan dairələrin çirkli pulları hesabına ölkədə çaxnaşma yaratmaq istəyən xəyanətkarların da prezidentlik eşqinə düşməsi adamda ikrah hissi oyadır. Bu fikrə düşənlər öz həmfikirləri tərəfindən layiq olduqları qiyməti alıblar: zəka və vicdanı olmayan insanlar.

 Prezident seçkisi ərəfəsində guya Azərbaycan müxalifətinə yeni nəfəs, yeni ab - hava gətirmək adı ilə yaradılan “EL” hərəkatının və hələ yaranmamış “bic uşaq” adlandırılan Milli Şuranın cəmiyyətə təsir edəcək gücdə olmaması özünü ilk addımlarda göstərdi. Çünki bu qurumları yaradanların özlərinin nüfuzu, hörməti və aydın mövqeyi yoxdur. “EL” hərəkatının rəhbəri Eldar Namazov həm müxalifət, həm də iqtidar düşərgəsində ikiüzlü, riyakar və reneqat kimi tanınır. Dünənə qədər hakimiyyətdə müəyyən vəzifədə çalışarkən müxalifəti kəskin tənqid edən, vəzifədən qovulduqdan sonra isə özünü müxalifət adlandıran belə ünsürlərə inanan olarmı? Elə bu riyakarlığına görə də onun yaratdığı quruma üzv olan tapılmadı. Bəs reneqat Eldar Namazova inananlar kimlər oldu? Bu sualın cavabını müxalifətçilərin fikri ilə vermək daha yaxşı olardı. Bu baxımdan ADP sədri Sərdar Cəlaloğlunun dedikləri daha maraqlıdır. Partiya sədri “EL” hərəkatının, onun rəhbərinin və bu quruma toplaşanların prezident seçkilərində şansını qiymətləndirərkən deyib ki, onların konkret mövqeləri yoxdur. Bu gün burda, sabah isə başqa yerdə olurlar. Partiya sədri bildirib ki, “EL” hərəkatının üzvü Eldəniz Quliyev vaxtilə “Talış-Muğan Respublikası”nı yaratmağa çalışanlardan biridir. Bu hərəkatın rəhbəri reneqat Eldar Namazov isə uzun müddət indiki hakimiyyətdə təmsil olunub, indi də müxalifətçi kimi çıxış etməyə cəhd göstərir. Ona görə də belələri ilə əməkdaşlıq etmək böyük ləkədir.

Reneqat Eldar Namazovun Rüstəm İbrahimbəyovun sifarişi ilə Milli Şura yaratmaq ideyası müxalifət düşrəgəsində ciddi narazılıqlar yaradıb. Özünə “umac ova bilməyib, başqalarına əriştə kəsməyi öyrətmək istəyən” belə xəyanətkarlar erməni lobbisinin verdiyi qrantlar hesabına ölkədə qarışıqlıq yaratmaq üçün ən iyrənc vasitələrə əl atırlar. Elə buna görə də politoloq Zərdüşt Əlizadə müxalifətin zəkasının və vicdanının olmadığını bildirib. Z.Əlizadə deyib ki, özü vaxtilə müxalifətdə olub və həmfikirlərinin səviyyəsizliyinə, var - dövlətə olan hərisliyinə, dövlət idarəçiliyindəki savadsızlıqlarına yaxşı bələddir. Elə ona görə də müxalifətin ən böyük qüsurunun zəka və vicdanının olmaması qənaətinə gəlib. Politoloqun bu fikirləri təbii ki, ilk növbədə AXC-Müsavat hakimiyyətinə aiddir. Çünki Z.Əlizadə qeyd edir ki, müxalifətin zəkasının yoxluğu onlara baha başa gəlib. Aydın məsələdir ki, zəkası olmayanlar həmişə strateji səhv edirlər. O, AXC-Müsavat hakimiyyəti rəhbərlərinin zəkasızlığı nəticəsində bu iqtidarın 1 il davam gətirə bilmədiyini, hakimiyyəti və ölkəni uçuruma sürüklədiyini bildirib. Z.Əlizadə keçmiş həmfikirlərinin hakimiyyətə qeyri-sivil yolla gəldiklərinə də işarə edərək vurğulayıb ki, “onlar hakimiyyəti 1 illik məngirlədilər”. Yenidən hakimiyyəti ələ keçirmək və xarici himayədarlarının çirkli pulları hesabına prezidentliyə namizədliklərini irəli sürmək istəyən AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının rəhbəri İsa Qəmbər və digər vəzifə hərislərini kəskin tənqid edən Z.Əlizadə onları Mirzə Cəlilin “Bəlkə də qaytardılar” hekayəsinin qəhrəmanları adlandırıb. Politoloq tam əminliklə deyib ki, onların gözlədiklərini bir daha qaytarmayacaqlar.

Seçki ərəfəsində yeni qurumlar yaradıb özlərini prezidentliyə namizəd hesab edən Eldar Namazov kimi xəyanətkarlar da politoloq Zərdüşt Əlizadənin dediyi zəkası və vicdanı olmayanlardandır. Çünki siyasi riyakar E.Namazov hakimiyyətin kölgəsindən bir qədər kənarlaşan kimi adını müxalifət qoyub. Ətrafına topladığı adamlar da özü əqidədə olan xəyanətkarlardır. ADP sədri S.Cəlaloğlunun dediyi kimi, separatçı mövqedə olan, müstəqilliyimizi məhvə aparan və Azərbaycanı parçalamağa cəhd göstərən “Talış - Muğan Respublikası”nı yaratmağa çalışanlardan birinin reneqat Eldar Namazovun ətrafında olması da zəkasızlıq və vicdansızlığın bariz nümunəsidir. “EL” hərəkatının cəmiyyət tərəfindən qəbul edilmədiyini görən reneqat Eldar Namazov indi də Milli Şuranın yaradılması uğrunda canfəşanlıq edir. Görünür, müxalifətin “bic uşaq” adlandırdığı bu qurumun sahibsiz olmadığını sübut etmək istəyir. Bu da səbəbsiz deyilmiş. Kütləvi informasiya vasitələri bildirirlər ki, Rüstəm İbrahimbəyov erməni lobbisindən və Azərbaycanın inkişafını gözü götürməyən xarici düşmənlərimizdən aldığı külli miqdarda qrantdan yüz min dollarını Eldar Namazova ötürübmüş. Ölkədə ciddi qarşıdurma yaratmaq və təxribatlar törətmək  tapşırığı vermiş xarici düşmənlərimiz Rüstəm İbrahimbəyovdan bu məqsədlə verdikləri qrantın hesabatını tələb ediblər. O da xəyanətkar Eldar Namazovdan həmin puldan verdiyi yüz min dolları hara xərclədiyini soruşub. Bundan sonra məlum olub ki, siyasi riyakar Eldar Namazov və onun ətrafındakı xəyanətkarların seçki ərəfəsində hər hansı bir qurum yaratmaqda əsas məqsədləri ölkədə qarşıdurma və təxribatlar törətmək imiş.

Əslində İctimai Palata adlı qondarma qurumun da prezident seçkisi ərəfəsində canfəşanlıq etməsi ölkəmizi gözü götürməyən qüvvələrin sifarişlərinin yerinə yetirilməsi məqsədini daşıyır. Son illər Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinin getdikcə möhkəmlənməsi, nüfuzunun artması, dünya birliyində söz sahibinə çevrilməsi təbii ki, düşmənlərimizi ciddi narahat etməli idi. Elə bu səbəbdən də satqın və xəyanətkarların əli ilə ölkədə təxribatlar törətməyə, qarşıdurma yaratmağa və müxtəlif vasitələrlə seçkini pozmağa cəhd edirlər. Bu işdə AXCP və Müsavat Partiyasının rəhbərlərindən əsas alət kimi istifadə edilir.

Yəqin ki, oxucularımız unutmayıblar. 1990-cı ilin qanlı yanvar hadisələrində icazəsiz mitinqlər keçirilməsində də belə xəyanətkarlar xarici düşmənlərimizin əlində alətə çevrilmişdilər. Qanlı yanvar hadisələrinin təşkilatçılarından və iştirakçılarından biri, sabiq müdafiə naziri Rəhim Qazıyev gec də olsa əsl həqiqəti etiraf edib. O deyib ki, camaat meydana çıxanda İsa getdi evində oturdu. İndi İsa Qəmbərin özünü prezidentliyə real namizəd hesab etməsi onun sabiq silahdaşını lap hövsələdən çıxarıb. AXCP sədri Əli Kərimlinin də prezidentliyə namizədliyə layiq olmadığını vurğulayan R.Qazıyev deyib ki, “Nə İsa Qəmbər, nə də Əli Kərimli bu xalqı düşünürlər. Bunları millətin taleyi düşündürmür. Onları daha çox öz şəxsi maraqları düşündürür”. Uzun müddət Əli Kərimli və İsa Qəmbərlə eyni düşərgədə olmuş sabiq müdafiə naziri onları xəyanətkar adlandırıb. O, 1998-ci ildə keçirilən prezident seçkilərini xatırladaraq deyib ki, həmin vaxt İsa Qəmbər geri durmadı ki, Əbülfəz bəy gəl, sən önə keç. AXCP sədri ilə Müsavat Partiyası başqanının özlərini prezidentliyə namizəd hesab etmələri digər həmfikirləri kimi R.Qazıyevi də hövsələdən çıxarıb və o, əsəbiliklə deyib:“Bunlar 20 ildir millətdən nə istəyirlər?”.

Bəli, politoloq Zərdüşt Əlizadənin “Müxalifətin ən böyük qüsuru zəka və vicdanının yoxluğudur” fikri yerində səslənib. Bunu radikal müxalifət nümayəndələrinin xarici düşmənlərimizlə və erməni lobbisi ilə əməkdaşlıq etmələri, onların sifarişlərilə ölkəmizdə iğtişaşlar yaratmaq, ictimai-siyasi sabitliyi pozmaq cəhdləri və bununla da dünya birliyində mövqelərimizin getdikcə möhkəmlənməsinə xələl gətirmək istəkləri də təsdiqləyir. Zəkası və vicdanı olanlar Azərbaycanın sürətli inkişaf yolunda olduğunu görür və bundan qürur hissi keçirirlər.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında