Yalançı tamahkarı necə aldadır...

 

 

Dağıdıcı müxalifətin nümayəndələri aldadıb mitinqlərə cəlb etdikləri adamlara vəd  verdikləri pulu ödəməkdən boyun qaçırırlar

Azərbaycanda keçiriləcək növbəti prezident seçkiləri yaxınlaşdıqca  radikal müxalifət nümayəndələri anti - Azərbaycan dairələrlə əlaqəyə girərək onların sifarişləri əsasında ölkədə çaşqınlıq yaratmağa, ictimai-siyasi sabitliyi pozmağa cəhd edirlər. İctimai Palata adlı qondarma qurumun təsisçilərindən olan AXCP və Müsavat Partiyasının rəhbərləri  artıq bu çirkin oyunun oyunçularına çevriliblər . 20 ilə yaxındır ki, heç bir faydalı əməklə məşğul olmayan dağıdıcı müxalifət nümayəndələri  ermənipərəst qüvvələrdən aldıqları qrantlar hesabına ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzuna xələl gətirmək istəyirlər. Xalq belə ünsürləri rədd etdiyindən onlar da öz çirkin məqsədlərinə nail ola bilmirlər.

Radikal müxalifət nümayəndələrinin  xarici himayədarlarından aldıqları çirkli pullar hesabına mitinq və digər aksiyalar keçirmək cəhdləri də heç bir nəticə vermir. Bunun əsas səbəblərindən biri dağıdıcı müxalifətin mitinqlərə çağırdıqları adamları aldatmalarıdır. Artıq onların yalan vədlərinə inanan yoxdur. Çünki sadəlövh adamlar dəfələrlə onların yalanlarının “qəhrəmanı” olublar. Bu günlərdə Masallı rayonundan redaksiyamıza ünvanlanmış bir məktubda da radikal müxalifətin yalan vədlərinə aldanmış bir qrup şəxsin narazılığı öz əksini tapıb. Həmin məktubda  deyilir ki, AXCP rəsmisi Fuad Qəhrəmanlı bu yaxınlarda Masallı rayonunda olub.

Abuşov Mübariz Hüseyn oğlu, Eynullayev Nazim Gülağa oğlu və Rzayev Sahib Mirzə oğlu tərəfindən ünvanlanmış müraciətdə bildirilir ki, bu il  mayın 11-də səhər saat 10-da işə gedərkən  AXCP -  nin  Masallı rayon təşkilatının  rəsmisi Məmmədağa Eynullayevin adamı bizə  yaxınlaşıb dedi  ki, sabah, yəni  mayın 12-də  saat təqribən 15:00  radələrində rayonda onların yığıncağı keçiriləcək. O, yığıncaqda iştirak edən hər kəsə 15 manat pul veriləcəyini bildirdi.

Biz də -   Mübariz , Nazim və Sahib razılaşdıq ki, üçümüz də gedək iştirak edək. Fikirləşdik ki, oturduğumuz yerdə 15 manat qazanacağıq.  Belə yerdə deyiblər ki, yalançı tamahkarı aldadar. Sonra öyrəndik ki, bizi ora dəvət edən adamın adı Yaqubdur. O  dedi ki, arxayın olun, özünüzlə də nə qədər adam gətirə bilirsinizsə gətirin. Hamısına pul paylanacaq. Biz də səhərisi gün, mayın 12-də saat 15 radələrində onların iclas keçirdikləri yerə getdik  və  iştirak etdik. Sonra da  oturub gözlədik. İclas qurtarandan sonra vəd etdikləri pulu istəyəndə təşkilatçılarla  aramızda  mübahisə düşdü. Çünki heç kim pul  vermək istəmirdi. Bizi ora dəvət edən bildirdi ki, pulumuzu Məmmədağanın yaxın adamı olan Yaqubdan istəyək. O isə dedi ki, qoy Məmmədağaya deyim, görüm nə deyir. Sonra  isə hərəmizə 5 manat pul verdilər və dedilər ki, qalan 10 manatı da Bakıdan gələn qonaqlar verəcəklər. Öyrəndik ki,  Bakıdan gələn qonaqlardan biri  AXCP sədrinin müavini Fuad Qəhrəmanlıdır və  bizə pulu o verəcək. Çox gözlədik, lakin bizə yaxınlaşan olmadı. Bir azdan sonra bizə dedilər ki, dağılışın, pul olmayacaq. Öyrəndik ki, Fuad Qəhrəmanlı gizlincə  maşına oturub aradan çıxıb.

Aldadılmış adamlar  tələb etsələr də, nə Məmmədağa, nə də onun  nə yaxın adamı olan Yaqub pulun qalan hissəsini verməyib. Redaksiyamıza müraciət edənlər AXCP funksionerinin bu dələduzluğu, fırıldağı  barədə  digər kütləvi informasiya vasitələrinə də, o cümlədən  “Azadlıq”qəzetinə də məktub  ünvanladıqlarını bildiriblər.

Biz radikal müxalifətin insanları dəfələrlə aldadaraq mitinqlərə və digər aksiyalara cəlb etdikləri barədə məlumat vermişdik. Üstəlik bəzi sadəlövh və asan qazanc əldə etmək istəyən bir qrup şəxsin belə yalanlara aldandıqları barədə  də dəfələrlə yazmışdıq. Hətta pul üstündə dava - dalaş düşdüyünün də şahidi olmuşuq. Budəfəki ikrah doğuran hadisə barəsində isə məlumat verən elə AXCP üzvlərinin özləridir. Artıq onlar bir-birilərinin iç üzlərini açmağa başlayıblar.  Qondarma İctimai Palatanın üzvlərinin, həmçinin AXCP və Müsavat  Partiyası rəhbərlərinin və fəallarının yalanları, ermənipərəst dairələrlə işbirliyi qurmaları və  mütəşəkkil cinayətkar dəstə formalaşdırmaları barədə artıq öz həmfikirləri və cəbhədaşları  tərəfindən  məlumatlar yayılır. Buna görə də həm Əli Kərimlinin, həm də İsa Qəmbərin sədrlik etdikləri partiyalardan istefa verənlərin sayı getdikcə çoxalır.

AXCP idarə heyətinin üzvü, partiyanın yaradıcılarından biri, Xaliq Bahadırın həm üzvü olduğu partiyadan, həm də qondarma  İctimai Palatadan istefa verməsinin əsas səbəbi müxalifətin ermənilərlə əməkdaşlığı və mütəşəkkil cinayətkar dəstə formalaşdırması olmuşdur. X.Bahadır açıq şəkildə bildirib ki, İctimai Palatanın  Koordinasiya Şurasının bəzi üzvləri xarici kəşfiyyat orqanlarının agentləridir. “Azərbaycan müxalifətində mütəşəkkil cinayətkar dəstə formalaşıb” - deyən X.Bahadır AXCP sədri Əli Kərimlinin də bu dəstəyə qoşulduğunu iddia edir. Sabiq cəbhəçi bildirib ki, partiyanı biznes sahəsinə çevirən və mütəşəkkil cinayətkar dəstə ilə əlbir olan müxalifət nümayəndələri bu yolla övladlarını xarici ölkələrdə ən bahalı məktəblərdə oxutdururlar. Onun dediyinə görə, Əli Kərimlinin oğlu Londonda təhsil alır.

X.Bahadır müsavatçıların da övladlarının xarici ölkələrdə təhsil almaları barədə məlumat verərək deyir: “Müsavat Partiyasının aparat rəhbəri  Arif Hacılı iki övladını xaricdə oxudur, amma mənim uşaqlarım hələ xaricdə olmayıb. Hansı pulla? Amma mən uşaqlarımı burda oxutmağa pul tapmıram. Hələ çoxlu başqa faktlar var ki, onları demirəm. Hər şey gün kimi aydındır. İctimai Palata bu məsələlər üzündən hələ o vaxtdan dağıldı”.

X.Bahadır müxalifətin yeni yaradılan birliklərini də əhəmiyyətsiz, mənasız qurumlar adlandırıb. Onun qənaətinə görə, yeni yaradılan qurumlar da mütəşəkkil fırıldaqçı dəstə formalaşdıran müxalifət nümayəndələrindən ibarət olacaq. Çünki bu dəstə xarici himayədarlarından külli miqdarda qrantlar alır və əsas məşğuliyyəti isə ölkədə qarışıqlıq salmaq, parçalanma yaratmaqdır. O, Milli Şuranın tərkibinin də  tanış simalardan ibarət olacağını bildirib: “Oyunçular ayrı olsaydı, bəlkə də Milli Şuradan nəsə gözləmək olardı. Son 20 ildə birliklər yaradan, sonradan həmin birlikləri dağıdan, axırıncı dəfə İctimai Palatanı bitirən adamlar Milli Şuranı da o günə salacaqlar. Azərbaycan müxalifətində mütəşəkkil cinayətkar dəstə formalaşıb. Həmin dəstə yaradılan birlikləri dağıda-dağıda gedir. O dəstə yenə bütünlüklə Milli Şuraya gedəcək, orda da öz “işlərini” görəcək”.

Sabiq cəbhəçi deyib ki, bəzi  müxalifət  partiyaları qarşıdan gələn prezident seçkilərinə özlərinin biznes sahələri  kimi baxır. Əslində, müxalifət nümayəndələri çox yaxşı bilirlər ki, onların bu seçkilərdə heç bir şansları yoxdur. Ancaq yaranmış fürsətdən istifadə edərək “qaz vurub, qazan doldurmaq” istəyirlər. X.Bahadırın sözlərinə görə, İsa Qəmbər Müsavatı biznes partiyası kimi əlində saxlayıb və  bundan sonra da saxlayacaq. Hələ prezident seçkilərinə xeyli vaxt qalsa da, İsa Qəmbər öz namizədliyini elan etdi. Əslində isə müsavatçılar qurultay keçirməli, prezidentliyə namizədlik məsələsini müzakirə etməli, sonra isə kiminsə namizədliyini irəli sürməli idilər.  Yalandan deyirlər ki, guya qurultay üçün yer vermirlər. Yoxsa, Azərbaycanda qurultay keçirməyə yer tapılmır? Onlar qurultay keçirməmək üçün yer söhbətini problemə çeviriblər. Mən 2010-cu ildən bəri deyirəm ki, Müsavat qurultay keçirməyəcək. Artıq proqnozlarım özünü doğrultmaqdadır.   X.Bahadır deyib ki, müsavatçıların İsa Qəmbərin prezidentliyə namizədliyini irəli sürmələri komedik faciədir. Fikir verin, Müsavatın Divanı yığışaraq qərar verir ki, İsa Qəmbər prezidentliyə namizəd olacaq. Bütün bunlar onu göstərir ki,  müxalifətin ideyası yoxdur. İdeyasızlıqla həyatda heç nəyə nail olmaq mümkün deyil.

 

Radikal müxalifətin daxili aləmi, xəbisliyi və Azərbaycanın düşmənləri ilə işbirliyi qurması artıq özləri tərəfindən etiraf olundu. Xalq isə belələrini qətiyyətlə rədd edir.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında