Əli Kərimli gec də olsa, hələ prezidentliyə
namizədlik səviyyəsinə yetişmədiyini etiraf etdi
Azərbaycanın müstəqillik tarixinin keçdiyi 20 il ərzindəki inkişaf yolu təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də böyük maraqla qarşılanır. Bu müddət ərzində həyata keçirilən islahatlar respublikamızın dünya birliyindəki reytinqini getdikcə artırır. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyə seçkilər keçirilən zaman da bunun şahidi olduq. Dünyanın 155 ölkəsi bu seçkidə Azərbaycanı dəstəklədi. Bu tarixi qələbə ölkəmizin dünya birliyinə sürətli inteqrasiyasının nəticəsidir.
Ölkəmizdə demokratik proseslərin inkişafı daim dövlətin diqqət mərkəzindədir. Demokratiyanın atributlarından biri də azad, ədalətli, şəffaf seçki prosesinin keçirilməsidir. 1993-cü ildən indiyədək keçirilən bütün seçkilərə, referendumlara, həmçinin ayrı-ayrı vaxtlarda parlamentə və bələdiyyələrə təyin olunmuş əlavə və təkrar seçkilərə dair beynəlxalq təşkilatların verdikləri rəylər də ölkəmizdə seçki sisteminin getdikcə təkmilləşərək tam demokratik prosesə çevrilməsindən xəbər verir. Azərbaycanda seçkilərdən-seçkilərə seçki praktikası və mədəniyyəti daha da yüksəlmişdir. Təbii ki, bütün bunların kökündə Azərbaycan hakimiyyətinin ölkədə demokraktik dəyərlərin möhkəmlənməsi ilə bağlı qətiyyətli və ardıcıl siyasi xətti dayanır.
Bu il keçiriləcək prezident seçkilərinin mütəşşəkilliklə və demokratik şəraitdə başa çatacağına şübhə ola bilməz. Çünki artıq ölkəmiz bu sahədə mükəmməl təcrübəyə malikdir. Təəssüf ki, hər dəfə seçkilərdə məğlub olan müxalifət nümayəndələri hələ də məğlubiyyətlərini etiraf etmək mədəniyyətinə yiyələnməyiblər. Onlar biabırçı məğlubiyyətlərini ört-basdır etmək üçün günahı iqtidarda axtarır, hər dəfə də seçkilərin guya saxtalaşdırılması ilə əlaqədar vay-şüvən salırlar. Prezident seçkilərinə hələ 6 ay qalsa da, radikal müxalifət nümayəndələri indidən seçki saxtakarlığından danışmağa başlayıblar. Bunun əsas səbəblərindən biri onların meydanlarda tək qalmasıdır. İctimaiyyət tərəfindən qəbul edilməyən belələri artıq dərk etməyə başlayıblar ki, hətta prezidentliyə namizədliklərinin təsdiqlənməsi üçün tələb olunan imzanı toplaya bilməyəcəklər. Digər tərəfdən, xalq onların qısa müddət ərzində hakimiyyətdə olduqları vaxtda ölkəni necə ağır duruma saldıqlarını hələ də unutmayıb. Belələrinə yenidən kim etimad göstərər? Artıq müxalifət düşərgəsində də Müsavat Partiyasının başqanı İsa Qəmbərin, AXCP sədri Əli Kərimlinin və AXC - Müsavat hakimiyyətində təmsil olunanların yenidən hakimiyyətdə təmsil olunma cəhdlərinə qəti etirazlar bildirilir. Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bu məsələyə münasibət bildirərkən deyib: “Əli Kərimlinin platforması və istəyi İsa Qəmbərin istəyi ilə eynidir. Onlar hakimiyyətə gəlib, xalqın başında “turp əkmək” istəyirlər”.
Ə.Kərimlinin “Mən hakimiyyətə gəlib xalqı xilas edəcəyəm” - deməsi A.Əlizadəni daha da hiddətləndirib. O, AXCP sədrinin bu iddiasına belə cavab verib: “Əgər xalqın xilasedicisi Əli Kərimli olacaqsa, bu xalq bədbəxtdir. O, artıq bir dəfə “xilasedicinin” yanında olub, amma xilas edə bilməyib. Əli Kərimlinin fikrincə, demokratik zəmin o deməkdir ki, artıq onu prezident kimi təyin etsinlər. O, yadında saxlasın ki, onu heç vaxt prezident təyin etməyəcəklər”. AXCP sədri məğlubiyyətini bəri başdan ört - basdır etmək üçün guya müxalifəti birliyə çağırıb və seçkiyə vahid namizədlə getməyi lazım bilib. Dərhal da öz həmfikirləri tərəfindən tutarlı cavab alıb. ADP sədri Sərdar Cəlaloğlu Ə.Kərimlinin müxalifəti birliyə çağırmasını ironiya ilə qarşılayıb və onun bu çağırışına belə cavab verib: “Əli Kərimli bu günə qədər müxalifətin birləşməsinə mane olub, indi də bütün müxalifətə müraciət edir. Müxalifət parçalanmış vəziyyətdədir. Ə.Kərimli bütün partiya sədrlərinə o zaman çağırış edə bilərdi ki, onlarla əməkdaşlıq etsin. Onun partiya sədrlərinə çağırış etməyə mənəvi haqqı yoxdur. Əli Kərimlinin çağırışı müsavatçılaradır”.
Regionlarda əhalinin radikal müxalifət nümayəndələrini yaxınlarına buraxmamaları, onlara dəstək verməmələri vəzifə hərislərini ciddi təlaşlandırıb. Dağıdıcı müxalifətin regionlarda keçirmək istədikləri görüşə gələn yoxdur. Hətta onlar rayonlarda və kəndlərdə keçirilən hər hansı bir mərasimi öz adlarına çıxmaq istəsələr də, son anda bu fırıldaqlarının da üstü açılır və həmin tədbiri biabırcasına tərk etmək məcburiyyətində qalırlar. Bu yaxınlarda Saatlı rayonunun Azadkənd kəndində uşağın ad gününü “seçicilərlə görüş” kimi sırımaq istəsələr də buna nail ola bilmədilər. Belə bir üsuldan Sabirabad rayonunda da istifadə etmək istəyən cəbhəçilər bu dəfə də məkrli niyyətlərinə çata bilməyiblər. Kiminsə oğlunun kiçik toy məclisini mitinqə çevirmək istəyən AXCP üzvlərinin müxtəlif şüarlar səsləndirmələri qonşuların narazılığına səbəb olmuş və onlar polisə müraciət etmişlər. Polisin müdaxiləsindən sonra bir-iki stol-stulu bilərəkdən aşıran cəbhəçilər sonradan hay-həşir salmağa başlayıblar ki, guya onlar “möhtəşəm görüş” keçirmək istəyiblər və polis buna mane olub. Göründüyü kimi, kimsə azyaşlı oğlunu müsəlman etmək istəyir, AXCP isə bu mərasimi özlərinin “möhtəşəm görüş”ü kimi sırımaq istəyir.
AXCP sədri Əli Kərimli artıq xalqın onlardan tamamilə üz döndərdiyini yəqinləşdirib və gec də olsa, əsl həqiqəti dərk edib. ASDP sədri A.Əlizadənin fikrini də əlavə etsək, “Əli Kərimli nə vaxtsa xalq tərəfindən seçilməyəcəyini dəqiqləşdirdikdən sonra” bu il keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyəcəyini bildirib. Əslində AXCP sədri hələ prezidentliyə namizədlik səviyyəsinə yetişmədiyini etiraf edib. O, hansısa xarici qüvvələr tərəfindən “prezident təyin ediləcəyinin” qeyri-mümkün olduğunu da çox yaxşı bilir. Ona görə də müxtəlif bəhanələrə əl atır.
AXCP sədrinin prezidenliyə namizədliyini irəli sürməməsini guya Azərbaycanda demokratik seçki prosesinin hələ də formalaşdırılmaması ilə əlaqələndirməsi sözün əsl mənasında iftira və böhtandır. Çünki ölkəmizin beynəlxalq miqyasda demokratik imicinin daha da yüksəlməsinə nail olan Prezident İlham Əliyev seçki sisteminin daha da təkmilləşdirilməsini və seçkilərin ədalətli və şəffaf keçirilməsini daim diqqət mərkəzində saxlayır. Məhz dövlət başçısının respublikamıza rəhbərliyi dövründə seçki sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər də bunun əyani təsdiqidir. Seçki Məcəlləsi getdikcə təkmilləşdirilir, seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün yeni qanunvericilik aktları qəbul edilir və bu sahədə zəngin hüquqi baza yardılır. Bir faktı qeyd edək ki, 2008-ci ildə Milli Məclisin qəbul etdiyi qanunla Seçki Məcəlləsinin 145 maddəsinə 91 əlavə və dəyişiklik edilmişdir. Bu da seçki prosesinin daha da təkmilləşdirilməsinə xidmət etmişdir.
Belə faktlar istənilən qədərdir. Bütün bunlar bir daha təsdiqləyir ki, AXCP sədrinin “Azərbaycanda demokratik seçki prosesi hələ təkmilləşdirilməyib” - deməyə mənəvi haqqı çatmır. Əgər AXCP sədri prezidentliyə namizədliyini irəli sürmək fikrindən daşınıbsa, demək o, xalqın dağıdıcı müxalifətə olan nifrətini dərk etməyə başlayıb. Ə.Kərimlinin bəhanə gətirərək dediyi kimi, əgər ölkəmizdə demokratik seçki zəmini yoxdursa, onda niyə bundan öncəki parlament seçkilərində iştirak edirdi? O yaxşı bilir ki, xalq dağıdıcı müxalifəti birmənalı şəkildə rədd edir.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.