Azərbaycan Mərkəzi Avropa ölkələri ilə iqtisadi-siyasi əlaqələrini genişləndirir

 

 

Avstriya – Azərbaycan münasibətlərinin inkişafı bunun ən bariz nümunəsidir

Yeni qlobal tarazlaşma proseslərində xüsusi geosiyasi çəkiyə və mütərəqqi qanunlarla idarə olunan iqtisadi potensiala malik olan Qərbi və Mərkəzi Avropa ölkələri ilə Cənubi Qafqazın lider dövləti səviyyəsinə yüksəlmiş Azərbaycanın əlaqələrinin genişlənməsi böyük əhəmiyyət kəsb edir.

Bu mənada, respublikamızın Avstriya ilə münasibətlərinin inkişafı regionlararası əməkdaşlığın inkişafına da böyük töhfə verir. Məmnuniyyətlə qeyd edək ki,  Avstriya Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdəndir və iki ölkə arasında diplomatik münasibətlərin yaradılması da Azərbaycan müstəqilliyini bərpa etdikdən az sonraya təsadüf edir. Ötən dövr ərzində ölkələrimiz arasında əməkdaşlıq getdikcə inkişaf etmiş, siyasi, iqtisadi,  mədəni-humanitar sahələrdə əlaqələr daha da möhkəmlənmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin  Avstriyaya  rəsmi səfəri bu əlaqələrin yeni mərhələdə inkişafına xüsusi töhfə verdi.  Belə səfərlər Avstriya - Azərbaycan əməkdaşlığını möhkəmləndirməklə yanaşı, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırır, Azərbaycanın Avropa İttifaqı kimi nüfuzlu bir təşkilata inteqrasiyasını sürətləndirir.

İki dost və tərəfdaş ölkə arasındakı münasibətlərin daha da inkişafı üçün əsaslı hüquqi baza mövcuddur. Bu günə qədər ölkələrimiz arasında 37 sənəd imzalanmışdır. Bunlar siyasi, iqtisadi, mədəni və humanitar sahələri əhatə edir. Mayın 13-də  Prezident  İlham Əliyevin Avstriyaya səfəri zamanı Vyanada geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra “Azərbaycan Respublikası və Avstriya Respublikası arasında dostluq münasibətləri və tərəfdaşlığa dair Birgə Bəyannamə”nin imzalanması isə ikitərəfli münasibətlərimizin mühüm mərhələyə yüksəlməsindən xəbər verir. Dövlət başçımızın qeyd etdiyi kimi, bu, ölkələrimiz arasında imzalanmış bütün sənədlər arasında xüsusi yer tutur. Çünki o, əməkdaşlığımızın mahiyyətini, əlaqələrimizin tarixini əks etdirir və bir çox sahələri əhatə edir. Bu, olduqca mühüm Bəyannamədir. Sənəd münasibətlərin və tərəfdaşlığın yüksək səviyyədə olduğunu təsdiq edir. Bir daha onu göstərir ki, rəsmi Bakı və Vyana  dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafında siyasi iradə nümayiş etdirir.

Bizim bir sıra dövlətlərlə münasibətlərimizin gələcək inkişafını müəyyənləşdirən əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin həllində həmin ölkələrin tutduğu mövqedir.  Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin ölkənin mövqeyini ifadə edən bəyanatı isə hər bir azərbaycanlı tərəfindən məmnuniyyətlə qarşılanmışdır. O demişdir ki, imzalanan Bəyannamədə hər iki ölkədə demokratiyaya, insan hüquqlarına hörmətlə yanaşmaya, qanunun aliliyinin təşviqinə sadiqlik vurğulanmaqla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllinin vacibliyi qeyd edilmişdir. Avstriya uzun sürən bu münaqişə ilə bağlı Azərbaycan tərəfinin vəziyyətin daha da yaxşılaşdırılmasına nail olmaq üçün növbəti mümkün addımların atılmasına dair tutduğu mövqeyi dəstəkləyir. Öz növbəsində, Azərbaycanın dövlət başçısı demişdir: “Cənab Prezident bildirdi və bu Bəyannamədə qeyd olunub ki, biz Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etdik. Münaqişə beynəlxalq hüququn normaları, beynəlxalq təşkilatların qərarları və qətnamələri əsasında həll olunmalıdır. Onların arasında mən erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini xüsusilə qeyd etmək istəyirəm. Əfsuslar olsun ki, 20 ildir bu qətnamələr yerinə yetirilmir, işğal davam edir. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, etnik təmizləmə siyasətinə və soyqırımına məruz qalmışdır. Əfsuslar olsun ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin prezidentlərinin status-kvonun qəbulolunmazlığı barədə verdikləri bəyanatlara Ermənistanda məhəl qoymurlar. Status-kvonun dəyişilməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanğıcı deməkdir. Fikrimcə, bu, nə qədər tez baş verərsə, danışıqlar prosesi daha sürətlə gedər və danışıqlar prosesində müşahidə olunan mühit mənfidən müsbətə doğru dəyişə bilər”.

Bu gün Azərbaycan Qərb ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır. Karbohidrogen ehtiyatları ilə zəngin olan ölkəmiz bu təbii sərvətlərə malik olmayan Avropa dövlətləri üçün cazibədar əməkdaşlıq məkanına çevrilib. Təsadüfi deyil ki, dövlət başçımızın Avstriyaya səfəri zamanı enerji sahəsindəki əməkdaşlıq məsələləri də geniş müzakirə olundu. Onu da deyək ki, Avropa İttifaqı Azərbaycanı “Cənub qaz dəhlizi”nin əsas qüvvəsi və bu layihənin reallaşmasına töhfə verən tərəf hesab edir. Çünki respublikamız  “Cənub qaz dəhlizi”nin tikintisini nəinki dəstəkləyən, əslində, onu başlayan ölkədir.  Trans-Anadolu qaz boru kəmərinin tikintisi ilə əlaqədar Türkiyə ilə əldə edilmiş razılaşmanı yada salaq. Ölkəmiz həmin layihənin reallaşması üçün sərf olunan vəsaitin 80 faizini ödəyəcək. Trans-Anadolu qaz boru kəməri Azərbaycan qazı üçün Avropa qitəsinə qapıları açır. Bu məsələ ilə bağlı Avropa təsisatları və Avropa İttifaqı ilə apardığımız müzakirələr hər zaman dövlət başçımızın diqqət mərkəzindədir. Onu da qeyd edək ki, Avropa İttifaqı ilə Azərbaycan enerji sektorunda strateji tərəfdaşlıq sazişini imzalamışdır. Orada Azərbaycan “Cənub qaz dəhlizi”nin əsas qüvvəsi və təşəbbüskarı kimi qeyd edilir. Azərbaycan Prezidenti bildirmişdir ki, hazırda “Şahdəniz” konsorsiumu təkliflərin kommersiya tərəfini qiymətləndirir. Ümidvarıq ki, yaxın gələcəkdə qərar qəbul olunacaq və nəticədə Azərbaycan qazı Avropa qitəsinə çatdırılacaqdır: “Bir daha qeyd edirəm, biz bu layihələri Xəzərdə başlamağımızdan, Xəzər dənizinin enerji resurslarını dünyada ilk dəfə olaraq əməkdaşlığa açıq etməkdən fərəhlənirik. Hazırda isə, biz Avropadakı tərəfdaşlarımızla, o cümlədən avstriyalı dostlarımızla dünyanın ən mürəkkəb, mühüm və perspektivli enerji layihələrindən birinin - “Cənub qaz dəhlizi”nin həyata keçirilməsi üçün çalışırıq”.

İqtisadi-ticarət əlaqələri iki ölkənin münasibətlərinin inkişafında mühüm yer tutur. Azərbaycan Avstriya üçün Cənubi Qafqazda aparıcı ticarət tərəfdaşıdır. Bu sahədə artıq uğurlu nəticələr əldə edilir. Belə ki, son üç ildə iki ölkə arasındakı ticarət dövriyyəsi üç dəfə artmışdır. Ölkənin İqtisadi Palatasının sədri Kristof Laytl Azərbaycanın mühüm iqtisadi tərəfdaş olduğunu vurğulayaraq əlavə etmişdir ki, Azərbaycanı bu səviyyəyə yüksəldən ulu öndər Heydər Əliyevin siyasətidir: “Ölkənizdə bu siyasətin davam etdirilməsi biz avstriyalılar üçün də mühüm məsələdir. Çünki bu siyasət qarşılıqlı etimad və inam yaradır. İqtisadi qərarlar etimad və inama əsaslanır”.  Kristof Laytl onu da qeyd edib ki,  Avstriya Avropa İttifaqının üzvüdür və Prezident İlham Əliyevin ölkəyə rəsmi səfərə gəlməsindən şərəf hissi duyur. Avstriya Dunay strategiyasında, həmçinin Azərbaycanın da xüsusi yerə malik olduğu qənaətindədir.

Avstriyanın siyasəti baxımından nəinki iqtisadiyyatımız, həmçinin siyasətimiz də bu ölkəni yaxından maraqlandırır.

Bu baxımdan, Vyanada Azərbaycanın istər siyasi, istərsə də möhtəşəm iqtisadi nailiyyətləri məmnunluqla qarşılanır. Avstriya Sənaye Federasiyasının prezidenti Georq Kapş hesab edir ki,  ölkələrimiz ərazi ölçülərinə görə çox oxşar olsalar da, təbii ehtiyatlar və digər məsələlər baxımından Azərbaycan nəzərəçarpacaq dərəcədə üstünlüyə malikdir: “Sizin dövlət borcunuzun az olması bizə böyük təəssürat bağışlayır, çünki bu borc heç 12 faiz təşkil etmir. Bizim dövlət borcumuz 70 faizdən çoxdur. Bu, sizə sərmayə qoyuluşu, infrastruktur və iqtisadi layihələr üçün geniş imkanlar, yeni üfüqlər açır. Belə ki, bu, sənaye üçün mütləq şərtdir”.  Bəli, Azərbaycanın qazandığı bu nailiyyətlər nəticəsində bir il ərzində ölkəmizə 22 milyard ABŞ dolları həcmində sərmayə yatırılmışdır. Respublikamızda hökm sürən sabitlik və inkişaf xarici şirkətlərin ölkəmizə marağını daha da artırmışdır ki, Avstriya şirkətləri bunlar arasında özünəməxsus yer tutur.

Hazırda Avstriyanın 40-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. Ölkəmiz üçün bir neçə vacib layihənin Avstriya şirkətləri tərəfindən icra olunması iki dövlət arasında qarşılıqlı inamdan irəli gəlir. Məsələn, Azərbaycanda beşulduzlu yeni otellərdən birinin tikintisini Avstriyanın “Stravad” şirkəti aparıb. Bakıda yeni, müasir və bölgənin ən müasir aerovağzal kompleksinin inşasını da Avstriyanın “Waagner Biro” şirkəti həyata keçirib. Belə faktlar onlarcadır. Avstriya şirkətləri peşəkar, bacarıqlı şirkətlərdir və çox gözəl zövqləri ilə seçilirlər. Buna görə də Azərbaycan onlara böyük etimad göstərərək ölkəmiz üçün mühüm əhəmiyyətə malik binaların tikintisini və ya bəzi tikililərin bərpasını da onlara əmanət etmişdir.  Bakının yeni Beynəlxalq Hava Limanı, Bakı Xalça Muzeyi və nəhayət,  Azərbaycanın rəmzi olan Qız qalasının bərpası və yenilənməsini də buna misal göstərə bilərik. Bunların hamısı Avstriya mütəxəssisləri tərəfindən aparılır. Bu, aramızda olan ən yüksək etimad səviyyəsidir, çünki Qız qalası bizim üçün böyük məna daşıyır. O, özünəməxsusluğumuzun, memarlığımızın və mədəniyyətimizin əsl rəmzidir. Azərbaycanın avstriyalılara etimadın digər rəmzi isə, ötən illərdə ölkəmizin valyutasının yeni əskinazlarının dizaynının Robert Kalina adlı avsriyali tərəfindən tərtib edilməsinin məqsədəuyğun görülməsi idi. Ölkəmizdə pul islahatı həyata keçirildi və yeni dizaynlı əskinazlar dövriyyəyə buraxıldıqdan sonra manat gücləndi. Hazırda 1 manat 1 avroya bərabərdir ki, bu da Avropa ölkələri ilə ikitərəfli əməkdaşlığımızın həm də bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində davam etdirilməsinin simvolu kimi diqqəti cəlb edir.

Bu əlaqələr Avstriya - Azərbaycan iqtisadi əməkdaşlığının perspektivlərindən xəbər verir və iki ölkənin işgüzar dairələri arasında mövcud əlaqələrin inkişaf etdirilməsi üçün münbit şəraitin olduğunu göstərir. Avstriya Prezidenti Haynts Fişerin bəyan etdiyi kimi, ölkənin müxtəlif sahələrdə yüksək texnologiyaları vardır. Bunlar infrastruktur, dəmir yolları, inşaat, səhiyyə və xəstəxanaların tikintisi sahələrində tədbiq olunan müasir texnologiyalardır. Turizmin inkişafı da hər iki ölkənin diqqət mərkəzindədir.  Azərbaycan da, Avstriya da bu baxımdan əlverişli infrastruktura malikdir və bu sahədə qarşlıqlı əməkdaşlığı daha da inkişaf etdirə bilərlər. Bundan başqa, inkişaf edən, böyük maliyyə mənbələrinə malik olan ölkəmiz artıq Avropa ölkələrinə də sərmayə yatırmağı özünün strateji hədəfləri kimi müəyyənləşdirib. Azərbaycan şirkətləri üçün sərmayə baxımından Avstriya çox cəlbedici ölkədir. Dünyada ən şəffaf neft fondlarından olan Azərbaycan Dövlət Neft Fondu Avropada və xüsusən Avstriyada sərmayə yatırmaq imkanlarını araşdırır və yaxın vaxtlarda bununla bağlı qərarlar qəbul olunacaqdır. 

Hər iki ölkədə fəaliyyət göstərən iş adamlarının biznes forumu kimi mühüm tədbirlərdə iştirakı qarşlıqlı biznes əlaqələrinin qurulmasında önəmli rol oynayır. 2011-ci ilin oktyabrında Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer ölkəmizə səfəri zamanı belə bir forum keçirilmiş və bundan sonra iqtisadi əlaqələr xeyli yüksəlmişdir.  Azərbaycan Prezidenti İlham Əliyevin Avstriyaya səfəri zamanı baş tutan biznes forumda da yenidən iqtisadi münasibətlərin inkişaf perspektivləri vəd edən çıxışlar olmuşdur.

Vyana dünyanın mədəniyyət paytaxtlarından biri  kimi tanınır. Mayın 13-də məhz belə bir məkanda Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olmuşdur.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər. Xatırladaq ki, Avropada ikinci olan Vyana Azərbaycan Mədəniyyət Mərkəzi Prezident İlham Əliyevin 2012-ci il 16 noyabr tarixli sərəncamı əsasında ölkəmizin mədəniyyətini təbliğ etmək məqsədilə yaradılmışdır. Burada Avstriya ictimaiyyətinin Azərbaycanı yaxından tanıması üçün respublikamızın zəngin mədəniyyəti, incəsənəti və turizm imkanları barədə müxtəlif tədbirlərin təşkil olunması nəzərdə tutulmuşdur. Mərkəzin fəaliyyət istiqamətlərinə Azərbaycan dili kurslarının təşkili, müraciət edənlərə Azərbaycan müəlliflərinin əsərlərinin toplandığı zəngin kitabxana və mediateka ilə xidmət göstərmək də daxildir. Bütün bunlar Azərbaycanın artan gücünün göstəricisi və Avstriya dövlətinin ölkəmizə olan dostluq münasibətinin təcəssümüdür.

Rauf KƏNGƏRLİ,

“Xalq qəzeti”



© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında