Bu halda onlar daha da miskin görünürlər
Tamamilə qeyri-sivil, qeyri- peşəkar, diletantdan da aşağı səviyyədə olan bir “müxalifət mövqeyi ” nümayiş etdirirlər. Cəbhədə əsgər ölümü baş verir, sevinirlər. Kənd sakininin əkin sahəsinə siçan daraşır - iqtidarı günahlandırırlar. Yolda avtomobillər toqquşur - ondan da siyasi səmərə götürməyə çalışırlar. Əslində bu yetimləri qınamaq da olmur. Çünki bu gün Azərbaycan elə bir şəkildə idarə edilir ki, iqtidara irad tutmağa bir əsas tapa bilmirlər.
Yenə əvvəllər siyasi məhbus adıyla əməlli-başlı alver edirdilər. Bir almaniyalı deputata sırıdıqları yalan məlumatlar həm deputatın özünü, həm də bunları necə rüsvay etdisə, indi daha həmin bazarları da işləmir. Ona görə də qrant almaq üçün bircə çıxış yolları qalır - qaşınmayan yerdən qan çıxartmaq. İnsafən bu sahədə kifayət qədər ustalaşıblar. Doğrudur, bu biznes də o qədər etibarlı deyil . Belə ki, onların qaşınmayan yerdən qan çıxarması üçün ölkədə mütləq hansısa qan qaraldan hadisə baş verməlidir ki, onu şişirdib siyasiləşdirsinlər. Belə hadisələr də , təbii ki, hər gün olmur.
Bir müddət əvvəl Şamaxıda torpaq sürüşməsi baş vermişdi - uzun müddət söz-söhbət yaratmaq üçün imkan tapmışdılar. Sonra İsmayıllıda hüquq-mühafizə orqanlarının da dediyi kimi, adi yol-nəqliyyat hadisəsindən sonrakı mübahisəni çox böyük canfəşanlıqla siyasiləşdirməyə çalışdılar. Paytaxtda aparılan möhtəşəm yenidənqurma və abadlıq işləri prosesində evi sökülməli olan adamları aldadaraq onların adından uzun-uzadı bir şou yaratdılar və sairə. Bütün bunları etməyə də bilmirlər. Çünki çörəkləri oradan çıxır. Yola saldığımız həftənin sonunda Xaçmazda baş verən yol-nəqliyyat hadisəsindən sonra düzəltdikləri məzhəkədə isə lap ağ eləmişdilər. Elə bilirdilər ki, İsmayıllıda törətdikləri oyunları Xaçmazda da təkrar edə biləcəklər. Sonra məlum oldu ki, camaat daha onların fitvasına getmək istəmir.
Əhvalat yenə də sadə bir yol-nəqliyyat hadisəsindən sonra baş verib. Toqquşan avtomobillərin sürücülərinin ikisi də digər tərəfi günahkar sayıb və öz aralarındakı mübahisəni razılaşma ilə başa çatdırıblar. Rəsmi olmayan adətə görə belə hallarda tərəflərin razılığı ilə günahkar tərəf hər iki avtomobili təmir elətdirir. Bu baxımdan Xaçmazda da şikayətçi tərəf olmayıb. Buna baxmayaraq yaxınlıqdakı çayxanada gün keçirən Müsavat partiyasının təmsilçiləri vay-şivən qaldırıblar ki, sərhədçi-zabit rayon sakininin avtomobilini əzdi. Çoxdan bəri gərginlik yaratmağa çalışan, fəqət, bunun üçün bir əsas tapa bilməyən müsavatçılar bu göydəndüşmə hadisəni bayraq edərək rayon mərkəzində yürüş keçirmək barədə fitva veriblər. Yerli əhali bu çağırışa İsmayıllıda olduğu kimi həssas reaksiya verməsə də, müsavatçılar onlarla adamı öz başlarına toplaya biliblər.
Burada bir neçə məqamı yada salmaq zərurəti yaranır. Əvvəla, aləmə dərs vermək iddiasında olan müsavatçılar bilməliydilər ki, istənilən siyasi aksiyanın keçirilməsi üçün partiya rəsmiləri tədbirin keçiriləcəyi rayonun və ya şəhərin rəhbərliyinə bir neçə gün əvvəlcədən, yazılı surətdə müraciət etməlidir. Bu adamlar isə həmin qaydaya əməl etmədən, qəzadan dərhal sonra - 15-20 adamı bir yerdə görən kimi aksiya təşkil etmək iştahasına düşüblər. Buna isə qanun icazə vermir və o səbəbdən qanunsuz aksiya cəhdinin qarşısı alınıb. İkinci, təkcə Xaçmazdakı və ya İsmayıllıdakı müxalifətçilər deyil, eləcə də bu düşərgənin bütün təəssübkeşləri yadda saxlamalıdırlar ki, Azərbaycan xalqının çoxsaylı müqəddəs dəyərləri var. Onlardan biri də əlindən xəta çıxmış adamın etirafına hörmətlə yanaşmaqdır. Necə ki, sıravi xaçmazlı ilə zabitin maşınının toqquşmasından sonra onlar bir-birinə hörmətlə yanaşaraq razılaşma ilə ayrılmışdılar. Bu, sadə xaçmazlının milli ədəb-ərkanımıza göstərdiyi ehtiram idi. Müxalifətçilər isə nəinki bu adi dəyərləri ayaq altına atırlar, hətta bizim üçün ən əziz insanlardan olan əsgərin başına bir iş gələndə də sevinir, bu məqamdan siyasi məqsədlə istifadə etməyə çalışırlar. Bu zaman isə onlar yuxarıda qeyd etdiyimiz kimi, daha miskin görünürlər. Biz geridə qalan illərdə və aylarda Azərbaycan müxalifətinin hətta işğalçı ermənilərlə belə iş birliyi yaratmaq kimi çirkin əməllərinin şahidi olmuşduq. Ancaq onların adi yol qəzasının ümidinə qalmasını heç kəs gözləmirdi. Çox təəssüf ki, bu artıq həqiqətdir. Gülünc həqiqət.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.