“Avropa Qonşuluğu Barometri” çərçivəsində keçirilən sorğu ölkəmiz haqqında həqiqətləri açıqladı

 

 

 Biz bəzən hansısa beynəlxalq təşkilatın  hesabatında və ya yekun sənədində ölkəmiz haqqında yazılan  qərəzli məlumatları görəndə ya qəzəblənir, ya da onları ikili standartlarda ittiham edirik. Bu təbiidir. Çünki hər bir fərd kimi hər bir xalq və dövlət də öz hüquqlarının qorunmasına çalışmalıdır. 

Elə Avropa miqyaslı qurumların təməl prinsiplərində də bu məsələlərə böyük önəm verilir. Doğrudur, həmin prinsipləri ayaq altına ataraq Azərbaycanın işğal altında olan torpaqlarına - işğalçı və başkəsən adamların görüşünə gedən avropalılar da az deyil. Buna baxmayaraq təmsil etdiyi qurumun məram və məqsədlərinə hörmətlə yanaşan, onların qorunmasına çalışan avropalılar da çoxdur. Yəni  şükürlər olsun ki, bütün beynəlxalq təşkilatlar  qərəzli, məkrli və ikiüzlü deyil.  Elə “Avropa Qonşuluğu Barometri” çərçivəsində Avropa İttifaqının  maliyyələşdirdiyi Avropa Qonşuluğu ölkələrində ictimai rəyin öyrənilməsi ilə bağlı keçirilən  media monitorinqinin  nəticələrini elan edən siyasətçi və ekspertlər də təmiz məramlı insanlar olduqlarını sübut ediblər.  Hətta bir çox avropalılar açıq şəkildə etiraf edirlər ki, bu monitorinqi son illərdə Azərbaycanda keçirilən ən obyektiv, tərəfsiz bir sorğu  kimi qiymətləndirmək olar.

 Ekspertlər istənilən sorğu və ya reytinq öyrənilməsində olduğu kimi bu monitorinqdə  də cəmiyyət həyatının müxtəlif  sahələrini əhatə edən mövzular barədə suallara cavab tapmaq istəmiş və tapmışlar. Ölkəmizin siyasi, iqtisadi inkişafı ilə bağlı, ölkədə siyasi güc mərkəzlərinin balansı və eyni zamanda, sosial vəziyyətin öyrənilməsi məsələləri daha çox diqqət mərkəzində olsa da, təşkilatçılar  sosial-psixoloji əhval-ruhiyyənin səviyyəsinin, Avropa ölkələrinə münasibətin  göstəricisinin müəyyənləşdirilməsi  kimi prioritet istiqamətləri də yaddan çıxarmamışdılar.

Avropalı ekspertlər öyrəndilər və bütün dünyaya bildirdilər ki, Azərbaycan vətəndaşlarının 92 faizi  öz  hökumətinə inanır.  Bu isə o deməkdir ki,  artıq uzun illər boyu  Azərbaycanda həyata keçirilən daxili siyasət  cəmiyyətdən adekvat münasibət görür.  Bu məqamda bir faktı xatırlatmaq yerinə düşür. Azərbaycan Respublikasının Prezidenti dəfələrlə bəyan edib ki, ölkəmizdə  həyata keçirilən dövlət siyasətinin təməlində vətəndaş amili, insanların  rifahı dayanır. Sivil və demokratik dövlət kimi  Azərbaycan Respublikası ötən illər ərzində sözün həqiqi mənasında məhz bu  prinsiplərə sədaqətini  ifadə edərək vətəndaş-dövlət münasibətlərinin formalaşdırlmasını, bu münasibətlərin elmi şəkildə tənzimlənməsini təmin edə bilib.  Avropalılar  bunu ölkənin ümumi iqtisadi inkişafını ifadə edən, sosial vəziyyətin yaxşılaşdırılması tendensiyasını göstərən, bank-maliyyə sektorunun fəaliyyətini əks etdirən rəqəmlərdə əyani şəkildə görə bilir və qiymətləndirirlər.

Gənc müstəqil Azərbaycan dövlətinin həm ölkə daxilində, həm də beynəlxalq aləmdə razılıqla qarşılanan uğurları nədən ibarətdir?  Avropa qurumlarının hamısında yaxşı bilirlər ki, 2003-cü ilin payızından sonra  ölkəmizdə yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizə endirilib.  Prezident İlham Əliyevin ölkəmizdə işsizliyin aradan qaldırılmasına dair elə həmin il  elan etdiyi prinsiplər bu gün Azərbaycanda tam şəkildə həyata keçirilib və günün reallığına çevrilib.  Geridə qalan illərdə ölkəmizdə aparılan məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycanda işsizliyin səviyyəsi 5,2 faiz təşkil edir. Bu isə bir sıra Avropa ölkələri ilə müqayisədə kifayət qədər uğurlu göstəricidir.  Bir məqamı da  xatırladaq  ki, 2008-ci ildən  etibarən Avropa ölkələrində tüğyan edən  iqtisadi böhran  qitənin bir çox ölkələrində işsizliyin sürətlə artmasına səbəb olub. Azərbaycanda isə  əhalinin rifah halının yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması istiqamətində  həyata keçirilən siyasətin nəticələri  beynəlxalq aləmdə hamının gözü qabağındadır. Avropalılar onu da görürlər ki,  Azərbaycan bu gün dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir. Ona görə də ölkə əhalisinin 92 faizinin öz hökumətinə inanmasını göstərən nəticələr müasir Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə növbəti dəfə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bəzi mətbuat vasitələrindəki həmkarlarımız  yazırlar ki, “Avropa Qonşuluğu Barometri” çərçivəsində həyata keçirilən  və  yekun qiymətləndirmələri Brüsseldə elan edilən bu sorğunun  nəticələrini ölkə daxilində elə şəkildə təbliğ etməliyik ki,  bəzi xarici qüvvələrin əlində oyuncağa çevrilmiş müxalifət təmsilçiləri də  həqiqətin harada, hayanda olduğunu bilsinlər. Biz həmin çağırışla razı deyilik. Çünki  Azərbaycan həqiqətlərini öyrənən bu media monitorinqi Avropanın hansısa ölkəsində deyil, bilavasitə Azərbaycanda keçirilib.  Yəni ölkədə yaşayan hər kəsin bu həqiqətlərdən kifayət qədər xəbəri vardır. Adını müxalifət qoymuş bir qrup adam isə sadəcə  əvvəllər aldanıb pul aldıqları xarici bosslarının tilovundan çıxa bilmirlər. Həmin tilovdan çıxa bilsələr Azərbaycan həqiqətlərinin nədən ibarət olduğunu etiraf edəcəklər. Bunun üçün isə vaxt lazımdır.

Yeri gəlmişkən, monitorinqin nəticələrində göstərilir ki, Azərbaycan vətəndaşlarının 65 faizi öz həyatlarından razıdır. Bu  kiçik göstərici deyil.  Çünki Ermənistan əhalisinin böyük əksəriyyəti nəinki öz həyatından narazıdır, hətta gündən-günə cəhənnəmə çevrilən bu ölkədə doğulduğuna peşmandır.  Azərbaycanda isə  65 faiz gənc öz dövlətinə, hökumətinə etimad göstərir və  ölkənin bütün problemlərini hazırkı hökumətin həll edəcəyinə inanır.  Prezident seçkiləri ili olan 2013-cü ildə  bu göstəricinin məhz Avropa miqyaslı qurum tərəfindən elan edilməsi  seçkinin nəticələri barədə nikbin proqnozlar səsləndirilməsinə əsas verir.

Monitorinqin nəticələrindəki digər göstəricilər də təkcə seçkilərlə deyil, ümumilikdə Azərbaycanın sabahı ilə bağlı yüksək səviyyədə nikbinlik hissləri yaradır. Məsələn, əhalinin 48 faizi  ölkədə  həyata keçirilən iqtisadi siyasətin doğru istiqamətdə qurulduğunu qeyd edir.  Yaxud, rəyi soruşulanların 69 faizi hesab edir ki, Azərbaycanda iqtisadi vəziyyət yaxşıdır.  Başqa fakt. Əhalinin 60 faizi ölkədəki demokratik proseslərdən razı olduğunu bildirib.  Bütün bunlar isə bir daha sübut edir ki, Avropanın və Qərbin bəzi  qeyri-hökumət təşkilatları, ayrı-ayrı fondlar,  demokratiya ilə bağlı mövcud olan institutlar, “Human Rights Watch”, “Amnesty International”, “Freedom House” və başqa bu kimi təşkilatların vaxtaşırı Azərbaycanla bağlı səsləndirdiyi tənqidi fikirlər  tamamilə  qərəzli və əsassızdır.  Bugünkü qüdrətli Azərbaycan  dövləti iti sürətlə inkişaf edir və mütərəqqi beynəlxalq təşkilatların ekspertləri və onların keçirdiyi rəy sorğularının nəticələri də bu inkişafı səxavətlə, ürək açıqlığı ilə etiraf edirlər.  Bütün bu tərəqqi, inkişaf və nailiyyətlərin təməlində isə ulu öndər Heydər Əliyevin  işləyib hazırladığı möhtəşəm siyasi kurs dayanır.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında