Artıq “deputatın şəxsi mövqeyi” ifadəsi ilə heç kəs razılaşmır
Azərbaycan həqiqətlərinin dünyanın daha çox siyasətçisi və bütün mötəbər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməsi, eləcə də gənc müstəqil dövlətimizin dünya miqyasındakı imicinin gündən-günə artması dostlarımız tərəfindən alqışlandığı kimi, bədxahlarımız tərəfindən də qısqanclıqla qarşılanır. Ona görə də dövri olaraq ortaya bəzi iyrənc variantlar atırlar ki, biz kiminsə haqsız olduğunu söyləyək və dedi-qodu başlansın.
Avropadakı erməni lobbisinin maddi imkanları hesabına yaşayan bəzi siyasətçilər bu iyrənc addımlarına rəsmi don geyindirmək üçün mötəbər beynəlxalq təşkilatların adından istifadə etməyi də məqsədəuyğun sayırlar. Elə Avropa Parlamenti adından Azərbaycanın işğal olunmuş ərazilərinə səfər təşkil edən adamlar da bizim xalqımızın səbir kasasını doldurmağa çalışanlardır. Ona görə də respublikamızın siyasi təşkilatlarını, yaradıcı qurumlarını və ölkə gəncliyini təmsil edən ayrı-ayrı insanlar Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan bədnam səfəri ciddi şəkildə pisləyirlər.
Müqamət ƏLİYEV: Azərbaycan Gənc Vətənpərvərlər Birliyinin sədri:
– Avropalı deputatlardan ibarət nümayəndə heyətinin Azərbaycanın icazəsi olmadan işğal altındakı Dağlıq Qarabağa səfərə getməsi və orada bir sıra görüşlər keçirməsi Avropa miqyaslı təşkilatların təməl prinsipləri ilə də düz gəlmir, adi siyasət və diplomatiya qaydaları ilə də. Avropalıların Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan, separatçı rejimin və Ermənistan hakimiyyətinin mənafeyinə xidmət edən addımları Avropa Parlamenti kimi mötəbər beynəlxalq təşkilatın nüfuzuna açıq -açığına xələl gətirir. Təbii ki, bu hadisə danışıqlar prosesinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına daban-dabana zidd olay kimi dəyərləndirilir.
Avropa Parlamenti kimi nüfuzlu təşkilatın nümayəndələri bilməmiş deyillər ki, belə icazəsiz səfərlər Avropa Birliyi-Azərbaycan münasibətlərinin bu gününə və perspektivinə kölgə sala bilər. Məgər onlar bilmirlərmi ki, Avropa Birliyinin ayrı-ayrı qurumları, bütün beynəlxalq və regional təşkilatlar, dünya ölkələri öz rəsmi sənədlərində Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar? Həmin təşkilatların hamısı Dağlıq Qarabağ Muxtar Vilayətini də Azərbaycanın tərkib hissəsi kimi görüblər. Ona görə də ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin təmsilçilərinin də bu qeyri-qanuni səfərə qatılması qətiyyən inandırıcı görünmürdü. Çox təəssüf ki, bu bir həqiqətdir. ABŞ Konqresindən, Fransa Senatından, eləcə də digər qurumlardan olan insanların Dağlıq Qarabağ ərazisinə Azərbaycanın icazəsi olmadan səfər etməsi beynəlxalq hüququn norma və prinsiplərinin üzünə tüpürməkdir.
Yeri gəlmişkən, son zamanlar ikili standart və ikiüzlü siyasət yeridən ölkələr və beynəlxalq təşkilatlar öz təmsilçilərinin iyrənc addımlarının üstünü malalamaq üçün bildirirlər ki, guya hansısa səfərdə iştirak edənlər dövləti təmsil etmirlər, bu onların şəxsi mövqeləridir. Sonra isə məsələnin həqiqi tərəfi ortaya çıxır. Elə Avropa Parlamenti adından Dağlıq Qarabağa səfər edənləri müdafiə etməyə çalışanlar da sonradan pis vəziyyətə düşdülər. Həmin səfərlərdə iştirak edənlərin separatçı rejimlə keçirdikləri görüşlərdə səsləndirdikləri bəyanatlar sübut etdi ki, bu adamlar Dağlıq Qarabağa məhz təmsil etdikləri qurum adından gediblər. Odur ki, Xankəndində verilən bəyanatlar, hadisələrə yanaşmalar, onsuz da dalana dirənmiş danışıqlar prosesinə açıqcasına əngəl törədirdi. Deməli, Avropa Parlamenti bu addımıyla bilavasitə Ermənistanın və separatçı rejimin mənafeyinə xidmət edirdi.
Ancaq indiyədək məlum olan bütün proseslərdə Avropa Birliyinin özü danışıqların müsbət nəticələnməsində, problemin həll olunmasında olduqca maraqlı tərəf olduğunu ən yüksək tribunalardan, ən yüksək səviyyədə bəyan edib. Bəs elə isə bu qurum adından Dağlıq Qarabağa rəsmi səfər təşkil edilməsinin Bakı tərəfindən necə qarşılanacağını nə üçün yaddan çıxarırlar? Niyə unudurlar ki, rəsmi Bakı ilə razılaşdırılmamış səfərlərin təşkil edilməsi Avropa Birliyi-Azərbaycan münasibətlərinin bu gününə və perspektivinə kölgə sala bilər? Bundan başqa, həmin addım həm İrəvanda, həm də separatçı rejimdə arxayınçılıq yarada bilər, işğalçıları daha da şirnikləndirər və növbəti ağır cinayətlər törətməyə sövq edər. Özünü siyasətçi və diplomat hesab edən avropalı cənablar bunu nəzərdə saxlamalıdırlar. Çox təəssüf ki saxlaya bilmirlər.
Səlcuq MÜZƏFFƏRLİ, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası YAP gənclər birliyinin sədri:
– Avropa Birliyinin, o cümlədən bu təşkilatda təmsil olunan dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü tanıması yeni məsələ deyil. Ona görə də bir neçə avropalı deputatın son hərəkəti təmsil olunduqları təşkilatın, öz ölkələrinin mövqeyinə, eləcə də Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyin nümunəsidir. Mənim fikrimcə həmin deputatlar gəlib o yerlərə baş çəkirlərsə, bunun üçün Azərbaycanın razılığı olmalı idi. Belə bir razılıq olmayıb. Əgər Azərbaycanın razılığı olmadan gedib ermənilərlə görüşürlərsə, onlar artıq öz səlahiyyətlərini aşıblar. Bu isə o deməkdir ki, həmin deputatlar öz milli parlamentləri səviyyəsində, yaxud Avropa Birliyi qarşısında məsuliyyət daşımalıdırlar. Nədənsə, həmin məsuliyyəti onların yadına salan yoxdur. Kimsə xatırlatmalıdır ki, bu adamlar beynəlxalq hüququn normalarını pozublar. Özü də kobudcasına.
Yeri gəlmişkən, bu məsuliyyətsiz addım avropalı deputatlar tərəfindən birinci dəfə atılmır. Hər dəfə də belə səfərlərə gedib-gələndə və Azərbaycanın dövlət nümayəndələri gəlib bu barədə öz iradlarını təqdim edəndə, onların rəhbərləri cavab verirlər ki, bu hərəkətlər dövlət və Avropa Birliyi tərəfindən yox, şəxsi təşəbbüslə hərəkət edilib. Beynəlxalq təşkilatın adından səfərə getmiş deputat hansı şəxsi təşəbbüsdən danışa bilər? Dünya təcrübəsində bu cür şəxsi gəliş-gedişi sadə vətəndaşlar edə bilirlər. Deputat statuslu şəxslər isə işğal altındakı ərazilərə səfər etməklə hansısa münasibətlərə xələl gətirir, bu məqamda sülh prosesinə böyük bir zərbə vururlar. Onlar elə bilirlər ki, Azərbaycan xalqının səbri tükənməzdir. Yox, elə deyil.
Biz tələb edirik - bu qəbildən olan oyunlara son qoyulmalıdır. Kiminsə sərbəst gediş-gəlişinə, özünü sərbəst aparan təşkilatların lazım olmayan, məqsədsiz, yalnız münaqişəni daha da dərinləşdirmək məqsədi daşıyan səfərlərinin qarşısı alınmalıdır. Fikrimizcə azərbaycanlı deputatlar bu barədə kəskin etirazlar bildirən bir məktub hazırlamalı və onu AŞPA-ya, Avropa Birliyinə göndərməlidirlər. Biz öz sözümüzü açıq və kəskin şəkildə deməliyik ki, əlli milyonluq bir xalqın əsəbləri ilə oynayan insanlar öz yerlərini və səlahiyyətlərini bilsinlər. Avropa təmsilçilərinin ikili standartdan, ikiüzlü siyasətdən və ikibaşlı oyunlardan əl çəkəcəyinə inanmıram. Ancaq onlara başa salmaq lazımdır ki, Azərbaycanla münasibətlərdə bu iyrənc addımlardan çəkinsinlər. Çünki Azərbaycan artıq onların təsəvvüründəki zəif, kimsəsiz, kasıb Azərbaycan deyil. Azərbaycan bu gün regionun və dünyanın aparıcı dövlətlərindən biridir.
Qələmə aldı:
İ.QAÇAYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.