(əvvəli qəzetin 28 aprel 2013-cü il tarixli sayında)
Bütün Türk dünyası üçün “başağrısı”na çevrilən mənfur daşnaklar neçə onilliklərdir cəfəng “erməni soyqırımı” iddialarını bəşəriyyətə sırımağa çalışırlar. Guya, 1915-ci il oktyabr ayının 24-də Osmanlı Türkiyəsində erməni xalqına qarşı soyqırımı törədilib və nəticədə milyonlarla insan qətlə yetirilib. Həmin uydurma soyqırımının gələn il tamam olacaq 100 illiyi ilə əlaqədar bədnam qonşularımız, xaricdə fəaliyyət göstərən erməni lobbisi və onların havadarları xüsusilə fəallaşmışlar. Məsələ burasındadır ki, ermənilər tarixi hadisələri saxtalaşdıraraq, öz yalanlarına dünya ictimaiyyətini inandırmaq istəkləri ilə yanaşı, bundan Türk dünyasına qarşı bir təzyiq metodu kimi istifadə edirlər. Əsas məqsəd qonşu dövlətlərin torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq, xüsusən Türkiyədən təzminat və bir sıra imtiyazlar qoparmaqdır. Çox təəsüf ki, uydurma erməni soyqırımı indiyədək xeyli sayda dünya dövləti tərəfindən tanınmışdır və bu proses davam etməkdədir. Lakin faktlar və tarixi mənbələr göstərir ki, ermənilərin bu iddiaları yalan və cəfəngiyyatdan başqa bir şey deyil. Əslində, soyqırımına ermənilər yox, məhz onların əli ilə Güneyli-Quzeyli Azərbaycan və Anadolu türkləri məruz qalmışlar... Bu fikirlər AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda “Uydurma erməni soyqırımı: miflər və reallıqlar” mövzusunda keçirilən elmi konfransada səsləndi.
İSRAFİL MƏMMƏDOV,
tarix elmləri doktoru, professor:
— “Böyük Ermənistan” (“Medz Hayk”) kabusunu gerçəkləşdirmək üçün erməni mütəfəkkirləri tarixin müxtəlif dönəmlərində panermənizm trilogiyasını işləyib hazırlamışlar. “Böyük Ermənistan”, “erməni məsələsi”, “erməni soyqırımı” bu trilogiyanın biri-birini tamamlayan hissələridir. 1848-ci ildən kommunizm Avropada bir kabus kimi dolaşırdı. “Erməni soyqırımı” kabusu da 1916-cı ildə “Hncax” partiyasının liderləri tərəfindən irəli sürüldü. Əslində, bu, Qafqazda, Türkiyədə və İranda “Birləşmiş erməni dövləti” yaratmaq proqramı və strategiyasından başqa bir şey deyildir. 2005-ci ildən sonra “erməni soyqırımı” kabusu Avropa və Asiyada yeni çağdaş ruhda dolaşmağa başlayıb. ABŞ tarixçisi Riçard Hovannisyan “Mübarizənin ikinci mərhələsinə keçmək, Türkiyədən təkcə soyqırımının etiraf edilməsini deyil, bütün erməni vilayətlərini, 1915-1920-ci illərdə zərər çəkmiş ermənilərə təzminat verməsini təkidlə tələb etmək lazımdır”, - deyir.
Politoloq Andranik Mehranyan Moskvadan erməniləri Türkiyəyə qarşı yeni tələblərlə çıxış etməyə çağırırdı. Guya, 1915-ci ildə Osmanlı Türkiyəsindən qovulmuş ermənilərin 2,5 milyon övladı indi dünyanın müxtəlif ölkələrində yaşamaqdadır. Onlar ata-baba vətənlərinə qayıtmalı və orada müstəqil erməni dövləti statusunda yaşamaq hüququ qazanmalıdırlar. Markaryan soyadlı başqa bir Andronik İrəvanda Baş nazir olarkən “erməni soyqırımı”nı tanımaq, etiraf etmək istəməyənlərin cinayət məsuliyyətinə cəlb edilməsinə dair" Ermənistan Respublikası Milli Məclisinə qanun layihəsi təqdim etmişdir. Tehranda çıxan “Araks” dərgisinin redaktoru Keşişyan bütün qonşu dövlətləri Türkiyəyə qarşı ayağa qalxmağa, NATO qüvvələrini Türkiyədən çıxarmağa, “erməni vilayətləri”nin ermənilərə verilməsinə səsləyir. Naxçıvanın, Gəncənin, Daşkəsənin, Qazax bölgəsinin Azərbaycandan alınıb Ermənistana qatılmasını təklif edir.
Qondarma Dağlıq Qarabağ Respublikasının sabiq prezidenti Arkadi Qukasyan Qarabağın erməni bayrağının üç deyil, yeddi dəniz üzərində dalğalanacağını iddia edir. Ermənistan Respublikasının indiki prezidenti Serj Sarkisyan isə üzünü yeni nəslin nümayəndələrinə tutub uca səslə: “Şuşanı biz aldıq, siz də gedin Ağrını alın”, - deyir...
Bu ruhlu çağdaş çağırışların biblioqrafiyası da cildlərə sığmaz olub. Məqsəd və məzmun isə dəyişməz qalıb: “Türkiyə və Azərbaycandan daha çox ərazi qoparmaq, Avropanın və xristian dünyasının dəstəyini qazanmaq! Azərbaycanın işğal olunmuş torpaqlarını qaytarmamaq! Əslində, “erməni soyqırımı”nın panermənizm ideoloqları tərəfindən hazırlanmış və ustalıqla həyata keçirilməkdə olan epatik filigerizm siyasəti, başqa sözlə, siyasi kəndirbazlıqdır. Məlum həqiqət budur ki, bu siyasəti həmin “kəndirbazlar” hazırlamışlar. Xalq sadəcə olaraq, onun qurbanına çevrilmişdir. Faktlara diqqət yetirin: Birinci dünya savaşında Rusiya ordusuna 250 min erməni qoşulmuşdur. Könüllü silahlı dəstələrdə türklərə qarşı 8 alayda 50 min erməni vuruşurdu. Avropa dövlətlərinin ordularında 50 min erməni əsgəri əldə silah Türkiyəni məhv etməyə, türkü öldürməyə gəlmişdi. Xaricdən Türkiyəyə hücum çəkən qoşunların sırasında üst-üstə 350 min erməni var idi. Daxildə də bir o qədər erməni silahlanıb Türkiyə dövlətini diz çökdürməyə qalxmışdı.
Beləliklə, dişinəcən silahlanmış, saxta təəssübkeşlik alovu ilə ağzınlaşmış 700 mindən artıq erməni əsgəri Sivasda 180 min, Van və Bitlisdə 400 min, Xoy və Salmasda 200 min, ümumiyyətlə, 1914-1920-ci illərdə 2,5 milyon türkü qətlə yetirdi. Qarsda 82, İrəvan əyalətində 211 kəndi yerlə yeksan etdilər. Ermənistanda 959 kənd türksüz qaldı. 565 min azərbaycanlı qətlə yetirildi və ya didərgin salındı. 1988-1989-cu illərdə 250 min Azərbaycan türkü Ermənistandan silah zoruna sıxışdırılıb çıxarıldı. 1994-cü ilədək Azərbaycan Respublikasının 900 kəndi dağıdıldı. Silahsız, köməksiz, müdafiəsiz bir milyon azərbaycanlı faciə yaşamalı, ata-baba yurdunu tərk etməli oldu... “Əzabkeş xalqın ”erməni soyqırımı" kabusu altında Türkiyədə və Azərbaycanda törətdiyi dəhşət və vəhşətlərin tam olmayan qısa xülasəsi belədir.
İndi Türkiyədə orta hesabla 140-160 min erməni yaşayır. Məktəbləri, kilsələri, hətta kilsə xoru-orkestrı, qəzetləri, nəşriyyatları və s. var. Ermənistan Respublikasının Ağbaba mahalındakı Təpəkəndindən Dağlıq Qarabağdakı Xankəndinədək göz işlədikcə uzanıb gedən Azərbaycan torpaqlarında isə azərbaycanlı nəfəsi, türk kəlməsi, səsi eşidilməz olub. Soyqırımına məruz qalan kimdir, soyqırımı fəryadı qoparan kim? suallarına bundan dəqiq və yığcam cavab ola bilməz: Faciəni törədən, tarixi gerçəkliyi təhrif edən türk deyil, ermənidir.
ABŞ hökumətinə təqdim edilən Nayız-Sazerlənd hesabatında deyilirdi: “Bu geniş ərazidə... dağıntıları ermənilər törətmişlər. Bitlis və Van şəhərlərində.. müsəlman məhəllələri tamamilə dağıdılıb. Müsəlman əhalisinin ancaq on faizi sağ qalıb”.
Ermənilərin milli dirçəlişini hələ fəlakət həddinə çatmayan qəza adlandıran Mark Sayks yazırdı: “Hər hansı bir ciddi hadisə baş verməzdən əvvəl bütün keşişləri və missionerləri qapısı kilidlənmiş yerlərdə saxlamaq lazımdır. Konstantinopoldakı anarxistlər soyqırımı görüntüsü yaratmaq üçün öz millətlərindən olanların evlərinə qumbara atırdılar”.
Mayor E.Noelin Britaniya hökumətinə təqdim etdiyi hesabatında deyilirdi: “...İntiqamçı xristian erməni ordusunun işğal etdiyi, sonra isə viran qoyduğu ərazilərə səfərim zamanı bu qənaətə gəldim ki, türklər öz düşmənlərinə qarşı həmin düşmənlərin etdiklərini edə bilməzlər. Hər səyyah bu yerlərin hər qarışında müsəlmanların başına xristianların açdığı qəddar cinayətlərin dörd yana yayılmış izlərinə rast gələ bilər.
Bundan sonra hadisələrin inkişaf axarını əksi istiqamətə yönəltmək, tarixi faktları təhrif edərək erməniləri zavallı, əlacsız, məzlum, ömürboyu məşəqqətlərə, soyqırımına məruz qalmış cəfakeş xalq kimi qələmə vermək, əslində, dünya ictimaiyyətini, erməni xalqının özünü aldatmaq, onun tarixini saxtalaşdırmaq deməkdir".
Lord Kerzan 1920-ci ilin mart ayında İngiltərənin İcma Palatasında demişdi: “...Siz erməniləri səkkiz yaşında pak və məsum bir qız kimi təsəvvür edirsiniz. Bu fikirdə çox yanılırsınız... ermənilər özlərinin son vəhşi davranışları ilə nə qədər qan tökən bir xalq olduqlarını qeyd-şərtsiz isbat etmişlər”.
Bəlli olan daha bir həqiqət: siyasəti xalq yaratmır, icra edir, yerinə yetirir, özü də ona qurban gedir. Davakar hakim dairələrin fitnələrinə uymasaydılar, ermənilər regionda tək qalmaz və yaranmış yeni çox böyük imkanlardan doyunca bəhrələnə bilərdilər.
RAUF QARAYEV,
institutun aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru:
— Məndən əvvəl çıxış edən həmkarlarım, tanınmış alimlərimiz uydurma erməni soyqırımına aid çox maraqlı tarixi faktlar gətirdilər. Mən də bu fikirlə razıyam ki, “erməni soyqırımı” tarixi mifdən, uydurmadan başqa bir şey deyil. Bəs nə üçün onlar bu məsələni israrla qaldırırlar? Onları dinlədikdə, guya ki, “uydurma erməni soyqırımının tanınması tarixi ədalətin bərpa olunmasına”, onların sözü ilə desək, bu, “beynəlxalq cinayətə” beynəlxalq hüquq əsasında adekvat qiymət verməklə erməni-türk əlaqələrinin keçmişinin altına bir xətt çəkməsinə və bununla da türk və erməni xalqlarının arasında uçurumun aradan qaldırılmasına xidmət edəcək.
Onlar “erməni soyqırımı”na görə Türkiyənin siyasi məsuliyyətindən danışırlar və xüsusi vurğulayırlar ki, belə bir məsuliyyət müxtəlif məsələlərin həllini tələb edir. Fikrimcə, bütün bunlar dünya ictimaiyyətini aldatmağa və ermənilərin özlərini qurban kimi göstərməyə yönəlib. Uydurma soyqırımı məsələsi altında, əslində, ermənilərin digər məqsədləri var.
Bunları bir neçə kateqoriyaya bölmək olar:
Türkiyəyə və Azərbaycana qarşı ərazi iddialarının irəli sürülməsi; maddi təzminatın alınmasına yönəlmiş irəli sürülən iddialar.
Hal-hazırda ermənilərin Türkiyəyə qarşı ərazi iddialarının irəli sürülməsi mümkünsüzdür. Türkiyə həm iqtisadi, həm də siyasi və hərbi cəhətdən güclü bir dövlətdir. Fikrimcə, bu istiqamətdə ermənilərin heç bir perspektivi yoxdur. Halbuki, məsələn, uydurma erməni soyqırımının nəticəsi kimi, “Daşnaksütyun” partiyasının rəhbərlərindən biri K.Manoyan qeyd edir ki, “Ermənistan Türkiyədən bir sıra ərzilərin geri qaytarılmasını tələb edəcək”.
İkinci istiqamət üzrə də ermənilər konkret addımlar atırlar. Məsələn, ABŞ-da Los–Ancelesdə uydurma soyqırımı qurbanlarının vərəsələri Türkiyə hökumətinə qarşı iddia irəli sürüblər. Onlar Türkiyə hökumətinə və iki iri Türkiyə bankına qarşı (Mərkəzi Banka və Ziraat Bankına) məhkəmədə iddia qaldırmışlar. “Assoşieyted Press” agentliyinin məlumatına görə, erməni soyqırımı qurbanlarının vərəsələri daşınmaz əmlaka və XX əsrin əvvəllərində itirilmiş əmlaka görə və həm də banklarda qalan əmanətlərə görə bir neçə milyard ABŞ dolları həcmində təzminat istəyirlər. Belə bir iddianın qaldırılmasında təşəbbüskar kimi Los–Ancelesin sakini Qarbis Davuyan və Nyu-Yorkun sakini Qrayr Tovmasyan çıxış edirlər. Vəkillərin sözünə görə, bu, Türkiyə hökumətinə qarşı irəli sürülən ilk haldır. ABŞ-da bir qrup erməni tərəfindən qaldırılmış digər bir məhkəmə iddiasında, guya, 1915-ci ildə türk hökuməti tərəfindən zəbt edilmiş qızıl və digər aktivlər haqqında məlumatı açmaq tələb edilirdi. (Lakin Nyu-Yorkun Federal Ehtiyat Bankı bu iddianı rədd edilməsi və həm də ermənilərin məhkəmə üzrə məsrəflərinin ödənilməsi məqsədilə məhkəməyə müraciət etdi.)
Erməni əsilli beynəlxalq hüquqşünas Y.Barseqov iddia edir ki “erməni soyqırımı”nın nəticəsi kimi, ən azı maddi və mənəvi zərərə görə kompensasiyanın alınması şəklində minimum ədalətə nail olmaq lazımdır". K.Manoyan da tələb edir ki, “erməni soyqırımı”na görə rəsmi Ankara ermənilərə kompensasiya verməlidir.
Erməni rəhbərlərinin məqsədi belə bir uydurma soyqırımı məsələsini irəli sürmək nəticəsində pul qoparmaq (söhbət on milyardlarla ABŞ dollarından gedir) və bu pulu mənimsəməkdir. Bu da oğurluğun başqa bir formasıdır.
Fikrimcə, uydurma erməni soyqırımını ifşa etmək Azərbaycan elmi və ictimaiyyəti qarşısında duran ən vacib məsələlərdən biridir. Bu sahədə nəşrlər məqsədyönlü, konkret olmalıdır. Bununla yanaşı, belə nəşrlər həm tarixi, həm də hüquqi əhəmiyyətli sənədlərə və faktlara əsaslanmalıdır. Bu istiqamətdə bugünki tədbiri alqışlayıram və düşünürəm ki “erməni soyqırımı”nın ifşa edilməsi məqsədilə belə tədbirlər mütəmadi keçirilməlidir.
KAMRAN BEHBUDOV,
institutun beynəlxalq münasibətlər şöbəsinin əməkdaşı:
— “Erməni məsələsi” tarixi istilah kimi XIX əsrin ikinci yarısında meydana gəlsə də, əslində, onun kökləri xeyli əvvələ gedir. Kökündə erməni saxtakarlığının dayandığı bu məsələ ermənilərin özləri, habelə onların havadarları üçün “böyük siyasət” olsa da, mahiyyətcə terror və soyqırımı aktları həyata keçirmək, silahlı münaqişə törətmək, tarixə saxta müdaxilə etmək, riyakarlıq, oğurluq və özününküləşdirmə, “erməni mütiliyi”, xəyanət və s. kimi niyyətləri özündə ehtiva edən çürük nəzəriyyədən başqa bir şey deyildir. Xəstə ideyalar yığını kimi, “Böyük Ermənistan” xülyasından qaynaqlanan “bu fəlsəfə”nin mənfur nəticələri göz qabağındadır: talan olmuş şəhərlər, öldürülmüş və ya şikəst edilmiş insanlar, öz ölkələrində qaçqına dönmüş yerli əhali, üzücü müharibələrin acı məhrumiyyətləri...
“Erməni məsələsi”nin mahiyyətində, qısaca desək, Qafqazda və Anadoluda türk birliyini parçalayan bir erməni dövlətinin yaradılması dayanırdı. Bu gün Cənubi Qafqaz müasir siyasi xəritəsinə nəzər saldıqda bu mənfur siyasətin eskizləri aydın şəkildə nəzərə çarpmaqdadır. Müasir Ermənistanın iki qardaş türk dövlətinin — Türkiyə ilə Azərbaycanın arasında bir paz kimi süni şəkildə yaradılması, müxtəlif tarixi dövrlərdə isə bu pazın eninə və uzununa tədricən genişləndirilməsi bu siyasəti bütün çılpaqlığı ilə üzə çıxarır.
Hələ XIX əsrin ikinci yarısında “erməni məsələsi”nin əsasında formalaşan erməni terrorizminin xeyir-duasını məhz Avropa dövlətləri vermişlər. Mütəxəssislərin fikrincə, müasir erməni terrorçu qruplarının və onların XIX əsrdəki, XX əsrin əvvəllərindəki məsləkdaşlarının məqsədləri, hədəfləri, istifadə etdikləri taktika və təbliğat arasında böyük oxşarlıq vardır. Çox qədim tarixə malik olan terrorizm hazırda həm beynəlxalq miqyasda, həm də regionda baş verən mütəşəkkil cinayətkarlığın ən təhlükəli formasıdır. Osmanlı imperiyasında geniş vüsət almış erməni terrorizmini geniş müasir beynəlxalq terrorizmin banisi hesab etmək olar. Ermənilərin Türkiyə, Almaniya, Avstriya, ABŞ, İtaliya, Livan, Suriya, Rusiya və başqa ölkələrdə törətdikləri terror aktları onlara bu “hüququ” verir. Dünyanın müxtəlif ölkələrində terror aktlarını yerinə yetirən 27 ən güclü təşkilatın 12-si məhz ermənilərə məxsusdur. Bunlardan “Hnçaq”, “ASALA”, “MAQ”, “Erməni birliyi”, “Ermənistan azadlıq cəbhəsi”, “Fidiani”, “Dro”, “Njde” daha təhlükəli beynəlxalq erməni terror təşkilatlarıdır. Həmçinin, erməni terrorizmi - siyasi məqsədlərə çatmaq naminə aparılan dövlət separatizmidir.
Tarixən və indi də erməni terrorizminin əsas hədəf obyektləri türklər və azərbaycanlılardır. Ermənistanda terrorçuluq dövlət siyasətinin tərkib hissəsi sayılır və bundan xarici və daxili məqsədlərin həyata keçirilməsində istifadə olunur.
Müasir dövrdə terror beynəlxalq münasibətlər sisteminin aktual problemlərindən birinə, beynəlxalq aktorun alətinə çevrilmişdir. Bu, ilk növbədə terrorizmin və terrorçunun motivlərinin qloballaşma fonunda genişlənməsi, milli sərhədləri aşması, məqsədlərinin həm də beynəlxalq ictimaiyyətə çatdırması ilə bağlıdır. Ermənilərin əsrdən-əsrə keçərək ənənəyə çevrilən, ictimai şüurda həkk edilən şovinizm və ekstremizmlə birləşən terror ideologiyası və onu həyata keçirən qlobal şəbəkə qeyd edilən fenomenin səbəbləri kompleksində aparıcı yeri tutur. 1988-ci ildə Azərbaycanın ərazi bütövlüyü Ermənistanın terrorçu siyasi qüvvələri tərəfindən təcavüzə məruz qalmış, tarixi torpaqlarımızın 20 faizi işğal edilmişdir, 20 mindən çox soydaşımız həlak olmuş, 50 mindən artıq insan yaralanmış, əlil və şikəst olmuş, bir çox Azərbaycan hərbçisi əsir düşmüş, dinc əhali girov götürülmüş, bir milyon həmvətənimiz öz yurdunda ağır qaçqın və məcburi köçkün həyatı yaşamaqdadır. Bununla belə, artıq 21 il keçməsinə baxmayaraq, bu siyasi terrorizmə birmənalı və adekvat qiymət verilməmişdir.
Beynəlxalq səviyyədə heç bir sanksiyaya məruz qalmayan erməni qəsbkarlarının törətdikləri kütləvi insan qırğını Azərbaycanın dövlət müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü siyasətinin bir mərhələsi kimi, ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində oxşarı olmayan vəhşilik, birmənalı olaraq, genosid kimi dəyərləndirilməlidir.
Xüsusilə də ermənilərin 2015-ci ildə qondarma erməni soyqırımının yüz illiyinin qeyd edilməsinə ciddi hazırlaşmasını nəzərə alsaq, bu problemin vacibliyi daha da artır. Bu gün də Ermənistanda dövlət səviyyəsində dəstəklənən terrorçuluğun başlıca hədəfi qismində Azərbaycan ilk sıradadır.
Azərbaycan dövlətinin mövqeyi bu məsələdə belədir ki, hansı ölkədə təbliğ edilməsindən asılı olmayaraq, terrorizmin ideologiyasına qarşı milli səviyyədə tədbirlərin görülməsi ilə yanaşı, beynəlxalq əməkdaşlıq daha da gücləndirilməlidir.
Dünya birliyinə, aidiyyəti beynəlxalq təşkilatlara müraciət edərək Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, terror siyasətinə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulacağına, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin sülh və danışıqlar yolu ilə aradan qaldırılmasına dəstək veriləcəyinə, zəbt olunmuş torpaqların qaytarılacağına, yüz minlərlə qaçqın və məcburi köçkünlərin öz yurdlarına dönəcəyinə, onların konstitusion hüquqlarının bərpa ediləcəyinə inanıram. Ölkəmizə qarşı təcavüzü, soyqırımını törədən erməni terrorçuları və onların havadarları cinayət məsuliyyətinə cəlb edilməlidir. Beynəlxalq təşkilatların məlum münaqişənin həllinə yönəlmiş səyləri ikili standartlara yol vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə tam uyğun həyata keçirilməli, Ermənistan işğalçı, təcavüzkar siyasətdən, ərazi iddialarından əl çəkərək, bu münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalı, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa edilərək öz doğma yurdlarına dönməli, əsir və girovlar azad olunmalı, terrorçu siyasətini aparan Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq edilməlidir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi dövlət başçısı İlham Əliyev tərəfindən ümummilli problem kimi bəyan edilmişdir. Bu baxımdan Azərbaycanda ermnəni terroruna və onun ideoloji əsaslarına qarşı mübarizə problemi, təcavüz və terrorçuluğa qarşı mübarizə də təbii olaraq vacib ümumdövlət vəzifəsi hesab edilir.
Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev tərəfindən başlanan və hazırda dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirilən antiterror siyasətini tərəfdaş ölkələr təqdir edirlər. Azərbaycan beynəlxalq terror təşkilatlarına qarşı mübarizəni nəzərdə tutan bir sıra konvensiyalara, müqavilələrə qoşulmuşdur və qanunvericiliyini həmin sənədlərə uyğunlaşdırmaq istiqamətində sistemli tədbirlər həyata keçirmişdir.
Ermənistan yalnız ərazisini işğal etdiyi Azərbaycana və Türkiyəyə qarşı deyil, münasibətini tətbiq edir, gonşu Gürcüstana qarşı da Cavaxetiya problemini gündəmə gətirir. Nəticədə, bu gün Ermənistan geosiyasi baxımdan özü-özünü blokadaya alır. Bir sıra regional dövlətlərlə mehriban qonşuluq münasibətlərinin olmaması, qonşulara qarşı daimi ərazi iddiaları, dini məsələləri alver obyektinə çevirməyə göstərilən cəhdlər Ermənistanı təkcə Cənubi Qafqaz regionunun zəif bəndinə deyil, həm də regionun qeyri-sabitliyinin ən mümkün amilinə çevirir. Beləliklə, terrorizm Ermənistanın istənilən vaxtda həm daxili, həm də xarici siyasət ambisiyaları naminə münaqişə yaratmağa hesablanmış konkret dövlət siyasətidir.
Konfransda AMEA Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Tohidi - Rüstəmova, Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Rauf Hüseynzadə və başqaları da çıxış edərək “erməni soyqırımı”nın uydurma, mif olması barədə tutarlı faktlar gətirdilər.
Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə maraqlı çıxışlarına və mövzu ilə bağlı dəyərli tövsiyələrinə görə tədbir iştirakçılarına minnətdarlığını bildirdi və konfransa yekun vurdu.
Hazırladı:
Qüdrət PİRİYEV,
Rafiq SALMANOV (foto)
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.