Xalq Prezidentin ətrafında sıx birləşib

 

 

 

Azərbaycanda həyata keçirilən məntiqli daxili və xarici siyasət ölkəmizin dünya birliyindəki reytinqini getdikcə artırır.  Nüfuzlu beynəlxalq təşkilatlar da əldə olunan uğurları yüksək qiymətləndirir  və bunu dövlət başçısının düzgün müəyyənləşdirdiyi strategiya ilə əlaqələndirir.

Ulu öndərin siyasi kursunun layiqincə davam etdirilməsi respublikamızın dünya birliyinə sürətli inteqrasiyası üçün böyük zəmin yaradıb. Ölkəmizin bütün sahələr üzrə sürətli inkişaf yoluna qədəm qoyması iqtisadi qüdrətimizin artmasının nəticəsidir. Son 10 il ərzində yoxsulluğun səviyyəsi  50 faizdən 6 faizə düşmüş, 1 milyon 100 mindən artıq iş yeri açılmışdır. 2003-cü ildə Prezident İlham Əliyevin ölkəmizdə işsizliyin aradan qaldırılmasına dair elan etdiyi prinsiplərin  Azərbaycanda tam şəkildə həyata keçirildiyi artıq özünü açıq şəkildə büruzə verir.  Bu gün dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı 46-cı yerdədir.

2008-ci ildən Avropa ölkələrində baş verən iqtisadi böhran bir sıra ölkələrə ciddi zərər yetirmiş, hətta bir sıra nüfuzlu şirkətlər ciddi maliyyə böhranı ilə üzləşmişlər. Azərbaycanda isə  əhalinin rifah halının yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması istiqamətində  əhəmiyyətli tədbirlər həyata keçirilmiş, əmək haqları, pensiyalar. sosial müavinətlər artırılmışdır. Bu faktlar Azərbaycanda həyata keçirilən siyasətin nəticələrinin nə dərəcədə düzgün olmasının bariz nümunəsidir.

Ölkənin iqtisadi uğurlarını hər bir vətəndaş öz gündəlik həyatında, məişətində hiss edir.  Həyata keçirilən sosial infrastruktur layihələri ilk növbədə insanların  firavan həyat tərzinin təmin olunmasına  xidmət edir. Prezident İlham Əliyev ötən 10 illik fəaliyyəti dövründə məhz ölkə üçün taleyüklü, strateji əhəmiyyətli hadisələrin müəllifinə çevrilmişdir. Dövlət başçısının    həyata keçirdiyi uğurlu islahatlar cəmiyyətin mənəvi yüksəlişinə və birliyinə xidmət etmişdir. Möhtərəm Prezidentimizin  özünəməxsus liderlik keyfiyyətləri,  əhalinin həyat səviyyəsinin getdikcə yüksəlməsi, ölkəmizin dünya birliyindəki mövqeyinin möhkəmlənməsi və əlaqələrinin genişləndirilməsi istiqamətindəki gərgin fəaliyyəti  Azərbaycan xalqının ona sonsuz etimadının əsas səbəblərindən biri olmuşdur. 

Azərbaycan Prezidentinin humanist siyasəti hələ onun prezident seçkilərindən dərhal sonra verdiyi “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” – bəyanatında da əksini tapmışdır. Artıq xalqımız neçə illərdir ki,  həmin vədlərin gözəl bəhrəsini görür.

Ölkə həyatının bütün sahələrində əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında təqdir olunur və respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi  vurğulanır. Beynəlxalq təşkilatların keçirdikləri rəy sorğularında ölkə əhalisinin  mütləq əksəriyyətinin Prezident İlham Əliyevə etimad göstərdiyi bildirilir.

 Bu günlərdə daha bir nüfuzlu beynəlxalq qurumun keçirdiyi rəy sorğusunun nəticələri barədə ictimaiyyətə məlumat verilib. Xəbər verildiyi kimi,  “Avropa Qonşuluğu Barometri” çərçivəsində Avropa İttifaqının  maliyyələşdirdiyi Avropa Qonşuluğu ölkələrində ictimai rəyin öyrənilməsi ilə bağlı media monitorinqi keçirilib. Bu monitorinqi son illərdə Azərbaycanda keçirilən ən obyektiv, tərəfsiz monitorinq kimi qiymətləndirmək olar. Monitorinqdə müxtəlif mövzular ölkəmizin siyasi, iqtisadi inkişafı, ölkədə siyasi güc mərkəzlərinin balansı və eyni zamanda sosial vəziyyətin öyrənilməsi, sosial-psixoloji əhval-ruhiyyənin səviyyəsi, Avropa ölkələrinə münasibətin necəliyinin müəyyənləşdirilməsi  kimi zəruri  istiqamətlər əhatə olunub. Sorğunun nəticələrinə görə Azərbaycanda əhalinin 92 faizi dövlətimizin başçısına inandığını, ona güvəndiyini bildirib. Onu da qeyd edək ki, bundan əvvəl də bir sıra beynəlxalq təşkilatların keçirdikləri rəy sorğularında rəyi soruşulanların böyük əksəriyyəti Prezident İlham Əliyevə inandığını bildirmişdi. Fakt üçün deyək ki, 2011 - ci il sentyabrın 10-dan 30-dək  Böyük Britaniyanın nüfuzlu “Populus Limited” şirkətinin Azərbaycanda min respondent arasında keçirdiyi rəy sorğusunun nəticələri də bunu bir daha təsdiqləyir.

Mərkəzin direktoru Gerald Frost bildirmişdir ki, respondentlərin 95 faizi Azərbaycan Prezidenti İlham Əliyevə etimad göstərdiklərini, 96 faizi isə onun siyasətini bəyəndiklərini vurğulamışlar. Qurumun rəhbəri demişdir  ki, indiyədək Qərb ölkələrində keçirilən rəy sorğularında dövlət başçısına bu dərəcədə etimad göstərilməsi faktı qeydə alınmamışdır. G.Frost diqqətə çatdırmışdır ki, sorğunun nəticələrinə əsasən, respondentlərin 79 faizi Azərbaycanda ümumi vəziyyəti təqdir edir, 70 faizi isə ölkə iqtisadiyyatının düzgün istiqamətdə irəlilədiyini düşünür. Bundan əlavə, respondentlərin 82 faizi son 10-15 il ərzində Azərbaycanın dünyadakı nüfuzunun  xeyli artdığını, 54 faizi isə ölkədə həyat səviyyəsinin getdikcə yaxşılaşdığını bildirmişlər. Respondentlərin böyük əksəriyyəti Azərbaycanda nəqliyyat infrastrukturunun, səhiyyənin, təhsilin və digər sahələrin inkişaf etdiyini vurğulamışlar. Müstəqil şəkildə aparılmış sorğunun nəticələrinə əsasən, ümumilikdə respondentlər Azərbaycanın təhlükəsiz, sabit, uğurla inkişaf edən güclü bir ölkə olduğundan məmnun qaldıqlarını bildirmişlər.  

 Beynəlxalq təşkilatların apardıqları sorğuların nəticələri ölkəmizdə “Prezident - Xalq” vəhdətinin sarsılmaz olduğundan xəbər verir. “Avropa Qonşuluğu Barometri” çərçivəsində Avropa İttifaqının  maliyyələşdirdiyi Avropa Qonşuluğu ölkələrində ictimai rəyin öyrənilməsi ilə bağlı media monitorinqinin nəticələrinə görə, Azərbaycan vətəndaşlarının 92 faizinin Azərbaycan hökumətinə inanması da əhalinin Prezidentin ətrafında sıx birliyindən xəbər verir. Artıq ictimaiyyət nümayəndələri birmənalı olaraq bildirirlər ki, Heydər Əliyev siyasi xəttinin alternativi yoxdur. Bu siyasi xətti isə ulu öndərin ən layiqli yetirməsi Prezident İlham Əliyev davam etdirmək iqtidarındadır. Ölkəmizin son illərdə qazandığı uğurlar da bunu təsdiqləyir.

Azərbaycanda iqtisadi vəziyyət getdikcə  yaxşılaşır. Bu da  əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə, sosial - rifah halının  yaxşılaşmasına, gəlirlərində ciddi artıma ös müsbət təsirini göstərir. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 1399,6 manat (1783,4 ABŞ dolları) təşkil edir. Bu da 1,7 faiz artım deməkdir. Cari ilin birinci rübündə ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz artaraq 7,7 milyard manata çatıb. Bunun hər nəfərə düşən həcmi 4,5 faiz artıb. Ölkədə orta aylıq əməkhaqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq 397,1 manat təşkil edib. Ölkəmizin iqtisadi qüdrətinin artması digər sahələrin inkişafına da böyük təsir göstərib. Azərbaycan artıq kosmik dövlətdir. Azərbaycan Respublikasının ilk telekommunikasiya peykinin - “Azərspace-1” - in uğurla orbitə buraxılıması müstəqillik tarixinin ən önəmli hadisələrindən biridir. Ekspertlər hesab edirlər ki, “Azərkosmos” ASC-nin fəaliyyəti və “Azərspace-1” telekommunikasiya peykinin orbitə buraxılması Azərbaycanın dünyada məhdud sayda olan kosmik ölkələr ailəsinə daxil olması və ölkəmizin beynəlxalq imici baxımından çox əhəmiyyətli faktordur.

Müstəqillik yaşı çox olan ölkələrin əksəriyyətinin hələ də peykləri yoxdur. Amma yeni müstəqillik qazanmış bir ölkə olaraq, Azərbaycanın öz peykini orbitə buraxması çox böyük   tarixi nailiyyətdir. Azərbaycanın ilk süni peykinin orbitə buraxılmasını böyük hadisə hesab edən mütəxəssislər qeyd edirlər ki, bu, vətəndaşların gündəlik həyatına da təsir göstərəcək. İlk növbədə  elektron xidmətlər, sürətli internet, televiziya və radio xidmətlərindən daha keyfiyyətli istifadə etməyə şərait yaranacaq. Artıq bu sahədəki  idarəçilik də Azərbaycana verilib. Hazırda  bu peyk Bakıdan idarə edilir. Bu,  ölkəmizin müstəqillik tarixində bir yenilik, müasirlik və sürətli  inkişafdır.

 Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində respublikamızın müstəqillik tarixinə daha bir əlamətdar   hadisə yazıldı. Azərbaycanın müstəqillik tarixinin 20 illik yubileyini  təntənəli şəkildə qeyd etməyə hazırlaşdığımız bir vaxtda ölkəmizə şad bir xəbər yayıldı: Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarından biri olan  BMT Təhlükəsizlik Şurasına qeyri - daimi üzv seçildi. Bu seçkilərdə dünyanın 155 dövləti ölkəmizə dəstək verdi.  Bu tarixi qələbə münasibətilə Azərbaycan xalqını təbrik edən dövlətimizin başçısı demişdir:"Bizim dünyadakı dostlarımızın sayı artmaqdadır. Mən dəfələrlə bu məsələ ilə bağlı Azərbaycan ictimaiyyətinə fikirlərimi bildirmişdim. Bu gün də demək istəyirəm ki, dünyada dostlarımız kifayət qədər çoxdur. Əgər əvvəlki dövrlərdə belə bəyanatlar konkret nəticələrlə təsdiqlənmirdisə, bu səsvermə verilən bütün bu bəyanatların əyani sübutudur. Dünya miqyasında 155 ölkə Azərbaycana inanır, Azərbaycana hörmət edir, Azərbaycana rəğbətlə yanaşır və Azərbaycanı dəstəkləyir. Müstəqilliyimiz dövründə - 20 il ərzində belə böyük uğurun əldə edilməsi doğrudan da tarixi nailiyyətdir. Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu səsvermə müstəqilliyimizin 20 illiyinə təsadüf edir. Bu, çox rəmzi məna daşıyan bir hadisədir. Bu, göstərir ki, 20 il ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərib. Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir. Bu böyük qələbə münasibətilə mən öz sevincimi Azərbaycan vətəndaşları ilə bölüşmək istəyirəm. Bir daha bütün Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da ölkəmiz uğurla inkişaf edəcək, bundan sonra da qələbələrimizin sayı çox olacaqdır”.

 Respublikamızdakı davamlı ictimai - siyasi sabitlik və xalqın dövlət başçısına olan inamı və  iqtisadi inkişaf tendensiyası Azərbaycanı investisiya idxal edən ölkədən investisiya ixrac edən ölkəyə çevirib. Ölkəmizə sərmayə qoyan investorların sayı getdikcə artmaqdadır. Son 2 ildə qeyri-neft sektorunda ÜDM istehsalı orta hesabla 10 faiz artıb. Cari ildə isə 100-ə yaxın müxtəlif sənaye obyektinin istifadəyə verilməsi nəzərdə tutulur.

 Hazırda Azərbaycanın xarici borcu ÜDM istehsalının 7,5 faizini təşkil edir. Təkcə cari ilin ilk 3 ayında 12,19 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 3,1 faiz çox ÜDM istehsal edilib. Bu, o deməkdir ki, Azərbaycanda iqtisadiyyat dinamik olaraq inkişaf edir. İqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi isə bu ilin üç ayında 11,4 faiz artaraq 6,6 milyard manat və ya ÜDM-in 51,3 faizini təşkil edib.

Bütün bu uğurlar əhalinin ölkə başçısına olan inamını daha da artırıb. Bu nailiyyətlər  beynəlxalq təşkilatların keçirdikləri rəy sorğularında da öz əksini tapır.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında