Ölkə iqtisadiyyatında son illər ərzində yaşanan inkişaf tempi 2013-cü ilin ilk üç ayında da davam etmişdir. Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasının yekunları göstərir ki, bütün makro-iqtisadi göstəricilər üzrə artım tempi qorunub saxlanılmışdır. Ölkənin geosiyasi mövqeyi və regional siyasi şəraiti milli iqtisadiyyatın gücləndirilməsi, rəqabəttutumlu istehsalın təmini və strateji inkişaf proqramlarının qəbul edilməsi kimi vacib amillərdən asılıdır. Məhz bu prizmadan yanaşaraq hökumət 2020-ci ilə hədəflənən iqtisadi inkişaf konsepsiyası hazırlayıb və həmin konsepsiyada ölkə üçün strateji baxımdan əhəmiyyətli olan məqsədlər müəyyən edilib. Növbəti 8 ilin Azərbaycanın iqtisadi inkişafı baxımından səmərəli olacağı artıq hiss edilməkdədir.
Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında İlham Əliyev bu ilin birinci rübünün yekunlarını qiymətləndirərkən qeyd etmişdir ki, Azərbaycanda iqtisadi islahatlar uğurla aparılır. İslahatlar artıq gözəl nəticələrə gətirib çıxarır və bu baxımdan 2013-cü il də keçən illərdən fərqlənmir. Ancaq hesab edirəm ki, biz 2013-cü ildə keyfiyyətcə daha da böyük nəticələr görəcəyik. Ümid edirəm ki, 2013-cü il xüsusilə, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafında rekord ili olacaqdır.
Ölkə Prezidenti iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan fəaliyyəti yüksək qiymətləndirərək əlavə etmişdir ki, iqtisadiyyatın şaxələndirilməsi məsələsi bizim üçün iqtisadi sahədə əsas prioritetdir. Xüsusilə enerji sektorunda görülmüş işlər nəticəsində demək olar ki, bütün hədəflərin təmin edilməsi şəraitində qeyri-neft sektorunun inkişafı təbii ki, prioritet olmalıdır. 2013-cü ilin birinci rübündə iqtisadi inkişaf özünü bir daha göstərdi. Xüsusilə qeyri-neft sektorundakı inkişaf məni çox sevindirir. İqtisadi islahatlar, eyni zamanda, mötəbər beynəlxalq qurumlar tərəfindən də qeyd edilir. Azərbaycan o ölkələrdəndir ki, öz daxili imkanlarına söykənir, öz iqtisadi və siyasi inkişafını özü təmin edir. İqtisadi sahədə seçdiyimiz kurs beynəlxalq qurumlar tərəfindən də qiymətləndirilir...Bu gün hələ də bəzi ölkələrdə böhran öz acı nəticələrini göstərməkdədir, Azərbaycanda nə böhranın ən qızğın çağında, nə də indi maliyyə və iqtisadi böhranın heç bir əlaməti yoxdur. Bunun başlıca səbəbi Azərbaycanın müstəqil siyasətidir, müstəqil iqtisadi siyasətdir, bizim maliyyə vəziyyətimizdir və artıq həyat göstərir ki, bu, yeganə düzgün bir yoldur.
Bu ilin ilk rübü bütün makro-iqtisadi göstəricilərdə artım tempi ilə yadda qaldı
2013-cü ilin birinci rübbündə yaradılan Ümumi Daxili Məhsul (ÜDM) 12,9 milyard manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz artıqdır. Qlobal maliyyə böhranı fonunda Azərbaycan iqtisadiyyatının 3,1 faiz böyüməsi təqdirəlayiq haldır və bu aparılan islahatların praqmatik olduğuna dəlalət edir.
Ölkədə yaradılan əlavə dəyərin 6,8 milyard manatı və ya 52,3 faizi sənayedə, 1 milyard manatı və ya 7,8 faizi tikintidə, 787,3 milyon manatı (6,1 faizi) nəqliyyatda, 296 milyon manatı (2,3 faizi) kənd təsərrüfatında, 1,4 milyard manatı(10,4 faizi) ticarət və pullu xidmət sahələrində, 230,1 milyon maatı (1,8 faizi) rabitədə, 1,7 milyard manatı(12,9 faizi) digər sahələrdə istehsal edilib. Bu zaman məhsula və idxala vergilər 826,5 milyon manat, yaxud da 6,4 faiz təşkil edib.
Yeri gəlmişkən qeyd edək ki, bu sektorda baş verən artım qeyri-neft sənayesində 2,9 faiz artıma səbəb olub, nəticədə bu sahənin ümumi sənayedəki payı 19,2 faizə yüksəlib. Ümumilikdə isə ÜDM-də sənayenin payı 8,6 milyard manat olub. 3 ay ərzində istehsal edilən sənaye məhsulunun 6,4 milyard manatı, yaxud 75 faizi mədənçıxarmanın, 1,6 milyard manatı, yaxud 18,4 faizi emalın payına düşüb. Göründüyü kimi, son zamanlar iqtisadiyyatın diversifikasiyası istiqamətində görülən işlər neft sektorunda hasilatın azalmasına baxmayaraq cəmi ÜDM-in artımına əngəl ola bilməyib.
2013-cü ilin ilk üç ayı ərzində adambaşına düşən ÜDM-in 1399,6 manat və ya 1783,4 ABŞ dolları həcmində olub. Bu göstərici 2012-ci ilin eyni dövründə 1346,1 manat, yaxud 1711,9 ABŞ dollarına bərabər olub. Göründüyü kimi, 2013-cu ildə adambaşına düşən ÜDM təxminən 4 faiz artıb.
Qeyri-neft sektoru iqtisadiyyatın əsas hərəkətverici
qüvvəsinə çevrilib
Bəhs edilən dövr ərzində qeyri-neft sektoru 6,6 milyard manat və yaxud ümumi ÜDM-in 51,3 faizi həcmində olub. Qeyri – neft sektoru ötən ilin analoji dövrü ilə müqayisədə 11,4 faiz artıb ki, bu da hökumətin 2020-ci il inkişaf konsepsiyasında qeyri – neft sektoru haqqında nəzərdə tutulan hədəfə uyğundur. Ümumiyyətlə, qeyri-neft sektoru son illər ardıcıl olaraq inkişaf edir. İqtisadi İnkişaf Nazirliyinin 2013-cü il proqnozuna görə, qeyri-neft sektoru ÜDM-i 11,7 faiz həcmində artmalıdır. İlin birinci rübündəki artım onu deməyə əsas verir ki, nazirliyin proqnozu reallaşacaq. Hökumətin başlıca məqsədinin ölkə iqtisadiyyatının neft və qaz amilindən asılılığını aradan qaldırmaq olduğunu da nəzərə alsaq, əldə olunan nəticələr həqiqətən bu sahədəki nailiyyətlərə bariz nümunədir.
Qeyd edək ki, qeyri-neft sektorunda hazırki artım sürəti qorunub saxlamaqla 2020-ci ildə ölkə iqtisadiyyatında bu sektorun payı təxminən 78 faizədək yüksələ bilər. Nəticədə ölkənin neftdən asılılığı kəskin azalacaq, bu sahədəki inkişaf qeyri-neft ixracında özünü müsbət mənada daha çox büruzə verəcək və milli iqtisadiyyatın dayanıqlığı birmənalı şəkildə təmin ediləcək.
Dayanıqlı iqtisadi inkişaf sosial dövlət deməkdir
İqtisadi böyümənin davam etməsi, xüsusilə qeyri-neft sektorundakı sürətli inkişaf dinamikası təbii olaraq əhalinin gəlirlərində də aydın hiss edilib. Sözügedən dövrdə əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz artaraq 7,7 milyard manat olub. Adambaşına düşən gəlir orta hesabla 836,4 manat və yaxud aylıq 278,8 manata catıb. Hər nəfərə düşən gəlir istehlak mallarının qiymətlərindəki inflyasiyanı 3,3 faiz üstələyərək 4,5 faiz olub. Vergi və sosial sığortaya yönəldilən gəlirlər çıxıldıqda əhalinin sərəncamında qalan gəlir 7 milyard manat olub ki, bu göstərici də ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 5,5 faiz artıb. Əhalinin gəlirlərindəki artım sonda banklarda əmanətlərin miqdarının 21,2 faiz çoxalaraq 5,2 milyard manat olmasına səbəb olub. İlin birinci rübünə gəlirlərin 70,8 faiz son istehlaka yönəldilib ki, bu da iqtisadi dinamikanı şərtləndirən amillərdən biri hesab edilə bilər.
Müzdla çalışan işçilərin orta aylıq əmək haqqı 7.8 faiz artaraq 397 manat olub. Analoji göstərici ötən ilin eyni dövründə 368 manat idi. Sənaye, tikinti və nəqliyat sektorunda çalışanların orta aylıq əmək haqqı digər sektorlara nisbətən daha yüksək olub. Belə ki sənaye sahələrində calışanların əmək haqqı 605,8 manat, tikinti kompleksində 595 manat, nəqliyyatda isə 515.1 manat məbləğində olub.
Gəlirlərin artması nəticəsində yanvar-mart ayları ərzində ticarət şəbəkələrindən əhaliyə satılan istehlak mallarının pərakəndə dövriyəsi 9,5 faiz artaraq 4,5 milyard manat məbləğində olub. Bu zaman realizə olunmuş istehlak mallarının 55,8 faizini ərzaq məhsulları, 44,2 faizini isə qeyri- ərzaq məhsulları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisə etdikdə ərzaq mallarının satışı 2,2 faiz, qeyri-ərzaq məhsullarının satışı isə 20,4 faiz artıb. Qeyri-ərzaq məhsullarının ciddi şəkildə artması məhz sosial rifahın yüksəlməsindən xəbər verir.
Əhalinin gəlirlərinin artımı hökumətin qarşısında duran əsas məqsədlərdən biridir ki, bu prosesin də daim diqqətdə saxlandığı hiss edilməkdədir. Sosial bazar iqtisadiyyatının formalaşmasında gəlirlərin daha cox bərabər bölüşdürülməsi və vətəndaşların ölkənin iqtisadi imkanlarına bərabər çıxış yaradılması cəhdləri bəhrəsini verməkdədir.
2013-cü ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 3565,3 milyon manat proqnozlaşdırılsa da faktiki olaraq 4669,6 milyon manat həcmində icra edilib. Büdcə gəlirlərinin icrası 2013-cü ilin proqnozu ilə müqayisədə 31 faiz, 2012-ci ilin eyni dövrünə nisbətdə isə 33,9 faiz artıq yerinə yetirilib. Bu müddət ərzində Dövlət Neft Fondundan dövlət büdcəsinə 2840,4 milyon manat vəsait transfert edilib. Dövlət büdcəsinin gəlirlərinin artıqlaması ilə yerinə yetirilməsinə səbəb vergilərin 3,2 faiz, gömrük rüsumlarının 0,3 faiz, sair gəlirlərin isə 2,6 dəfə proqnozdan artıq icra edilməsi olub.
Cari ilin birinci rübündə dövlət büdcəsinin xərcləri 4514,8 milyon manat icra edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 58,8 faiz çox olub. Xərclənən vəsaitlərin 1164 milyon manatı, yaxud 25,8 faizi sosialyönümlüdür.
Aşağı inflyasiya və
real gəlirlər
2013-cü ilin birinci rübündə istehlak bazarında 1 faiz inflyasiya olub. Əhalinin artan gəlirləri fonunda inflyasiyanın 1 faiz olması gəlirlərin faktiki dəyərini artırıb, nəticədə alıcılıq qabiliyyəti müsbətə doğru dəyişib. Həmçinin, yuxarıda da qeyd etdiyimiz kimi, gəlirlərin yığıma yönəldilən hissəsinin artımı baş verib. Ümumilikdə isə son illərdə iqtisadi sabitləşmə, uğurlu pul-kredit siyasəti, həmçinin istehsal mühitindəki canlanma inflyasiya sürətinin beynəlxalq normalara uyğun, yəni birrəqəmli olmasının başlıca səbəbidir. Bu tendensiya manatın məzənnəsinin möhkəmlənməsinə, daxili istehsalın təşəkkül tapmasına, normal investisiya mühitinin formalaşmasına təsir edən faktorlardan ən önəmlisidir. İnflyasiya həddinin sabitləşməsində son bir neçə ildə qlobal maliyə böhranı nəticəsində ölkədə idxal inflyasiyasının baş verməməsi də müəyyən rol oynayıb.
Ölkə Prezidenti inflyasiya göstəricisinin aşağı olmasını müsbət qiymətləndirərək bildirmişdir: “Keçən ilin yekunlarını müzakirə edərkən mən qeyd etmişdim ki, bu il də inflyasiya birrəqəmli olmalıdır. Ancaq görürük ki, nəticələr daha da yaxşıdır—1,2 faiz inflyasiya, əlbəttə, makroiqtisadi sabitlik üçün çox önəmli olan bir məsələdir. Eyni zamanda, daim qeyd etdiyim kimi, bizim bütün məqsədlərimizin mərkəzində insan amili dayanır. İnflyasiyanın aşağı səviyyədə saxlanması əlbəttə ki, insanların rifah halının yaxşılaşmasına xidmət göstərir”.
Sonda qeyd edək ki, ölkə iqtisadiyyatının inkişafı bir çox beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlara da öz müsbət təsirini göstərib. Belə ki, “Qlobal Rəqabətlilik Hesabatı” na görə, Azərbaycan 9 pillə irəliləyərək 144 ölkə arasında 46-cı yerə layiq görülüb. Ölkəmiz bu göstərici üzrə MDB dövlətləri arasında 1-ci yerdədir. Hesabatın “əmək bazarının səmərəliliyi” və “makroiqtisadi sabitlik” kimi mühüm göstəricilərinə görə isə ölkəmiz dünya dövlətləri arasında daha irəli yerlərə layiq görülüb. Bu göstəricilər üzrə uyğun olaraq 26-cı və 18-ci yerləri paylaşan Azərbaycan son “Doing Business” hesabatında da 185 ölkə arasında 67-ci yerdə qərar tutub. Bununla yanaşı, ölkəmizin iqtisadi vəziyyəti beynəlxalq reytinq agentlikləri tərəfindən də müsbət qiymətləndirilib. Belə ki, “Moody’s” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın uzunmüddətli kredit reytinqini “Ba1”- dən “Baa3” səviyyəsinə yüksəldib, reytinq üzrə proqnozu isə sabit kimi qiymətləndirib. “Standart & Poor’s” reytinq agentliyi Azərbaycanın xarici və daxili valyutada uzunmüddətli suveren kredit reytinqini “BBB-” səviyyəsində təsdiq etmişdir. “Fitch Ratings” agentliyi isə Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli suveren investisiya reytinqini “sabit” proqnozu ilə “BBB-” səviyyəsində saxlamışdır.
Vüqar BAYRAMOV,
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisad elmləri namizədi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.