Ermənistan əhalisinin 72 faizi öz ölkəsində vəziyyətin acınacaqlı olduğunu bildirir
Əslində beynəlxalq təşkilatların bu qəbildən olan sorğularınıın dövri olaraq keçirilməsi bir neçə cəhətdən əhəmiyyətlidir.
Təbii ki, söhbət hansısa qərəzli qurumların məqsədli şəkildə saxtalaşdırdığı sorğulardan deyil, məhz Avropa İttifaqı kimi mötəbər təşkilatın maliyyə dəstəyi ilə keçirilən ədalətli və şəffaf sorğuların nəticəsindən gedir. Yeri gəlmişkən, ölkə əhalisinin rəyinin öyrənilməsi üçün keçirilən sorğular artıq bir sıra ölkələrdə ənənə şəkilini alıb. Məsələn, ən yaxın qonşularımızdan olan Rusiya Federasiyasında ildə bir dəfə “Xüsusi Barometr” adıyla, yazda və payızda isə “Etalon Barometri” adlı geniş sorğular keçirilir. Bu sorğular xalqın dövlətə olan inamını öyrənməklə yanaşı, həm də ölkənin ictimai-siyasi həyatında kimin daha böyük nüfuz sahibi olduğunu müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Bir neçə gün əvvəl Brüsseldən Avropa İttifaqının qrifi ilə yayılan məlumatda isə artıq bir ölkədəki vəziyyət deyil, Avrasiyadakı 16 ölkənin analoji göstəriciləri öz əksini tapmışdır.
“Avropa Qonşuluğu Barometri” çərçivəsində keçirilmiş həmin sorğunun Azərbaycanla bağlı olan məqamları barədə həm ölkəmizin mətbuatında, həm də regionun kütləvi informasiya vasitələrində əhatəli söz açıldığından biz bu faktları təkrarlamaq istəmədik. Ona görə də həmin sorğunun nəticələrindəki göstəricilərin işğalçı Ermənistanla bağlı olan məqamlarını öyrənməyə çalışdıq. Ermənistanda fəaliyyət göstərən “Yerkamas.orq” internet saytı Avropa Qonşuluq Siyasəti ölkələrində keçirilmiş həmin sorğunun nəticələri barədə yazır: “ Sorğunun nəticələrinə görə, Ermənistan əhalisinin 72 faizi ölkənin iqtisadi vəziyyətinin bərbad olduğunu bildirib. Rəyi soruşulan ermənilərin 23 faizi Ermənistan Respublikasının doğru yolda olduğunu söyləyib. Respondetlərin təxminən əlli faizi Sarkisyan iqtidarının vəziyyətdən xilas olmaq üçün addım ata biləcəyinə inanır. Rəyi soruşulanların 38 faizi Ermənistan parlamentinə inanır, 37 faizi isə ölkədəki siyasi partiyalara. Yəni hansısa saxtalaşdırmalara imkan olmayan sorğularda Ermənistan həqiqətləri daha obyektiv üzə çıxır. Ermənistan həqiqətlərinin Avropa İttifaqı çərçivəsində üzə çıxması isə təbii ki, ilk növbədə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsindən ötrü aparılan danışıqlar üçün əhəmiyyətlidir.
İndi isə sorğunun nəticələrindəki bəzi məqamlara müqayisəli şəkildə baxaq. Məsələn, eyni suallarla rəyi soruşulan 1000 azərbaycanlının (qəribədir, sorğunun təşkilatçıları bütün ölkələrdə məhz min adamın rəyini öyrəndiklərini yazırlar, “Yerkramas” isə Ermənistanda 1003 adamın rəyinin soruşulduğu barədə məlumat verir. Azərbaycan parlamentinə inam 68 faiz, Ermənistan parlamentinə inam isə 38 faizdir. Azərbaycan əhalisi respublikamızın düzgün yolda olduğunu qeyd edir, Ermənistan əhalisinin isə 23 faizi - hətta dörddə birindən də azı. Azərbaycanda rəyi soruşulanların 69 faizi ölkədə iqtisadi vəziyyətin yaxşı olduğunu qeyd edir. Ermənistanda isə bu göstərici 22 faizdir. Yəni, Ermənistan istənilən göstərici baxımından Azərbaycandan çox-çox geridə qalır. Bəs bunun səbəbi nədir?
Həmin sualın əsas cavabı ondan ibarətdir ki, əgər Azərbaycanın dövlət müstəqilliyinin ilk üç ilində yeridilən siyasət məhz o şəkildə davam etdirilsəydi, onda bizim vəziyyətimiz Ermənistanın vəziyyətindən qat-qat pis ola bilərdi. Yəni istənilən ölkənin istənilən uğurunun təməlində seçilmiş ən doğru yol, müəyyən edilmiş mükəmməl siyasi kurs və ən başlıcası ölkəni idarə edən şəxsin xalq və dövlətçilik naminə fəaliyyət göstərmək istəyi dayanır. Azərbaycanda bu amillərin hamısı var idi və indi daha güclü şəkildə bərqərar olub. Daha doğrusu, ulu öndər Heydər Əliyev bu siyasi kursu ən incə detallarına qədər işləyib hazırlamış və ölkəmizi möhtəşəm bir inkişaf platformasına çıxarmışdı. Həmin siyasi kurs Azərbaycanın səsini BMT Təhlükəsizlik Şurasına çatdırdı, ölkəmizi kosmik sənaye dövlətinə çevirdi. Ermənistan rəhbərliyi isə xalqı və dövləti talamaqdan başqa heç bir yol tutmaq iqtidarında deyildi. Bunu təkcə biz demirik, bunu ermənilərin özləri də ürək ağrısı ilə qeyd edirlər. Elə indi haqqında söz açdığımız sorğunun nəticələri də bilavasitə ermənilərin həmin qənaətinin ifadəsidir.
Bu gün Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə elə bir inkişaf, tərəqqi, müasirləşmə yolundadır ki, biz dünya miqyaslı daha möhtəşəm sorğuların nəticələrində də Azərbaycanın yerinin həmişə uca məqamda olacağına tamamilə əminik. Bunu da təkcə biz demirik, bunu dünyanın aparıcı politoloqları, siyasətçi və ekspertləri deyirlər. Özü də ən mötəbər beynəlxalq tribunalardan. Məhz ona görə də bu gün ölkə əhalisinin 92 faizi öz hökumətinə inanır.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.