Ölkəmizin regional və qlobal əhəmiyyəti getdikcə güclənir

 

 

 

 

 

Azərbaycan Respublikası bu gün birmənalı olaraq regionda həlledici mövqeyə malik aparıcı dövlətə, vaxtilə xarici yardımlara, investisiyalara ehtiyacı olan ölkədən sərmayə ixracatçısına çevrilməkdədir. Yola saldığımız 2013-cü ilin birinci  rübündə Azərbaycanın daxili və xarici siyasətində, sosial-iqtisadi  və mədəni sahələrdə qazanılmış nailiyyətlər baxımından xeyli uğurlu olmuşdur. Dövlətimiz qarşıya qoyulan bir çox vəzifələrin həllinə nail olmuş, ölkəmizin regional və qlobal əhəmiyyəti, etimad səviyyəsi xeyli artırılmış, regional və qlobal enerji təhlükəsizliyi sahəsində mövqelərimiz, milli iqtisadiyyatımızın rəqabətədavamlı xarakteri gücləndirilmiş, əhalinin sosial rifahı nəzərəçarpacaq səviyyədə yüksəlmişdir.

Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı  bildirmişdir ki, bu ilin birinci rübündə ümumi daxili məhsul 3,1 faiz artmışdır, qeyri-neft sektorunun inkişafı 11,4 faiz olmuşdur. İnflyasiya cəmi 1,2 faiz təşkil edir. Kənd təsərrüfatında 4 faizdən çox artım qeydə alınmışdır.

Ölkə rəhbəri regional proqramın yerinə yetirilməsindən danışarkən demişdir ki,  regionların sosial-iqtisadi inkişafı ikinci Dövlət Proqramı bu ilin birinci rübündə uğurla icra edilir. Proqram 2013-cü ildə başa çatacaqdır. Proqramın uğurla icra ediləcəyi gözlənilir. Bu proqramın icrası nəticəsində ölkəmizdə bir milyon yüz mindən artıq iş yeri açılmışdır ki, onların 30 mini bu ilin birinci rübündə yaradılmışdır. Əlbəttə, bu göstərici də qeyri-neft sektorunda əldə edilən uğurlarla bilavasitə bağlıdır. Çünki əsas iş yerlərini yaradan sahələr qeyri-neft sənayesi və kənd təsərrüfatıdır.

Bu gün regionlarda geniş miqyaslı quruculuq işləri aparılır, sosial infrastruktur yaradılır. Sosial infrastrukturun modernləşdirilməsi və yenidən yaradılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Dövlət büdcəsində bu məqsədlər üçün kifayət qədər böyük məbləğlər nəzərdə tutulur və vaxtaşırı Prezidentin Ehtiyat Fondundan həmin məqsədlərə əlavə vəsait ayrılır.

Azərbaycanda strateji valyuta ehtiyatları 2013-cü ilin əvvəli ilə müqayisədə 2,6 faiz artaraq 48 milyard ABŞ dollarına çatmışdır ki, bu da 3 illik idxalın maliyyələşdirilməsi üçün kifayət edir. Bu isə iqtisadi təhlükəsizlik baxımından dünya miqyasında əhəmiyyətli göstəricilərdən biridir.

2013-cü ilin birinci rübü ərzində dövlət büdcəsinin mədaxili 131 faiz yerinə yetirilmişdir. Büdcəyə daxil olmuş 4 milyard 670 milyon manat vəsaitin 2 milyard 840 milyon manatı Dövlət Neft Fondunun, 1 milyard 524 milyon manatı Vergilər Nazirliyinin, 290 milyon manatı isə Dövlət Gömrük Komitəsinin hesabına təmin edilmişdir. Dövlət büdcəsinin xərcləri 4 milyard 515 milyon manat təşkil etmişdir. İqtisadi təsnifata uyğun olaraq cari ilin 3 ayı ərzində dövlət büdcəsi xərclərinin 25,8 faizi və ya 1 milyard 164 milyon manatı sosialtəyinatlı xərclərin-əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərclərinin maliyyələşdirilməsinə ayrılmışdır.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilmiş, eyni zamanda, bütün maliyyə mənbələri hesabına əsas kapitala qoyulmuş investisiyalar regionlarda infrastruktur, kommunal, sosial xidmət obyektlərinin tikintisinin bir neçə dəfə artmasına və xidmət sektorunda keyfiyyətin yüksəlməsinə təkan vermişdir.

 Regionların inkişafı, öz növbəsində, vergi daxilolmalarına da müsbət təsir göstərmişdir. Əhalinin böyük əksəriyyətinin regionlarda kənd təsərrüfatı ilə məşğul olmasına, ailə-kəndli təsərrüfatlarının və kəndli təsərrüfatının digər sahələrinin uzun illər vergidən azad edilməsinə baxmayaraq, regionlar üzrə daxilolmalar son 10 ildə 11,8 dəfə artmışdır. Sahibkarlıq subyektlərinin qeydiyyat prosedurlarının sadələşdirilməsi nəticəsində 2013-cü ilin birinci rübündə 20 min 885 sayda qeydiyyata alınan vergi ödəyicisinin 65,5 faizi regionların payına düşür.

Qeyri-neft sektorunun ortamüddətli perspektiv hədəfinə çatmaq istiqamətində dövlət başçımız  tərəfindən atılan ən mühüm addımlardan biri də daxili və xarici investisiyaların təşviqi siyasətinin davam etdirilməsi, o cümlədən dövlət investisiyalarının artırılmasıdır. 2013-cü ilin birinci rübü ərzində dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu xərclərinə 1 milyard 913 milyon manat və yaxud 2011-2012-ci illərin birinci rübündə üst-üstə istifadə olunmuş 1,5 milyard manat vəsaitdən 413 milyon manat və ya 27,5 faiz çox vəsait yönəldilmişdir.

Dövlət büdcəsindən ayrılmış investisiya xərcləri ilə yanaşı, ölkəmizdə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturun tikintisi və yenidən qurulması üçün Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunmuş kredit hesabına 181 milyon manat məbləğində vəsait xərclənmişdir. Özəl sektorun inkişafının sürətləndirilməsi və həmçinin iqtisadiyyatın qeyri-neft sektorunun prioritet sahələrinə maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə 2013-cü ilin birinci rübü ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 606 sahibkara 81,3 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlər hesabına da 2380-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə maliyyələşdirilmiş investisiya layihələrinin sayı 26 faiz, verilmiş güzəştli kredit vəsaitinin həcmi 65,6 faiz, yeni yaradılacaq iş yerlərinin sayı isə 11 faiz artmışdır. Güzəştli kreditlərin 50,2 faizi aqrar sahənin, 49,8 faizi isə müxtəlif sənaye sahələrinin inkişafına yönəldilmişdir. Qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi istiqaməti  Azərbaycan  Prezidenti İlham Əliyevin verdiyi tapşırıqların icrasının nəticəsi olaraq respublika ərazisində yaradılan sənaye və texnologiya parklarının, idarəedici təşkilatının və operatorunun müddətsiz, bu cür parklarda fəaliyyət göstərən rezident hüquqlu şəxslər və fərdi sahibkarlar isə 7 il müddətinə bütün birbaşa vergiləri ödəməkdən azad edilmişdir.

Dövlət başçısının “hər bir inkişaf, nəhayət, ölkə vətəndaşlarının rifahını yüksəltməlidir” tələbi  əməkhaqlarının davamlı artımı, əməkhaqlarından tutulan vergilərin azalması istiqamətində ardıcıl olaraq həyata keçirilməkdədir. Bu ildən gəlir vergisinin 14 faiz dərəcə ilə tutulan hissəsi 2000 manatdan 2500 manata qədər qaldırılmış, verginin yuxarı həddi isə 30 faizdən 25 faizə endirilmişdir. Görülən bu tədbirlər iş yerlərinin rəsmiləşdirilməsinə də müsbət təkan vermiş və əmək münasibətlərinə nəzarətin gücləndirilməsi ilə bağlı Prezident İlham Əliyevin verdiyi tapşırıqlarla əlaqədar aidiyyəti dövlət orqanları ilə birgə aparılan məqsədyönlü işlərin nəticəsi olaraq, son 9 ayda 56 mindən artıq vergi ödəyicisi üzrə 190 mindən yuxarı rəsmiləşdirilməmiş iş yerləri rəsmiləşdirilmişdir.

Bu gün dünyanın aparıcı iqtisadi və maliyyə institutlarının rəyləri və proqnozları, ən əsası, uğurlarımızın real mənzərəsi bir daha təsdiq edir ki, hələ 2004-cü ildə Prezident İlham Əliyevin bəyan etdiyi strateji hədəflər, qarşıya qoyduğu vəzifələr reallığa çevrilmişdir. Təsadüfi deyil ki, Azərbaycan artıq 2009-cu ildə iqtisadi keçid dövrünü başa çatdırmışdır və hazırda dünyanın müasir və inkişaf etmiş ölkələri ilə müqayisə olunur. Son 10 ildə iqtisadiyyatın şaxələndirilməsinə, ümumi daxili məhsulun 300 faiz artırılmasına, ən əsası, iqtisadiyyatın qeyri-neft sektorunun 2,4 dəfə yüksəldilməsinə nail olunmuşdur. Ötən müddətdə ölkəmizin strateji valyuta ehtiyatları 30 dəfəyə yaxın çoxalaraq 46 milyard dolları ötmüşdür. Bütün bunlarla yanaşı,  yoxsulluğun səviyyəsinin 49 faizdən 6 faizə, işsizliyin isə 5,2 faizə endirilməsi həyata keçirilən sosial siyasətin ən böyük uğuru hesab olunmalıdır. Respublikamızın şəhər və rayonları, qəsəbə və kəndləri tanınmaz dərəcədə dəyişmiş,  müasirləşmiş və əhalinin rifahı yüksəlmişdir.

Ölkəmiz öz tərəfdaşları ilə mühüm transmilli enerji və kommunikasiya layihələrini uğurla reallaşdırmaqla regionun və Avropanın iqtisadi xəritəsini dəyişdirməkdə və onu zənginləşdirməkdə davam edir. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının təxminən 80 faizi Azərbaycanın payına düşür. Öz enerji təhlükəsizliyini təmin etmiş Azərbaycan Avropanın enerji bazarında mühüm amilə çevrilir, həm də onun təhlükəsizliyinə öz töhfələrini verir. Hesablamalara görə, hazırda bir sıra Avropa ölkələrinin enerji bazarında respublikamızın payı 30-40 faiz təşkil edir.

Azərbaycanda hökumətin fəaliyyətində önəmli məqamlardan biri də genişmiqyaslı sənaye parklarının yaradılmasıdır. Bu işin davamı olaraq və onu sürətləndirmək məqsədi ilə hökumət cari ildən əlverişli vergi güzəştlərinin tətbiqinə başlamış, işə cəlb olunan şirkətləri 7 il müddətinə əsas vergilərdən azad etmişdir. Başqa güzəştlər də nəzərdə tutulmuşdur.

Bu ilin ilk rübündə əsas fərqləndirici xüsusiyyət iqtisadiyyatın şaxələndirilməsinin  sürətləndirilməsi olmuşdur. Əgər əvvəlki illərdə iqtisadi yüksəliş əsasən mədənçıxarma sənayesi hesabına əldə edilirdisə, hazırda bu, qeyri-neft sektorunun inkişafı sayəsində baş verir. Qeyri-neft sənayesindəki yüksək artım yeni müəssisələrin yaradılmasına, mövcud olanların isə fəaliyyət dairəsinin genişləndirilməsinə əsaslanan davamlı sənayeləşmə prosesinin əyani göstəricisidir. Bu prosesdə yaradılan biznes mühitinin və sahibkarlığa dövlət dəstəyi tədbirlərinin mühüm rolu olmuşdur. Keçən il təkcə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 218 milyon manat güzəştli kredit verilmişdir. Son illər ərzində isə sahibkarlara bu mənbədən 1 milyard 200 milyon manat məbləğində kreditlər ayrılmışdır.

Ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, neft strategiyasının davam etdirilməsinə xüsusi önəm verilmişdir. Elektrik enerjisi mənbələrinin genişləndirilməsi və səmərəliliyinin artırılması, paylayıcı şəbəkələrdə elektrik xətlərinin və yarımstansiyaların tikintisi və yenidən qurulması ilə bağlı zəruri layihələr icra olunur. Dövlət başçısı İlham Əliyevin şəxsi təşəbbüsü ilə Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi haqqında qərar qəbul edilmişdir. Bu və həyata keçirilən digər layihələr Azərbaycanın Avropa ölkələrinin təbii qazla təchiz edilməsindəki rolunu artıracaqdır.

Ərzaq təhlükəsizliyi üzrə 2008-2015-ci illəri əhatə edən Dövlət Proqramının ardıcıl icrası ilə bağlı məsələlər yenə də hökumətin diqqət mərkəzində olmuşdur. Keçən il kənd təsərrüfatında ümumi məhsul istehsalı 6,6 faiz artmış, sahənin əsas məhsullarının istehsalında və emalında yüksək nəticələr əldə edilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli kreditlərin və subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi, müasir texnologiyaların tətbiqi, damazlıq heyvanlarının baş sayının alınması və digər dövlət dəstəyi tədbirləri bu nailiyyətlərə öz töhfəsini vermişdir.

Ərzaq məhsulları ilə təminatda idxaldan asılılığın azaldılması məqsədi ilə yeni quşçuluq, heyvandarlıq, dəyirman kompleksləri yaradılmış, taxıl anbarları və soyuducu kameralar tikilərək istifadəyə verilmişdir. Ölkədə ərzaq buğdasına olan daxili tələbatın ödənilməsi məqsədilə Ağcabədi və Beyləqan rayonlarında iri pilot taxılçılıq təsərrüfatları yaradılmışdır. Hazırda digər rayonlarda da belə təsərrüfatların yaradılması istiqamətində işlər aparılır.

Dövlət büdcəsindən və Neft Fondundan ayrılan vəsaitlər hesabına meliorasiya və su təsərrüfatı kompleksində genişmiqyaslı meliorativ layihələr həyata keçirilir. Bunların sırasında ən iri layihələrdən olan Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisi və gələcək faydası xüsusi qeyd edilməlidir. Ölkə iqtisadiyyatının sürətlə inkişaf edən nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları sektorlarında mühüm infrastruktur layihələri həyata keçirilir.

Bakı-Tbilisi-Qars dəmir yolunun, beynəlxalq və respublika əhəmiyyətli, ölkədaxili avtomobil yollarının, körpülərin, yeni metro stansiyalarının, dəniz və hava limanlarının tikintisi davam etdirilmişdir. Ölkədə informasiya cəmiyyətinin qurulması istiqamətində inamlı addımlar atılmış və informasiya-kommunikasiya texnologiyaları sektoruna irihəcmli investisiyalar qoyulmuşdur. Bu sahədə aparılan institusional islahatlar nəticəsində “ASAN xidmət” mərkəzi yaradılmış, əhaliyə müasir, şəffaf və operativ elektron xidmətlərin göstərilməsinə başlanılmışdır.

Vaqif  BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında