Bu fikrin müəllifi Hikmət Hacızadə müxalifətdə olan siyasi partiyaları dissident klubları adlandırır
Azərbaycanda həyata keçirilən siyasi kursun yeniləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya konsepsiyasının reallaşdırılması artıq öz müsbət nəticələrini verir. Regionların simasının gündən - günə dəyişməsi, əhalinin həyat səviyyəsinin getdikcə yüksəlməsi, sabitliyin, əmin - amanlığın, cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi insanların dövlət başçısının ətrafında daha sıx birləşməsinə təkan verib. Ölkə əhalisinin mütləq əksəriyyəti qarşıdan gələn prezident seçkilərində yenidən İlham Əliyevin namizədliyinin irəli sürülməsini birmənalı şəkildə dəstəkləyir.
Xalqın bu istəyi müxalifət düşərgəsində ciddi təşviş yaradıb. Xarici düşmənlərimizin maliyyə dəstəyi ilə ortalığa atılmış bəzi xəyanətkar qüvvələr yeni təlimatlar almaq üçün öz nümayəndələrini xarici ölkələrə göndərirlər. Həm reneqat Eldarın “EL” hərəkatının, həm də İctimai Palata adlı oyuncaq təşkilatın Koordinasiya Şurasının üzvü olan birisini bu yaxınlarda Türkiyəyə yola salıblar. Ölkəmizdə ictimai - siyasi sabitliyin pozulmasında maraqlı olan, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun sürətlə artmasından qorxuya düşmüş bəzi dairələrin nümayəndələri ilə görüşüb onlardan maliyyə dəstəyi alan radikal müxalifət məkrli niyyətlərini bu yolla həyata keçirmək istəyir. Göründüyü kimi, müxalifət nümayəndələrinin təmsil olunduqları təşkilatlar şəriklidir. Bir nəfər bir neçə təşkilatın üzvüdür. Bu da dağıdıcı müxalifətin sosial bazasının olmamasından xəbər verir. Elə antiAzərbaycan dairələrlə danışıqlara gedən şəxs də həm reneqat Eldarın “EL” hərəkatının, həm də İctimai Palata adlı oyuncaq təşkilatın Koordinasiya Şurasının üzvüdür. Reneqat Eldar Namazov xarici düşmənlərimizin çirkli pulları hesabına yaratdığı qondarma “EL” hərəkatına üzv tapa bilmədiyindən, digər qurumlardan “xaltura” etməyə başlayıb. Hətta onun yalan vədlərinə də inanan yoxdur. Artıq müxalifət nümayəndələri də siyasi riyakar Eldar Namazova inanmadıqlarını gizlətmirlər. Onun yaratdığı təşkilatın heç nəyə nail ola bilməyəcəyini açıq şəkildə bəyan edirlər. Bunu Müsavat Partiyasının Divan üzvü, əslində isə bu partiya ilə əməkdaşlığı olmayan Hikmət Hacızadə də etiraf edib.
Uzun müddət Müsavat Partiyasında əsas simalardan biri olmuş, lakin bu partiyanın rəhbərliyinin ermənilərlə əməkdaşlığından sonra müsavatçılardan uzaqlaşan politoloq Hikmət Hacızadə kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində prezidentliyə namizədliyini irəli sürən müxalifət nümayəndələrini, həmçinin hansı məzhəbə qulluq etdiyini hələ də bilməyən “EL” hərəkatının rəhbəri xəyanətkar Eldar Namazovu kəskin tənqid edərək deyib ki, “Azərbaycanda nə “EL” hərəkatı var, nə də müxalifət”. Təbii ki, H.Hacızadə bu fikri səsləndirərkən müxalifətin ermənipərəst qüvvələrin əlində alətə çevrildiyini, onların sifarişləri ilə ölkədə qarşıdurma yartmaq cəhdlərini, müxtəlif bəhanələrlə xarici ölkələrə gedib orada ermənilərlə görüşmələrini nəzərdə tutub. Məhz onların bu əməllərinə görə də siyasi partiyaları “dissident klubları” adlandırıb.
“EL” hərəkatına gəlincə bu təşkilatın da həmin dairələr tərəfindən yaradıldığına tam əminliyini bildirən politoloq deyib: “EL” hərəkatı bir klubdur. O, nə partiyadır, nə də hər hansı kütləvi qurum. “EL” hərəkatına bölgələrdə qoşulan insanların demək olar hamısı köhnə hərəkatçılardır”. Əslində bu qurum prezident seçkilərinə hesablanmış əldəqayırma “təşkilatdır”. Prezident seçkiləri başa çatar - çatmaz reneqat Eldar Namazov və onun dəstə üzvləri də unudulacaq. Çünki bu hərəkatın məqsəd və məramı yoxdur. Elə politoloq H.Hacızadə də bunu deyir. O bildirib ki, həqiqət acıdır, ancaq hər şeyə obyektiv yanaşmaq lazımdır: “EL” hərəkatı elan olunanda cəmiyyətə proqram təqdim etmişdi. Orada hay-küylü cümlələrlə yazılırdı ki, bütün demokratik qüvvələrin birliyinə nail olacağıq, xalqı öz haqları uğrunda mübarizəyə qaldıracağıq, ölkədə sivil yolla demokratik dəyişikliklərə nail olacağıq. Hanı? Mən onların hərəkətlərində ardıcıllıq görmürəm. Hanı hərəkat, hanı birləşdirmə meylləri, hanı xalq? Yoxdur. Hərəkat o deməkdir ki, onu geniş xalq kütlələri dəstəkləyir. Əgər onlar doğrudan da hərəkat olsaydılar biz o xalqı, onun hərəkətlərini artıq görməli idik. Görmürük axı... 20 nəfər bir araya gəlib, niyyətlərini açıqlayıb. Ancaq bu sözlərin arxasında hansısa hərəkət dayanmırsa, bu sözlər qısa zamanda öz dəyərini itirir”.
E.Namazovu Rusiyanın hansısa varlı adamları hesabına ortalığa atan Rüstəm İbrahimbəyov da məkrli niyyətinin baş tutmadığını artıq hiss etməyə başlayıb. Çünki müxalifətdə təmsil olunan politoloqlar ölkədə aparılan islahatları dəyərləndirir və bu islahatların xalq tərəfindən də yüksək səviyyədə dəstəkləndiyini bildirirlər. Bunun da qarşıdan gələn prezident seçkilərində böyük rol oynayacağı bəllidir. Müsavatçı siyasi şərhçi Qabil Hüseynli ölkədəki ictimai-siyasi vəziyyəti dəyərləndirərkən deyib ki, Azərbaycan hakimiyyəti islahatlar həyata keçirir. Bu islahatlar çərçivəsində müəyyən kadrlar vəzifələrini itirir, onların əvəzinə yeni, daha cavan kadrlar təyin edilir. Bir sözlə, prezident əhali arasında öz reytinqini qaldırmaq, xalqın ona olan etimadını gücləndirmək üçün siyasi idarəetməni təkmilləşdirməyə çalışır.
Q. Hüseynli prezident seçkilərinə hazırlaşan, daha dəqiq desək, indidən öz namizədliklərini irəli sürmüş müxalifət nümayəndələrinin xarici dairələr tərəfindən idarə olunduğunu bildirib. Müxalifətin birlik yaratmaq cəhdi də xarici dairələrin müdaxiləsi hesabınadır. Siyasi şərhçi deyib ki, o, müxalifətin birləşmək cəhdinə bir proses kimi baxır. Q. Hüseynli müxalifətin müəyyən birliklər yaratmaq cəhdinə kənardan müdaxilələrin, xüsusilə də Rusiyadan müdaxilələrin olduğunu istisna etmir. O, Rüstəm İbrahimbəyovun yaratmaq istədiyi Milli Şura ideyasının təhlükəli olduğunu deyib. Politoloq qeyd edib ki, bu, Rusiyanın siyasi mətbəxində hazırlanmış bir ideyaya bənzəyir: “Rüstəm İbrahimbəyov da Moskvada oturub, “Milyarderlər İttifaqı”ndan aldığı təlimatlar əsasında bu prosesi həyata keçirməyə çalışır. Təəssüf edirəm ki, dünənə qədər qərbpərəst mövqedə dayanan müxalifət bu gün ruspərəst mövqedə dayanan “Milli Şura” ətrafında birləşməyə çalışır. Mən bunu uğur adlandıra bilmərəm. Bunu, sadəcə, indiyə qədər etiqad edilmiş dəyərlərdən imtina prosesi kimi qiymətləndirirəm”.
Göründüyü kimi, radikal müxalifətin bütün cəhdləri iflasa uğrayır. Onların qeyri-yetkin gəncləri aldadaraq icazəsiz aksiyalara cəlb etmək cəhdləri də bir nəticə vermədi. Bəzi xarici qeyri - hökumət təşkilatları ilə əlaqəyə girib onlardan külli miqdarda qrant alaraq bir qrup gənci qeyri - qanuni aksiyalara təhrik edən İctimai Palatanın üzvləri də artıq bu üsulun heç bir fayda vermədiyinin şahidi oldular. Bir sıra partiya sədrləri belə üsulun müxalifətçiliklə bir araya sığmadığını bəyan etdilər. Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov da gəncləri dövlətçilik əleyhinə mübarizəyə səsləyənlərə müraciətlə deyib ki, Gəncləri qabağa verib icazəsiz mitinqlərə çıxarmaq, onların həbsinə bais olmaq müxalifətçilik, fəallıq deyil. Bu kimlərəsə xoş görünmək, hesabat vermək üçün “stəkanda fırtına” yaratmaqdır”.
Prezident seçkiləri ərəfəsində xalqdan heç bir dəstək ala bilmədiyini hiss edən AXCP sədri Əli Kərimli öz namizədliyini irəli sürmək fikrindən geri çəkilir. Artıq dərk edib ki, prezidentliyə namizədliyinin qeydə alınması üçün tələb olunan imzanı toplaya bilməyəcək. O, “İctimai Palata prezidentliyə namizədlik məsələsini mütləq müzakirə edib qərar qəbul etməlidir” - deməklə İsa Qəmbərə də namizədliyini irəli sürməkdə tələsdiyini xatırlatmaq istəyib. Çünki İ.Qəmbərin də namizədliyinin qeydə alınması üçün tələb olunan imzanı toplamaq şansı sıfıra bərabərdir. Axı, İctimai Palataya xarici dairələr və erməni lobbisinin ayırdığı qrantın hesabatı tələb oluna bilər. Qeyri - qanuni aksiyalar əhəmiyyətsiz oldu, prezident seçkiləri ərəfəsində hər hansı bir qarşıdurma yaratmağa nail olunmadı, üstəlik dağıdıcı müxalifət hələ də sosial baza toplaya bilməyibsə, bəs verilən qrantlar hara xərclənib?
Artıq radikal müxalifət çıxılmaz vəziyyətə düşüb. Digər tərəfdən konsrtuktiv müxalifət nümayəndələrinin, həmçinin, müxalifətdə olan politoloqların iqtidarın həyata keçirdiyi siyasi xətti qiymətləndirməsi və prezident seçkilərində yenidən İlham Əliyevin namizədliyinin irəli sürülməsinin cəmiyyət tərəfindən birmənalı şəkildə dəstəklənməsi dağıdıcı müxalifətin vəziyyətini daha da ağırlaşdırıb.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.